Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Xalqımız bundan sonra da hər zaman Anım Gününü böyük ehtiramla yad edəcək, öz şəhidlərinin ruhu qarşısında baş əyəcək

Xalqımız bundan sonra da hər zaman Anım Gününü böyük ehtiramla yad edəcək, öz şəhidlərinin ruhu qarşısında baş əyəcək

28.09.2021 [16:54]

YAP Təftiş komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova

-Sevinc xanım, bildiyimiz kimi 27 sentyabr tarixi ölkəmizdə Anım Günü kimi qeyd olunacaq. Ötən ilin 27 sentyabrında Vətən müharibəsi başladı. Artıq bu hadisədən bir il ötür. Bu barədə nə deyə bilərsiniz?

- 27 sentyabr tarixi rəşadətli və müzəffər ordumuzun yenilməz sərkərdəsi, Ali Baş Komandanımız, ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Anım Günü günü kimi Azərbaycan tarixində ilk dəfə qeyd olunur. Bu sərəncam ölkə Prezidentinin torpaqlarımızın azadlığı uğrunda böyük şücaət göstərmiş, bayrağımızı işğaldan azad edilən torpaqlarda dalğalandırmış və ərazi bütövlüyümüzün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərimizə, əsgər və zabitlərimizə dərin ehtiram əlaməti olaraq imzalanıb. Bu şəhidlərin ruhlarına və onların ailələrinə, doğmalarına, bütövlükdə isə Azərbaycan xalqına ən ali ehtiramın göstəricisidir. Xalqımız bundan sonra da hər zaman Anım Gününü böyük ehtiramla yad edəcək, öz şəhidlərinin ruhu qarşısında baş əyəcək. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin.

Bəli, 44 günlük Vətən müharibəsi son 200 il ərzində mərhələlərlə azərbaycanlılara,xalqımıza  qarşı yönəlmiş işğalçılıq siyasətinə, Avroasiya məkanında ən uzunmüddətli olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoydu. Bununla da ordumuz XXI əsrin müasir müharibəsinin aparılması taktika və strategiyasını da yaratdı. Hansı ki, hazırda dünyanın ən inkişaf etmiş ölkələri bunu hərbi dərsliklərə salaraq öyrənirlər. Həmçinin Vətən müharibəsində onilliklərlə səbirlə qəlbində torpaq miskinini saxlayaraq rəhbərinin lazım bildiyi zaman   onun  ətrafında sıx birləşərək,  ən ümdə olan arzusuna nail olmasının  nümunəsini yaratdı. Azərbaycan əsgəri isə XXI əsrin bir etalon əsgəri nümunəsini göstərdi.

Eyni zamanda, Vətən müharibəsində əldə olunan qələbə ilə erməni təbliğat maşınının   200 il ərzində yaratdığı miflər, “böyük Ermənistan” xülyası, “ermənilərin döyüşkən xalq olduğu” haqqında uydurmaları da param-parça oldu.    

 -Siz tarixi məqamlara toxundunuz. Ermənilərin ərazilərimizə köçürülməsi faciələrimizə, torpaqlarmızın işğalına səbəb oldu...

-Xalqımıza qarşı aparilmiş bu düşmənşilik siyasətinin tarixi köklərinin araşdırılması ilə baglı müstəqillik illərində davamlı olaraq aparilan araşdirmalar , təhlillər 44 günlük Vətən müharibəsindən ötən dövrdə daha da genişlənmişdir.  Ermənilərin xalqımıza məxsus olan tarixi ərazilərdə həyata keçirdikləri soyqırım siyasətinə isə ilk siyasi-hüquqi qiymət Ulu Öndər Heydər Əliyev tərəfindən verilmişdir.

Məlumdur ki, ermənilərin çar Rusiyası tərəfindən XIX əsrin əvvələrindən etibarən Türkmənçay (1828 ) və Ədirnə ( 1829 ) müqavilələrinin şərtlərinə əsasən İrandan və Turkiyədən tarixi torpaqlarımıza İrəvan xanlıgının ərazisinə köçürülməsi ilə  bölgənin etnik-dini tərkibini dəyişdirdi və xalqımızın gələcək faciələrinin əsasını qoydu. Çox keçmədən ermənilər tərəfindən  aboriqen xalqa qarşı soyqırım və deportasiya başlandı. Belə ki, son 200 il ərzində ermənilər dinc azərbaycanlılara qarşı dəfələrlə qətlimalar törətdilər, tarixi ərazilərimizi zəbt etdilər , məskunlaşdıqları ilk gündən Azərbaycan toponimlərini dəyişməyə başlayıb, münbit əraziləri ələ keçirməyə çalışıb, əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırıblar.

Məsələn , Çar I Nikolayın  1828-ci il, martın 21-də, yəni xalqımızın əziz bayramlarından olan Novruz bayramı günündə imzaladıgı fərmanla İrəvan və Naxçıvan xanlıqlarının ərazisində yaradılmış erməni vilayətinə  daxil edilən 1111 kənddən yalnız 62-də ermənilər yaşayırdı. 62 kəndin isə 14-nün adı erməni mənşəli idi. Çar Rusiyasının məmuru  N.Şavrov 1911-ci ildə açıq etiraf edirdi  ki, “hazırda Qafqazda yaşayan 1 milyon 300 min erməninin 1 milyonundan çoxu yerli əhali deyil. Onlar bu torpaqlara bizim tərəfimizdən köçürülüb”.

Rusiya inqilablarının yaratdığı şəraitdən sui-istifadə edərək erməni qəsbkarları 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetiriblər. 1918-1920-ci illər isə xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə yadda qaldı. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalıb, yaşadıqları yerlərdən qovulublar.  İnsanlara kütləvi şəkildə  işgəncələr verilib, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edilib.

1918-ci ildə 29 may tarixdə Azərbaycan Xalq Cümhuriyəti Cənubi Qafqazda sülh və əminamanlıq yaradılması xatirinə qədim Azərbaycan şəhəri İrəvanı ətrafındakı torpaqlarla birlikdə ermənilərə güzəştə qetdı.Beləliklə, Cənubi Qafqazda tarixdə ilk dəfə olaraq Azərbaycan torpaqları hesabına erməni dövləti yaradıldı.

Bu vaxtdan etibarən Rusiyanın hərtərəfli köməyi ilə ermənilər tərəfindən Qərbi Azərbaycan torpaqlarının azərbaycanlılardan təmizlənməsi prosesı daha da sürətləndi, ermənilər köç saldıgı ərazilər azərbaycan torpaqları hesabına şərqə dogru daha da genişləndirildi.

 Sovet hakimiyyəti illərində də işğal siyasəti davam etdirilib. 1918-1920-ci illərdə 114 min kvadrat kilometr ərazisi olan Azərbaycan sovet dövründə 86 min kvadratkilometrədək kiçildildi.  1948-1953-cü illərdə Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından 150 min azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdi. 1988-ci ildə isə Dağlıq Qarabağ münaqişəsinin başlaması ilə daha 250 min azərbaycanlı öz doğma yurdundan qovulub. Bununla da Ermənistan monoetnik dövlətə çevrilib.  1988-ci ildə başlayan Qarabağ hadisələri, xarici havadarları tərəfindən silahlandırılan ermənilər  ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü( Başlıbel,Agdaban,Baqanis -Ayrım kəndlərində törədilmiş vəhşiliklər və Xocalı qətliamı ), yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi və  Azərbaycan ərazilərinin 20 faizinın işgalı ilə nəticələndi.

Amma Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ədalət bərpa olundu. Ötən ilin 27 sentyabrından başlanan və 44 gün davam edən  Vətən müharibəsində şanlı Zəfər qazanıldı. Bununla da, Azərbaycan son iki yüz illik tarixində müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxdı. Qələbəmizin əldə olunmasında mühüm amillərdən biri də tarixi şəhərimiz olan Şuşanın işğaldan azad edilməsi oldu. Şuşanın azad edilməsindən bir gün sonra - Dövlət Bayrağı Günündə daha 72 yaşayış məntəqəsinin, ümumilikdə isə 300-dən çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi Nikol Paşinyanı məcbur etdi ki, noyabrın 10-da Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında bəyanatı imzalasın. Bu sənəd Ermənistanın hərbi kapitulyasiyası deməkdir.

Bütövlükdə, 44 günlük Vətən müharibəsi Azərbaycanın gücünü, qüdrətini bütün dünyaya göstərdi. Xüsusilə qeyd etmək istəyirəm ki, bu dövrdə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev həm hərb meydanında, həm diplomatik müstəvidə, həm də informasiya müharibəsində böyük üstünlük nümayiş etdirdi. Təbii ki, qazandığımız qələbədə bu amil müstəsna rol oynayır.

- Vətən müharibəsində qazanılan qələbədə ölkəmizdə milli birliyimizin  və həmrəyliyimizin rolu hansı səviyyədə oldu?

- Bilirsiniz ki, Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə son 18 il ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Bu illər ərzində ölkəmizin iqtisadiyyatı dəfələrlə artıb, əhalinin sosial rifahı daha da yüksəlib, Azərbaycanın beynəlxalq müstəvidə nüfuzu artıb və dünyada etibarlı tərəfdaş imici qazanıb. Ötən illərdə Azərbaycanın təşəbbüsü və müəllifliyi ilə qlobal səviyyədə enerji və nəqliyyat layihələri həyata keçirilib ki, bütün bunlar beynəlxalq aləmdə mövqelərini daha da gücləndirib. Eyni zamanda, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində nüfuzlu beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən sənədlər qəbul edib, ölkəmizin ərazi bütövlüyü dəstəklənib. Bütün bunlar isə, haqq işimizdə bizə güclü dəstək verdi.

Təbii ki, ölkəmizin iqtisadi qüdrətinin artması güclü ordu quruculuğuna da böyük dərəcədə təsir etdi. Bilirsiniz ki, uzun illərdir dövlət büdcəsindən ən çox vəsait, məhz müdafiə xərclərinə ayrılır. Bu da öz məntiqi nəticəsi ilə yekunlaşdı, Azərbaycanın güclü ordusu formalaşdırıldı. Bu gün qürurla deyə bilirik ki, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır. Belə bir rəşadətli ordumuz qısa müddətdə düşmən ordusunu məğlub etdi.

Digər vacib məqam isə qeyd etdiyiniz kimi xalqımızın ordumuza güclü dəstəyi, xalq, ordu, Ali Baş Komandanın birliyi - bu üçlük dəmir yumruq kimi birləşdi. Vətən müharibəsi dövründə xalq olaraq güclü birlik və həmrəylik nümayiş etdirdik. Cənab Prezidentin dediyi kimi, düşmənin başına elə yumruq vurduq ki, uzun müddət özünə gələ bilməyəcək.

Təbii ki, burada  ölkəmizdə güclü milli həmrəylik və vətəndaş birliyinin xüsusi rolu var. Xatirinizdədirsə, ötən il sentyabrın 27-də müharibə başlayarkən, yaşından asılı olmayaraq on minlərlə vətəndaşımız könüllü olaraq cəbhəyə getmək üçün müraciətlər edirdi. Döyüşə gedənlərdə yüksək vətənpərvərlik ruhu hökm sürürdü. Məhz bu sarsılmaz birlik qələbəmizin əsas amillərindən biridir. Azərbaycanın tarixinə Qələbə səhifəsi yazmış Prezidentimizə xalqın etibarı və ehtiramı sonsuzdur. Müharibənin başa çatmasından  sonra azad edilmiş ərazilərə səfərləri ilə Prezident İlham Əliyev öz sevincini xalqı ilə bölüşməklə yanaşı, həmin əraziləri tez bir zamanda bərpa etmək, dirçəltmək əzmində olduğunu əyani nümayiş etdirir.

 

-Vətən müharibəsi zamanı ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların vahid mövqedən çıxış edərək Prezidentimizə və ordumuza dəstək nümayiş etdirməsinin əhəmiyyəti nədən ibarətdir?

-Azərbaycanda həyata keçirilən islahatlar siyasi sferanı da əhatə edir. Ölkədə yeni siyasi konfiqurasiyanın formalaşması, siyasi münasibətlərin və dialoqun inkişafı ölkədə fəaliyyət göstərən siyasi partiyaların fəaliyyətində əhəmiyyətli dönüş yaradıb. Artıq dövlətçilik, milli maraqlar baxımından bütün siyasi partiyalar (radikal müxalifət istisna olmaqla) vahid mövqedən çıxış edirlər. 

Bu mövqe Qarabağ məsələsində də özünü ifadə edir. Xatırladım ki,  15 iyul 2020-ci il tarixində Ermənistan-Azərbaycan dövlət sərhəddinin Tovuz rayonu istiqamətində baş vermiş hərbi təxribat nəticəsində müstəqillik tariximizdə ilk dəfə olaraq ölkədə fəaliyyət göstərən 43 siyasi partiya ümummilli məsələlərdə, dövlətçiliyimizin qorunmasında həmrəylik nümayiş etdirdi, ölkə Prezidenti, Ali Baş Komandanın ətrafında birləşdi və birgə dəstək bəyanatı imzaladılar. 27 sentyabr 2020-ci il tarixində də dünya gördü ki, Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı ilə əlaqədar ölkədə fəaliyyət göstərən 50 siyasi partiyanın ölkə Prezidentinin, Ali Baş Komandanın ətrafında birləşdi və birgə dəstək bəyanatı imzaladılar.

Qeyd edim ki, siyasi partiyalar tərəfindən ümumilikdə 8 birgə bəyanat və 2 müraciət imzalandı. Burada “Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi təxribatları ilə əlaqədar”, “Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair”, “Fransa Senatında Dağlıq Qarabağdakı qondarma qurumun tanınması məsələsinə baxılması ilə bağlı”, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə əlaqədar” bəyanatlar, həmçinin “Dağlıq Qarabağ məsələsində Fransanın mövqeyinə dair” və müharibə dövründə 16 beynəlxalq təşkilata Azərbaycan ziyalılarının və vətəndaş cəmiyyəti üzvlərinin (o cümlədən 50 siyasi partiyanın) müraciətləri xüsusi olaraq qeyd olunmalıdır.

Həmin birgə bəyanat və müraciətlərin imzalanması milli məsələlərdə ölkədə hər hansı fikir ayrılığının istisna olunduğunu göstərdi. Siyasi sabitliyə, etibarlı münasibətlərə və davamlı inkişafa xidmət edən bu addım milli həmrəyliyin, xalq-hakimiyyət birliyinin təcəssümüdür. Bütün bunlar cənab Prezidentin siyasi iradəsini, çoxpartiyalı siyasi sistemin və demokratik cəmiyyətin inkişafını əks etdirən, siyasi islahatların dərinləşməsinin əsasını təşkil edən, dövlətçiliyin təməl prinsiplərinin möhkəmlənməsini təmin edən əhəmiyyətli hadisələrdir.

Paylaş
Baxılıb: 23 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31