Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Vətən müharibəsi tariximizə qızıl hərflərlə yazıldı

Vətən müharibəsi tariximizə qızıl hərflərlə yazıldı

22.09.2021 [14:24]

Eldar İbrahimov: İnanırıq ki, Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimiz qısa müddət ərzində bərpa olunacaq və insanlar öz doğma yurdlarına qayıdaraq əmin-amanlıq şəraitində yaşayacaqlar

“Tarixi və müqəddəs İkinci Vətən müharibəsinin başlamasından artıq bir il ötür. Bir il öncə, sentyabr ayının 27-də Ermənistanın növbəti qanlı təxribatına cavab olaraq, müzəffər Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə, rəşadətli Azərbaycan Ordusuna əks-hücum əmri verildi. Vətən müharibəsi tariximizə qızıl hərflərlə yazıldı”. Bu fikirləri Milli Məclisin İntizam komissiyasının sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov deyib.

Eldar İbrahimov bildirib ki, müharibənin başlanmasından bir neçə saat sonra Ali Baş Komandan Azərbaycan xalqına tarixi müraciət etdi. “Bu gün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutmuşdur. Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar var. Allah şəhidlərimizə rəhmət eləsin! Onların qanı yerdə qalmayacaqdır. Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir və bu zərbələr nəticəsində düşmənin bir çox hərbi texnikaları sıradan çıxıb. Bu, erməni faşizminin növbəti təzahürüdür” - deyən ölkə Prezidenti Azərbaycan xalqına tarixi müraciətində bəyan etdi ki, biz öz torpağımızda vuruşuruq, Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaq. Dövlətimizin başçısı  müraciətinin sonunda “Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, “Dağlıq Qarabağ ordusu”nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir” - deyərək, bir daha qətiyyətli və birmənalı şəkildə bildirdi ki, biz haqq yolundayıq, bizim işimiz haqq işidir və biz zəfər çalacağıq. Ali Baş Komandanın tarixi müraciətindən cəmi saatlar sonra ölkənin ali qanunverici orqanı olan Milli Məclisin növbədənkənar xüsusi iclası keçirildi və ölkədə hərbi vəziyyətin elan olunması ilə bağlı qərar layihəsi qəbul edildi. Qərar layihəsi ölkə Prezidenti tərəfindən imzalandı, hüquqi qüvvəsinə mindi, sentyabrın 28-də isə Ali Baş Komandan tərəfindən ölkədə qismən səfərbərlik elan olundu.

Millət vəkilinin sözlərinə görə, həmin gün və sonrakı bir neçə gün ərzində Səfərbərlik Xidmətinin yerli qurumlarına  cəbhəyə, müharibəyə yollanmaq, getmək arzusu yüzlərlə, minlərlə Azərbaycan gənci müraciət etdi. Bir anın içində müsəlləh əsgərə dönən Azərbaycan xalqı, Vətən sevdalı Azərbaycan oğulları, Azərbaycan Ordusu bir yumruq kimi Azərbaycan dövlətinin və Ali Baş Komandanın ətrafında sıx birləşdi. Müharibənin elə ilk günlərindən başlayaraq, Azərbaycan Ordusu, igid, qəhrəman Azərbaycan oğulları düşmənə ağır, ölümcül, sarsıdıcı zərbələr endirdi, onu hərbi texnika və canlı qüvvə sarıdan böyük itkilərə məruz qoydu, düşmən pərən-pərən salındı, “erməni ordusu” mifi alt-üst edildi. İlk günlər Füzuli və Cəbrayılın bir neçə kəndini, Murov dağı iqtiqamətində strateji yüksəklikləri düşmən işğalından azad edən Azərbaycan Ordusu oktyabrın 3-də çox mühüm əhəmiyyətli və strateji bölgə olan Madagizdə Azərbaycan bayrağını dalğalandırdı və ölkə Prezidenti elə həmin kəndin adının Suqovuşan adlandırılması ilə bağlı qərarını bəyan etdi.

E.İbrahimov qeyd edib ki, hər gün Qələbəyə addım-addım irəliləyən Azərbaycan Ordusu Talış kəndini, Cəbrayılı, Hadrutu, Füzulini, Zəngilanı, Qubadlını, Xocalının bir çox kəndini və nəinki Qarabağın, bütün Azərbaycanın dilbər guşəsi, göz bəbəyi olan Şuşanı azad etdi, düşmən tapdağından və əsarətindən qurtardı. Şuşanın işğaldan azad edilməsi ilə bağlı Şəhidlər xiyabanından  Azərbaycan xalqına Qələbə müjdəsini çatdıran və növbəti tarixi müraciətini edən Ali Baş Komandan dedi: “Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir. Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Bəli,  28 il 6 aydan sonra Şuşa həsrətinə son qoyan Ali Baş Komandanın Rəşadətli Ordusu düşmənə ən ağır və həlledici zərbəsini endirdi. Artıq düşmənin diz çökməkdən, məğlubiyyəti ilə barışmaq və onun etiraf etməkdən başqa yolu yox idi”.

“Ötən il noyabrın 9-da bir çox vacib strateji yüksəklikləri, 70-dən çox kəndi işğaldan azad edən Azərbaycan Ordusu qarşısında duruş gətirə bilmədi. Noyabrın 9-dan 10-na keçən gecə isə üç ölkənin rəhbərliyinin-Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin birgə Bəyanatı imzalandı. Bununla da tarixi İkinci Vətən müharibəsi başa çatdı, Ermənistan üzərində tarixi Qələbə və Zəfər çalındı, Ermənistan diz çökdürüldü. 44 günlük Vətən müharibəsi ilə təxminən 30 il davam edən  Qarabağ münaqişəsinə son qoyuldu. Eyni zamanda, 10 noyabr Bəyanatı ilə 3 rayonumuz - Ağdam, Kəlbəcər və Laçın bir güllə atılmadan, bir şəhid verilmədən azad olundu. Uzun illər məğlubiyyət acısı, ağrısı yaşayan Azərbaycan xalqı Qalib xalqa, Azərbaycan dövləti Qalib dövlətə çevrildi. Bəli, torpaqlarımız qanlar, canlar hesabına yağı tapdağından azad edildi, minlərlə övladımız şəhid və  qazi oldu. Qələbə və Zəfərimizə görə, Ali Baş Komandan başda olmaqla, bütün şəhidlərimizə, qazilərimizə, ordumuza borcluyuq və minnətdarıq. Müharibə başa çatdıqdan sonra Qarabağın dirçəldilməsi, yenidən cənnət məkanına çevrilməsi istiqamətində böyük addımlar atılıb və atılmaqdadır. İnanırıq ki, Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimiz qısa müddət ərzində bərpa olunacaq və insanlar öz doğma yurdlarına qayıdaraq əmin-amanlıq şəraitində yaşayacaqlar. Müqəddəs Vətən müharibəsində Azərbaycana güclü mənəvi və siyasi dəstək verən dost və qardaş ölkələrə, xüsusilə Türkiyə və Pakistana minnətdarlığımızı bildiririk”, - deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.

Nardar BAYRAMLI

Paylaş
Baxılıb: 27 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31