Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycandakı azsaylı xalqların və dini konfessiyaların nümayəndələri şəhidlərin xatirəsini anıblar

Azərbaycandakı azsaylı xalqların və dini konfessiyaların nümayəndələri şəhidlərin xatirəsini anıblar

24.09.2021 [19:52]

Sentyabrın 24-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə Anım Günü münasibətilə əlaqədar tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, “Biz birlikdə güclüyük” devizi altında keçirilən tədbirdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri Kamal Abdulla, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdirinin müavini Məhərrəm Əhmədov, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Melih Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Elnur Əfəndiyev (Mifodi), həmçinin şəhid ailələrinin üzvləri və qazilər iştirak ediblər.

Tədbirdə, əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Anım Günü ilə bağlı videoçarx nümayiş etdirilib.

Tədbiri açan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov qeyd edib ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzünə cavab olaraq, xalqımız işğal altındakı torpaqların azad edilməsi məqsədilə Vətən müharibəsinə başlayıb. 44 gün davam edən müharibə Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın böyük qələbəsi ilə yekunlaşıb. 30 ilə yaxın işğal altında olan torpaqlarımız Müzəffər Azərbaycan Ordusu tərəfindən azad edilib. Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə ölkəmizdə 27 sentyabr - Anım Günü təsis edilib. Bu il Azərbaycan xalqı ilk Anım Gününü qeyd edir. Bu gün həm də vahid Azərbaycan xalqının, özünü azərbaycanlı hesab edən, bu torpağa ürəkdən bağlı olan hər kəsin tarixi yaddaşının bərpası, qorunması günüdür.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri Kamal Abdulla çıxış edərək bildirib ki, ermənilər azərbaycanlılara qarşı zaman-zaman soyqırımlar həyata keçiriblər. Soyqırımına məruz qalan əhali ümumi ad altında müsəlman adlandırılsa da, onların içərisində Azərbaycanda yaşayan millətlərin nümayəndələri - ləzgilər, avarlar, tatlar, kürdlər, hətta qeyri-müsəlmanlar da olub.

Kamal Abdulla daha bir tarixi faktı səsləndirərək qeyd edib ki, ermənilər azərbaycanlılara qarşı soyqırımı həyata keçirərkən öz planlarını tam miqyasda icra etmək üçün hətta başqa fikirdə olan erməniləri də öldürüblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında deyib ki, Vətən müharibəsində Azərbaycanla Ermənistan arasında çox böyük fərq var idi. Bu müharibədəki Qələbəmiz ölkəmizin siyasi, iqtisadi, hərbi və mənəvi üstünlüyünün təsdiqi idi.

“Vətən müharibəsindəki ən böyük üstünlüyümüz Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşən xalqımızın milli-mənəvi həmrəyliyi idi. Döyüşlərdə hətta bizim hərbçilərlə düşmən əsgərlərinin mənəvi-psixoloji vəziyyəti arasında böyük fərq var idi. Çünki bizim əsgərlərimiz öz Vətəni, torpağı uğrunda, düşmən isə işğalçı kimi başqasının ərazisində vuruşurdu. Bu baxımdan əsgərlərimiz mənəvi-psixoloji cəhətdən düşməndən birbaş üstün idi”, – deyə Mübariz Qurbanlı qeyd edib.

Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Melih Yevdayev bildirib ki, ermənilər azərbaycanlıların haqq işi uğrunda başladıqları Vətən müharibəsinin ilk günündən bu müharibəni beynəlxalq aləmdə başqa müstəviyə keçirmək istəyiblər. Amma onlar bu istəklərinə nail ola bilməyiblər. Çünki Azərbaycan dünyada azsaylı ölkələrdəndir ki, milli və dini birliyin harmoniyasını yaradıb.

Tədbirdə çıxış edən etnik icma və konfessiya nümayəndələri diqqətə çatdırıblar ki, Azərbaycan milli kimliyindən və dini mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın Vətənidir. Min illərlə müxtəlif millətlərin və dinlərin nümayəndələri bu ölkədə dost və qardaş kimi yaşayıb, Azərbaycanı ümumi vətənləri kimi qoruyublar. Ona görə də 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycanda yaşayan bütün millətlərin və dinlərin nümayəndələri könüllü olaraq ordu sıralarına yazılmış, döyüşlərdə qəhrəmancasına iştirak etmiş, bəziləri isə ya şəhidlik zirvəsinə ucalmış, ya da qazı olmuşlar.

Şəhid ailələrinin üzvləri çıxışlarında doğmalarının vətənpərvərliyindən söz açıb, onların döyüşlərdəki qəhrəmanlığından və şücaətindən danışıb, şəhidlik məqamına ucalmış övladları və ailə üzvləri ilə fəxr etdiklərini deyiblər.

Sonda Azərbaycanda yaşayan etnik icma və konfessiya rəhbərləri adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.

Paylaş
Baxılıb: 17 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31