Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ermənistan müharibəyə hazırlaşır

Ermənistan müharibəyə hazırlaşır

27.09.2021 [14:08]

Vətən müharibəsinə 3 gün qalırdı...

2020-ci il sentyabrın 25-də Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 61 dəfə pozub. Ermənistan Respublikasının Berd rayonunun Ayqepar, Mosesqex, Çinari, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Hacallı, Əlibəyli, Ağdam, Koxanəbi, Əsrik Cırdaxan, Ağbulaq və Muncuqlu kəndlərində, Çəmbərək rayonunun Cil kəndində yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Füzuli rayonunun Qaraxanbəyli, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqelərinə atəş açılıb.

* * *

Ötən il sentyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib. Prezident İlham Əliyev bildirib ki, region daha təhlükəsiz bir məkana çevrilməyib və vəziyyət mənfi məcraya doğru gedir. Bu da əsasən Ermənistanın Azərbaycana qarşı davamlı hərbi təxribatlarına görə baş verir. Sitat: “Ən təcavüzkar addım Ermənistan tərəfindən iyulun 12-də atılmışdır. Onlar bizim hərbi mövqeləri və kəndlərimizi atəşə tutmaq üçün artilleriyadan istifadə etmişlər. Bunun nəticəsində hərbi qulluqçular arasında itkilər olmuşdur və bir mülki şəxs də öldürülmüşdür. Ermənistanla dövlət sərhədinə yaxın kəndlərdə bir çox evlər darmadağın edilmişdir. Bundan əvvəl yenə də Ermənistan və Azərbaycan arasında dövlət sərhədində Ermənistanın hərbi təxribatları müntəzəm xarakter daşıyırdı. Lakin budəfəki kimi təcavüzkar formada olmamışdır”.

Azərbaycan Prezidenti bildirib ki, bir müddət əvvəl sərhəddən Azərbaycan Ordusu çıxarılıb və indi Ermənistanla dövlət sərhədinin böyük bir hissəsi sərhəd xidməti tərəfindən mühafizə olunur. Bu, Azərbaycanın Ermənistanla dövlət sərhədində heç bir hərbi niyyətlərinin olmadığını göstərir. “Ola bilsin ki, bu, onlara yanlış bir mesaj idi. Onlar bizə hücum edə biləcəklərini, dövlət sərhədini keçə biləcəklərini və yeni əraziləri işğal edə biləcəklərini düşündülər. Bu, Ermənistanın müdafiə nazirinin bəyanatına müvafiqdir. O, bu bəyanatı Amerika Birləşmiş Ştatlarında olarkən vermişdir və demişdir ki, Ermənistan yeni ərazilər üçün yeni müharibəyə başlayacaq. Bu, Ermənistanın təcavüzkar davranışının davam etməsini aydın nümayiş etdirir. İyulda hücumların məqsədi, dediyim kimi, əsasən Azərbaycanın yeni ərazilərini işğal etmək və sonra danışıqlar masasında daha güclü mövqeyə malik olmaq idi. İkinci səbəb, Ermənistan əhalisinin diqqətini daxili problem və çətinliklərdən yayındırmaq idi. Növbəti səbəb, zənnimcə, onlar münaqişəyə üçüncü tərəfləri cəlb etmək istəyirdilər. Məğlub olduqdan dərhal sonra onlar yardım üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etdilər”.

Prezident İlham Əliyev vurğulayıb ki, Ermənistanın danışıqlar prosesini bilərəkdən pozmasının daha bir göstəricisi Dağlıq Qarabağdan olan separatçıları danışıqlar prosesinə cəlb etmək üçün ardıcıl səylər göstərməsi idi. Bu isə Azərbaycan tərəfindən dərhal rədd edilib və Minsk qrupunun həmsədrləri tərəfindən dəstəklənib: “Başqa sözlə, onlar artıq uzun illərdir ki, mövcud olan danışıqların formatını dəyişmək istəyirdilər. Bildiyiniz kimi, iyul təxribatlarından sonra, avqust ayında onlar təmas xəttinə diversiya qrupunu göndərmişdi və bu diversiya qrupunun başçısı bizim hərbi qulluqçular tərəfindən yaxalanmışdır. O, etiraf etdi və ifadə verdi ki, o və onun dəstəsi mülki əhaliyə hücum etmək, terror aktlarını törətmək və hərbi qulluqçularımıza hücum etmək üçün göndərilmişdir. Bu, onu göstərir ki, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti davam edir. Onu da göstərir ki, Ermənistan müharibəyə hazırlaşır”.

Dövlət başçısı bildirib ki, bunun başqa bir göstəricisi Ermənistanın könüllülərdən ibarət qoşun yaradıldığını elan etməsidir və bəyanatlara əsasən, bu dəstələr on minlərlə adamdan ibarət olacaq. Əgər Ermənistan bəzən bəyan etdikləri kimi sülh istəyirsə, əgər onlar danışıqlar istəyirlərsə, buna nə ehtiyac var? Onların bu yalan və gülünc bəyanatlar verməsinə və praktiki addımlar atmasına nə ehtiyac var? On minlərlə insandan ibarət könüllü qoşunun bir məqsədi var - Azərbaycana hücum etmək. Azərbaycanın dövlət başçısı onu da əlavə edib ki,  bizdə başqa bir məlumat var. Kəşfiyyat mənbələrimizdə məlumat var ki, çox ciddi hərbi hazırlıqlar gedir, onların hərbi qüvvələri təmas xəttində, dövlət sərhədində cəmləşir: “Biz vəziyyəti izləyirik və özümüzü müdafiə edəcəyik, Tovuzda etdiyimiz kimi, başqa bir çox hallarda etdiyimiz kimi. Əgər onlar bizə hücum etsələr, peşman olacaqlar. Mən, sadəcə olaraq, sizin bunu bilməyinizi və bu mesajı Avropa Komissiyasına çatdırmağınızı və Avropa Komissiyasının təcavüzkarın yeni təxribatlarını dayandırmaq üçün nə edə biləcəyini görmək istəyirəm”.

* * *

Ötən ilin bu günündə xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) üzv dövlətlərinin Xarici İşlər Nazirləri Şurasının videokonfrans formatında keçirilən qeyri-rəsmi iclasında çıxış edib. BMT Baş katibinin qlobal atəşkəsə riayət olunmasına dair çağırışına Azərbaycanın guya ki, məhəl qoymaması barədə Ermənistan xarici işlər nazirinin ənənəvi əsassız iddialarına münasibət bildirən nazir Ceyhun Bayramov Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə məhəl qoymayaraq 30 ilə yaxındır ki, Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu işğal altında saxladığını vurğulayıb. 2020-ci il iyulun 12-16-da iki dövlətin sərhədində Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistanın yeni təcavüz aktına cəhd etdiyi, lakin bu ölkənin siyasi və hərbi məqsədlərinə nail olmadığı qeyd edilib.

* * *

Ötən ilin bu günü BMT-nin informasiya portalı Prezident İlham Əliyevin Baş Assambleyanın 75-ci sessiyasının ümumi debatlarında çıxışını xüsusi xəbər kimi yayıb. “Azərbaycan Prezidenti Baş Assambleyada: Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaqdır” sərlövhəli informasiyada dövlətimizin başçısının Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, törətdiyi son təxribatlar, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozması, həmçinin Azərbaycanın sabit, müasir, demokratik və multikultural dövlət kimi inkişafı ilə bağlı fikirləri yer alıb.

Azərbaycan Prezidentinin çıxışları Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən də geniş işıqlandırılıb. “Anadolu” agentliyinin, A HABER, TGRT telekanallarının, “Sabah”, “Cümhuriyyət”, “Türkiyə”, “Yeni akıt” qəzetlərinin və digər media qurumlarının yaydığı materiallarda dövlətimizin başçısının çıxışlarından bir çox məqamlar Türkiyə ictimaiyyətinə təqdim olunub. Diqqətə çatdırılıb ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətindən danışan dövlət başçısı konkret faktlarla təcavüzkar dövləti dünya ictimaiyyəti qarşısında rəzil vəziyyətə salıb. Prezident İlham Əliyev BMT-də islahatlara ehtiyac olduğunu diqqətə çatdıraraq mühüm çağırışlar edib.

Rumıniyanın “News24hours” portalı Azərbaycan Prezidentinin çıxışını dərc edib.

Rusiyanın məşhur “Kommersant” qəzeti də Azərbaycan Prezidentinin çıxışını öz səhifəsində yerləşdirib. Nəşr Azərbaycan dövlətinin başçısının çıxışını “olduqca kəskin” adlandırıb.

Rusiyanın digər internet nəşrində - “Rossiya-onlayn” portalında da Azərbaycan Prezidenti İlham Əliyevin çıxışları barədə informasiya dərc edilib.

* * *

Ötən ilin bu günü Azərbaycanın müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq tank və artilleriya bölmələri ilə, həmçinin  mühəndis-istehkam bölmələri ilə taktiki-xüsusi və döyüş hazırlığı üzrə də məşğələlər keçirilib. Praktiki məşğələlərə cəlb edilən bölmələrin şəxsi heyəti mühəndis qoşunlarında silahlanmaya qəbul olunmuş müasir mühəndis texnikası və avadanlığın səmərəli istifadəsi üzrə bacarıqlarını təkmilləşdiriblər.

Paylaş
Baxılıb: 34 dəfə

Xəbər lenti

Hamısına bax

Yolumuz mübarək!

28 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31