Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ermənistan terrorçuluğa sponsorluq edən ölkədir

Ermənistan terrorçuluğa sponsorluq edən ölkədir

24.09.2021 [15:25]

Vətən müharibəsinə 4 gün qalırdı...

2020-ci il sentyabrın 24-də Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 69 dəfə pozub. Ermənistan Respublikasının Berd rayonunun Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam və Koxanəbi kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqelərinə atəş açılıb.

* * *

2020-ci il sentyabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxış edib. Azərbaycan Prezidenti bir daha Azərbaycan ərazisinin təqribən 20 faizinin 30 ildən artıqdır ki, Ermənistanın işğalı altında olduğunu iştirakçıların diqqətinə çatdırıb. Sitat: “Ermənistan BMT Nizamnaməsini kobud şəkildə pozaraq Azərbaycana qarşı hərbi güc tətbiq etmiş, Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu işğal etmişdir. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Ermənistan işğal etdiyi ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirmişdir. Bütün azərbaycanlı əhali işğal edilmiş ərazilərdən qovulmuşdur. Ermənistan azərbaycanlı mülki şəxslərə qarşı bir sıra müharibə və insanlıq əleyhinə cinayətlər törətmişdir. Torpaqlarımızın işğalına görə məsuliyyətdən yayınmaq məqsədilə Ermənistan həmin ərazilərdə cinayətkar, terrorçu, qondarma rejim yaratmışdır”.

Dövlət başçısı 1992-ci ildə Ermənistanın Xocalı soyqırımını törətdiyini bildirib və əlavə edib ki, onun nəticəsində Xocalının 106-sı qadın və 63-ü uşaq olmaqla 613 dinc sakini qətlə yetirilib. “Ondan artıq ölkə Xocalı soyqırımını tanımışdır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra edilir. Ermənistan isə təqribən 30 ildir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymamaqda davam edir. İşğalçı dövlət olan Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır”.

Prezident İlham Əliyev bildirib ki, beynəlxalq hüquq normalarını kobud şəkildə pozan Ermənistan işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırma siyasəti aparır. Azərbaycan da daxil olmaqla, beynəlxalq ictimaiyyətin diqqətinin Beyrutdakı partlayışın fəsadlarının aradan qaldırılmasına yönəldiyi bir vaxtda, Ermənistan vəziyyətdən sui-istifadə edərək Azərbaycanın işğal olunmuş ərazilərinə erməni əsilli livanlıları yerləşdirməklə məşğuldur: “Qeyri-qanuni məskunlaşdırma 1949-cu ilin Cenevrə Konvensiyası daxil olmaqla, beynəlxalq hüququn ciddi pozulmasıdır. Bu, müharibə cinayətidir. Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz məskunlaşdırmanın hüquqi qüvvəsi ola bilməz”.

Ölkə başçısı onu da qeyd edib ki, Ermənistan təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyu mülki vətəndaşları məqsədyönlü şəkildə hədəfə alır və təxribatlar törədir. 2016-cı ilin aprel ayında Ermənistan Azərbaycana qarşı genişmiqyaslı hərbi hücum həyata keçirib və həmin hücum nəticəsində biri uşaq olmaqla, 6 dinc sakin qətlə yetirilib, 26 mülki vətəndaş isə yaralanıb: “Azərbaycan Silahlı Qüvvələri əks-hücum tədbirləri həyata keçirmiş və işğal olunmuş torpaqların bir hissəsini azad etmişdir. 2017-ci ildə Ermənistanın məqsədyönlü hücumu nəticəsində 2 yaşlı Zəhra Quliyeva və onun nənəsi qətlə yetirilmişdir. 2020-ci il iyulun 12-də Ermənistan dövlət sərhədi istiqamətində növbəti təxribata əl atmışdır. Azərbaycanın Tovuz rayonunun artilleriya atəşinə tutulması nəticəsində hərbçilərimiz və 76 yaşlı mülki vətəndaşımız həlak olmuş, mülki infrastruktura isə ciddi zərər dəymişdir. Təxribatın məqsədi regionda yeni gərginlik mənbəyi yaratmaq, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı məsələsini ikinci plana keçirmək, üçüncü dövlətləri münaqişəyə cəlb etmək və Azərbaycanın strateji infrastrukturuna zərər vurmaqdan ibarət idi”.

Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycanın cavabı qətiyyətli olub və Ermənistan heç bir məqsədinə nail ola bilməyib. Ermənistan növbəti dəfə hərbi məğlubiyyətə uğrayıb və hərbi dəstək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etməklə məğlubiyyətini etiraf etmiş olub: “Bu yaxınlarda erməni diversiya dəstəsi təmas xəttini keçməyə cəhd etmişdir. 2020-ci il avqustun 23-də həmin dəstənin başçısı azərbaycanlı hərbçilər tərəfindən yaxalanmışdır. O, dəstənin azərbaycanlı hərbçi və mülki vətəndaşlara qarşı terror aktlarının planlaşdırdığını etiraf etmişdir”.

Dövlət başçısı deyib ki, Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan silahlı qüvvələrinin qanunsuz mövcudluğu regional sülhə və təhlükəsizliyə böyük təhdiddir.

“Ermənistanın baş naziri Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış mülki könüllülər dəstələrinin yaradılmasını elan etmişdir. Ermənistanın müdafiə naziri “yeni ərazilər uğrunda yeni müharibəyə” çağırır. Ermənistan Azərbaycanın böyük şəhərlərinə və mühüm mülki infrastrukturuna - Mingəçevir su anbarı və Bakının yaxınlığında yerləşən dünyanın ən iri neft-qaz terminallarından biri olan və onlarla dövlətin enerji təhlükəsizliyini təmin edən “Səngəçal” terminalına zərbə endirməklə hədələyir”, - deyən Prezident İlham Əliyev qeyd edib ki, Ermənistan müxtəlif ölkələrdən muzdlular və terrorçular cəlb edir, onları Azərbaycana qarşı istifadə edir. Ermənistan terrorçuluğa sponsorluq edən ölkədir. Ermənistan Azərbaycana qarşı 30-dan artıq terror aktı törədib. Bizdə erməni ASALA terror təşkilatının işğal edilmiş ərazilərimizdə olması ilə bağlı etibarlı məlumatlar var: “Erməni terrorçuları 24 türk diplomatını qətlə yetirib. Paris şəhərinin Orli hava limanında terror aktı törədərək müxtəlif ölkələrin vətəndaşlarını qətlə yetirən ASALA terror təşkilatının Varujan Karapetyan adlı üzvü daha sonra Ermənistana ekstradisiya olunmuş və Ermənistan prezidenti tərəfindən əfv edilmişdir. Həmin terrorçu Ermənistanda qəhrəman kimi qəbul edilir. Ermənistan bu yaxınlarda təcavüzkar və hücum xarakterli hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul edib. Milli təhlükəsizlik strategiyasında irqçi, şovinist və “Azərbaycanofob” fikirlər əks olunub. Nasizmin şöhrətləndirilməsi Ermənistanın dövlət siyasətidir”.

Azərbaycanın dövlət başçısı həm də vurğulayıb ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyəti heç bir nəticə verməmişdir. Danışıqlar imitasiya naminə aparılmamalı, nəticəyönümlü və məzmunlu olmalıdır. Sitat: “ATƏT-in Minsk qrupunun həmsədr ölkələri - Rusiya, Fransa və ABŞ prezidentlərinin bəyanatlarında status-kvonun qəbuledilməz olduğu vurğulanmışdır. Biz həmin bəyanatları alqışlayırıq, lakin bəyanatlar kifayət etmir. Bizim real addımlara ehtiyacımız var. Otuz ilə yaxın danışıqlar prosesində iştirakımız sülhə sadiqliyimizin bariz nümunəsidir. ATƏT-in Minsk qrupunun bütün 11 üzvü prosesdə fəal iştirak etməlidir. BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinə əsasən, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasının yenilənmiş zaman qrafiki tərtib edilməlidir. BMT-nin müvafiq təsisatları BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına və azərbaycanlı məcburi köçkünlərin doğma torpaqlarına qayıtmasına töhfə verməlidir. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin vaxt məhdudiyyəti yoxdur. Həmin qətnamələr icra edilənə qədər qüvvədədir. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin təhrif olunması isə qəbuledilməzdir. Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaqdır. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam şəkildə bərpa edilməlidir. Dağlıq Qarabağ qədim və tarixi Azərbaycan torpağıdır. Qarabağ Azərbaycandır!”.

“Biz Ermənistana artmaqda olan silah təchizatından ciddi narahatıq. Xüsusilə, Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistan tərəfindən törədilmiş hərbi təxribatdan sonra. Dövlət sərhədindəki toqquşmaların qaynar fazası iyulun 16-da sona çatmışdır. Növbəti gün - iyulun 17-dən etibarən sentyabr ayına qədər biz hərbi yük təyyarələri ilə Ermənistana min tondan artıq hərbi avadanlığın daşınmasının şahidi olduq. Ermənistanın dünyanın ən yoxsul ölkələrindən biri olduğunu və silahlara milyardlarla dollar xərcləmək imkanına malik olmadığını nəzərə alsaq, silahların ona pulsuz verildiyi qənaətinə gələ bilərik”, - deyən Prezident İlham Əliyev vurğulayıb ki, etnik təmizləmə aparmış işğalçı ölkənin silahlarla təchiz edilməsi sülh danışıqlarını ciddi şəkildə sarsıdır və işğalçı dövləti yeni hərbi təxribatlara əl atmağa həvəsləndirir: “Bu mənada biz bütün ölkələri Ermənistana silah təchizatından çəkinməyə çağırırıq. Azərbaycana qarşı təcavüz səbəbindən Ermənistan dərin demoqrafik, sosial və iqtisadi böhranla qarşılaşmaqda davam edir. Ermənistanda iki il bundan əvvəl rejim dəyişikliyi baş vermişdir, lakin uğursuz dövlətin faşist ideologiyası dəyişməz olaraq qalmışdır”.

* * *

Ötən ilin bu günü Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Araz Əzimov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad tədbirləri üzrə Müşavirənin (AQEM) üzv dövlətlərinin xarici işlər nazirlərinin videokonfrans formatında iclasında iştirak edib. A.Əzimov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regional təhlükəsizlik və sabitlik üçün ciddi təhdid olduğunu bildirib. O, Ermənistanın hazırkı rəhbərliyinin məqsədyönlü şəkildə vəziyyəti gərginləşdirən, münaqişənin sülh yolu ilə həlli üzrə danışıqlara zərbə vuran təxribatçı və təhrikedici fəaliyyətinə və bəyanatlarına diqqəti cəlb edib.

* * *

Ötən il sentyabrın 24-də Gürcüstan Prezidenti Salome Zurabişvili Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib. Nazir Ceyhun Bayramov Ermənistanın işğalçılıq siyasəti və onun ağır nəticələrinə diqqəti yönəldərək, Ermənistan rəhbərliyinin son təxribatçı fəaliyyəti barədə Gürcüstan Prezidentinə məlumat verib. Münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyi vurğulanıb.

* * *

Ötən ilin bu günündə dünyanın bir sıra mətbu orqanlarında Ermənistanın Azərbaycana qarşı təxribatları  ilə bağlı məqalələr də öz əksini tapıb. İordaniyanın www.orobanews.com və www.nayrouz.com portallarında Azərbaycanın bu ölkədəki səfirliyinin Ermənistanın təxribatçı hərəkətlərinə və açıqlamalarına dair bəyanatı dərc edilib. Yazıda iyulun 12-16-da Azərbaycan-Ermənistan sərhədində yerləşən Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin təxribat törətdiyi bildirilib. Qeyd olunub ki, Ermənistanın növbəti təxribatı nəticəsində Azərbaycan hərbçiləri və mülki sakin həyatını itirib. Bununla da Ermənistanın işğalçı xarakterini və mülki əhalini hədəfə almaqdan çəkinməyən terrorçu dövlət olduğunu bir daha ortaya qoyub. Yazıda qeyd olunur ki, Ermənistan rəhbərliyi və dünya erməniliyi beynəlxalq ictimaiyyəti aldatmaq kimi çirkin xislətindən əl çəkmir. Təcavüzkar ölkə Livan ermənilərini işğal altındakı torpaqlarda qeyri-qanuni şəkildə məskunlaşdırmaqla bölgədə demoqrafik vəziyyəti dəyişməyə cəhd edir. Ermənistanın apardığı qeyri-qanuni məskunlaşdırmanı sübut edən kadrlar da var.

Bolqarıstanın nüfuzlu “BlackSea Caspia” portalında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin üzvü Esmira Cəfərovanın “Ermənistan-Azərbaycan münaqişəsi kontekstində bərpaedici ədalət” sərlövhəli məqaləsi dərc olunub. İngilis və bolqar dillərində yayılan məqalədə Ermənistan-Azərbaycan münaqişəsinə, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi faktına diqqət çəkilib.

* * *

Ötən ilin bu günü Azərbaycan Respublikasının müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, Hərbi Hava Qüvvələrinin (HHQ) təlim-döyüş uçuşları keçirilib. Uçuşlar zamanı əsas diqqət müxtəlif hündürlüklərdə və sürətlərdə hücum və müdafiə manevrlərindən istifadə edərək pilotaj texnikasına yönəldilib. Müasir manevrli hava döyüşlərinin aparılması üzrə tapşırıqların yerinə yetirilməsi zamanı təyyarələrin ekipajları növbə ilə düşmənin yer hədəflərinin aşkarlanması və məhv edilməsi tapşırıqlarını yerinə yetiriblər.

Bununla yanaşı, ötən ilin bu günündə Hərbi Hava Qüvvələrinin gecə və məhdud görmə şəraitində təlim uçuşları da keçirilib. Ssenariyə əsasən Su-25 və MiQ-29 tipli təyyarələr havaya qalxma və yerə enmə, şərti hava və yer hədəflərinin məhv edilməsi, kiçik və orta hündürlükdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqları icra ediblər. Təlimlər zamanı pilotlar, həmçinin şərti düşmənin yerüstü hədəflərinin koordinatlarını təyin etməklə hava kəşfiyyatı da həyata keçiriblər. Gecə təlimlərində qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

* * *

Ötən il sentyabrın 24-də Xarici İşlər Nazirliyi Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərliyi altında Ermənistan tərəfindən törədilmiş təxribatlar zəncirinin danışıqlar prosesinə zərbə vurması ilə bağlı açıqlama yayıb. Açıqlamada qeyd olunub ki, baş nazir Nikol Paşinyanın rəhbərliyi altında Ermənistan tərəfindən həm sözdə, həm də əməldə törədilmiş təxribatlar zənciri Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması üzrə danışıqlar prosesinə zərbə vurub və regiondakı gərginliyin ciddi şəkildə artmasına gətirib çıxarıb. Təcavüzkar hərbi hərəkətlər ilə müşayiət olunan təhrikedici bəyanatlar, hərbi və digər təxribatlar Ermənistanın Azərbaycana qarşı növbəti təcavüzə hazırlaşdığını göstərir.

Açıqlamada, həmçinin Nikol Paşinyanın 8 may 2018-ci il tarixdə Ermənistanın baş naziri seçilməsindən 2020-ci ilin 24 sentyabrına qədər həyata keçirdiyi təxribatçı fəaliyyətin xronologiyası da öz əksini tapır.

Paylaş
Baxılıb: 26 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31