Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Cinayətin əmsalını artıran xəbərlər

Cinayətin əmsalını artıran xəbərlər

27.09.2021 [14:13]

IP artımına hesablanmış kriminal xəbərlər insanları aqressivləşdirir

Ölkədə baş verən cinayət hadisələri tez-tez telekanalların nəinki kriminal verilişlərində, hətta xəbər proqramlarında da əsas xəbər kimi verilir. Bu hallara ölkədə fəaliyyət göstərən onlayn mediada tez-tez rast gəlirik. “Ər arvadının başını kəsdi”, “Ata qızını zorladı”, “Qardaş bacısını bıçaqladı”, “Kürəkən qayınatasını və qayınanasını yandırdı” başlıqlı xəbərlər bu gün ölkə gündəmini zəbt etməkdədir. Bu azmış kimi, sözügedən xəbərlərin daha da oxunaqlı olması üçün “Azərbaycanda dəhşət”, “tükürpədici olay”, “qandonduran hadisə” və s. səpkili yanaşmalar da əlavə edilir. Müşahidələr göstərir ki, ən çox oxunan xəbərlər sırasında şou və kriminal xəbərləri yer alır. Qəribə haldır ki, bəziləri saytlarda yalnız belə hadisələri izləyir, sanki kiminsə bədbəxtliyinə baxmaqdan zövq alır. Cəmiyyətin digər hissəsi isə saytlarda kriminal xəbərlərin qabarıq şəkildə işıqlandırılmasını birmənalı qarşılamır. Onlar hesab edirlər ki, ərin arvadını qətlə yetirməsi və yaxud qardaşın bacısını bıçaqlaması kimi kriminal xəbərlərin mətbuatda yayımlanması cinayət hadisələrinin çoxalmasına səbəb olur və insanları cinayətə sövq edir.

O zaman belə bir sual yaranır. İnsanlarda aqressivlik yaradan xəbərlərin verilməsi nə dərəcədə düzgündür? Bu, daha çox oxucu qazanmaq üçün insanların psixologiyasına ziyan vermək deyil, bəs nədir?

Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli bildirib ki, kriminal xəbərlər elə təqdim olunmalıdır ki, tamaşaçıları zorakılığa təşviq etməsin: “Təəssüf ki, çox zaman hazırlanan kriminal xəbərlər nəinki başqalarında ikrah doğurur, hətta təşviqedici amilə çevrilir. Kriminal xəbərlərin hazırlanmasında müəyyən standartlar nəzərdə tutulur. Bu xarakterli xəbərlər hazırlayarkən auditoriya nəzərə alınmalı, zorakılıq və ölüm səhnələri kimi insan psixologiyasına mənfi təsir edən görüntülər verilməməlidir. Qan görüntülərinin verilməsi, hadisənin necə törədilməsinin təfərrüatlarının təsviri yolverilməzdir. Əgər kriminal hadisənin məzmunu uşaqlarla bağlıdırsa, cinayətin qurbanı və ya törədicisi uşaqlardırsa, bu zaman tamamilə fərqli standartlar tətbiq olunur. Yetkinlik yaşına çatmamış şəxslərin ad və soyadlarının, eləcə də görüntülərinin yayılması qadağandır. Təəssüf ki, çox zaman bu məqama diqqət yetirilmir. Törədilən əməlin təfsilatına qədər verilməsi halları ilə qarşılaşırıq. Kriminal xəbər hazırlayarkən peşəkar yanaşılmalıdır. Bəzən kriminal xəbərlər üzərində şou qururlar. Hadisənin necə törədilməsinin detallarına qədər göstərirlər. Bu kimi xəbərlər informasiya xarakteri daşımalıdır. Təşviqedici olmamalıdır. Hazırda dünyada narahatedici məqamlardan biri də intiharlardır. Son dövrlərdə intihar hallarının sayı 100 faizə qədər artıb. Bunun da səbəblərindən biri intiharlarla bağlı hazırlanan xəbərlərin təşviqedici xarakter daşımasıdır”.

Məsələ ilə bağlı qəzetimizə açıqlama verən sosioloq Naib Niftəliyev isə bildirdi ki, sosioloqlar, psixoloqlar, sosial tədqiqatçılar, hüquqşünaslar, yəni ictimai sahədə çalışan mütəxəssislər bu məsələlərdə adekvat önləyici addımlar atmağı bacarmalıdırlar. Bu problemlərin həlli istiqamətində fəal əməkdaşlıq qurmalıdırlar. Onun sözlərinə görə, kriminal xəbərləri təqdim edərkən ehtiyatlı olmaq lazımdır: “Ümumiyyətlə, xəbərin təqdimatı elə olmalıdır ki, insanları sosial stressə, gərginliyə salmasın. Xəbər daha çox maarifləndirməyə və əyləndirməyə yönəlməlidir. Sosial jurnalistikanın əsas prinsiplərindən biri də budur. Bununla yanaşı, telekanallarda biz görürük ki, “Şok, Şok, Şok”, “Biabırçılıq”, “Qandonduran anlar” kimi ifadələr işlədilir. Bu kimi ifadələrin işlədilməsi məqsədəuyğun deyil. Bəzən reytinq yığmaq, IP toplamaq üçün bu kimi yollara əl atılır. Təbii ki, bu, xoşagəlməz bir haldır və cəmiyyətə mənfi təsir edir. Çox vaxt kriminal xəbərlərdə həmin insanların şəkilləri, ailələri barədə məlumatlar təqdim olunur. Həmin insanın ailəsi, çevrəsi haqqında ictimai qınaq formalaşır. Bu insanlar sonradan islah olunsalar belə, o təsirdən qurtula bilmirlər. Kriminal xəbərlər sanki insan beynini yuyan və daha da aqressivləşdirən, eləcə də cinayətin əmsalını artıran bir prosesə çevrilib. Media bəzən bilərəkdən, bəzən də bilməyərəkdən bu prosesin iştirakçısı olur”.

O zaman başqa bir sual yaranır. İnsanlar üçün kriminal xəbərlər niyə təşviqedici olur? Psixoloq İlhamə Vəliqızının sözlərinə görə, kriminal xəbərlərin kütləvi şəkil alması insanın psixikasına mənfi təsir edir: “Birinci növbədə, kriminal xəbərlər yeniyetmələrdə kəskin fəsadlar yaradır. Bildiyiniz kimi, şəxsiyyətin formalaşdığı dövrdə uşaqlarda üsyana meyillilik olur. “O edibsə, mən də edərəm” düşüncəsi yaranır.

Digər bir səbəb isə, “məşhurluq”dur. Ölkədə ən çox oxunan xəbərlər sırasında kriminal xəbərlərdir. Bir anın içində kriminal hadisə gündəmi zəbt edir, cinayət törədən şəxs haqqında məlumatlar dərhal tirajlanır. Xəbərlərin altında tənqidi şərhlərlə yanaşı, təəssüflər olsun ki, dəstək xarakterli şərhlər də yazılır. “Günah öləndə olar”, “Yəqin ki, namus-qeyrət üstündə öldürüb” kimi şərhləri oxuyan şəxs də təsir altına düşür. Düşünür ki, mən də cinayət törətsəm, məni də dəstəkləyəcəklər. İnsanlar özlərini həyatda sübut edə bilmədikdə istər-istəməz çarəni cinayət törətməkdə görürlər. Bunların hamısı, əslində psixoloji pozuntulardır”.

“Bundan başqa, kriminal xəbərlərin içində həm dram, həm də gözyaşı var. Kimlərsə öz həyatından bir hissə ilə qarşılaşır. Hətta bu xəbəri yaxınları ilə paylaşır. Özü də bilmədən bu xəbərin geniş yayılmasına səbəb olur. Bu maraq da reytinqə gətirib çıxarır. Kriminal xarakterli xəbərlərdən qorxuya düşən xanım pasiyentim vardı. Çox böyük qorxu yaşayırdı, əl-ayağı titrəyirdi, hətta evinin kandarından çıxmağa belə çəkinirdi. Bəlkə də, minlərlə belə insan var ki, kriminal xəbərlər onların həyatında fəsadlar törədib”, - deyə psixoloq vurğulayıb.

Müşfiqə BAYRAMLI

Paylaş
Baxılıb: 88 dəfə

Xəbər lenti

Hamısına bax

31 389 vaksin vurdurdu

20 Oktyabr 16:49

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31