Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Düyünə düşmüş “əməkdaşlıq”...

Düyünə düşmüş “əməkdaşlıq”...

23.09.2021 [14:47]

Rəsmi İrəvan özünü məhv edir

44 günlük Vətən müharibəsinin Azərbaycanın qələbəsi ilə yekunlaşması regionda yeni reallıqlar yaratdı. Bu reallıqların ən mühüm elementi isə Cənubi Qafqazı yeni dövrdə regional və qlobal əməkdaşlıqların əsas amilinə çevirmək niyyətidir. Azərbaycan və Türkiyə bu niyyəti açıq şəkildə dəstəkləyir. Ötən il dekabrın 10-da Bakıda keçirilən Zəfər paradının ardından mətbuat qarşısında çıxış edən Azərbaycan və Türkiyə prezidentləri regional əməkdaşlığın inkişafında maraqlı olduqlarını bildirdilər. Prezident İlham Əliyev qeyd etdi ki, biz bölgədə yeni bir işbirliyi platformasını yaratmalıyıq: “Bu, çoxtərəfli platforma ola bilər. Bu işbirliyi platformasında iştirak edən bütün bölgə ölkələri bundan, ancaq faydalana bilər”.

Öz növbəsində, Türkiyənin dövlət başçısı da rəsmi Ankaranın çoxtərəfli əməkdaşlıq platformasının qurulmasına müsbət yanaşdığını dilə gətirdi və qeyd etdi ki, lazım gələrsə, altılı bir platforma da yarada bilərik. Sitat: “O altılı platforma nədir: Rusiya, Türkiyə, Azərbaycan, İran, Gürcüstan və əgər qəbul edib əməl edərsə, Ermənistan da bu platformada yer ala bilər. Beləliklə, altılı platforma ilə regional sülhün formalaşdırılması nəzərdə tutulur”.

Təəssüfləndirici haldır ki, müharibədən sonra regionun simasını, iqtisadi dayaqlarını əsaslı şəkildə inkişaf etdirmək iqtidarında olan bu əməkdaşlıq platforması hələ də reallaşmır. Buna maneə isə Ermənistanın 10 noyabr Bəyanatına əməl etməməsi, “Zəngəzur dəhlizi” layihəsinin gerçəkləşməsi üçün əməli addımlar atmamasıdır. Ekspertlərin fikrincə, rəsmi İrəvanın sərgilədiyi bu mövqe indiki halda ən böyük zərbəni elə Ermənistana vurur. Çünki regionda əməkdaşlığın inkişafı, iqtisadi əlaqələrin genişlənməsi sosial böhran içində yaşayan Ermənistan üçün hava-su kimi vacibdir.

Lakin Ermənistan hökuməti Zəngəzur dəhlizinin müzakirə olunmadığını dilə gətirir. Belə ki, ötən gün erməni tərəfinin dəhliz məsələsinə münasibəti barədə baş nazirin müavini Mğer Qriqoryan “dəhliz məsələsi müzakirə olunurmu” sualına, “əlbəttə yox” cavabı verib.

Nikol Paşinyan da dəfələrlə bildirib ki, dəhliz məsələsi müzakirə olunmur: “Biz kommunikasiyaların açılmasında çox maraqlıyıq, çünki bunda Ermənistanın blokadanı aradan qaldırması imkanını görürük. Təəssüf ki, biz 25 ildir belə bir blokadadayıq. Ümid edirik ki, nəticədə, biz konkret həll yollarına gəlib çıxacağıq”.

Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin deputatı Azər Badamovun fikrincə, formatından asılı olmayaraq, regionda formalaşacaq bütün əməkdaşlıq platformaları iqtisadi üstünlüklər yaradacaq. Azərbaycanın bundan öncə də bir sıra qlobal və regional layihələrin, eləcə də əməkdaşlıqların təşəbbüskarı qismində çıxış etdiyini xatırladan A.Badamov deyib ki, Avropa ilə Asiyanı birləşdirəcək yeni kommunikasiya xəttinin fəaliyyətə başlaması bütün dövlətlərin marağındadır: “2020-ci ilin noyabrın 10-da imzalanmış “üçtərəfli Bəyanat”ın 9-cu bəndinə əsasən, Ermənistan Zəngəzur dəhlizinin açılması öhdəliyini götürüb. Bu layihənin reallaşması isə nəzərdə tutulan “6-lıq platformasını” aktuallaşdıracaq. Bu platformanın yaranması həm də regionda yerləşən dövlətlərin iqtisadi imkanlarını artıracaq. Nikol Paşinyan dərk etməlidir ki, sosial böhrandan xilas ola bilməyən Ermənistan yalnız bu yolla özünü xilas edə bilər. Daha doğrusu, Azərbaycanın və Türkiyənin təklif etdiyi bu əməkdaşlıq platforması Ermənistan üçün “nəfəslik”dir. İnanıram ki, yaxın gələcəkdə Ermənistan tutduğu qeyri-konstruktiv mövqeni bir kənara qoyaraq öz əsassız iddialarından tam əl çəkəcək və regionun inkişafının önündə “qara tikan”a çevrilməyəcək. Bu, onların əleyhinə işləyir”.

Politoloq Tofiq Zülfüqarov da “6-lıq əməkdaşlıq platforması”nı regionun inkişafı üçün olduqca faydalı təklif adlandırıb. Onun fikrincə, Ermənistan bunun reallaşması üçün əməli addımlar atmalı, üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir: “Hesab edirəm ki, Ermənistanın indi sərgilədiyi mövqe müvəqqətidir. Yəqin ki, Ermənistan ictimaiyyəti hazır olandan sonra Zəngəzur dəhlizi öz fəaliyyətinə başlayacaq. Bu əməkdaşlıq platformasında bütün bölgə dövlətləri maraqlıdır. Nəzərə almalıyıq ki, indiyə qədər regionda Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Rusiya-İran formatlarında əməkdaşlıq platformaları olub. Bütövlükdə, region ölkələr Zəngəzur dəhlizinin açılmasını və onun əsasında bölgədə bir sıra mühüm iqtisadi layihələrin həyata keçməsini arzulayır. Sadəcə, bu məsələ yubanır. Hətta Ermənistan tərəfindən ziddiyyətli bəyanatların səslənməsi belə, layihənin gələcəkdə reallaşmasına mane ola bilməz”.

T.Zülfüqarovun fikrincə, Türkiyə prezidentinin Rusiyaya nəzərdə tutulan səfəri zamanı müzakirə olunacaq əsas məsələlərdən biri də məhz Zəngəzur dəhlizinin açılması ilə bağlı olacaq. “10 noyabr Bəyanatında bu məsələ açıq şəkildə öz əksini tapıb. Bəyanatda eksteritorial Laçın dəhlizinin təhlükəsizliyinin təmin olunmasının Rusiya sülhməramlıları tərəfindən  həyata keçirilməsi 5 illik müddətdə nəzərdə tutulsa da, Zəngəzur dəhlizi müddətsizdir. Bu kommunikasiya xəttidir və orada eksteritoriallıq prinsipi mövcuddur. Azərbaycan israrlıdır ki, bu məsələ öz həllini tapsın. Çünki biz üzərimizə düşən öhdəlikləri yerinə yetirmişik. Bəyanatı imzalayan digər ölkələr də buna müvafiq olaraq üzərilərinə düşən öhdəlikləri yerinə yetirməlidirlər”, - deyə T.Zülfüqarov əlavə edib.

Pərviz

Paylaş
Baxılıb: 65 dəfə

Xəbər lenti

Hamısına bax

Yolumuz mübarək!

28 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31