Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Dünya su müharibələrinin astanasında...

Dünya su müharibələrinin astanasında...

01.10.2021 [15:54]

Nuhun növbəti tufanı qaçılmaz olacaq

Su ilə işləyən avtomobillər, sudan enerji mənbəyi kimi istifadə edən yeni texnologiyalar, dəniz və okean sularının duzunu təmizləməklə şirin su kimi istifadəsi artıq çoxdan reallığa çevrilib. Və bu reallıq gələcəkdə insanları yeni və çox böyük problemlə üz-üzə qoyacaq. Su qıtlığı problemi barədə artıq uzun illərdir dünya səviyyəsində həyəcan təbilləri çalınır. Yəqin çoxları bir litr benzinlə bir litr suyun demək olar ki, eyni qiymətə satılmasının fərqindədirlər.

Elm adamları xəbərdarlıq edir ki, su ehtiyatlarının azalması milyonlarla insanın köçünə və müharibələrə səbəb ola, eyni zamanda siyasi sabitliyi poza bilər. Dünya Resursları İnstitutunun məlumatına görə, dünya əhalisinin üçdəbiri - təxminən 2,6 milyardı ciddi su çatışmazlığı olan ölkələrdə yaşayır və 17 ölkədə 1,7 milyard insan “həddindən artıq su çatışmazlığı” ilə üzləşir. Dünya ekologiya təşkilatlarının verdiyi məlumata görə, 2025-ci ildə dünya əhalisinin 66%-i su problemindən əziyyət çəkəcək. Yaxın Şərq dünya əhalisinin 5%-nə sahib olmasına baxmayaraq, cəmi 1%-lik su qaynaqlarına sahibdir. Bu statistika özü də təsdiq edir ki, su ehtiyatları üzərində nəzarətin qurulması getdikcə beynəlxalq münaqişələrin səbəbinə çevrilməkdədir.

Proqnozlara görə, yaxın gələcəkdə dünyada terror və narkoticarətlə mübarizədən sonra, su uğrunda mübarizələr də geniş vüsət alacaq.

Tarixə ekskursiya

Tarixdə ilk su müharibəsi Mesopotamiyada 2500 il əvvəl Dəclə və Fərat çaylarının sularından istifadə hüququ uğrunda baş verib. Yəqin ki, ondan sonra da çoxlu lokal müharibələr olub. Su ilə təhdid ötən əsrin əvvəllərindən fərqli mərhələyə qədəm basıb. II Dünya müharibəsində Hitlerin su qıtlığı yaratmaq planı, 1990-1991-ci illərdə Fars Körfəzi Müharibəsi ərəfəsində İraqa verilən suyun miqdarını məhdudlaşdırmaqla Səddam Hüseyn rejiminə təzyiq göstərilməsi, 2003-cü ildə ABŞ-ın İraqda su anbarlarını boşaltması, Cənubi Osetiyada vəziyyət gərginləşərkən Gürcüstanın Sxinvaliyə su verilməsini məhdudlaşdırması kimi hadisələrdən tutmuş bu günümüzə qədər sudan təzyiq aləti kimi istifadə halları mövcud olub. Humanistcə səslənməsə də, deyək ki, düşməni su təchizatından məhrum etməklə qələbəni daha sürətli təmin etmək mümkündür.

Aralarında ziddiyyət olan ölkələrin bir-birilərinin su axınını məhdudlaşdırdığı halları ilə vaxtaşırı rastlaşırıq. Gələcəkdə su mənbələrinin sahibi olmaq uğrunda aparılacaq mübarizələrin hansı səviyyəyə yüksələcəyini proqnozlaşdırmaq da xoş deyil, çünki həyat üçün çox vacib şərt olan su uğrunda müharibələr yaşam, həyatda qalmaq uğrunda müharibə demək olacaq.

Siyasi ekspertlərin fikrincə, artıq bu məsələ ilə bağlı ayrı- ayrı regionlarda müəyyən gərginlik ocaqları yaranıb. Məsələn, Özbəkistan, Tacikistan və Qırğızıstan arasında Sırdərya çayı hövzəsindən istifadə ilə bağlı illərdir mübahisə davam edir. Pekinin su planlarının icrası Qazaxıstanın bir sıra bölgələrinə, Ust-Kamenoqorsk, Semipalatinsk, Pavlodar şəhərlərinə, İrtiş-Qarağan kanalına su axınını əhəmiyyətli dərəcədə azalda və Rusiyanın Omsk bölgəsindəki İrtışın səviyyəsini 60 sm endirə bilər ki, bu da Rusiya və Qazaxıstanın Çinlə potensial münaqişəsindən xəbər verir. Hər zaman su məsələsinin ən böyük problem olduğu Afrika qitəsi və bu qitədə nəhəng güclərin böyük maraqlarını gözardı etmək olmaz. Şirin su ehtiyatlarına görə Arktika və Antarktida uğrunda artıq gizli mübarizələr başlayıb.

Faktlardan belə qənaətə gəlmək olar ki, dünyada su qıtlığının süni şəkildə ekoloji böhran həddinə gətirilməsi və su ehtiyatlarına nəzarət uğrunda mübarizə beynəlxalq münaqişələrdə yeni mərhələni təşkil edəcək. Dünya artıq çoxdan su ehtiyatları kifayət qədər olan və su ehtiyatları tükənən ölkələrə bölünüb.

Hidroböhranlar bizdən yan keçəcəkmi?

Hidroböhran və hidromünaqişələrdən heç bir ölkə sığortalanmadığı kimi biz də sığortalanmamışıq.

Ermənistan-Azərbaycan münaqişəsi başlandığı andan Ermənistanın Azərbaycana qarşı törətdiyi terrorun tərkib hissəsi kimi su amilindən istifadə edilib.

“Azərsu” ASC-nin məlumatına görə, Azərbaycanın şirin su ehtiyatlarının 70-72 faizi ölkə hüdudlarından kənarda formalaşır. Respublikanın əsas su arteriyaları olan Kür və Araz çayları ölkə ərazisinə daxil olana qədər müxtəlif kimyəvi element və birləşmələrlə, üzvi maddələrlə çirklənməyə məruz qalır. Sərhəd xətlərində bu çayların sularında neft məhsulları, fenollar, mis, bismut, titan, manqan və digər elementlər yol verilən qatılıq həddindən artıqdır. Ermənistan ərazisindən Azərbaycana daxil olan Araz çayında çirklənmə dərəcəsi digər çaylardan daha çoxdur. Çay suları respublika ərazisində də müxtəlif mənşəli çirklənmələrə məruz qalır.

Ermənistan illərdir məqsədyönlü şəkildə zəhərli kimyəvi maddələri Oxçuçay, Kür və digər çaylara axıdıb, bizi, daim su hövzələrini partladıb sel və daşqınlar yaratmaqla və yaxud çayların qarşısını kəsib süni quraqlıq törətməklə təhdid edib.

44 günlük müharibədən sonra işğaldan azad edilmiş torpaqlarımız da su ehtiyatları ilə zəngindir.

Suqovuşanın işğaldan azad olunması ərazidə ekoloji tarazlığın bərpa edilməsi ilə yanaşı, uzun illərdən bəri su təminatı çətin olan bu ərazilərə suyun verilməsinə təminat yaradıb. Ümumi həcmi 5,86 milyon kubmetr olan su anbarı vasitəsilə Tərtər, Ağdərə, Goranboy, Yevlax, Bərdə, Ağdam, Ağcabədi rayonlarında suvarma problemi həllini tapacaq. Amma bu, son deyil, qarşıda görüləcək çox iş var.

Son olaraq, bir ay öncə dünyanı səksəkəyə salan bir məlumatı da yada salmaq istəyirik. Bir ay öncə geofizik Yelizaveta Xromova beynəlxalq konfransda çıxışı zamanı dünyada su ehtiyatlarının azalmasına dair elmi sübutlar təqdim edib. Lakin onun dediyinə görə, su ehtiyatlarının azalması Yer kürəsində özünü, ilk növbədə, dəhşətli daşqınlarla göstərəcək. Alim fikrini belə izah edib: “Yerin daxilində su yer səthindəkindən qat-qat çoxdur. İndi Yer planetinin tərkibindəki qaynar qatqıların üstə çıxma prosesi başlayıb. Bu isinmə yerin su ehtiyatlarının buxarlanmasına, azalmasına səbəb olacaq. Biz artıq bu istixana effektini hiss etməyə başlamışıq. Ötən 10 ildə daşqınların səviyyəsinin artması bununla əlaqədar idi. Yer qabığındakı suyun buxarlanmağa başlaması bizə fəlakətli leysanlar və uzun müddət dayanmayan yağmurlar şəklində geri dönəcək. Nuhun növbəti tufanı qaçılmaz olacaq”.

Daha heç nə əvvəlki kimi “su qiymətinə” olmayacaq. Suyun yoxluğu da, çoxluğu da insana baha başa gələcək. İnsan öz əməlləri ilə özünə və təbiətə qənim kəsilməkdədir. Təbiətlə mübarizədən qalib çıxmaq imkansızdır, çünki o bizim yox, biz onun bir parçasıyıq və bu qələbə, əslində insan oğlunun özünü məhv etməsi olacaq. Əgər siyasi ekspertlər və alimlərin bu pessimist, hətta fəlakət qoxuyan proqnozları gerçək olarsa nələr baş verəcək?

İlhamə

Paylaş
Baxılıb: 23 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31