Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Repetit orların vergi məsuliyyəti: Şəffaflığı kim təmin edəcək?

Repetit orların vergi məsuliyyəti: Şəffaflığı kim təmin edəcək?

23.09.2021 [14:51]

Bu ildən repetitorluqla məşğul olan müəllimlər qazanclarının 20 faizi həcmində vergi ödəyəcəklər. Repetitorlar gəlirdən xərcləri çıxıldıqdan sonra qalan məbləğin 20 faizini vergi kimi ödəməlidirlər.

Bu məsələ bir çox müəllimlərdə müəyyən narahatlıq yaradıb. Çünki müəllimlər maaşlarının az olduğundan əlavə məşğələlərlə məşğul olurlar. MİQ imtahanları nəticəsində yaşadığı ərazidən xeyli uzaqlarda, çox zaman başqa rayonlarda dərs deməyə gedən, bunun müqabilində də orta hesabla 300 manat maaş alan müəllimin başqa yolu qalmır. Sovet dönəmində universiteti bitirən gənc müəllimlər təyinatla müxtəlif bölgələrə, ucqar kəndlərə göndərilirdilər. Lakin ailə vəziyyəti ilə bağlı arayış təqdim edilərkən təyinat nöqtəsi dəyişdirilərək uyğun məktəblərə verilirdi. Təəssüf ki, bu gözəl təcrübə aradan qaldırıldı. İndi işə düzəlmək istəyən müəllimlər yaşlarından və təcrübələrindən asılı olmayaraq, qalıblar yollarda. İmtahan nəticəsində Bakıdan Aran bölgəsinə, Aran bölgəsindən Qarabağ zonasına və s. təyin edilən müəllimlər var - çoxusu da ailəli, körpə uşaqlı. Amma peşələrini sevdikləri üçün və illərlə çəkdikləri zəhmət itməsin deyə bu əziyyətə qatlanmalı olurlar. Ona görə bir çoxu repetitorluqdan vergi tutulması məsələsi ilə razılaşmırlar.

Bakı şəhərindən Ağdaş şəhərinə dərs deməyə gedən kimya müəllimi İradə Seyidova deyir: “Mənim azyaşlı 2 uşağım var. Hər həftə Ağdaşa gedib-gəlmək əziyyət olmaqla yanaşı, həm də xərcdir. Dərs cədvəlini direktordan xahiş edərək elə yazdırmışam ki, həftənin 3 günü ard-arda dərsimi deyib, evimə, ailəmin yanına qayıda bilim. O 3 gün ərzində də Ağdaşda həm də repetitorluq edirəm. Həm uşaqlar dərsi yaxşı qavrasınlar, həm də özüm özümə dəstək ola bilim deyə. İndi bu vergi ilə mənim işim yenidən çətinləşir. Repetitorluqdan vergi vermək kurslarda dərs deyən müəllimlərə uyğun ola bilər. Biz isə valideynlə müqavilə bağlamırıq ki, uşaq sərasər 1 il hazırlığa gələcək. Bir ay gələ, o biri ay gəlməyə bilər. Bu necə tənzimlənəcək? Ümumiyyətlə, bu məsələdə şəffaflığın təmininə kim söz verə bilər? Bəlkə kimsə 10 uşaq hazırlaşdırır, amma “3 uşaq hazırlayıram” deyəcək. Buna nəzarət edən olacaqmı? Onsuz da müəllimlərin imtahanlardan, diaqnostikadan başı ayılmır, bir də vergi nəzarətçiləri ilə əziyyətə düşəcəyik”.

Təhsil eksperti Kamran Əsədov isə hesab edir ki, repetitorların vergi ödəməsi əslində, göründüyü qədər də narahatedici faktor deyil, hətta onların özlərinə faydalıdır.

“İlk növbədə, qeyd edim ki, repetitorların vergi ödəməsi qanunidir və gəlir əldə edən hər bir şəxs vergi ödəməlidir. Əslində, prosesə 2020-ci ilin aprel ayında başlanılmışdı. Belə ki, pandemiya dövründə azad hərəkət etmək üçün portaldan icazə almaq lazım idi və buna görə də repetitorlar müvafiq qurumdan qeydiyyatdan keçməli idilər.

Azərbaycanda repetitorluq fəaliyyəti, hazırlıq kursları 1990-cı illərdə test üsulunun tətbiqindən sonra geniş yayılmağa başlayıb. Artıq cəmiyyətdə ali məktəblərə hazırlığın repetitor vasitəsilə aparılması ənənəsi möhkəmlənib. İndi valideynlər təkcə yuxarı sinif şagirdlərini deyil, ibtidai siniflərdə oxuyan uşaqları da dərsdən sonra müəllim yanına hazırlığa göndərirlər”, - deyə ekspert qeyd edib.

O, qeyd edib ki, Bakı şəhərində repetitorluqla məşğul olan müəllimlər bir şagirdi 50-150 manata, hazırlıq kursları isə 150-250 manata hazırlaşdırırlar: “Hazırlıq kursları hüquqi şəxs kimi qeydiyyata alınır və vergiyə cəlb olunurlar. Ancaq orada işləyən müəllimlərin müqaviləsinin olması, əməkhaqlarının vergiyə cəlb edilməsi barədə problemlər mövcuddur. Əsas məsələ məhz qeydiyyatsız formada öz evində və ya başqa məkanlarda fəaliyyət göstərən repetitor müəllimlərin vergiyə və sertifkasiyaya cəlb olunmasıdır. Müşahidələrim onu göstərir ki, onlar indiki vəziyyətdə vergi ödənişindən kənardadırlar. Bu sahəyə, demək olar ki, nəzarət yoxdur. Kim istəsə bir otaq götürüb 3-5 parta qoyur və başlayır dərs deməyə - nə təhlükəsizliyə zəmanət var, nə də keyfiyyətə.

Hesab edirəm ki, repetitor fəaliyyətinin leqallaşması, rəsmiləşdirilməsi üçün bu sahəyə lisenziya sisteminin tətbiq edilməsi daha effektiv olardı. Çünki bu gün ixtisası uyğun olmayan şəxslər də repetitorluq xidməti göstərirlər. Ona görə də Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi, Vergilər Nazirliyi və Sosial Müdafiə Nazirliyinin mövcud olacağı bir komissiya yaradıb orada təhsil xidmətləri göstərənlər yoxlanılmalı və fəaliyyət icazəsi verilməlidir.

Bu gün istənilən sahədə fəaliyyət göstərmək üçün uyğunluq sertifkatı tələb olunur. Yalnız sənədləri qaydasında olanlara bu icazə verilir. Düşünürəm ki, bunu repetitorluq, hazırlıq kursları sisteminə də tətbiq etmək lazimdir”.

Ekspert verginin hesablanma qaydası barədə də danışıb.

“Repetitor fəaliyyətindən gəlir əldə edən şəxs kimi hesabat rübü ərzində (3 ay) təqdim etdiyi işlərə, xidmətlərə görə əldə edilmiş ümumi gəlirlərin Bakı şəhərində 4 faizi, digər regionlarda isə 2 faizini vergi kimi ödəyir.

Vergi ödəyiciləri hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq ödənilməli olan verginin məbləği haqqında vergi orqanlarına bəyannamə verir və həmin müddətdə vergini dövlət büdcəsinə ödəyirlər. Repetitorlar vergi bəyannaməsinin onlayn rejimdə göndərilməsi üçün İnternet Vergi İdarəsindən (e-taxes.gov.az) istifadə edirlər.

Çoxları deyir ki, müəllim bütün ili repetitor kimi məşğul olmur, aylar üzrə müxtəlif xidmət haqqı alırıq, bir çox şagirdi pulsuz hazırlaşdırırıq.

Rüb ərzində gəlir əldə etdiyiniz məbləğin 2 və ya 4 faiz vergisini ödəyirsiniz. Misal üçün bir ay 500, o biri ay 400, 3-cü ay 800 manat repetitorluqdan gəlir əldə etmisiniz. 3 aylıq gəliriniz toplanır (500+400+800 =1700) onun 2 - 4 faizini vergi kimi ödəyirsiniz. Əgər gəlir əldə etmirsinizsə, vergi bəyannamənizi 0-la verə bilərsiniz. Deyəcəksiniz ki, kim müəyyən edəcək ki, mən nə qədər şagird hazırlayıram, nə qədər pul alıram. Bunu müəyyənetmə mexanzmi var, kassa və ya ödəmə qəbzi. Amma bu repetitorluğa tətbiq edilmir. Bəli, heç kim dəqiq gəlirinin vergisini ödəmir - qalır insanların insafına. Sadələşdirilmiş vergi ödəyicisi kimi nə qədər qazandığınızı qeyd etsəniz, onun 2 - 4 faizini ödəyəcəksiniz. Bunun sizin üçün faydası çoxdur. Bankdan kredit götürəndə, təqaüdə çıxanda ödədiyiniz vəsaitlər sizə qayıdacaq. Müəllimlər əbəs yerə narahatlıq keçirirlər. Bu gün taksi sürücüləri, gözəllik salonları, evini, obyektini kirayə verənlər və ümumilikdə, gəlir əldə edən hər bir şəxs vergi ödəyir və ödəməlidir”, - deyə ekspert qeyd edib.

İ.Loğman

Paylaş
Baxılıb: 25 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31