Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Koronavirusdan və müharibədən daha qorxulu – Zombi xəstəliyi

Koronavirusdan və müharibədən daha qorxulu – Zombi xəstəliyi

22.09.2021 [14:31]

Narkomaniya və narkobiznes bu gün bütün dünyanın mübarizə apardığı ortaq problemidir. Narkomaniya terroru güclənməkdədir və bəşəriyyətin gələcəyini təhdid edir. Narkotiklərdən asılı qalan zombi insanların nəsli yetişib və bu mübaliğə deyil. Narkobiznes münaqişə ocaqlarının, nəzarətsiz zonaların, terrorçu mərkəzlərin və mütəşəkkil cinayətkar qrupların yaradılmasında, silah alverinin güclənməsində rol oynayır, özü ilə yeni-yeni bəlalar gətirir. BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin hesablamalarında açıqlanır ki, dünyada narkotiklərin ticarəti neft və silah alverindən sonra üçüncü ən çox gəlir gətirən sahədir. Bu il Azərbaycanda narkotiklərlə bağlı cinayətkarlıq öz pik həddini yaşadı. Düzdür, bir çox ekspertlər deyirlər ki, xarici ölkələrlə müqayisədə Azərbaycanda vəziyyət o dərəcədə də dəhşətli deyil. Lakin cəmiyyətdə hətta bir narkomanın belə olması hamını ayıq-sayıq olmağa çağırmalıdır. Çünki narkomaniya ən az koronavirus qədər yoluxucudur.

Səhiyyə Nazirliyinin Azərbaycandakı narkomanların sayı ilə bağlı statistikasında deyilir ki, 2021-ci ildə Respublika Narkoloji Mərkəzində 31 752 nəfər qeydiyyatdadır. Hazırda ölkəmizdə 700-ə qədər qadın narkoman qeydə alınıb. Bu quru statistika əslində, minlərlə insanın bir narkomana görə bədbəxt həyatı, həyəcanlı günləri, gərgin sosial vəziyyəti deməkdir.

Narkomaniya ilə bağlı risk qrupuna daha çox ailədaxili problemləri olan, cəmiyyətdə özünə yer tapa bilməyən, özünü ifadə etməkdə çətinlik çəkən, psixososial problemləri olan və kriminal keçmişi, yaxud kriminal həyat tərzinə meyilliliyi olan insanlar daxildir. Ailə faktoru həddən artıq önəmlidir. Xüsusilə yetkinlik dövrünü yaşayan uşaqlar üçün hər xırda nüans böyük fəlakət kimi görünə bilir və bu dönəmdə özünü yalqız hiss edən yeniyetmə arzuolunmaz insanların əhatəsinə düşərək narkotiklərin dadına baxa bilər. Uçurumdan yuvarlanmaq üçünsə, narkotik maddəni bir dəfə dadmaq kifayətdir. Bu gün ən qorxulu tendensiya narkotiklərin satışının internet vasitəsilə həyata keçirilməsidir. Yeniyetmə və gənclər internetlə daha çox bağlı olduqlarına görə, valideyn, hətta evdə oturub telefonuna baxan övladından belə arxayın olmamalıdır.

Narkomaniyanın hədəfi hər kəsdir. Doğru-dürüst maariflənməmiş, bu zəhər barədə məlumatı olmayan hər kişi, hər qadın, hər uşaq, hər qoca potensial qurbana çevrilə bilir.

Azərbaycan indi Qarabağdakı düşmənlərimizlə yanaşı, patı satanlarla da savaş aparır. Bu dəfə özümüz özümüzlə. Bir milləti məhv etməyin ən çətin yolu düşüncəsini əlindən almaqdır. Amma düşünməyi dayandırmağın da ən asan yolu narkotikdir. 3-5 manat verirsən, gündə saxta cənnətə bir neçə dəfə beyin uçuşu həyata keçirirsən, hallüsinasiyalar içində özünü göylərdə hiss edirsən , amma səni bu bəladan qurtarmaq istəyən yaxınların, ailən bataqlığa doğru çəkilir. Çox keçmir ki, hamılıqla cəhənnəmə baş vurursunuz. Xəstəlik, ailədaxili münaqişə, imkansızlıq, davalar, oğurluqlar, cinayətlər, həbslər, qətllər. Bir narkomanın ailəsini gözləyən gələcək budur.

Narkomaniya üzrə ekspert Emil Maqalovun sözlərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinə gətirilən 100 məhbusdan ən azı 60-70 nəfəri narkotik ittihamı ilə həbs edilənlərdir. Onların 80-90 faizi narkotik maddələrin satışı ilə məşğul olarkən tutulanlardır.

“Narkotik maddələr ölkəmizə əvvəllər əsasən, İrandan gətirilirdi. Sərhədlərimizdə bunun qarşısının alındığını görüb başqa yol seçdilər. Gəlib Bakıda ev tutub qalır, xammalı alır, evlərdə hazırlayırlar. Ən böyük fəlakət də buradan başlayır. Böyük miqdarda eyni dərman preparatlarından almaları şübhə doğurmasın deyə bu işi pul müqabilində yeniyetmələrə, gənclərə tapşırırlar. İşsiz, pulsuz adamlar belə cinayətkarların toruna daha tez düşür”, - deyə Emil Maqalov qeyd edib.

Ekspert qeyd edir ki, korrupsiya narkomaniya üçün münbit şərait yaradır. Müharibələrdən, pandemiyalardan bəslənib varlananlar olduğu kimi, narkomaniyadan da qazananlar var. Bu bəlaya düşmüş şəxsi xilas etmək üçün ən vacib məsələ onu tək qoymamaqdır. Doğrudur, bu məşəqqətli, çox zaman da çıxışı, geri dönüşü olmayan bir yoldur, lakin əl uzadılmazsa, narkomanın sonu ya ölüm, ya da həbsxanadır.

“Narkotik istifadəçisinin həyatında onun düşdüyü mühit mühüm rol oynayır. Yeni başlamış narkomanı xilas etmək üçün, ilk növbədə, onu həmin mühitdən ayırmaq, ən yaxşısı köçmək, uzaqlaşmaq lazımdır. İkincisi, müalicənin düzgün aparılması məsələsi var. Ən pis cəhət budur ki, Azərbaycanda narkomaniya ilə mübarizə aparmaq üçün lazım olan dərmanlar apteklərdə qara siyahıya salınıb. Səhiyyə Nazirliyi nədənsə bu dərmanları narkotik vasitə elan edərək satışını qadağan edib. Halbuki, narkoman yeni başlayıbsa, həmin bu dərmanlarla və digər köməkçi dərmanlarla ağrılardan qurtara bilər. Mən əminliklə deyirəm ki, həmin dərmanların köməyi ilə 3-15 gün içində onu vəziyyətdən çıxarıb sağaltmaq olur. Bir çox apteklərdə məhz bu ucuz ağrıkəsicilər od qiymətinə satılır, xüsusi reseptlərlə verilir deyə narkoman gedib dərman almaq əvəzinə ağrılarını narkotik maddələrlə kəsmək məcburiyyətində qalır. Çox zaman ucuz sintetik narkotiklərə üz tutur, bunun da sonu ölümdür. Adı psixotrop olan dərmanların qiyməti aşağı salınmalı və xüsusi reseptlər əsasında satışa qoyulmalıdır ki, xəstə insanlar istifadə edə bilsinlər. Əks halda, onlar oğurluq edəcək, cinayət törədəcəklər”.

Qeyd edək ki, Azərbaycanda narkomaniya sahəsində risklərin azaldılması layihəsini həyata keçirən mərkəz mövcuddur. Mərkəz QHT-nin təşəbbüsü ilə yaradılıb. Mərkəzdə Pulsuz narkoloq, psixoloq, həkim və tibb bacıları fəaliyyət göstərirlər. Layihə riskin azaldılması layihəsidir və Səhiyyə Nazirliyindən, qlobal fonddan maliyyələşir.

“Narkomana “istifadə etməyin” deməklə iş bitmir. Onların çoxunun hepatiti var, dəri xəstəliyi var. Aralarında QİÇS xəstəsi olanlar mövcuddur. Şpris tapmırlarsa, başqasının köhnə şprislərindən istifadə edir, xəstəlikləri bir-birlərinə, hətta ailə üzvlərinə ötürürlər. Biz narkomanlardan çox, onların sağlam ailə üzvlərini də qorumağa cəhd edirik”, - deyə Emil Maqalov qeyd edib.

Yaponların maraqlı bir deyimi var - “Biz ona görə inkişaf etmiş dövlətik ki, fəlakətin qarşısını o başlamazdan öncə alırıq, hər işimizin bünövrəsini sağlam qoyuruq ki, fəlakət baş verərsə içindən ən az ziyanla çıxaq”.

Övlad tərbiyəmizi sağlam tutaq ki, min zəhmətlə böyütdüyümüz balalarımız, gələcəyimiz “ağ ölümün” toruna düşməsin. İnsanlar yalnız kasıblıqdan narkotiklərin ağuşuna düşür demək yanlış fikir olardı, narkobiznesin hədəfi əsasən, varlı həyat yaşayanlardır. Çünki məqsəd pul qazanmaqdır. Odur ki, heç kim “bu bəla mənə bulaşmaz” deyib arxayın olmamalıdır. Ətrafda bu qədər cinayətkar qüvvə varkən hər birimizin üzərinə nəzarətçi rolu düşür. Sağlam cəmiyyət olmaq üçün başqa yolumuz yoxdur.

Xatırladaq ki, ölkəmizdə narkotizmlə və narkobizneslə mübarizənin əsası 1999-cu ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” qanunla qoyulub.

Ümummilli Liderin 15 iyul 2000-ci il tarixli Fərmanı ilə “2000-2006-cı ilədək narkomanlığın yayılmasına, narkotik vasitələrin, psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə üzrə Milli Proqram” qəbul edilib.

İlhamə Rəsulova

Paylaş
Baxılıb: 43 dəfə

Xəbər lenti

Hamısına bax

Yolumuz mübarək!

28 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31