Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Prezident İlham Əliyev: Dağlıq Qarabağ mövcud deyil

Prezident İlham Əliyev: Dağlıq Qarabağ mövcud deyil

02.10.2021 [15:04]

Bizim ərazimizdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları var

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın nüfuzlu EFE informasiya agentliyinə müsahibə verib.

Müsahibə zamanı  ispaniyalı müxbirin “Siz indi baş nazir Paşinyanla birbaşa bir araya gəlməyə hazırsınızmı və əgər cavabınız “bəli”dirsə, bu, nə zaman baş verəcək və hansı formatda?” sualına Prezident İlham Əliyev bu görüşə hər zaman hazır olduğunu və danışıqların hər iki ölkənin  ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında olacağını vurğulayıb: “Həmçinin biz gələcək sülh sazişi üzərində Ermənistanla işləməyə başlamağa hazır olduğumuzu bildirmişik. Bütün bu təşəbbüslər tərəfimdən və digər Azərbaycan rəsmiləri tərəfindən dəfələrlə vurğulanmışdır. Lakin əfsuslar olsun ki, Ermənistan hələ də buna müsbət cavab verməyib. Beləliklə, bizim mövqeyimiz dəyişməz olaraq qalır və bəzi addımlar var, lakin hesab edirəm ki, biz bu il ərzində daha çox irəliləyişə nail ola bilərdik.  Mən bu müzakirələrə açığam və hesab edirəm ki, bu, müharibənin bitdiyinin və həmin səhifənin çevrildiyinin yaxşı göstəricisi ola bilər. Bu, çox vacibdir. Çünki biz hələ də Ermənistan siyasi isteblişmentində revanşizm cəhdlərini nümayiş etdirən bəyanatları, tarixən və beynəlxalq hüquq əsasında bizə məxsus olan əraziləri təkrar ələ keçirmək üçün gələcək planların qurulması cəhdlərini görür və eşidirik. Buna görə, Ermənistan hökumətinin iradəsi, ciddi iradəsi, təkcə sözlər, bəyanatlar yox, əməllər müharibənin bitməsini və bizim sülh dövrünə doğru irəlilədiyimizi nümayiş etdirəcək.”.

 

25 minə yaxın etnik erməni Azərbaycan vətəndaşıdır

Azərbaycan Prezidenti keçmişdə Qağlıq Qarabağdakı erməni əsilli vətəndaşlara qismən muxtariyyət verilməsi ilə bağlı sualı cavablayaraq bildirib ki, son dövrdə Ermənistandan həmin ərazinin statusu ilə bağlı heç bir bəyanat eşitməmişik: “Dağlıq Qarabağ mövcud deyil. Bizim ərazimizdə belə inzibati vahid yoxdur. Bu il iyulun 7-də mən Azərbaycanın iqtisadi zonalarının yeni konfiqurasiyası ilə bağlı Fərman imzaladım. Biz iki iqtisadi zona - Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarını yaratdıq və onlar bütün bu ərazini əhatə edir. Bu gün Rusiya sülhməramlılarının məsuliyyət daşıdığı ərazidə - Qarabağda yaşayan 25 minə yaxın etnik erməni bizim vətəndaşlardır. Onların fərqli dini və ya etnik mənşəyi olan istənilən digər Azərbaycan vətəndaşı kimi eyni hüquqları, imtiyazları və öhdəlikləri olacaq. Qısaca desək, status məsələsinə qayıtmaq mümkün deyil, status yoxdur və hər kəs bu məsələni unutmalıdır”.

“Xoş niyyət nümayiş etdirsələr, biz buna adekvat cavab verəcəyik”

Sərhədlərin delimitasiyası, hərbi əsirlər, minalardan təmizləmə məsələlərinə toxunan Prezident İlham Əliyev bildirib ki, müharibə zamanı saxlanılmış bütün şəxslər müharibə başa çatan kimi tərəfimizdən dərhal qaytarılıb:  “Əslində, biz onları Ermənistan bizim əsirləri qaytarmamış geri vermişik. Ermənistan və bəziləri tərəfindən “müharibə əsirləri” adlandırılan sonra saxlanılmış və artıq həbsdə olanlar bu kateqoriyaya daxil deyillər. Bu adamlar işğaldan azad olunmuş ərazilərə noyabrın sonunda - müharibənin başa çatmasından və Ermənistanın kapitulyasiya aktını imzalamasından iki həftə sonra göndərilənlərdir. Onlar azad etdiyimiz ərazilərdə dekabrın əvvəlində saxlanılıblar. Bunlar 62 nəfərdən ibarət olub və onların bəziləri cinayətlər törədiblər. Onlar bizim hərbçilərimizə hücum edib və dörd nəfəri qətlə yetiriblər. Yəni, bunlar müharibə əsirləri deyil, onlar azərbaycanlı mülki əhaliyə və hərbçilərə hücum etmək məqsədilə göndərilmiş terrorçu və diversiya qrupunun üzvləridir. Buna baxmayaraq, biz bu müddət ərzində onların bəzilərini geri qaytardıq ki, bu da xoş məramın göstəricisi idi. Ermənistan tərəfindən işğal altında olmuş keçmiş ərazilərdə basdırılmış minaların xəritələrinə gəldikdə, burada söhbət yüz minlərlə minadan gedir. İlkin olaraq, minalanmış ərazilərin xəritələri tərəfimizdən tələb edildikdə, Ermənistan hökuməti ən yüksək səviyyədə bəyan edirdi ki, onlarda belə xəritələr yoxdur. Müharibə bitdiyi bir ilə yaxın dövrdə Ermənistanın xəritələri bizə verməməsi nəticəsində mülki vətəndaş və hərbçilərimiz arasında 150 nəfər həlak olmuş və ya ağır yaralanmışdır. Bu yaxınlarda bəzi xəritələr təqdim edilib, lakin həmin xəritələrin dəqiqliyi yalnız 25 faizdir. Beləliklə, bizim tələbimiz ondan ibarətdir ki, Ermənistan bizə dəqiq xəritələr təqdim etsin. Həmin xəritələrdə minalanmış ərazilər yox, - onsuz da onlar hər yerə mina basdırıblar, - minaların dəqiq yerləri göstərilsin. Belə xəritələr onlarda var. Bunu etsələr, xoş niyyət nümayiş etdirsələr, biz buna adekvat cavab verəcəyik”.

Azərbaycan Avropa İttifaqının niyyətini dəstəkləyir

Avropa İttifaqının minaların təmizlənməsi və sərhədlərin delimitasiyasında yardım göstərmə təklif ilə bağlı sualla bağlı Prezident İlham Əliyev  Avropa İttifaqının bu niyyətinin Azərbaycan tərəfindən dəstəkləndiyini vurğulayıb və əlavə edib ki, Ermənistan məsələdə tərəddüd nümayiş etdirir: “Ermənistan Avropa İttifaqının təklifini qəbul edib-etməyəcəyi ilə bağlı qərar verməyib. Biz, həmçinin Avropa İttifaqı ilə iqtisadi yardım məsələsi ətrafında müzakirələr aparırıq. Bizə məlumdur ki, Avropa İttifaqı Ermənistan üçün 2.6 milyard avro həcmində iqtisadi yardım paketinin hazırlanması prosesindədir. Bu proses artıq başa çatmış da ola bilər. Əlbəttə, bizim gözləntimiz ondan ibarətdir ki, həmin həcmdə məbləğ eyni şərtlərlə Azərbaycana da təklif edilsin. İstər qrant, istərsə də kredit – burada bərabərlik olmalıdır. Çünki işğaldan əziyyət çəkmiş olan ölkə bizik. Bizim 10 min kvadratkilometr sahəyə malik olan, tamamilə dağıdılmış ərazimiz, yüzlərlə şəhər və kəndlərimiz var. Bu səbəbdən biz, əlbəttə ki, həmin iqtisadi yardım paketinin qeyri-balanslı olmasına dair öz narahatlığımızı ifadə etdik. Hazırda biz Avropa İttifaqı ilə təmaslarımızı davam etdiririk və onlardan bizə iqtisadi dəstəklə əlaqədar təklif gözləyirik. Avropa İttifaqı çox iş görə bilər. Biz bu imkanlardan istifadə etməyə hazırıq və Avropa İttifaqına dürüst vasitəçi kimi etibar edirik”.

Bu ilin sonu kənd ilk sakinlərini qəbul edə bilər

Mülki əhalinin işğaldan azad olunmuş ərazilərə nə zaman qayıdacağı məsələsinə gəlincə isə Prezident bildirib ki, ərazilər minalardan təmizlənməyincə biz insanları geri qaytara, həyatlarını təhlükə altında qoya bilmərik: “Dəfələrlə dediyim kimi, bu işdə bizim əsas rəqibimiz zamandır. Biz minalardan təmizləmə işini özümüz həyata keçiririk. Biz Minatəmizləmə Agentliyimizin heyətini artırmışıq. Bu prosesdə iştirak edən hərbçilərimizin də sayı artırılıb. Lakin bu, vaxt tələb edir. Bununla belə, minaları təmizlədiyimiz yerlərə gəldikdə, biz mülki əhali üçün artıq qəsəbələri, şəhərləri və kəndləri tikməyə başlamışıq”. Azərbaycan dövləti tərəfindən artıq bir neçə ay əvvəl pilot layihə olaraq kəndlərdən birinə sərmayə qoymağa başlandığını deyən Prezident İlham Əliyev bu ilin sonuna və ya gələn ilin əvvəlinə həmin kəndin ilk sakinləri qəbul edə biləcəyi ilə bağlı proqnozu açıqladı. Qeyd edək ki, azad olunmuş ərazilərin yenidən qurulmasına yalnız bu il üçün 1 milyard 300 milyon dollar həcmində vəsait ayrılıb.

Ermənistan “3+3” platformasına qeyri- konstruktiv yanaşır

Müsahibə zamanı Prezident qardaş Türkiyənin dəstəyini vurğulayaraq, bildirdi ki, müharibə bitdikdən sonra Türkiyə, o cümlədən Rusiya gələcək regional inkişafda və sabitlikdə çox mühüm rol oynayırlar: “Bildiyiniz kimi, Rusiya və Türkiyə Qarabağ bölgəsinin Ağdam rayonunda birgə monitorinq mərkəzini yaradıblar. Eyni zamanda, Rusiyanın sülhməramlıları erməni əhalinin yaşadığı yerlərdə sülhün mühafizəsi tədbirlərini görürlər. Beləliklə, artıq yeni reallıqlar yaranıb. Hər bir ölkə həmin reallıqları nəzərə almalıdır. Azərbaycan ilə Ermənistan arasında güclər balansı hələ xeyli il bundan əvvəl dəyişdi. Biz öz potensialımızı, Ermənistanın potensialını bilirdik. Ola bilsin, erməni hökuməti Azərbaycan qarşısında şanssız olduğunu, əraziləri dinc yolla boşaltmadığı təqdirdə ciddi çətinliklərlə üzləşəcəyini real şəkildə qiymətləndirə bilmədi. Düşünürəm ki, bu gün Türkiyə və Rusiya Azərbaycanın iki qonşusu kimi, – yeri gəlmişkən, onlardan biri Ermənistanın qonşusudur, – sabitlik, təhlükəsizlik və gələcək inkişaf sahəsində çox mühüm rol oynayırlar. Yəqin bilirsiniz, bu yaxınlarda iki ölkə prezidentlərinin görüşü oldu. Digər məsələlərlə yanaşı, onlar Ermənistanla Azərbaycan arasında vəziyyəti müzakirə etdilər. Biz hər iki ölkənin rolunu çox müsbət, sabitləşdirici rol kimi dəyərləndiririk. Fikrimcə, bu, yeni regional əməkdaşlıq düsturunun özəyini təşkil edir”.

Azərbaycanın “3+3” regional əməkdaşlıq platformasına dair Türkiyə Prezidentinin təklifini dəstəklədiyini söyləyən dövlətimizin rəhbəri  bu məsələdə də Ermənistanın qeyri-konstruk mövqe sərgilədiyini vurgüladı: “Təkcə Azərbaycanın güclü təşviq etdiyi kommunikasiyaların açılması sayəsində biz region ölkələri arasında dərhal ticarət dövriyyəsini artıra, on minlərlə iş yeri aça bilərik. Bu, yalnız kommunikasiyaların açılması sayəsində olacaq. Bununla belə, qarşılıqlı ticarəti gücləndirsək, müsbət dinamikaya diqqət yetirsək, regionumuz gərginlik məkanından sabitlik və sülh regionuna çevriləcək”.

Qaz ixracının gələcək hədəfləri

Müxbirin Azərbaycandan Avropaya  qaz idxalının artılılıb, artırılmayacağı ilə bağlı sualını isə Prezident İlham Əliyev “Biz Avropa istehlakçılarına göndərdiyimiz qazı artıq müqavilə əsasında satmışıq. Buna görə, əgər Avropa istehlakçılarından əlavə tələbat olarsa, biz danışıqlara başlamalıyıq, çünki siz əvvəlcə qazı satmalısınız, sonra onu hasil etməlisiniz. Adətən qaz biznesində fəaliyyətin ardıcıllığı belədir. Azərbaycanda təbii qazın təsdiq edilmiş ehtiyatları 2.6 trilyon kubmetrdir. Belə həcm öz istehlakımız və ixrac üçün ən azı 100 ilə kifayət edər. Hazırda yeni yataqların kəşf edilməsi mərhələsindəyik. Azərbaycanın neft və qaz sektoruna böyük enerji şirkətləri arasında maraq artır. Biz həcmi və hasilatı artıra bilərik, lakin bunun üçün hazırda danışıqlara başlamalıyıq və yeni müqavilələri imzalamalıyıq. Sonra isə, daha çox hasilata sərmayə yatıracağıq”.

Prezident İlham Əliyev qaz ixracının gələcək illərlə bağlı hədəflərini də açıqladı: “Gələcəkdə biz təchizatımızın coğrafiyasını Avropada Balkanlara və Şərqi Avropanın bir sıra digər ölkələrinə qədər genişləndirə bilərik. Bu, istehlakçılar və bizim üçün, o cümlədən şirkətlər və hər kəs üçün enerji təhlükəsizliyi baxımından yaxşı olardı”.

Paylaş
Baxılıb: 127 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31