Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycan tarixində görünməmiş siyasi birlik

Azərbaycan tarixində görünməmiş siyasi birlik

28.09.2021 [16:46]

İki partiya – AXCP və “Müsavat” həmrəylik imtahanından kəsildi

44 günlük Zəfər tarixinin ən mühüm məqamlarından biri Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların Vətənin bütövlüyü uğrunda vahid platformada birləşməsi oldu. Bu siyasi birlik milli həmrəyliyin güclənməsinə mühüm töhfə oldu.

2020-ci il sentyabrın 27-də Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiya Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair birgə bəyanat yaydı. Bəyanatda qeyd edilirdi ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı əməliyyatlara başlaması, mülki əhalinin yaşadığı kəndləri və infrastrukturları hədəf kimi seçərək ağır silahlarla bombalaması beynəlxalq hüquqa ziddir və qarşısı qətiyyətlə alınmalıdır: “Azərbaycanda fəaliyyət göstərən və bu bəyanatı imzalayan siyasi partiyalar Ali Baş Komandan, Prezident İlham Əliyevin vətənimizin ərazi bütövlüyünün və vətəndaşların təhlükəsizliyinin qorunması, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi genişmiqyaslı terror təxribatlarının qarşısının alınması məqsədilə həyata keçirdiyi bütün siyasi və hərbi tədbirləri yekdilliklə dəstəkləyir və onun yanında olduğunu bildirir”.

Vurğulanmalıdır ki, 2020-ci ilin Tovuz hadisələri zamanı da 43 siyasi partiya birgə bəyanat imzalamışdı. Vətən müharibəsi dövründə və postkonflikt mərhələsində siyasi partiyalar tərəfindən bir sıra bəyanat və müraciətlərin imzalanması bütövlükdə, mühüm əhəmiyyət kəsb edir. Ekspertlərin qeyd etdikləri kimi, Azərbaycan Prezidentinin iradəsi  siyasi dialoq prosesinin dərinləşdirilməsini təmin edib.

Təəssüfləndirici haldır ki, Vətənin həm çətin, həm şərəfli günündə iki siyasi partiya - AXCP və “Müsavat” həmrəylik dərsindən kəsildi. Başqa sözlə, 2 partiya tarixi imtahandan 2 qiyməti aldı ki, bu da milli maraqlara zidd mövqedə dayanmaq idi. Halbuki, həmişə hansısa bir ermənipərəst mərkəzin çağırışına dərhal mitinq və ya etiraz aksiyası ilə cavab verənlər 30 ildir həsrətlə gözlənilən bir gündə xalqın və dövlətin yanında olmadı. Başqa sözlə, bu populist qruplaşmalar ümummilli məsələdə vahid mövqedən çıxış etmək qabiliyyəti göstərə bilmədilər.

Siyasi partiyalar postmüharibə dövründə Azərbaycanın haqlı davasının təbliği yönündə hansı addımları atıb?

Artıq o ağır və şərəfli günlərdən bir il ötür. Öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edən Azərbaycan yeni reallıqlar yaradıb, şərtləri diktə edən haqlı və qalib ölkədir. Ölkəmiz işğaldan azad edilmiş regionlarda genişmiqyaslı quruculuq, abadlıq işləri həyata keçirir. Eyni zamanda, Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılır, ölkəmizin beynəlxalq mövqeyi ardıcıl olaraq gücləndirilir. Bəs, birgə bəyanatı imzalamış, həmrəylik nümayiş etdirmiş partiyalar postmüharibə dövründə Azərbaycanın haqlı davasının təbliği yönündə hansı addımları atıb?

Sabir Rüstəmxanlı: Təmsil olunduğumuz Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransında öz mövqeyimizi bildirmişik

VHP sədri Sabir Rüstəmxanlı qəzetimizə açıqlamasında vurğulayıb ki, təmsil etdiyi partiya bu məsələdə hakimiyyətin yanında olduğunu, dövlətin apardığı siyasəti dəstəklədiyini bildirib. S.Rüstəmxanlı qeyd edib ki, müharibədən sonrakı dövrdə Azərbaycana gələn bir çox qonaqlarla görüşlər keçirib. Canlı təmaslarla yanaşı, pandemiya şəraitinə uyğun olaraq onlayn formatda keçirilən tədbirlərdə də təmsil olunub: “Təmsil olunduğumuz Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransında (İCAPP) öz mövqeyimizi bildirmişik. Eləcə də siyasi partiya olaraq müharibə dövründə Azərbaycanın mövqeyini müdafiə edən bəyanatları ölkəmizdəki xarici diplomatik korpuslara yaymışıq. Qardaş Türkiyədə bir sıra görüşlər keçirmişik, ölkəmizə gələn qonaqlarla bu haqda fikir mübadilələri aparmışıq. Yeri gəlmişkən, Azərbaycanın qələbəsindən sonra ilk genişformatlı tədbir məhz qardaş ölkədə keçirilib və orada  Türkiyənin, Azərbaycanın siyasi dairələrinin nümayəndələri iştirak ediblər. Həmin toplantıda geniş çıxış etmişəm. Bununla yanaşı, mütəmadi olaraq əlaqədə olduğumuz qurumlar çərçivəsində işlər davam etdirilir. Mən həm də Dünya Azərbaycanlıları Konqresinin həmsədriyəm. Bu müstəvidə də diaspora təşkilatları ilə mühüm görüşlərimiz keçirilib. Bu müzakirələrdə xarici ölkə nümayəndələri ilə də müzakirələrimiz olub”.

Sərdar Cəlaloğlu: Təəssüf ki, beynəlxalq müstəvidə hər hansı bir fəaliyyətlə seçilə bilmədik

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu qəzetimizə açıqlamasında bildirib ki, ötən bir il ərzində istər partiyasının üzvləri, istərsə də sədr olaraq özü tərəfindən həmrəyliyin pozulmasına yönəlik hər hansı bir addım atılmayıb, fikir işlədilməyib. Azərbaycanın internet kanallarında və dövri mətbuatda aparılan təbliğat həmrəyliyin daha da gücləndirilməsinə xidmət edib: “Çalışmışıq ki, dünya ictimaiyyətinin diqqətini Azərbaycanın haqlı davasına tam cəlb edək. Digər tərəfdən, müharibə ilə bağlı xalqımızın, cəmiyyətimizin, siyasi qurumlarımızın vahid rəydə olduğu fikrinin daha da qabardılması istiqamətində addımlar atmışıq. Təəssüf ki, beynəlxalq müstəvidə hər hansı bir fəaliyyətlə seçilə bilmədik. Bunun ən böyük səbəbi isə koronavirus pandemiyası ilə bağlı yaranan çətinliklər oldu. Qarşıdakı dövrdə fəaliyyətimizi daha da koordinasiyalı şəkildə inkişaf etdirməyi düşünürük”.

İqbal Ağazadə: Bu məsələdə müxalif mövqe, fərqli düşüncə ola bilməz

Ümid Partiyasının sədri İqbal Ağazadə 44 günlük Vətən müharibəsi, onun nəticələri, postmüharibə dövründə baş verənlərlə bağlı mütəmadi olaraq həm Azərbaycan, həm də xarici mətbuatda çıxışlar etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, bu istiqamətdə müxtəlif ölkələrin Azərbaycanda fəaliyyət göstərən diplomatik korpuslarının, o cümlədən beynəlxalq təşkilatların Bakıdakı korpuslarının nümayəndələri ilə görüşlər keçirilib: “Belə görüşlərimiz çoxsaylıdır. Onların sırasında  onlayn formatda keçirilən görüşlər də var, canlı görüşlər də. Hər zaman Qarabağ məsələsində vahid mövqe nümayiş etdirilməsinin xalqımızın haqqı və hüququ hesab etmişik. Bütün təmaslarımızda apardığımız davanın həm beynəlxalq hüquqa, həm də Azərbaycan Konstitusiyasına söykəndiyini bildirmişik. Onu da vurğulamışıq ki, Azərbaycana qarşı hər hansı bir növbəti təhdid yaranacağı təqdirdə cəmiyyət olaraq bir yumruq kimi birləşib ölkəmizin bütövlüyü çərçivəsində yenidən mübarizə aparacağıq. Çünki bu məsələdə müxalif mövqe, fərqli düşüncə ola bilməz”.

Arzuxan Əlizadə: Beynəlxalq Demokrat İttifaqına üzv partiyaları məlumatlandırmışıq

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə də ötən bir il ərzində qələbəmizlə, Ermənistanın təxribatları ilə bağlı mütəmadi aktiv təbliğat apardıqlarını deyib. Onun sözlərinə görə, partiya funksionerləri KİV-də çıxış edir, partiya mühüm məsələlərlə bağlı mövqe bildirir. AMİP sədri bildirib ki, ötən il sentyabrın 27-də həm partiya olaraq ayrılıqda, həm də 50 siyasi partiya ilə birgə bəyanat yayıblar. Bu bəyanatların hər birində AMİP-in dövlətimizin, ordumuzun, Ali Baş Komandanımızın yanında olduğu vurğulanıb: “AMİP dünyanın 80-dən çox ölkəsinin 100-dən çox siyasi partiyasını özündə birləşdirən Beynəlxalq Demokrat İttifaqında təmsil olunur. İstər aktiv hərbi əməliyyatların davam etdiyi 44 gün ərzində, istərsə də müharibədən sonra biz Beynəlxalq Demokrat İttifaqına (BDİ) üzv partiyaların dolğun informasiya alması üçün əlimizdən gələni etmişik. Bununla yanaşı, Azərbaycanın qələbəsindən sonra regionda yaranan yeni reallıqlar və Qarabağla əlaqədar məsələləri daim gündəmdə saxlamışıq. Bundan başqa, təmsil olunmadığımız beynəlxalq platformalara da müraciətlərimiz olub, ölkəmizdə fəaliyyət göstərən aparıcı dövlətlərin səfirlikləri ilə görüşlər keçirmişik. Proses bu gün də davam edir. 27 Sentyabr - Anım Günü və bir ilə öncə baş verənlərlə əlaqədar genişməzmunlu məktub hazırlamışıq. Bu məktub istisnasız olaraq bütün siyasi təşkilatlara göndərilib”.

Mirmahmud Mirəlioğlu: Düşmənə mövqeyimizi, dosta təşəkkürümüzü bildirmişik

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu da təmsil etdiyi partiyanın Vətən müharibəsi və onun nəticələri ilə bağlı mütəmadi təbliğat apardığını diqqətə çatdırıb. Onun sözlərinə görə, bu istiqamətdə hər həftə keçirilən partiya toplantılarında bəyanatlar qəbul edilib. Eləcə də ayrı-ayrı görüşlərdə, KİV-ə müsahibələrdə bu məsələ ilə bağlı fikir mübadilələri aparılıb: “27 sentyabr bəyanatından sonra da bir sıra məsələlərlə bağlı birgə sənəd qəbul etmişik və həmin sənədlər də beynəlxalq təşkilatlara göndərilib. Ermənilərin mülki əhaliyə qarşı törətdikləri vandalizm hərəkətlərinə etirazla bağlı məktublarımız olub. Bir sözlə, düşmənə öz mövqeyimizi, dosta isə təşəkkürümüzü bildirmişik. Ayrı-ayrı səfirliklərin, diplomatik korpusların nümayəndələri ilə görüşlər təşkil etmişik. Xüsusilə də, qardaş Türkiyə dövlətinin səfiri ilə görüşlərimiz olub. Bu istiqamətdə vətəndaş, siyasətçi olaraq, siyasi partiya olaraq əlimizdən gələni, borcumuz nədirsə, onu etməyə çalışmışıq”.

Əsli Kazımova: Erməni faşizminin əsl simasını dünya ictimaiyyətinə təqdim etmişik

ASRP sədri Əsli Kazımova da ötən ilin sentyabrın 27-də siyasi partiyaların imzaladığı birgə bəyanatın mühüm əhəmiyyət daşıdığını deyib. Onun sözlərinə görə, bu bəyanat Azərbaycanın siyasi təşkilatlarının Vətən müharibəsində bir yerdə olduğunu bütün dünyaya nümayiş etdirdi. Onun sözlərinə görə, ötən bir il ərizində ASRP Azərbaycanın haqlı mübarizəsi və qələbəsi, ermənilərin 30 ilə yaxın müddətdə işğal altında saxladığı ərazilərdə törətdikləri terror, tarixi-dini abidələrimizə qarşı aparılan vandalizm aktları haqqında mütəmadi olaraq bəyanatlar imzalayıb və həmin bəyanatlar beynəlxalq təşkilatlara göndərilib: “Partiyamızın nümayəndələri mütəmadi olaraq yerli və xarici KİV-lərdə bununla bağlı çıxışlar ediblər. Çalışmışıq ki, erməni faşizminin əsl simasını dünya ictimaiyyətinə təqdim edə bilək. Eləcə də bəzi diplomatik korpuslarda görüşlər keçirmişik, öz sözümüzü onlara çatdırmışıq. ASRP ölkəmizdəki siyasi həmrəyliyin daha da güclənməsində maraqlıdır və bunun üçün üzərimizə düşən məsuliyyəti yerinə yetirməyə çalışırıq”.

Fuad Əliyev: İstəyirik ki, bizim kiçik işimiz də ümumi qələbəmizə bir töhfə olsun

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev rəhbərlik etdiyi siyasi təşkilatın ötən bir il ərzində gördüyü işlərdən bəhs edib. O, bildirib ki, ALDP tərəfindən baş verən hadisələrlə bağlı, erməni vandalizmi haqda xarici ölkələrin əməkdaşlıq etdiyi siyasi partiyalarına, beynəlxalq təşkilatlara mütəmadi olaraq məlumatlar göndərilib. Bununla yanaşı, müharibədən sonrakı dövrdə Azərbaycan hakimiyyətinin işğaldan azad edilmiş regionlarımızda apardığı bərpa-quruculuq işləri haqda geniş təbliğat işləri aparılıb: “Yaxın günlərdə iki xarici səfir ilə görüşmüşəm və onlara Azərbaycana dəstək olduqlarına görə təşəkkürümü bildirmişəm. Bu görüşlər davamlıdır. Qələbədən sonra gedən informasiya müharibəsində də sözümüzü deməyə çalışmışıq. Əməkdaşlıq etdiyimiz siyasi qurumlarla əlaqələrimiz güclüdür və çalışırıq ki, onlar da bizə öz ölkələrində dəstək olsunlar. İstəyirik ki, bizim bu kiçik işimiz ümumi qələbəmizə bir töhfə olsun”.

Pərviz Sadayoğlu

Paylaş
Baxılıb: 18 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31