Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / İlham Əliyev: Bizim davranışımız dostluq əlaqələrinə əsaslanır

İlham Əliyev: Bizim davranışımız dostluq əlaqələrinə əsaslanır

29.09.2021 [15:23]

“...Dost, qardaş saydığın ölkəyə qarşı belə nümayişkaranə hörmətsizlik edirsən?”

“İran tırlarının qanunsuz olaraq Qarabağ bölgəsinə getməsi birinci dəfə baş vermir. Bu, işğal dövründə də dəfələrlə olan hadisələrdir. Bu tırlar müntəzəm olaraq oraya gedirdi. Bizim məlumatımız var idi. Ancaq dəqiq məlumat, yəni, indiki qədər dəqiq məlumat, əlbəttə ki, yox idi. Bunu nəzərə alaraq, biz müxtəlif kanallarla İran tərəfinə narazılığımızı ifadə edirdik. Ancaq bu proses davam edirdi”. Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin “Anadolu” xəbər agentliyinə müsahibəsində qeyd edib.

Müharibə başa çatandan sonra artıq Laçın dəhlizinin gözümüzün önündə və bizim hərbi mövqelərimizdən Xankəndinə gedən yola məsafənin bəlkə də 5-6 metr olduğunu vurğulayan Azərbaycan Prezidenti bir sıra mühüm məqamlara toxunub. O, Azərbaycanın Laçın dəhlizi boyunca və o cümlədən Şuşa ətrafında və digər yerlərdə kifayət qədər texniki imkanlara malik olduğunu diqqətə çatdırıb: “Kameralar var, peykdən istifadə edirik, dronlardan istifadə edirik. Biz yenə gördük ki, bu tırlar müharibədən sonra da oraya getməyə davam edir. Belə olan halda, mən bizim Prezident Administrasiyasının əməkdaşlarına göstəriş verdim ki, İranın Azərbaycandakı səfiri ilə danışsınlar. Biz bunu rəsmiyyətə salmaq istəmirik, dostcasına danışsınlar və söyləsinlər ki, buna son qoyulmalıdır. Bu, bizə qarşı hörmətsizlikdir. Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlikdir, buna son qoyulmalıdır. Bu söhbət səhv etmirəmsə, iyul ayında olmuşdur. Ondan sonra təbii ki, biz bunu izləməyə başladıq və hər ayın başında bizdə məlumat yığılır ki, nə qədər tır girdi, neçə tır çıxdı, nə gətirdi, nə apardı. Onların nömrələrinə qədər bizim bütün bilgilərimiz var və onlar mətbuatda dərc olunub. Amma nə etdilər ondan sonra? İran tırlarının üzərinə erməni nömrələrini yapışdırmağa çalışdılar. Belə bir saxtakarlığa yol verdilər və bizi aldatmağa çalışdılar. Olduqca səriştəsiz bir addım atıldı - o tırın üstündə fars dilində yazılan sistern, altda da erməni nömrələri. Onu da sizə bildirməliyəm ki, eyni nömrələri bir neçə avtomobilin üstünə də yapışdırdılar. Yəni, o qədər səliqəsiz görülən bu iş nəyi göstərir? Onu göstərir ki, bu işi davam etdirmək, sadəcə olaraq, bunu pərdələmək istədilər. Təbii ki, belə olan halda, bir ay keçəndən sonra biz artıq rəsmi qaydada diplomatik nota verdik. İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə dəvət edildi, ona iradlar bildirildi və xahiş olundu ki, buna son qoyulsun. Bu, avqust ayının ortalarında olan məsələdir. Biz ümid edirdik ki, buna son qoyulacaq. Ancaq buna baxmayaraq, avqustun 11-dən sentyabrın 11-nə qədər yenə də İrandan gələn 60-a yaxın tır qanunsuz olaraq Qarabağa hərəkət etdi. Bunun qabağını almaq üçün biz artıq praktiki addımlara keçdik”.

Prezident İlham Əliyev deyib ki, bizim davranışımız, addımlarımız məsuliyyətlidir, dostluq əlaqələrinə əsaslanandır: “Birinci dəfə şifahi xəbərdarlıq, ikinci dəfə rəsmi nota, üçüncü dəfə postlar - gömrük, sərhəd, polis. Beləliklə, biz Azərbaycan ərazisindən keçən yola artıq nəzarət etməyə başladıq və ondan sonra Qarabağa gedən tırların sayı sıfıra endi. İndi baxın, buna gətirib çıxarmaq lazım idimi? İndi orada - rus sülhməramlı qüvvələrinin nəzarətində olan Qarabağ bölgəsində cəmi 25 min adam yaşayır. Yəni, bu bazar o qədər önəmlidir? O ticarət o qədər önəmlidir ki, dost, qardaş saydığın ölkəyə qarşı belə nümayişkaranə hörmətsizlik edirsən? Əlbəttə, biz beynəlxalq konvensiyalarda, beynəlxalq hüquqda təsbit edilmiş bütün imkanlardan istifadə etdik. Bəziləri deyir ki, indi İran tırlarından rüsum götürülür. Biz xarici ölkəyə gedəndə rüsum ödəyirik? Ödəyirik. Onlar Azərbaycan ərazisindən istifadə edirlər, rüsum ödəməlidirlər?”.

Bununla yanaşı, Prezident İlham Əliyev Azərbaycan ərazisindən istifadə olunmasına görə rüsum ödənilməli olduğunu deyib. Ölkəmizin sərhədləri yaxınlığında keçirilən hərbi təlimlərə də münasibət bildirən Azərbaycan Prezidenti bunun çox təəccüb doğuran bir məsələ olduğunu söyləyib: “Çünki 30 illik müstəqillik dönəmində belə hadisələr olmamışdır. İlk növbədə, deməliyəm ki, hər bir ölkə öz ərazisində istənilən hərbi təlimi keçirə bilər. Bu, onun suveren hüququdur, söz ola bilməz. Ancaq, eyni zamanda, bunu bir zaman kəsiyində analiz edərkən görürük ki, bu, heç vaxt olmamışdır.

Nə üçün məhz indi? Nə üçün məhz bizim sərhədimizdə? Bu sualları mən yox, Azərbaycan ictimaiyyəti verir. Bu sualları dünya azərbaycanlıları verir. Bir sual da verilir ki, nə üçün işğal dövründə o bölgədə təlim keçirilmirdi? Ermənilərin Cəbrayılda, Zəngilanda, Füzulidə oturduğu dövrdə nə üçün təlim keçirilmirdi? Nə üçün bu, biz torpaqları azad edəndən sonra, 30 illik əsarətə, işğala son qoyandan sonra keçirilir? Bu suallar legitim suallardır”.

Prezident İlham Əliyev Azərbaycanın konkret və birmənalı mövqeyini növbəti dəfə qətiyyətlə ifadə edib: “Əlbəttə, biz istəyirik ki, bölgədə uzunmüddətli əməkdaşlığa zərbə vuran heç bir hal olmasın. Bir daha demək istəyirəm ki, Azərbaycan burada da özünü çox məsuliyyətlə aparır, təmkinlə aparır. Ümid edirik, bizim legitim addımlarımıza emosional reaksiya, yəqin ki, müvəqqəti xarakter daşıyır”.

Paylaş
Baxılıb: 37 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31