Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / İlham Əliyev: Mən Azərbaycan adından çıxış edirəm!

İlham Əliyev: Mən Azərbaycan adından çıxış edirəm!

22.09.2021 [14:16]

Vətən müharibəsinə 6 gün qalırdı...

Sentyabrın 27-si Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri olan Vətən müharibəsinin başlanmasının ildönümüdür. Bəlkə də, ötən ilin bu dövründə cəmisi bir ildən sonra Qarabağ müharibəsindəki qələbəmizin, torpaqlarımızın işğaldan azad edilməsinin bir illiyini qeyd edəcəyimizi heç birimiz düşünmürdük. “Yeni Azərbaycan” qəzeti ötən ilin bu günlərində nələrin baş verdiyini xronoloji ardıcıllıqla cəmiyyətə təqdim edir:

2020-ci il sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclası keçirilib. İclasda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, işğalçı Ermənistan BMT Nizamnaməsinə qoşulmaqla üzərinə götürdüyü hər hansı bir ölkənin siyasi müstəqilliyinə və ərazi bütövlüyünə qarşı güclə hədələməkdən və gücün tətbiqindən çəkinmək öhdəliyini kobud şəkildə pozub və Azərbaycana qarşı hərbi güc tətbiq edib. Sitat: “Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal etmişdir. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Təəssüflər olsun ki, Ermənistan hələ də bu qətnamələrə məhəl qoymamaqda davam edir”.

Prezident İlham Əliyev bildirib ki, Ermənistan qoşunları təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca mülki əhalini qəsdən hədəf alır və təxribatlar törədir: “Ermənistan sonuncu təxribat aktını iyul ayında Ermənistan-Azərbaycan sərhədində törətdi. Azərbaycanın Tovuz rayonunun artilleriya atəşinə məruz qalması nəticəsində hərbçilərimiz və bir mülki şəxsimiz öldürüldü, mülki infrastruktura ciddi zərər vuruldu. Ermənistanın diversiya dəstəsi təmas xəttini keçməyə cəhd etmişdir. 2020-ci il avqustun 23-də həmin dəstənin başçısı Azərbaycan hərbçiləri tərəfindən yaxalanmışdır. O, dəstə tərəfindən azərbaycanlı hərbçilər və mülki vətəndaşlara qarşı terror aktlarının törədilməsinin planlaşdırıldığını etiraf etmişdir”.

Azərbaycanın dövlət başçısı qeyd edib ki, Ermənistanın baş naziri Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış mülki könüllülərdən ibarət dəstələrinin yaradılmasını elan edib. Sitat: “Bu, Ermənistan rəhbərliyinin yeni təcavüzkar niyyətini açıq şəkildə nümayiş etdirir. Ermənistanın müdafiə naziri Azərbaycanı “yeni ərazilər uğrunda yeni müharibə” bəyanatları ilə hədələyir”.

“Ermənistanın baş naziri ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların format və mahiyyətini məqsədyönlü şəkildə pozur. Onun “Qarabağ Ermənistandır” bəyanatı danışıqlar prosesinə ciddi zərbədir. O, danışıqlar prosesində əsassız şərtlər irəli sürür. Onun Azərbaycana qarşı irəli sürülmüş qəbuledilməz “yeddi şərti” tərəfimizdən rədd edilmişdir. Sülhə nail olunması üçün bizim yeganə şərtimiz var. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılmalıdır. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır.

Nasizmin şöhrətləndirilməsi Ermənistanın dövlət siyasətidir. Mənfur nasist general Qaregin Njde milli qəhrəmana çevrilib. Ermənistanın rəsmi ideologiyasında “Azərbaycanofobiya” siyasəti hökm sürür. Gənc nəslə, Azərbaycan xalqına nifrət aşılanır. Ermənistan bu yaxınlarda təcavüzkar və hücum xarakterli hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul edib. Milli təhlükəsizlik strategiyasında irqçi, şovinist və “Azərbaycanofob” fikirlər əks olunub”.

Qeyd  edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxışı ilə özünü və təmsil etdiyi dövlətin siyasətini bütün dünyada rüsvay etmiş oldu.

Azərbaycan əleyhinə çıxış edərkən çox ciddi səhvlərə yol verdi və eyni zamanda, yalan, iftira ilə dolu fikirləri beynəlxalq ictimai fikirə sırımaq istədi və bununla da gülüş hədəfinə çevrildi. Paşinyan heç bir arqumentə və fakta söykənmədən əsassız ittihamlarla çıxış edib və bütün çıxışında özü-özünü təkzib edib. Məsələn, çıxışında Paşinyan qeyd edib ki, İkinci Dünya müharibəsində faşizmin üzərində qələbənin nəticəsi olaraq BMT formalaşdı. Çox qəribədir ki, faşizm üzərində qələbədən və BMT-nin yaradılmasından danışan Paşinyan öz ölkəsində faşizmin qəhrəmanlaşdırılması siyasətini həyata keçirir və faşistlərə xidmət etmiş və onların tərəfində vuruşaraq on minlərlə günahsız insanı öldürmüş Qaregin Njdeyə 6 metrlik heykəl qoyur, erməni terrorçularını milli qəhrəman elan edir.

Paşinyanın çıxışında onun nə qədər Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının yüksək inkişaf etmiş səviyyəsindən narahat olduğu və hətta vahimə keçirdiyi diqqətdən yayınmayıb.

Azərbaycan Prezidentinin məntiqə söykənən, faktlara, arqumentlərə əsaslanan çıxışı fonunda Paşinyanın sadaladığı yalanlar sabun köpüyü effekti verib.

* * *

Ötən ilin sentyabrın 21-də Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus taktiki pilotsuz uçuş aparatının (PUA) Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edildiyi ilə bağlı məlumat yayıb.

Eləcə də həmin gün Müdafiə Nazirliyi Ermənistanın cəbhə xəttində və dövlət sərhədi istiqamətində vəziyyəti gərginləşdirməsi ilə bağlı bəyanatda yayıb. Bəyanatda bildirilib ki, Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində və Ermənistanla dövlət sərhədi istiqamətində vəziyyət düşmən tərəfindən məqsədyönlü şəkildə getdikcə daha da gərginləşdirilir. Son zamanlar Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması hallarının artması, təmas xəttinə yaxın yaşayış məntəqələrimizin, mülki əhalinin və infrastrukturun müntəzəm atəşə tutulması, daha iriçaplı silahlardan istifadə olunması, mövqelərimizə qarşı keçirilən kəşfiyyat-təxribat fəaliyyətləri, o cümlədən pilotsuz uçuş aparatlarının (PUA) geniş tətbiqi cəbhədə vəziyyətin ciddi kəskinləşməsinə səbəb olub: “Bütün hallarda Azərbaycan Ordusunun qoşun növlərinin tətbiqi ilə düşmən təxribatlarının qarşısı alınıb və o, ağır itkilərə məruz qalıb. Belə ki, dünən gecə saatlarında Hava Hücumundan Müdafiə bölmələrimizin fəaliyyəti nəticəsində düşmənin daha bir taktiki PUA-sı məhv edilib. Sentyabrın 21-də saat 09:20 radələrində Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində isə Azərbaycan Ordusunun müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub”.

* * *

Ötən il sentyabrın 21-də Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama yayıb. Açıqlamada bildirilib ki, Ermənistan atəşlə oynamağı dərhal kəsməlidir. Açıqlamada deyilib: “Yuxarı Qarabağı qanunsuz işğal edən Ermənistan indi də Tovuz bölgəsində atəşkəsi pozaraq bir qəhrəman Azərbaycan əsgərimizi şəhid etdi. Şəhidimizə Allahdan rəhmət, bütün azərbaycanlı qardaşlarımıza başsağlığı diləyirik. Ermənistan atəşlə oynamağı dərhal dayandırmalıdır”.

* * *

2020-ci ilin sentyabrın 21-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bir daha Azərbaycanın yanında olduqlarını bəyan edib: “Ermənistanı hücumları dayandıraraq, ağlını başına toplamağa çağırıram. Can Azərbaycanın haqlı mübarizəsində daim yanındayıq”.

* * *

Sentyabrın 22-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Türkiyə Prezidenti dünən Ermənistanın təxribatı nəticəsində dövlət sərhədində Azərbaycan hərbi qulluqçusunun şəhid olması ilə əlaqədar dövlətimizin başçısına və Azərbaycan xalqına başsağlığı verib. Prezident İlham Əliyev göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Türkiyə Prezidenti və Türkiyə xalqının Azərbaycana daim göstərdikləri dəstəyi yüksək qiymətləndirib.

* * *

Ötən ilin bu günü Sentyabrın 22-də Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Dövlət başçıları pandemiya ilə mübarizə sahəsində Ukraynada və Azərbaycanda həyata keçirilən işlərdən danışıblar. Söhbət zamanı Vladimir Zelenski bildirib ki, Ukraynanın yeni milli təhlükəsizlik strategiyasında Azərbaycan strateji tərəfdaş kimi göstərilib. Prezident İlham Əliyev öz növbəsində, qeyd edib ki, Azərbaycan üçün də Ukrayna strateji tərəfdaşdır. Dövlət başçıları Ukraynanın və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü məsələlərində ölkələrimizin bir-birini dəstəklədiyini qeyd ediblər. Prezident İlham Əliyev Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən hərbi təxribatlar barədə Ukrayna Prezidentini məlumatlandırıb.

* * *

Sentyabrın 22-də Azərbaycan Respublikası Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq, piyadaların döyüş maşınları (PDM), zirehli transportyorlar (ZTR) və digər döyüş maşınlarının ekipajları döyüş vərdişlərini təkmilləşdiriblər. Ümumqoşun poliqonlarının təlim nöqtələrində zirehli texnikaların ekipajlarından ibarət şəxsi heyət atış hazırlığı üzrə normativləri yerinə yetirib.

* * *

Ötən ilin bu günlərində təcavüzkar Ermənistanın silahlı bölmələri  cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə atəşkəs rejimini 33 dəfə pozub.

* * *

Ötən il sentyabrın 22-də Milli Məclisin Sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının Sədri Valentina Matviyenko ilə görüşüb. V.Matviyenko bildirib ki,  Azərbaycan Rusiya üçün strateji tərəfdaş olub və belə olaraq da qalır. Görüş zamanı Dağlıq Qarabağ problemi barədə danışan Milli Məclisin Sədri bildirib ki, bu, təkcə Azərbaycan üçün deyil, bütün region üçün ağrılı münaqişədir və 30 ildən artıqdır ki, mövcuddur. Sitat: “Münaqişənin həllinə dair BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, NATO-nun, AŞPA-nın, ATƏT-in qəbul etdiyi sənədlər bu gün də icra olunmamış qalır. Ermənistan bu beynəlxalq təşkilatları saymır və təəssüf ki, Ermənistana beynəlxalq birlik tərəfindən adekvat reaksiya göstərilmir. 1994-cü ildə atəşkəs haqqında Bişkekdə razılaşma imzalanmasına baxmayaraq, atəş demək olar ki, bir gün də kəsilməyib. Bu atəş nəticəsində dinc əhali, yaşlılar, uşaqlar qətlə yetirilir”.

* * *

Ötən ilin bu günü Özbəkistanın “interpress.uz” portalı Dağlıq Qarabağa PKK terrorçularının gətirilməsi ilə bağlı rus dilində “Ermənilər PKK kürd terror təşkilatı ilə birgə Azərbaycan ordusuna hücuma hazırlaşır” sərlövhəli məqalə dərc edib. Məqalədə iyul ayında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonundakı mövqelərinə hücumu və geri oturdulduqdan sonra işğalçı dövlətin PKK kürd terror təşkilatı ilə əməkdaşlığa başlaması və Dağlıq Qarabağa PKK terrorçularının gətirilməsindən bəhs edilir: “25 nəfərdən ibarət PKK terrorçusu İraqda, Qəndildəki PKK düşərgəsində təlim keçdikdən sonra Ermənistana göndərilib. Hazırda Suriyada Ermənistana göndərilmək üçün PKK terrorçuları gözləmə mövqeyindədir. Ermənistana göndərilmək üçün Suriyada və İraqda daha iki qrup təlim keçir. Terrorçular hücum əməliyyatları üzrə ixtisaslaşıb. Bu da onu sübut edir ki, Ermənistan tərəfi diversiya-terror metodundan istifadə edərək Azərbaycan Ordusunun mövqelərinə hücuma hazırlaşır”.

Paylaş
Baxılıb: 29 dəfə

Xəbər lenti

Hamısına bax

Yolumuz mübarək!

28 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31