Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / BİR SENTYABR SABAHI...

BİR SENTYABR SABAHI...

27.09.2021 [15:34]

...Ürəyimiz itirdiyimiz genaralın acısıyla yansa, ruhumuz üşüsə də, gözəl umudlarla doluyduq. Saralmış yarpaqlarını payız küləyində sovuran ağac misalıydıq biz. Qurtulmaq istəyirdik bizi yoran, üzən səbəblərdən. Otuz ildir qara buluduq biz, üzümüzə çəkilən qaranlığı tərtəmiz payız səması kimi aydınlatmaq istəyirdik. Vətənə sığa bilmədiyimizdən, Vətəni içimizə sığdırmışdıq 30 ildir. Qoşa minarələr qoşa dağ kimi uçulan şəhərlərimizin içindən baxırdı bizə, kəhrizlərimizin quyu gözləri qurumuş, ağaclarımızın ömrü budanmışdı, bir udum çay üçün ürəyi yanırdı Çay evinin. Canına yağı dadanmış yurdumuz yağıya Vətən olmaq istəmirdi deyə, çiçəkləmirdi, kəhrizləri axmırdı. Orda yay üşüyür, yaz da qış idi. Yaxşı deyiblər, sonbahar əskilərdən qurtulma və həyata yenidən başlama dönəmidir.

2020-ci ilin iyulunda Ermənistanın terror ordusu Tovuz bölgəmizdəki ən strateji yüksəklikləri ələ keçirməyə cəhd etmişdi. Neft kommunikasiya xəttinin keçdiyi həmin strateji bölgədə 11 gün şiddətli döyüşlər davam etdi. Düşmənin bir çox zirehli texnikası, radiokəşfiyyat qurğusu, pilotsuz uçuş aparatı və canlı qüvvəsi məhv edildi. Lakin döyüşlərdə 3-cü Ordu birliyinin gərargah rəisi general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev Azərbaycan Ordusunun 12 hərbçisi qəhrəmancasına şəhid olmuşdur. O gündən 27 sentyabr sabahına bir yol başladı xalqımız. O yol Polad Həşimovun və İlqar Mirzəyevin məzarından keçirdi. Və o yol ilıq bir payız sabahı varacağı yerə çatdı.

... 27 Sentyabr 2020-ci il bir sonbahar sabahı. Bir millətin 30 ildir həsrətdən yorğun düşmüş canına can qayıtmışdı, ruh qayıtmışdı, qara yellərlə döş-döşə gəlməyə şir kimi, nər kimi hazır idik. Önümüzdə ölüm-itim, göz yaşları olacağını bilə-bilə biz umudla doluyduq, Vətənlə gələn hər dərdə hazırdıq. Düşmənin yuxusunu top səslərilə, hayqırışları ilə dağıtdı yurdumuzun şanlı oğulları o sabah. Üzərində Müzəffər Ali Baş Komandanımız İlham Əliyev cənablarının “Qarabağ Azərbaycandır!” yazılan dəmir yumruğu başına endi düşmənin. Fələyi çaşan düşmən Azərbaycanın müharibədən uzaq bölgələrinə ballistik raketlərlə hücuma keçdi. Gəncə, Mingəçevir, Bərdə və dinc əhalinin yaşadığı bir neçə yaşayış məntəqələrinə fosforlu və kasetli bombalarla əhaliyə qarşı müxtəlif cinayətlər törətdi. Qorxub çəkiləcəyimizi zənn etdi düşmən. Azərbaycan oğulları atalarının gəzdiyi oylaqlarda övladlarının yaşaması üçün fələyin ağlını çaşdırdı, düşməni dırnaqlarıilə, bıçağının burnu ilə, əllərilə boğub öldürdü. Onları kasetli bombamı, mərmimi, terrormu qorxudardı!?

Beləcə, bir payız sabahının ilk işığında ağ durnalara qoşulub uçduq Vətənə sarı. O sabah başladığımız meydan müharibəsi düşmənin ordusunu, cəbbəxanasını dəmir yığıntısı kimi xıncımladı. Bizim qəhrəmanlıq dastanımızı yazan bu savaş, dünya müharibə tarixinə ən çağdaş və texnoloji müharibə kimi daxil oldu. Azərbaycanın 44 günlük mücadiləsi dünyanın müharibə strategiyasını, düşüncəsini dəyişdirdi.

İçimizdəki saralmış yarpaqları bir ağac cəsarətilə rüzgarla qapdırdıq. Bizim yeşərməyə, yenilənməyə, çiçəkləməyə, yenidən dirilməyə ehtiyacımız vardı. 27 Sentyabr tariximizə Diriliş Günü kimi daxil oldu. Baxsın min üzlü dünya, alnımız tərtəmiz. Boy-boy şəhidlərimiz sıralandı xiyabanlarda, onların məzarı başında sonsuza qədər qış rüzgarı əsdirməyəcək, bahar çiçəkləri ilə bəzəyəcək Bir Azərbaycan nəsli yetişəcək.

Bir tərəfdə də Ali Baş Komandanımız savaşırdı. Tarix dərsi keçirdi ikili satandartlı zehniyyətlərə, ədalətini, vicdanını itirmiş dünyaya.

Beləcə, bir Sentyabr sabahı öz yaxasından tutub ayağa qaldırdı özünü xalqımız. Şəfəqin ilk işartısında düşməni payız yarpaqları kimi qoparıb atdı vətənindən. Bəlkə də Uca Millətimizin bundan sonra ruhunun ifadəsi olacaq 27 Sentyabr sabahı.

Doğma şəhərimin 27 sentyabrı da bu gün ayrı havada idi. Həm itirdiyimiz şəhidlərin dərdi, kədəri, həm qazandığımız qələbənin qüruru qarışmışdı bir-birinə. Arada karantin qaydalarına əməl etməyimizin vacibliyini də sanki unudurduq. Yevlax Şəhər İcra Hakimiyyətinin hazırladığı tədbir sözün əsl mənasında möhtəşəm idi.

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Azərbaycan Respublikası Milli Məclisinin Yevlax rayonu ərazisindən seçilmiş deputatları Sədrin birinci müavini Əli Hüseynli və İlham Məmmədov, rayonun hüquq mühafizə orqanlarının, rayon ictimaiyyətinin nümayəndələri və şəhid ailələri üzvləri əvvəlcə Şəhidlər Xiyabanını ziyarət etdilər. Şəhidlərin xatirəsinə ucaldılan yeni abidənin açılışı hər kəsi riqqətə gətirdi. Şəhidlər Xiyabanında isə Vətən Müharibəsində həlak olan yevlaxlı şəhidləri simvolizə edən 65 ədəd ağac əkildi. Ümumilikdə isə şəhidlərin xatirəsinə ağacəkmə aksiyası çərçivəsində 500 ədəd ağac əkildi.

Heydər Əliyev sarayında davam edən tədbirdə yenə də sevinc və kədər bir-birinə qarışsa da, zalda əyləşmiş şəhid ailələri tez-tez kövrəlsələr də, gözlərdə parıltı, qəlblərdə qürur özünü biruzə verirdi.

Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev bu fikirləri haqlı olaraq vurğuladı: Möhtərəm Prezidentimiz şəhidlərimizin anım gününü məhz savaşın başlanma tarixi ilə eyniləşdirib. Yəni, xalqımız hər il savaşla bağlı 44 gün sürəcək tarixi prosesləri qeyd edərkən, ilk olaraq məhz şəhidləri anacaq. Bəli, Zəfər günləri məhz şəhidlərimizin xatirəsini anmaqla başlayacaq.

Ali Baş Komandan müdrikcəsinə elan edir ki, bu zəfəri şəhidlərimizə borcluyuq. Onların qanları əbəs yerə tökülməyib, bu qan Zəfərimizə hopub, Qələbəmizin rəmzi olub. Bu gün hamımız sizinlə birgə şəhidlərimizin hüznünü saxlayırıq. Həm də sizinlə bərabər şəhidlərimizlə qürur keçiririk.

Bu 65 igidimiz onilliklər sonra da bütün Yevlaxın ən böyük qəhrəmanları sayılacaqlar və daim də fəxr mənbəyimiz olacaqlar. 

Milli Məclisin deputatı İlham Məmmədov, şəhid Polkovnik leytenant Soltan Məmmədovun həyat yoldaşı Tünzalə Məmmədova, I Qarabağ müharibəsi qazisi Elxan Hümbətov, Vətən müharbəsi qazisi Elşən Mustafayev çıxışlarında qeyd etdilər ki, bu inamlı tarixi qələbə Azərbaycan xalqının əzəli və tarixi, dədə-baba yurdlarının təxminən 30 ildən sonra azad edilməsini reallaşdırdı. Bu tarixi qələbə 1 milyondan çox Azərbaycan vətəndaşının uzunillik Vətən həsrətinə son qoydu. 

Saat 12:00-da Heydər Əliyev sarayında iştirak edənlər Azərbaycanın hər yerində olduğu kimi ayağa qalxıb şəhidlərin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad etdilər.

Bərdə regional Mədəniyyət İdarəsinin tabeliyində olan Yevlax şəhər Mədəniyyət Mərkəzinin hazırladığı «Şəhid varsa, Vətən var!» ədəbi-bədii kompozisiya ilə yekunlaşdı.

Əminə YUSİFQIZI,

Respublikanın əməkdar jurnalisti

Paylaş
Baxılıb: 86 dəfə

Xəbər lenti

Hamısına bax

Yolumuz mübarək!

28 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31