Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Esmira Çərkəzqızı: Bütün intriqalara baxmayaraq, mən televiziyanı sevmişəm

Esmira Çərkəzqızı: Bütün intriqalara baxmayaraq, mən televiziyanı sevmişəm

29.09.2021 [15:29]

“Yeni Azərbaycan” qəzeti xaricdə yaşayan soydaşlarımızla silsilə müsahibələr təqdim edəcək. İlk qonağımız çoxunuza tanışdır.

Onu dövlət televiziyasının efirindən tanıdıq, sevdik. Yüksək efir mədəniyyəti, intellekti, səmimiyyəti ilə rəğbətimizi qazandı Esmira Çərkəzqızı. Özünə könüllərdə elə yer etdi ki, artıq 14 ildir ekranlardan, göz önündən uzaqda qalsa da, unudulmadı. Həm tamaşaçıları, həm də həmkarları onun haqqında hörmətlə danışır, xəbər tutmaq istəyirlər. Esmira Çərkəzqızı 9 ildir İstanbulda yaşayır.

- Esmira xanım, tamaşaçılarınız sizi unutmadı, yəqin elə siz də onların diqqəti üçün darıxmısınız?

- Tamaşaçılarıma sevgim, minnətdarlığım həddən artıq çoxdur. Var olsunlar. Bunu hiss etmək mənə hər zaman güc verir. 2007-ci ildə mən televiziyadan ayrılıb FHN-də hüquq sahəsi üzrə çalışmağa başlayanda hiss etdim ki, özüm könüllü gəlsəm də, bura mənlik deyil. Televiziya, yazmaq, yaratmaq eşqi bir başqadır. Heç kimə göstərməsəm də, işdə boş olanda kompüter qarşısında oturub düşüncələrimi yazırdım. Televiziyada çalışanların öz aralarında işlətdikləri belə bir fikir var: televiziyaya bir gələn sevinər, bir də gedən. 1992-ci ildən 2007-ci ilə qədər AzTV-də çalışdım. Bu, mənim üçün çox gözəl bir təcrübə oldu. Ən əsası da insanların sevgisini verdi.

- Televiziyaya gəlişinizi, ümumiyyətlə, o günləri necə xatırlayırsınız?

- AzTV-də kifayət qədər maraqlı işim vardı. Bu sferada olan insan götür-qoy edir, düşünür. AzTV-də 4 sədr dəyişmişəm. Məmməd İsmayıl, Babək Hüseynoğlu, Nizami Xudiyev və Arif Alışanov. Alışanovun zamanında televiziya əməlli-başlı bazara çevrilmişdi. Mən düşünürəm ki, zamanında getdim. Hətta rəfiqələrim deyirdilər ki, Esmira, sən aşqarası kimi getdin efirdən, hörmətinlə, izzətinlə. Amma yaşadığım heç nə üçün peşman deyiləm. Televiziya mənə peşəkarlığı öyrətdi, mən acgözcəsinə böyüklərdən öyrənirdim, necə deyərlər, qapıdan qovsalar da pəncərədən girirdim ki, nəsə öyrənim, bilim. İndi 2 gün efirə çıxan cavana nəsə deyirsən, ağzını büzür ki, “mənə ağıl öyrətməsinlər”. Televiziyaya gələndə 20 yaşım yox idi. AzTV-yə gəlib xəbərlər redaksiyasına qəbul edildim. Təsəvvür edin: ölkənin yeganə xəbər kanalına gəlirsən və məsuliyyətli bir sahədə çalışmağa başlayırsan. Mən televiziyanın sütunları sayılan dəyərli insanların yanında çalışmışam və bu özü bir məktəb idi. Televiziyadakı, intriqalara, çirkablara, çətinliklərə baxmayaraq, mən o işi sevmişəm. Bu sənətə sevgim o qədər böyük oldu ki, mən, hətta ailə həyatı qurmağa da gecikdim, bütün fikrim, xəyalım işimlə bağlı idi.

- Türkiyəyə köçəndən sonra Azərbaycan mediası ilə əlaqələriniz tamamilə kəsildi?

- 2012-ci ilin fevral ayında Türkiyə vətəndaşı Tayyar Sayqılı ilə ailə həyatı qurdum. Taleyimi Türkiyə ilə bağladım. Bura mənim övladlarımın vətəni, mənim ikinci vətənimdir. Üçəmlərim Taylan, Kaan və Eylülün təlim-tərbiyəsinə başım elə qarışdı ki, iş barədə düşünməyə zaman tapmırdım. Yeri gəlmişkən, uşaqlarım 5 aylıq olanda “Möhtəşəm yüzyıl” adlı məşhur serialda Şahzadə Səlimin üçəmləri rolunda çəkiliblər. Rejissor film üçün üçəm uşaqlar axtarırmış. Serialı çəkən şirkət müxtəlif doğum evlərinə sorğu göndərib, o cümlədən mənim üçəmlərimin doğulduğu “Acıbadem” klinikasınada. Həkimimiz zəng edib, bizim uşaqların da şəklini göndərmək üçün icazə istədi, biz də razılaşdıq. Seçimlərdə bizim uşaqları bəyəndilər. Çox peşəkar bir komandanın əhatəsində maraqlı bir gün keçirdik. Epizodik obraz idi, bir gün çəkilişlərdə olduq. Həmin gün uşaqlarıma Şahzadə Səlimin şahzadələrinə layiq bir diqqət göstərildi. Uşaqlar indi də bu serialı ərsəyə gətirən şirkətdə qeydiyyatdadırlar, müqavilə bağlamışıq. Reklam filmləri və ya film təklifləri olduqca çəkiləcəklər. Mən uşaqların bu sahəyə maraq göstərmələrinə qarşı deyiləm. Türkiyədə bu sahəyə xüsusi diqqət var. Böyüdükdən sonra isə qərar onların istəklərinə, istedadlarının olub-olmamasına bağlı olacaq.

Uzun illər 3 uşaqla eyni anda məşğul olmaq, əlbəttə gözəl olsa da, asan deyildi. İndi bir qədər böyüyüblər, yəqin ki, artıq mən də öz işimə, sənətimə zaman ayıra biləcəyəm. Azərbaycanla əlaqələrim kəsilmədi. Türkiyədə yaşayan jurnalistlərlə vaxt tapdıqca əlaqə saxlayırıq.

- Esmira xanım, Türkiyədən baxanda Azərbaycan mediasını necə görürsünüz? Heç müqayisə etdinizmi?

- Bizim jurnalistlərin peşəkarlığına söz ola bilməz. Onlara Türkiyədəki qədər şərait yaradılsa, çox gözəl layihələrə imza atarlar. Ən çətin tapşırıqların öhdəsindən böyük məharətlə gələrlər. Bizdə maddi-texniki baza yaradılmadan jurnalistlərdən Avropa standartları tələb olunur və çox zaman suyunu çıxarıb bunu onlardan ala bilirlər. Çünki o potensial, o bilik, o bacarıq bizimkilərdə var.

- Bəs doğma AzTV-ni izləyirsiniz? Yeniliklərdən xəbərdarsınız?

- Düzünü desəm, yerli kanallarımızı çox izləmək imkanım olmur. AzTV-də qrafika, dizayn dəyişib. Efirlərə ancaq gənc və gözə xoş görünən yaraşıqlı aparıcıları çıxarmaq ənənəsi var. Halbuki, bütün dünyada artıq daha təcrübəli, daha bilikli və daha maraqlı informasiya verə biləcək yaşlı nəslə də yer ayırırlar. Məsələn, insan psixologiyası barədə 20 yaşlı gənclə 60 yaşlı yetişkin birinin danışacağı məqamlar axı çox fərqlidir. Bəzi şeylər var ki, onun üçün mütləq yaş və təcrübə tələb olunur. Digər kanallarımıza baxanda hiss edirsən ki, sponsorların gücünə işləyirlər. Bütün televiziyaların bəlli maddi bazası olmalıdır. Daha çox sponsor axtarışındadırlar ki, televiziyanı ayaq üstə saxlaya bilsinlər. Eyni müğənnini, aktyoru eyni vaxtda bir neçə kanalda görüncə göz yorulur. Verilişlərə eyni adamlar dəvət olunurlar, bu kanaldan çıxıb o biri kanala gedirlər. Aparıcılar qonaqlarla ironiya ilə, əzərək danışır. Eqolarını ortaya qoyurlar. Səmimi görünmürlər. Azərbaycan ədəbi dilinin normalarına uyğun olmayan ifadələr işlədilir. Telekanallarımızda belə qüsurlar gözə girir.

- Türkiyədə xeyli sayda peşəkar jurnalistlərimiz yaşayır. Bir araya gəlib hansısa media orqanı qurmaq fikriniz və ya Türkiyə telekanallarında çalışmaq arzunuz olubmu?

- Bəli olub. Biz 2 il öncə toplaşıb belə təkliflə çıxış etdik. Türkiyədə ermənilərin “Aqos” adlı çoxtirajlı qəzeti nəşr olunur. Həm də onlayn formatı var. Dedik bizim də bir qəzetimiz olsun, Diaspora Komitəsinə bu barədə müraciət etdik. Maliyyə ayrılsaydı, biz azərbaycanlı jurnalistlər toplaşıb yüksək səviyyəli iş ortaya qoya bilərdik. Hamımızın həvəsi də var, vətən sevgisi də. Bunu Azərbaycan naminə etmək istəyirik. Dedilər pandemiyadır, gözləyin. Belə-belə yubatdılar. Orada-burada bir-iki konfrans keçirmək, ərzaq yardımı etmək diasporla iş görmək deyil, lobbiçilik fəaliyyətinin ilk təsir aləti, təbliğat maşını mediadır. Hələ də gözləyirik, bu şərait yaradılsa, Türkiyədə yaşayan jurnalistlər Azərbaycan və türk dillərində qəzet çıxara, xəbər agentliyi işlədə bilərlər. O ki qaldı televiziyaya, mən burada Esmira Çərkəzqızı kimi tanınmıram, üzdə deyiləm, sadəcə Esmira Sayqılı var. Ailəsinin xanımı, körpələrinin anası olaraq. Türk dilimi inkişaf etdirdim. Burada xarici dil bilgilərinə və təmiz türk dilində danışılmasına çox üstünlük verilir. Mənim rus dilində danışmağım bu mənada faydalıdır. Üstəlik, vətəndaşlığım da var. Türkiyədə vətəndaşlığı olmayan şəxslərin işə qəbulunda müəyyən problemlər yaranır, işə götürənlər o qədər də həvəslə yanaşmırlar. TRT-də diksiya dərsləri aldım. Bundan əlavə, televiziya təcrübəm olsa da, radio təcrübəm yox idi, Kanal 7-dəradio təcrübəsi qazandım. Telekanallarda işləmək üçün ola bilsin ki, müraciət edəcəyəm. Yalandan deyə bilmərəm, mənə dəvətlər gəldi, mən getmədim. Xeyr. Uşaqlarımın təlim-tərbiyəsi ilə məşğul idim. Azərbaycana isə iş üçün gəlməyim əlverişli deyil. Eşitdiyimə görə, Acun İlıcalı azərbaycanlılarla işləməyə maraq göstərir, fikrim var onun rəhbərlik etdiyi TV8-ə müraciət edim. Hər bir halda, Azərbaycan burada məndən peşəmlə, işimlə bağlı xidmət etməyimi istəsə, canla-başla hazıram.

İlhamə

Paylaş
Baxılıb: 16 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31