Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Prezidentdən daha bir mükəmməl müsahibə

Prezidentdən daha bir mükəmməl müsahibə

27.09.2021 [14:09]

İlham Əliyev: İndi Zəfər yolu ilə Şuşaya gedən hər kəs bizim oraya haradan getdiyimizi görə bilər. Bu, sadəcə, inanılmaz fiziki və mənəvi qüvvələrin səfərbər edilməsi idi

Sentyabrın 24-də Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkoya verdiyi müsahibədə maraqlı məqamlara toxunulub:

Müsahibədə 44 günlük Vətən müharibəsinin başlanmasını şərtləndirən amillər, Azərbaycanın keçdiyi qalibiyyət yolu, ən əsası isə indiyə qədər açıqlanmayan bir sıra məsələlər öz əksini tapıb.

Prezident İlham Əliyev bildirib ki, 2020-ci ilin 27 sentyabrı Ermənistanın döyüş əməliyyatlarına başlaması məlumatıyla başlandı. Ermənistanın təmas xəttindəki mövqelərimizə və bəzi yaşayış məntəqələrimizə qarşı açdığı artilleriya atəşinə adekvat cavab olaraq biz müharibəyə qoşulduq. Hərbi əməliyyatların birinci gününün sonunda biz Kəlbəcər rayonunda, Murovdağda və Ağdərə istiqamətində strateji əhəmiyyətli yüksəklikləri, həmçinin 6 kəndi azad etdik.

“Dəmir yumruq” adı almış əks-hücum əməliyyatının çoxdan işlənib hazırlandığını deyən dövlət başçısı vurğulayıb ki, bu plana vaxtaşırı dəyişikliklər edilir və hər dəfə həmin dəyişikliklər Prezident tərəfindən təsdiq olunurdu. Ermənistan tərəfinin də müharibə ilə bağlı fəaliyyət planından xəbərdar olduğunu bildirən Prezident İlham Əliyev qeyd edib ki, sentyabrın 27-də onlar həmin planı reallaşdırmağa başladılar. “Beləliklə, müharibə dövründə bizim davranışımızın əsası, təbii ki, keçən il döyüş əməliyyatları başlanandan xeyli əvvəl işlənib hazırlanmışdı, lakin hərbi əməliyyatların gedişində biz buna dəyişikliklər edirdik. Bu, ilk növbədə, onunla bağlı idi ki, uzun illər ərzində informasiyanın azacıq da olsa sızmasından yaxa qurtarmaq mümkün deyildi. Biz güman edirdik ki, düşmən bizim nəzərdə tutduğumuz əməliyyatlar barədə ümumən məlumatlıdır”.

Ölkə başçısı vurğulayıb ki, hərbi əməliyyatlar aparılan dövrdə Azərbaycan bir dəfə də, provokasiyalara uymadı. “Hətta ermənilər şəhərlərimizi bombalayanda, uşaqlarımızı və qadınlarımızı öldürəndə də biz Ermənistana eyni şəkildə cavab vermədik, biz onların şəhərlərini bombalamadıq. Biz hərbi cinayətlər törətməmişik”.

Hadrut əməliyyatının əhəmiyyətini xüsusi qeyd edən Prezident İlham Əliyev deyib ki, bizi orada gözləmirdilər, erməni tərəfi bizim bu yolla gedəcəyimizi güman etmirdi və bu, onlar üçün gözlənilməz oldu: “Biz Hadrutu götürəndən bir neçə gün sonra da erməni tərəfi deyirdi ki, Hadrut onların nəzarətindədir. Hərçənd, Hadrutda artıq bütün yüksəkliklərdə bizimkilər qərarlaşmışdı və şəhərin alınıb-alınmamasını başa düşmək Ermənistan rəhbərliyi üçün bir qədər diletantlıq idi”.

Müsahibədə Cəbrayıl, Füzuli şəhərlərinin azad edilməsinə də toxunan ölkə başçısı bunu mühüm mərhələ adlandırıb: “Mən Soltanlı və Əmirvarlı yaşayış məntəqələrinin alınmasını da qeyd etmək istərdim. Nə üçün? Ona görə ki, orada çox güclü möhkəmləndirilmiş rayon vardı. Biz düşmənin müqavimətini qırmaq üçün bir neçə gün çox fəal hərbi əməliyyatlar aparmalı olduq. Düşmən bəzi istiqamətlərdə silahını ataraq qaçırdı, - ermənilər özləri etiraf edirdilər ki, onlarda 10 min fərari var. Amma bəzi yaşayış məntəqələrində onlar sona qədər dayandılar. Biz bunu qeyd etməliyik”.

“Zəngilan şəhərinin alınmasına gəldikdə isə, onlar, əslində, oradan qaçırdılar, çünki müqavimət göstərməyə gücləri çatmırdı, üstəlik, hələ hərbi əməliyyatların ilk dövründə onlar səhvə yol vermişdi, onların əks-hücuma keçmək cəhdi hərbi baxımdan tamamilə axmaqlıq idi. Onlar müdafiə xəttini möhkəmlətmək əvəzinə qüvvələrini əks-hücuma yönəltdilər və tamamilə məhv edildilər”, - deyən dövlət başçısı Qubadlının, Laçın rayonunun Güləbird və digər kəndlərinin azad edilməsindən, həmçinin Laçın dəhlizinə nəzarət imkanının olduğunu  vurğuladı. Prezident İlham Əliyev deyib ki, əslində, dəhliz artıq bizim nəzarətimiz altında idi: “Əlbəttə, bizim qələbəmizin zirvəsi Şuşa əməliyyatıdır. İndi Zəfər yolu ilə Şuşaya gedən hər kəs bizim oraya haradan getdiyimizi görə bilər. Bu, sadəcə, inanılmaz fiziki və mənəvi qüvvələrin səfərbər edilməsi idi. Yolsuzluq şəraitində, yüngül silahlarla günlərlə yorulmadan bu qədər məsafə qət etmək və sonra Şuşanı azad etmək misli görünməmiş igidlik, qəhrəmanlıqdır. Əlbəttə, Şuşanın alınması düşmənin belini qırdı və bundan sonra düşmən praktiki olaraq təslim oldu”.

Müharibə günlərində hərbi əməliyyatlarla yanaşı informasiya müharibəsinin də getdiyinə toxunulan müsahibədə o da vurğulanıb ki, döyüş əməliyyatlarının ilk günlərindən dünya mediasında - həm Rusiya, həm Qərb mediasında, həm də qonşu ölkələrdə bu münaqişəyə maraq yüksək olub.

İkinci Qarabağ müharibəsində istifadə edilən pilotsuz uçuş aparatları ilə bağlı məsələyə toxunan dövlət başçısı deyib ki, biz pilotsuz uçuş aparatları almağa yetərincə çoxdan, 10 il əvvəl başlamışdıq. Müsahibədə Müdafiə Nazirliyinin xüsusi təyinatlı qüvvələrinin döyüş meydanında, əsasən də Şuşanın alınmasında həlledici rol oynadığı da vurğulanıb. Müharibə dövründə ermənilərin gecə vaxtı Gəncənin yaşayış məhəlləsinə, yatan insanlara və uşaqlara operativ-taktiki raket zərbələri endirməsinə də toxunan dövlət başçısı ermənilərin döyüş meydanında məğlubiyyətin acığını çıxmağa və ya bizdən qisas almağa çalışdığını deyib: “İşğal illərində vurulmuş ziyanın qiymətləndirilməsi üzrə də iş aparılır, bu iş başa çatmaq üzrədir. Biz beynəlxalq hüquq şirkətlərini cəlb etmişik, onlar qiymətləndirmə aparır, gələcəkdə beynəlxalq məhkəmələrdə hüquqi iddialar qaldırılmasında bizə kömək edəcəklər. Çünki Ermənistan törətdiyi cinayətlərə - bizim əmlakımızın talan edilməsinə, tarixi abidələrin, vətəndaşların əmlakının məhv edilməsinə, meşələrin qırılmasına, çaylarımızın və göllərimizin çirkləndirilməsinə, işğal altında olan ərazilərimizdə faydalı qazıntılardan qanunsuz istifadə edilməsinə görə cavab verməlidir, bütün bunlar hesablanır”.

Şuşanın azad edilməsiylə bağlı tarixi çıxışından danışan Prezident İlham Əliyev deyib: “Noyabrın 8-nə keçən gecə biz elan etdik ki, Şuşa azad olunub və səhər mən bu müraciəti etdim. Çünki hər şey hələ çox təzə idi və hisslər qamması aşıb-daşırdı. Əlbəttə, Şəhidlər Xiyabanını, atamın məzarını ziyarət edəndə, ilk növbədə, qürur duyurdum, - mən ona əsgəri salam verdim və tarixi missiyamı yerinə yetirməyim, onun vəsiyyətinə əməl etməyim barədə məruzə etdim, qürur hissi keçirirdim, həm də təəssüflənirdim ki, atam bunu görmədi. Lakin məndə bir daxili əminlik vardı ki, yəqin onun ruhu bizimlədir və qəlbən sevinir”.

“Şuşanın azad edilməsi Ermənistan ordusunun, necə deyərlər, belini qırdı, o mənəviyyatca tamamilə sarsılmışdı”, - deyən Prezident İlham Əliyev bildirib ki, müharibəyə final nöqtəsi qoyan Zəfər paradı oldu. Parada hazırlığın təqribən 1 ay çəkdiyini bildirən dövlət başçısı vurğulayıb ki, başa düşürdük ki, bu, qeyri-adi paraddır: “Biz əvvəllər də hərbi paradlar keçirmişdik, lakin bu, Zəfər paradı idi. Buna görə o, Azərbaycan vətəndaşlarının bütün gələcək nəsilləri üçün rəmzi məna və tarixi əhəmiyyətə malik idi”.

Hərbi Qənimətlər Parkının açılmasına da toxunan dövlət başçısı bildirib ki, muzeyin yaxınlığında tikiləcək Müharibə Muzeyinin, Zəfər Muzeyinin layihəsi artıq təsdiq edilib.

Prezident işğaldan azad edilmiş ərazilərdə aparılan abadlıq-quruculuq işləri ilə bağlı da məlumat verib. Qeyd edilib ki, bizim əsas məqsədimiz keçmiş qaçqınları və köçkünləri tezliklə öz yurdlarına qaytarmaqdır, onlar hədsiz çox gözləyiblər.

Müsahibəsində Cənubi Qafqazın gələcək perspektivi ilə bağlı danışan Prezident İlham Əliyev vurğulayıb ki, perspektivlər əsasən erməni tərəfin mövqeyindən asılıdır. Biz öz mövqeyimizi bildirmişik: “Biz Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üzərində işə başlamağa hazırıq. Çünki bu müqavilə lazımdır. Müharibə qurtarıb, Dağlıq Qarabağ münaqişəsi tarixdə qalıb, özü də həmişəlik. Buna görə normal qarşılıqlı əlaqələr yaratmaq lazımdır. Biz münasibətlərin normallaşdırılması istiqamətində irəliləməyə hazırıq, lakin hələ erməni tərəfdən müsbət siqnal yoxdur. Təəssüf ki, hələ də “Dağlıq Qarabağ”ın statusu barədə məsələlər qaldırılır, bu isə tamamilə perspektivsiz və mənim fikrimcə, Ermənistanın hazırkı faciəvi vəziyyətində onun üçün zərərli və təhlükəlidir. Çünki onlar İkinci Qarabağ müharibəsinin dərslərini unutmamalıdırlar. Əgər Ermənistan Azərbaycana qarşı ərazi iddialarını davam etdirsə, Azərbaycanın Ermənistana qarşı ərazi iddialarından çəkinməsi çətin olacaq. Bundan ötrü elə həmin Zəngəzurun və elə həmin Göyçə gölü regionunun tarixi mənsubiyyəti baxımından, bizim daha çox əsasımız, ərazi iddiaları üçün daha çox tarixi zəmin vardır. Yaxşı olar ki, bizi qəzəbləndirməsinlər, qıcıqlandırmasınlar, nə qədər ki, bizim təklifimiz masa üzərindədir, onunla razılaşsınlar. Əks halda, müharibə dövründə olanlar təkrarlana bilər. Axı, biz vaxtında dayanmağı təklif edirdik. Biz könüllü şəkildə çıxmalarını təklif edirdik, lakin onlar razılaşmadılar və indi nəticəsini görürlər. Eyni vəziyyət bu dəfə də yarana bilər”.

Paylaş
Baxılıb: 22 dəfə

Xəbər lenti

Hamısına bax

31 389 vaksin vurdurdu

20 Oktyabr 16:49

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31