Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Zəfərimiz yeni-yeni hədəflərə yol açır

Zəfərimiz yeni-yeni hədəflərə yol açır

22.09.2021 [18:13]

YAP İdarə Heyətinin üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva

- Aynur xanım, 27 sentyabr-Anım Günü ərəfəsindəyik. Azərbaycanın haqqı, ədaləti bərpa etdiyi 44 günlük İkinci Qarabağ savaşının başlandığı bu tarix 30 illik işğal dövrünün reallıqlarının aydın mənzərəsini yaradır. Zəfərimizə gedən yola birlikdə qısa nəzər salsaq bu uğurlarımız sizdə hansı hissləri yaradır?

- Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə Allahdan şəfa diləyirik. Onların həyat yolu vətənpərvərlik məktəbidir. Hər bir gənc bu məktəbdən bəhrələnməli, onların həyat yolunu dərindən öyrənməli, Zəfərimizin qəhrəmanlarının keçdikləri hünər yolunun növbəti nəsillərə  çatdırılmasına öz töhfəsini verməlidir. Bu gün ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Vətən oğullarının qəhrəmanlığı, şücaəti sayəsində  qürurla qeyd edirik ki, torpaqlarımız artıq tarixi sahibinə qovuşub.

Tarixə nəzər salaq. İşğalçı Ermənistanın əsassız torpaq iddiası nəticəsində yaranan, artıq 44 günlük Vətən müharibəsi nəticəsində  tarixə qovuşan Ermənistan -Azərbaycan Dağlıq Qarabağ münaqişəsi 20 faiz torpağımızın  işğalına və 30 il düşmən tapdağı altında qalmasına səbəb oldu. Amma bir gün də belə Qarabağımızı unutmadıq. Gec-tez haqqın, ədalətin öz yerini tapacağına, tarixi torpaqlarımızın sahibinə qovuşacağına əmin idik. Çünki 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanı müstəqilliyimizin ilk illərinin xaosundan, anarxiyasından, özbaşınalıqlarından, hərc-mərcliyindən, iqtisadi böhranından xilas etməklə yanaşı, yeganə problemimiz olan torpaqlarımızın işğaldan azad olunması üçün həm diplomatik müstəvidə, həm də döyüş meydanında möhkəm baza yaratdı. Azərbaycan inkişaf, tərəqqi yoluna çıxaraq bütün sahələrdə davamlı uğurlara imza atdı. Ölkəmiz həqiqətlərini dünyaya çatdırdı. Ordumuz Qələbəyə hazırlandı. Dövlət büdcəsinə ayrılmalara diqqət yetirdikdə görürük ki, ilk yerdə müdafiə xərcləri dayanır. Azərbaycanın hərbi büdcəsi artırıldı, ordumuzun döyüş qabiliyyəti gücləndirildi, maddi-texniki bazası möhkəmləndi, hər an torpaqlarını işğaldan azad etməyə qadir ordusu formalaşdı. Ümummilli lider Heydər Əliyev bildirirdi ki, biz hərb  istəmirik, amma hərbə hazırıq. Sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü, qüdrətli ordunun  olması əsasdır.

Azərbaycan ulu öndər Heydər Əliyevin gələcəyə hesablanmış siyasəti nəticəsində iqtisadi inkişafı ilə dünyada möcüzələr ölkəsi kimi tanındı. İqtisadi tərəqqi bütün sahələrdə uğurlu addımların atılmasını şərtləndirdi. Uğurlarımızın davamlılığı fonunda Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə inam daha da artdı, tezliklə bu ədalətsizliyə son qoyulacağına  əminlik yarandı.

Son 18 ildə Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən, 8 noyabr 2020-ci il tarixində Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi olan Şuşamızın işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən ata vəsiyyətini yerinə yetirdiyi üçün xoşbəxtliyini böyük qürurla vurğulayan dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev bu illərdə ərazi bütövlüyümüzün bərpasına hazırlıq gördü. Şuşanın, eyni zamanda,  digər işğal altında olan torpaqlarımızın illərdir gəlişimizi gözlədiyini və gələcəyimizə əmin olduğunu hər zaman vurğulayan Ali Baş Komandan bu inamı əsaslandıran məqamları da açıqlayırdı.

Otuz  il zaman keçdi. Sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozması, Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini iriçaplı silahlardan, artilleriya qurğularından, minaatanlardan intensiv atəşə tutması nəticəsində başlanan Vətən müharibəsi xalqımızın qəhrəmanlıq salnaməsinə yeni səhifələr yazdı. 44 günün hər günü Azərbaycanın tarixinə Qələbə günü kimi yazıldı. Xalqımız hər gün dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevdən Qələbə xəbərlərini gözlədi. Ölkə Prezidentinin xalqa hər müraciəti Zəfərimizlə bağlı sabaha ümidləri daha da artırdı, küçə və meydanları Azərbaycanla yanaşı, bizə mənəvi və siyasi dəstək olan qardaş, dost ölkələr- Türkiyə və Pakistanın bayraqları bəzədi. Harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı bu gün də o anların təəssüratlarını bölüşür, illərdir çəkilən torpaq həsrətinə 44 gündə son qoyulmasının sevincini yaşayır. 44 gündə  Füzulinin, Ağdamın, Cəbrayılın, Kəlbəcərin, Laçının, Qubadlının, Zəngilanın, Şuşanın, Hadrutun və digər işğal altında olan rayonlarımızın  ümumilikdə  300-ə yaxın kəndinin, strateji yüksəkliklərin işğaldan azad olunması ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 17 illik gərgin siyasi-diplomatik səylərinin, dövlətçilik təcrübəsinin, torpağına bağlılığının, əsgər və zabitlərimizin ruh yüksəkliyinin, xalq-ordu birliyinin məntiqi nəticəsidir. “Dəmir yumruq” Vətən müharibəsinin devizinə çevrildi.  «Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir» söyləyən, bu tarixin müəllifi olan Prezident, Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, müzəffər Azərbaycan xalqı, qalib Milli Ordumuz düşmənə heç vaxt unutmayacağı zərbəni vurdu və təsdiqlədi ki,  Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! 44 günlük İkinci Qarabağ savaşı Azərbaycan xalqının nə qədər məğrur, yenilməz xalq olduğunu bir daha dünyaya nümayiş etdirdi. Cənab İlham Əliyevin daim bəyan etdiyi kimi, Qarabağın tacı Şuşa 28 il əsarətdə olsa da əyilmədi, milli qürurumuzu, kimliyimizi qorudu. Biz bu torpaqlara qayıtdıq və doğma Qarabağımızda əbədi yaşayacağıq.

- Bu gün dünyanın diqqəti Şuşamızda, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işlərinə yönəlib.  Bu torpaqlarımızda dərhal başlanan quruculuq işləri özündə hansı çağırışları və mesajları ehtiva edir?

- Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev torpaqlarımızı işğaldan azad edəcəyimizə tam əmin idi. Ölkə Prezidentinin 44 gündə xarici mətbuata çoxsaylı müsahibələrinin hər birinə diqqət yetirsək görərik ki, həmin müsahibələrdə postmüharibə dövrü üçün reallaşdırılacaq bərpa və quruculuq işlərindən bəhs olunur. Azərbaycanın hərbi-siyasi qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan Azərbaycan və Rusiya Prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladıqları 10 noyabr Bəyanatından sonra dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş ərazilərimizə başlanan davamlı səfərlərinin hər biri bərpa və quruculuq işlərinin miqyası barədə aydın təsəvvür yaratdı. Cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın bu müddətdə təkcə mədəniyyət paytaxtımız Şuşaya 5 dəfə səfər ediblər. Tarixi günlərdə reallaşan bu səfərlərin hər biri Ermənistana və ona havadarlıq edən dövlətlərə, ümumilikdə dünyaya bir sıra mesajları ünvanlayıb. 44 günlük İkinci Qarabağ müharibəsindən ötən 10 ayda Azərbaycanın işğaldan azad edilmiş əraziləri tikinti, quruculuq meydanına çevrilib.  Füzuli Beynəlxalq Hava Limanı, uzunluğu 100 kilometrdən çox olan  Zəfər yolu,  dünyaya səs salan “ağıllı şəhər” və “ağıllı kənd” layihələri çərçivəsində  2022-ci ilin əvvəlində sakinlərini qarşılayacaq ilk “ağıllı kənd” – Zəngilanın Ağalı kəndləri, baş planı təqdim edilən Ağdam və Şuşa şəhərləri bu işlərin əsas ünvanlarıdır. Bu yenilikləri, quruculuq və bərpa işlərini xeyli sayda sadalamaq olar. Görülən bu işlər fonunda dünya erməni faşizmi ilə sülhsevər Azərbaycan xalqının fərqini görür. Azərbaycan dövləti həm müharibə davam etdiyi, həm də Zəfərimizdən sonra  işğalçı Ermənistana sülh razılaşmasını imzalamağı təklif etməklə humanizm prinsiplərinə sadiqliyini  nümayiş etdirir. Ermənistan yenə də xislətinə uyğun olaraq sülh razılaşmasını imzalamaqdan yayınır.  Amma Azərbaycanın tələbi də ortadadır-Sülh təklifi masa üzərində daimi saxlanıla bilməz. Azərbaycan bu gün işğaldan azad edilmiş topaqlarımızda gördüyü işlərlə bir daha təsdiqləyir ki, qurucu, yaradıcı xalqıq.  Ermənilər isə  müharibələrin və barbarlığın sadiq qullarıdır. 44 günlük Vətən müharibəsində yalnız torpaqlarımızı işğaldan azad etmədik, eyni zamanda, mədəniyyət  beşiyimiz Şuşamıza qayıtdıq, “Xarıbülbül” musiqi festivalı, Vaqif Poeziya Günləri - ənənələr bərpa edildi, Şuşanın Cıdır düzündən tolerant, multikultural dəyərlərə böyük töhfələr verən ölkə olduğumuzu bir daha dünyaya çatdırdıq. “Xarıbülbül” musiqi festivalının açılış günündə ölkəmizdə yaşayan xalqların, millətlərin  musiqi yaradıcılığı təqdim edildi. Muğamlarımız yenidən Qarabağın səmalarında qanadlandı. Müzəffər Ali Baş Komandan  İlham Əliyev Vaqif Poeziya Günlərinin açılış mərasimində erməni faşizminin mahiyyətini açıqlamaqla yanaşı,  Şuşanın Azərbaycan üçün önəmini diqqətə çatdırdı: “Əfsuslar olsun ki, Şuşa işğala məruz qalandan sonra bütün tarixi abidələr, mədəni abidələr, o cümlədən Vaqifin məqbərəsi vandallar tərəfindən dağıdılmışdı. Şuşanın işğalı xalqımızın böyük faciəsi idi. Çünki Şuşa Azərbaycan mədəniyyətinin ocağıdır. Şuşanın Azərbaycan tarixində çox böyük rəmzi mənası var. Şuşa Qarabağın tacıdır”. Bu tədbirlər ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirildi. Bunlar Heydər Əliyev Fondunun işğaldan azad edilmiş ərazilərimizdə icrasına başladığı layihələrin tərkib hissələridir.

Qarabağın tacı Milli Qurtuluş Günündə Azərbaycan və Türkiyə birliyinin, həmrəyliyinin zirvəsi olan Müttəfiqlik Bəyannaməsinin imzalanmasına şahidlik etdi. Şuşa Bəyannaməsi dünyaya bir sıra mesajlarını çatdırdı. Azərbaycan dost, qardaş ölkənin Prezidentini Şuşada qarşıladı. 28 il Şuşanı erməniləşdirməyə çalışanlar atılan bu addımların fonunda bir daha bu reallığın şahidi oldular ki, tarixi inkar etmək qeyri-mümkündür, eyni zamanda, torpağın sahibi qurub yaradan, hər daşının, qayasının qoruyucusu olur. Ən əsası qonaqlarını böyük ruh yüksəkliyi, qürurla qarşılayır, uca səslə “Xoş gəldiniz!” deyir. 

Füzuli Beynəlxalq Hava Limanına “Qarabağ” təyyarəsinin ilk eniş etməsi də tarixi Zəfərimizi  bir daha dünyaya nümayiş etdirdi. Avqustun 29-da ölkə  Prezidenti, Ali Baş Komandan  İlham Əliyev işğaldan azad olunmuş ərazilərə növbəti səfəri zamanı Füzuli Beynəlxalq Hava Limanından bəhs edərkən söylədiyi “Mən demişdim ki, bu il Füzuli Beynəlxalq Hava Limanı istifadəyə veriləcək. Bəlkə də dünyada bu sürətli templərlə heç bir hava limanı tikilməmişdir. Artıq uçuş-enmə zolağı da hazırdır. Burada son tamamlama işləri aparılır. Bir daha qeyd etmək istəyirəm, bu il mən hava limanının təməlini qoydum, indi isə gəlirik inşaat işləri ilə tanış olmağa. Bu aeroport Qarabağın hava qapısıdır” fikirləri  bir neçə gündən sonra, sentyabrın 5-də reallığa çevrildi. Rəmzi məna daşıyan  “Qarabağ” adlı təyyarə  “Qarabağın hava qapısı”na - Füzuli Beynəlxalq Hava Limanına eniş etdi. Bu mühüm hadisə tarixə Zəfərimizin davamı kimi yazıldı. Hələ belə Zəfərlərimiz çox olacaq. Böyük Qayıdışa açılan bu yollar tezliklə soydaşlarımızı doğma yurd-yuvalarına qovuşduracaq. Sentyabrın sonunda Zəfər yolu kimi dəyərləndirilən Füzuli-Şuşa yolunun tikintisi başa çatdırılır. Göründüyü kimi, Qarabağın bütün qapıları  üzümüzə açıqdır.

Aynur xanım, dövlət başçısı İlham Əliyevin  bütün müsahibələrində, müraciətlərində, çağırışlarında bu məqam öz əksini tapır ki, Zəfərimizi şərtləndirən əsas amillərdən biri torpaq, Vətən sevgisi, gənclərimizdə vətənpərvərlik hissinin böyüklüyüdür…

- Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, indi Cıdır düzü də, Şuşa da, Qarabağ da azaddır. Bu torpağın sahibləri  əllərində silah, bayraq, ürəklərində Vətən sevgisi ilə qayıdıblar. Vətən sevgisi bizi Qələbəyə gətirdi. Vətən sevgisi, vətənpərvərlik qələbəmizin əsas amilinə çevrildi. Dövlət başçısı İlham Əliyev daim bu məqamı da xüsusi qeyd edir ki,  son illərdə Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəslin yetişməsindən çox şadam. On səkkiz ildir Azərbaycana  rəhbərlik etdiyini önə çəkən dövlət başçısı bildirmişdir ki, bu illər ərzində yetişən insanlar bu torpaqları azad etdilər. Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq  əsas yükü, vəzifəni gənc nəsil yerinə yetirdi. 2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşları var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi.

Təbii ki,  Qələbəmizin rəmzinin  yumruq seçilməsi də təsadüfi deyil.  Bu yumruq, həm güc, həm də  birliyimiz, həmrəyliyimizdir.  Azərbaycan xalqı Vətən müharibəsində  öz birliyini, həmrəyliyini  nümayiş etdirdi.  Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin «Hamımızın bir vətəni var-Azərbaycan» çağırışı harada yaşamasından asılı olmayaraq bütün soydaşlarımızı bir araya gətirdi, ərazi bütövlüyümüzün təmin olunması istiqamətində hər kəsi üzərinə düşdüyü vəzifəni yerinə yetirməyə çağırdı. Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin gənclərə diqqət və qayğısı hər addımda özünü qabarıq şəkildə büruzə verir. Cənab Prezident daim onlara bu çağırışı edir ki, dövlət maraqları hər şeydən  üstün tutulmalıdır. Bu fikir istər Vətən müharibəsi, istərsə də postmünaqişə dövründə fəxrlə qeyd edilir ki, Qarabağ torpaqlarını, Şuşanı azad edən gənclər ulu öndər Heydər Əliyev məktəbinin, Prezident İlham Əliyev idarəçiliyinin yetirmələridir. Ümummilli Lider Azərbaycan gəncliyini daim sağlam ruhda, vətənpərvər görmək istəyib. Dahi rəhbər bu istəyini belə ifadə edirdi ki,  Azərbaycanın gələcəyi indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır.  Məhz möhkəm təməl üzərində formalaşan, Heydər Əliyev məktəbindən bəhrələnən o dövrün gəncləri bu gün yeni nəslin düzgün yetişməsində öz təcrübələrini paylaşırlar. Dövlət başçısı İlham Əliyev yaşlı nəslin təcrübəsi ilə gənclərin dinamizmi arasında vəhdətin yaradılmasını günümüzün əsas tələbi kimi qarşıya qoyub. Ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının dövrün yeni reallıqlarına uyğun olaraq bu ilin mart ayının 5-də keçirilən VII qurultayında da bu məsələlər diqqət mərkəzində oldu. Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının yaradılmasında da bu kimi məqsədlər özünün aydın ifadəsini tapıb. 

Dövlət başçısı İlham Əliyev sentyabrın 7-də  Fərid Qayıbovu gənclər və idman naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bu vəzifəni qarşıya qoydu ki,  bütövlükdə gənclərimizin tərbiyə edilməsi prosesi diqqət mərkəzində olmalıdır. Azərbaycan dəyərləri, milli dəyərlərimiz bizim üçün əsas prinsipdir və gənc nəsil də bu ruhda, milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdır…

- Milli-mənəvi dəyərləri qorumaq hər bir vətəndaşın borcudur. Bu dəyərlər  milli kimliyimizin  ifadəsidir. Dövlət başçısı İlham Əliyevin gənclərin milli ruhda tərbiyə olunmasına çağırışları və bu istiqamətdə atdığı addımlar hazırkı dövrün reallıqları ilə şərtlənir. Belə ki,  qloballaşma dövründə elmi-texniki tərəqqinin sürətli inkişafı mütərəqqi dəyişikliklərə yol açır. Lakin təəssüf hissi ilə qeyd  etmək lazımdır  ki,  bu proseslərin mədəni irsə təsiri, gənclərin yad ünsürlərin təsiri altına düşmələri də baş verir. Bu isə öz növbəsində milli-mənəvi dəyərlərin  assimilyasiyaya uğramasına səbəb olur. Belə halların qarşısı alınmalıdır.  Gələcək uğurlarımıza yeganə təminat sağlam cəmiyyət quruculuğuna diqqəti artırmaq, köklü mənəvi dəyərləri yeni nəslə daha dərindən aşılamaqdır. Bütün bunlar göstərir ki, ulu öndər Heydər Əliyevin ideyalarını bütün sahələrdə gerçəkləşdirən Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə xalqın milli-mənəvi, mədəni və elmi intellektual potensialının gücləndirilməsi ön plandadır.

Gənclərimizin milli-mənəvi ruhda tərbiyəsində ailələr mühüm rol oynayır. Ailə dəyərlərini qorumaqla gənclərimizi düzgün istiqamətləndirə bilərik. Azərbaycan xalqına xas olan təkmil ailə modelini qorumaq ümumi işimizdir. Milli-mənəvi dəyərlərimizə, ənənələrimizə   mənfi təsir göstərən hadisələrə qarşı barışmaz olmalı, onların ictimailəşdirilərək  mənfi halların miqyasının genişlənməsinə yol verməməliyik.  Ailə sağlam cəmiyyətin və güclü dövlətin təməlidir. Ailə ənənələrin, keçmişlə müasirliyin vəhdətinin qoruyucusu və ötürücüsüdür. Hər bir fərd ailədə böyüyür, cəmiyyətə, dövlətə layiq vətəndaş kimi yetişir. Dövrün, zamanın tələblərinə uyğun yeniləşmə, təkmilləşmə qaçılmaz prosesdir. Bu proses bütün dünya dövlətlərində yaşanır.  Təbii ki, bu təkmilləşmələr dəyərlərin aşınmasına deyil, inkişafa yol açmalıdır. Azərbaycanın uğurlarını həzm edə bilməyən qüvvələr  öz çirkin məqsədlərini həyata keçirmək üçün gənclərdən bir vasitə kimi istifadə etməyə çalışırlar. Gənclərimizi bu  təsirlərdən qorumaq əsas tələblərdəndir.

Ümumiyyətlə, ailə dəyərlərinin qorunmasında cəmiyyətin və dövlətin bütün institutları fəal olmalıdır. Cəmiyyətin hər bir üzvü əməli  ilə ailələri narahat edən problemlərin həlli istiqamətində dövlətə yaxından köməklik etməlidir. Kiçik dövlət kimi dəyərləndirilən ailələrin möhkəm və sağlam olması, aztəminatlı ailələrin sosial problemlərinin həlli daim dövlətin diqqətindədir. Dövlət hər bir vətəndaşının yanında olmaqla  onun  yüksək rifah şəraitində yaşamasını təmin edir. İnsan amili Azərbaycan dövlət siyasətinin əsasını təşkil edir. Bu, dövlətin vətəndaşına olan diqqətinin bariz nümunəsidir.

Paylaş
Baxılıb: 27 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31