Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Bələdiyyə vergiləri

Bələdiyyə vergiləri

24.09.2021 [15:27]

Mal sahibi, mülk sahibi, kimdi onun ilk sahibi?

Son zamanlar bələdiyyə vergiləri ilə bağlı narazılıqlar eşidilir. Bələdiyyə bildirişləri daxil olur və vətəndaşlardan istifadələrində olan torpaq və əmlakın vergisini ödəmək tələb olunur.

Əslində, narazılıq ona görə deyil ki, bələdiyyə vergisi çox ağırdır, altından qalxmaq mümkün deyil. Narazılığa səbəb olan məqam verilən vergi müqabilində vətəndaşın o xidməti ala bilməməsindədir. Bələdiyyələr də MİS-lər kimi öz fəaliyyətlərini həyətlərdən tullantıların toplanması ilə başa çatmış hesab edirlər. Belə sual ortaya çıxır: Toplanan vergilər bələdiyyənin büdcəsini təşkil edirsə, o vəsait hara sərf edilir?

Doğrudur, soruşanda bələdiyyə nümayəndələri abadlıq işləri ilə məşğul olduqlarını, kiçik parklar saldıqlarını, yolların səliqəyə salındığını deyirlər. Lakin Bakı şəhərində son bir neçə ildə rast gəlinən bütün abad məhəllələr Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə ağ günə çıxıb. Bir vətəndaş olaraq mən məhəlləmizin abadlaşdırılması üçün dəfələrlə yerli bələdiyyəyə müraciət etsəm də, cavab belə almamışam.

Nə bələdiyyə, nə MİS vətəndaşın almaq istədiyi xidməti verəcək qədər maddi imkanlara sahib deyil, sahibdirsə də biz bunu görmürük. MİS-lər bir müddət öncə rəsmən ləğv olunsa da, sonradan bu qanun qüvvəyə minmədi. İndi necə deyərlər qızın iki adaxlısı var. Bir məhəllənin MİS-i də var, bələdiyyəsi də.

Ekspertlər deyir ki, bələdiyyələr vətəndaşdan vergi toplamaq üçün əvvəlcə onunla müvafiq müqavilə bağlamalıdır. Sonra xidmət prosesində vergiləri toplamalıdır. İndiki halda isə, bələdiyyələrin fəaliyyəti ümumiyyətlə, nəzərə çarpmır. Söhbət tullantıların toplanmasından gedirsə, bunu da ya MİS edir, ya da “Təmiz şəhər” ASC.

Qanunla sahəsi 30 m2-dan az olan birotaqlı mənzillərə əmlak vergisi tutulmamalıdır, lakin bələdiyyələr istisnasız şəkildə vergi tələb edirlər. Ümumilikdə, bələdiyyələr iki növ vergi toplayır - torpaq vergisi və əmlak vergisi. Mənzilin ümumi sahəsindən 30 m2 çıxılır, bu, vergiyə cəlb olunmur, yerdə qalan hər kvadratmetrə 40 qəpik ödənilir.

Məhəllə evlərində, kəndlərdə yığılan torpaq vergisini anlamaq olar. Növbəti problem çoxmərtəbəli binaların torpaq vergisinə cəlb edilməsidir. Binalarla bağlı məsələ yarımçıq olaraq qalır. Binaların üzərində dayandığı torpağın dövlətə yoxsa bələdiyyəyə aid olduğu araşdırılmalıdır. Əlində mənzilinin reyestrdən çıxarışı varsa, tam şəkildə vətəndaşın öz mülkiyyətindədirsə, bələdiyyəyə torpaq vergisi verməsi anlaşılan deyil. Bu vəziyyət qanunvericilikdəki boşluqdan irəli gəlir. Bu məsələ ekspertlər arasında mübahisə yaradır. Bələdiyyənin idarəçiliyi altında olan ərazidəki bina dövlət torpağı üzərində tikilibsə, onun üçün torpaq vergisinin olub-olmaması məsələsinə bələdiyyələr “hə”, hüquqşünaslar isə “yox” cavabı verirlər.

Əmlak eksperti Elnur Fərzəliyev də eyni fikirdədir, o da qeyd edir ki, bizdə bələdiyyələrin, xüsusən böyük şəhərlərdə gözəçarpacaq qədər görüləcək işləri yoxdur.

“Eyni işləri müxtəlif dövlət qurumlarına da həvalə ediblər. İstər Mənzil İstismar İdarələri olsun, istər yerli İcra Hakimiyyəti orqanları olsun, bunlar arasında vəzifə bölgüsü aparılmayıb. Bələdiyyə müstəqil qurumdur, icra hakimiyyətindən və digər dövlət qurumlarından asılı olmayan təşkilatdır. Lakin bu gün görürük ki, özlərini icra hakimiyyətlərinin filialı qismində nümayiş etdirirlər. Vergi yığırlar, lakin vətəndaşlara xeyri dəyəcək qədər fəaliyyəti yoxdur.

Xarici ölkələrə baxsaq, bələdiyyələrin işinin nədən ibarət olduğunu görərik. Məsələn, Türkiyədə bələdiyyə vətəndaşın ən etibar etdiyi, söykəndiyi dövlət qurumudur. Eyni işi görən müxtəlif qurumlardan bu səlahiyyətləri alıb bələdiyyələrə vermək lazımdır. Bizdə bələdiyyə institutu formalaşmalıdır. İdarəetməklə bağlı təcrübə olmalıdır. Bələdiyyələr xarici təcrübələrə əsaslanmalı, hansı yeniliklər edə biləcəyini araşdırmalıdır. Azərbaycana uyğun təcrübələri gətirməyə maraqlı olmalıyıq. Bələdiyyəni nüfuzlu bir təşkilata çevirmək olar və buna böyük ehtiyac var”, - deyə ekspert qeyd edib.

Bələdiyyələr yeni yaradılarkən onlara torpaqları satmaq hüququ verildi və bələdiyyələr də bu imkandan necə gəldi yararlandılar. Torpaqlar satıldı və ya uzunmüddətli icarəyə verildi. Mənfi məqam bu oldu ki, bələdiyyələrin əlindəki torpaqların sərhəd xəritəsi olmadı. Hansı torpaqların hansı quruma, dövlətə və ya neft şirkətlərinə məxsus olduğunu göstərən sənəd yox idi. Kortəbii şəkildə hərəkət etməklə torpaqlar vətəndaşlara satıldı, çoxları bu torpaqların üzərində ev tikdilər. Amma bələdiyyə sənədi əsasında tikilmiş evləri bu gün Əmlak Komitəsi tanımır. Təkcə Abşeron rayonunda 600 minə yaxın sənədsiz evlər var ki, onların bir hissəsi bələdiyyələrin satdıqları torpaq üzərində tikilib. Amma həmin torpaqlar dövlətə və ya hansısa şirkətə məxsusdur. Gələcək taleləri də naməlumdur. Bu, özlüyündə böyük bir problemdir.

Bələdiyyə üzvü Səbinə Abdullayeva qeyd edir ki, vergi - dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə dövlət büdcəsinə və bələdiyyə büdcəsinə köçürülən fərdi, əvəzsiz, məcburi ödənişdir. Əmlak vergisi- müəssisənin balansında olan əsas vəsaitlərə görə hesablanır və ödənilməli vergi kimi başa düşülür. Vətəndaşlardan yığılan əmlak vergisi bir sıra sosial, ekoloji, mədəni, infrastruktur layihələrin həllinə yönəldilir. Məsələn, park salınması, məhəllələrdə abadlaşmalar, sosial təminatı zəif olan vətəndaşlara pul və ya ərzaq yardımı göstərilməsinə. Vətəndaşlar vergini bələdiyyə üzvlərinə nağd şəkildə deyil, terminallardan ödəyə bilərlər. Həmin terminallarda “Digərləri” sözünə toxunarkən “Bələdiyyə vergiləri və ödənişləri sistemi” çıxır. Vətəndaşlar oradan yaşadığı bələdiyyəni, sonra əmlak vergisi, torpaq vergisi və ya icarə vergisi bölmələrindən özünə lazım olanı seçir. Beləliklə, əmin ola bilərlər ki, verdikləri vəsait üzərində şəffaflıq təmin edilib.

Xatırladaq ki, bələdiyyələr də hazırda vergini həmin qanunun son variantına və qanundan irəli gələn əsasnamələrin tələblərinə əsasən toplayırlar. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanun 2001-ci ilin dekabrında qüvvəyə minsə də, onun tətbiqinə 2015-ci ilin yanvarında edilən dəyişikliklərdən sonra başlanılıb. Mənzil-kommunal istismar sahələrinin bələdiyyələrin əvəzinə vergi toplaması qanunsuzdur. Çünki qanunvericiliyə əsasən, bələdiyyələr yerli vergi və ödənişlərin toplanmasını təmin etmək məqsədilə öz vergi xidməti orqanlarını yaratmalıdır.

İ.Rəsulova

Paylaş
Baxılıb: 38 dəfə

Xəbər lenti

Hamısına bax

Yolumuz mübarək!

28 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31