Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “DAXİLİ İŞLƏR NAZİRİ”

“DAXİLİ İŞLƏR NAZİRİ”

21.09.2021 [14:08]

Milli ədəbi tənqidin əsas yaradıcılarından biri olan Seyid Hüseyn müasir nəsrin ilk nümunələrini yaradan, kiçik hekayələr ustası, görkəmli mətbuat və mədəniyyət xadimi kimi tanınıb. 1928-ci ildə qələmə aldığı “Daxili İşlər Naziri” adlı hekayəsində Xalq Cümhuriyyəti dövründə cəmiyyətin inkişafını zərbə altında saxlayan rüşvətxorluq, vəzifə səlahiyyətindən sui-istifadə məsələsi önə çəkilir. Seyid Hüseynin toxunduğu məsələ bütün dövrlər, həmçinin bu günümüz üçün də aktualdır. Bunu nəzərə alıb, “Yeni Azərbaycan” qəzeti S.Hüseynin “Daxili İşlər Naziri” hekayəsini təqdim edir:

O gün kənddə xəbər çıxmışdı ki, pristav gəlir, camaatı əsgərliyə yazacaq... Hər kəs bu xəbərdən təlaşda idi.

Bir həftə əvvəl kəndə müəllim sifəti ilə yenicə gəlmiş, yüzbaşının kifayətsizliyindən vəzifəsinə hələ başlaya bilməyən Şükür bu təlaş və həyəcanı yaxşı başa düşməmişdi. O elə zənn edirdi ki, xalqı təşvişə salan əsgər yazılmaq xəbəridir. Sakin olduğu evin qarşısında tələsik bir halda çarığını geyən Balakişini görərək, ona yaxınlaşdı:

- Xeyir ola,  - dedi,  - hara belə?

Balakişi qırx yaşlarında olardı. Keçirdiyi ağır və səfalətli həyat onun simasını tamamilə dəyişmişdi. Qırışıq üzü ilə Şükürə baxdı. Onun gözlərində şübhə ilə qarışıq bir sual vardı:

- Meşəyə gedirəm, - dedi.

- Nə işə?

- Deyirlər pristav kəndə gəlir!

Şükür pristavın kəndə gəlməsi ilə meşəyə getmək arasında bir əlaqə görə bilmirdi. Biri digərinin ardınca verdiyi suallardan anladı ki, Balakişi pristavın gözünə görünməmək üçün bir neçə günlüyə meşədə daldalanmaq istəyir.

- Pristavdan nahaq yerə qorxursan! Bir zamanda ki, özün də fəqir, əziyyətsiz bir adamsan!

Balakişi bir cavab vermədən ondan uzaqlaşdı.

İndi Şükürdə Balakişi haqqında bir şübhə vardı. Onun pristavdan qaçıb, gözə görünmək istəməməsindən maraqlanırdı. Bir qonaq kimi evində yaşadığı Güləlini  bu barədə danışdırmağa başladı:

- Balakişi pristavdan niyə qaçır?

- Bu hal onun köhnə adətidir. Hər vaxt pristav və yaxud bir hökumət adamının kəndə gəlməsi xəbəri çıxsa, Balakişi qaçıb meşədə gizlənir.

- Nə üçün?

- Pristavlardan qorxur.

Şükür əski çar hökumətinin pristavlarını, onların kəndlərdə yapdıqları qanunsuzluqları xatırladı:

- Balakişinin qaçmağa haqqı yoxdur, - dedi, - öz milli hökumətimizin bir nümayəndəsi olan pristavı gözdə görməkdə yanılmışdır.

Güləli Şükürün  bu sözünü sükutla qarşıladı. Bir söz demədən ondan uzaqlaşdı. Şükür istəyirdi ki, məscidin qarşısına toplaşan camaatın içinə gedib onların mübahisələrində iştirak etməklə əsgərliyin əhəmiyyətindən söhbət açsın, milli hökuməti müdafiə yolunda təbliğat aparsın. Gedərkən qarşısına kəndin ağsaqqallarından Məşədi Həsən çıxdı. Çarıqlı idi. Dəyənəyi əlində haraya isə gedirdi.

- Həsən əmi, haraya gedirsiniz?

- Qonşu kənddə bir balaca işim var.

- Sizin belə bir zamanda kənddən çıxmağınız münasib deyildir. Xalqda böyük bir həyəcan var. Onları başa salmaq lazımdır.

Şükür Məşədi Həsən əmini yoldan saxlaya bilmədi. Yəqin etdi ki, o da Balakişi kimi pristava görünməmək üçün kənddən uzaqlaşır.

- Bəlkə siz də pristavdan qaçırsınız!?

Həsən əmi başı ilə təsdiq etdi.

Şükür bu kənd camaatının avamlığından əsəbiləşdi. Həsən əmi kimi saç-saqqal ağartmış təcrübəli bir adam milli hökumət məmurları ilə çar dövrü çinovniklərinə fərq qoya bilmədikdə, başqalarını nə yolla və necə başa sala biləcəkdi. Öz təbliğatına başladı:

- Nikolay hökumətinin pristavlarından qaçmaqda bəlkə haqlı idiniz; çünki onlar hər zaman sizin izzəti-nəfsinizi təhqir etmiş, vətəndaşlıq hüququnuzu ayaqları altında tapdalamışdılar.

Bizim milli hökumətimizin məqsədi və qayəsi isə tamamilə başqadır. Onun siyasəti xalqın iradəsidir. Belə bir hökumət məmurlarını çar pristavlarına bənzətmək yalnız səhv bir iş deyil, bəlkə böyük bir insafsızlıqdır.

Məşədi Həsən əmi yetmiş illik ömründə bir çox pristav və naçalniklər görmüşdü. Diqqətlə Şükürün gözlərinə baxdı:

- Görürəm, - dedi, - sən yaxşı, təmizürəkli cavansan. Qoy gedim işimə, məni yolumdan saxlama!...

- Getməyə ki, bir səbəb yoxdur!

- Vardır!..

- Nədir?

- Pristav kəndə gəlir. Sən bunun nə olduğunu bilmirsən!

- Bu bizim öz milli hökumətimizin bir qulluqçusudur.

- Nə olur olsun, yenə pristavdır.

Məşədi Həsən əmi əlavə olaraq ona tat məsəli ilə bir timsal da söylədi:

- Piyaz - piyazəst (yəni soğan - soğandır).

I I

Şükür bu kəndə bir həftə əvvəl gəlmişdi. Məqsədi bir məktəb açıb kənd uşaqlarını oxutmaq idi. Bu vaxtadək o, hələ bir iş görə bilməmişdi. Kənd yüzbaşısı Kəblə Cənnətəli ona demişdi ki, mənə öz naçalnikimdən əmr olunmayınca, burada sənin üçün bir iş görə bilmərəm. Hər nə qədər Şükür maarif nəzarətindən verilmiş əmri ona göstərərək:

- Bu əmrə pristavın naçalniki və ondan daha böyük olan qubernator belə ehtiram etməyə məcburdur, - demişdisə də bir nəticə hasil olmamışdı. İndi pristavın kəndə gəlməsi ona istədiyi məktəbi açmağa imkan verəcəkdi.

Axşam qaş qaralırkən pristav bir neçə strajniklə kəndə daxil olub, yüzbaşının əmisi oğlu Kəblə Məhəmməd Cavadın evində düşmüşdülər. Pristav ilə bərabər əxzi-əsgər idarəsi tərəfindən birisi doktor olmaq üzrə iki adam da gəlmişdi. Şükür açıqcasına görürdü ki, ətrafına toplaşan adamlarda ruh düşkünlüyü ilə qarışıq bir narazılıq var. O bunun səbəbini anlamaq üçün Güləlini bir tərəfə çəkib ondan soruşdu:

- Kənd camaatının narazılığına və onqat təlxliyinə səbəb nədir?

Güləli:

- Müəllim əfəndi, - dedi, - kəndimizin başında bir qovğa var.

- Nə kimi bir qovğa?

- Siz bizim kənd camaatını hələ tanımırsınız, - deyə Güləli izahat verməyə başladı. Şükür öyrəndi ki, bu kənddə bir-birilə qanlı iki familiya vardır. Birisi “Əbülhəsənli”, o birisi “Hacı Cahangirli”, ta xanlıq dövründən başlayaraq bu iki tayfa bir-birinin ayağından çəkmiş, intiqam məqsədilə bir-birinə zərər verməyə çalışmışdır. Bir çox ot tayaları yandırılmış, südlü inəklər, camışlar, yeriyən atlar öldürülmüş, gözəl qızlar və gəlinlər qaçırılmış və qanlar tökülmüşdür. Bu ədavət və çəkişmə indiyədək davam etməkdədir.

Şükür burasını da öyrəndi ki, bu iki familiyanın bir-birilə çəkişməsi kəndin rahat həyatını pozmuşdur. Ən nəhayət, belə düşmənçilikdən təngə gələn kənd camaatı qırx-qırx beş il bundan əvvəl öz aralarında belə qərara gəlmiş, hətta məsciddə toplaşaraq and içmişlər ki, yüzbaşı, mirab, sudya və meşəbəyi seçdikdə elə bitərəf bir adam seçsinlər ki, bu iki tərəfin heç birinə nisbəti olmasın, çünki bu iki tayfa hər zaman rəsmi və ictimai bir vəzifəyə təyin olunan öz qohum-əqrəbasının mövqeyindən istifadə edib, müqabil tərəfə zərər verməyə çalışmaqla, kəndin ümumi istirahətini pozmuşdular.

Şükürün heyrətinə səbəb olan bir hadisə vardısa, o da milli hökumət zamanında xalqın iradəsi əleyhinə yapılan bir hərəkətdi: kənd öz əski ənənəsinə sadiq qalaraq, yüzbaşılığa tamamilə bitərəf bir adam göstərmişdi, fəqət pristav onu qəbul etməyib öz istədiyi adamı - Kəblə Cənnətəlini təyin etməklə ümumi kəndin narazılığına səbəb olmuşdu. Kəblə Cənnətəli Hacı Cahangirlilərdəndi.

Güləli deyirdi:

- Kənd camaatı Kəblə Cənnətəlinin yüzbaşı olmasına razı deyildir, çünki Hacı Cahangirlilər bu haldan istifadə edəcək, Əbülhəsənlilərə əziyyət verməklə kəndin sakit həyatını dağıdacaqdılar.

Şükür inana bilmirdi. Pristav xalqın iradəsi və istədiyi əleyhinə hərəkət edə bilməzdi. Soruşdu:

- Bəs nə üçün bu barədə bir yerə müraciət edib şikayət etmədiniz?

- Etmişik... Kənd camaatı yığışıb, öz aralarında priqovor düzəltdi. Uzunca bir ərzi-hal da yazdırdılar. Vəkil seçib qubernator divanxanasına göndərdilər. Hələ indiyədək bir nəticə çıxmamışdır.

- Yəni, heç bir cavab verməmişdilər?

- Cavabları belə olmuşdu ki, “Siz qayıdınız, biz kəndə komissiya göndərərik, gəlib dediklərinizi yerində təhqiq edər”.

Şükürün üzündə bir ümid işığı parladı.

- Bu gün kəndə gələn komissiya,  - dedi, - ehtimal sizin şikayətinizi də təhqiq edəcəklər.

-  Biz də elə zənn edirik. Ancaq indi iş dəyişmişdir. Pristav və komissiya Hacı Cahangirlilərdən Kəblə Məhəmməd Cavadın evinə düşmüşdür. Bu hal açıq göstərir ki, Hacı Cahangirlilər istədiklərini keçirəcəklər.

Şükür Güləlinin sözlərinə inanırdısa da, Əbdülhəsənlilərdən olduğu üçün bir o qədər etibar etmirdi. Söylədiklərində mübaliğə olduğunu güman edirdi. Necə ola bilərdi ki, hökumətin rəsmi bir nümayəndəsi xalqın iradə və xahişi əleyhinə iş görsün. Güləliyə ümid vermək məqsədilə dedi:

- Siz bu barədə heç təşvişə düşməyiniz. İndi daha Nikolay hökumətinin zamanı deyil ki, pristav istədiyini yapsın. Mən şəxsən gedib onlarla danışaram.

Şükür milli hökumət adamlarına özünə inandığı kimi inanırdı. Fəqət Güləli onu ruhdan salır.

- Bundan bir nəticə çıxmaz,  - deyirdi.

- Niyə çıxmır?

- Mən bilirəm ki, çıxmaz!

- Nə üçün çıxmır, bunu nə əsasla söyləyirsiniz?

Güləli bir söz söyləmək istəyirdi. Fəqət mütərəddid idi. Bir qədər duruxdu. Sonra birdən-birə dedi:

- İstərmisiniz sizə bir söz söyləyim?

- Buyurunuz!

- Bilirsiniz ki, Kəblə Cənnətəli nəyə görə məktəb barəsində sizin üçün bir iş görmək istəmir?

- Pristavın gəlməsini gözləyirdi.

- Yox, bu deyildir, başqa mühüm bir səbəbi vardır.

- O hansı səbəbdir?

Siz mənim evimdə yaşayırsınız, mən də Əbülhəsənlilərdənəm.

I I I

Güləli doğru söyləmişdi. Şükürün pristavla görüşmək təşəbbüsündən bir nəticə çıxmamışdı. Onu Kəblə Məhəmməd Cavadın qapısında yaxşı qəbul etməmişdilər. Bununla bərabər, özünə qarşı düşmənanə bir əlaqə olduğunu da hiss etmişdi. Kəblə Məhəmməd Cavadın oğlu Nemət onu qapılarından içəri buraxmamış, adını bilmədiyi bir başqası da onu hədələyərək demişdi ki:

- Bacıoğlu, əgər bu kənddə salamat yaşamaq istəyirsənsə, Hacı Cahangirlilər ilə yola getməlisən.

Həmin adam burasını da qeyd etmişdi ki, Kəblə Məhəmməd Cavad kəndin allahıdır, istədiyini yapa bilər, özünə yazığın gəlsin.

Şükür indi Güləliyə haqq verirdi. Kəndin başında bir qovğa vardı. Hacı Cahangirlilər pristavın tərəfgiranə siyasətindən istifadə edirdilər. Səhər tezdən xalq arasında belə bir şayiə vardı ki, keçən gecə pristav Kəblə Məhəmməd Cavadın göstərişi ilə əsgərliyə düşən gənclərin siyahısını tərtib etmişdir. Bu xəbərdən Əbülhəsənlilər təşvişdə idilər. Güləli deyirdi:

- Onlar bizim cavanlarımızı əsgər yazmaqla kənddən uzaq salacaq, öz adamlarını kənddə saxlayacaqlar; kim bilir, beş gün sonra arvad-uşaqlarımızın başına nə fəlakət gətirəcəklər.

Şükür pristavın xilaf hərəkətlərini gördüyü halda, yenə də belə bir işin baş verəcəyinə inanmırdı. Başına toplaşan Əbülhəsənlilərə deyirdi:

- Ölkə dərəbəylik deyil, hər kəs öz kefi ilə hərəkət eləsin. Əsgərliyin məlum və müəyyən bir qanunu var. Pristav bu qanunu poza bilməz.

Saat 10-da əxzi-əsgər komissiyası öz işinə başladı. Siyahıya alınan gənclər Kəblə Məhəmməd Cavadın həyətinə toplanıldı. Onların arasında Güləli ilə bərabər Nemət də vardı. Doktor onların yaşlarını, vücudca sağlam olub, əsgərliyə nə qədər yaradıqlarını təyin edirdi. Komissiya axşam işini bitirdi.

İndi kənd içində böyük narazılıq vardı. Əsgərlik yaşında olan bəzi gənclər siyahıdan çıxarılmışdı. Kəblə Məhəmməd Cavadın oğlu Nemət də bu cümlələrdən idi. Qanunla əsgərliyə düşməyən bəzi adamlar siyahıya salınmışdı. Bunların arasında Güləli də vardı.

(ardı gələn saylarımızda)

Seyid Hüseyn

Paylaş
Baxılıb: 29 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31