Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Vətəndaş cəmiyyətinin formalaşmasında qeyri-hökumət təşkilatlarının rolu

Vətəndaş cəmiyyətinin formalaşmasında qeyri-hökumət təşkilatlarının rolu

05.10.2021 [17:29]

Məhsəti Hüseynova: Bir dövlətin güclü olması həm də vətəndaş cəmiyyəti institutlarının azad, səmərəli və şəffaf fəaliyyətinin təmin edilməsindən asılıdır

 

Yaşadığımız XXI əsrdə vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu dünya ölkələrində insan haqları, demokratiya, söz azadlığı inkişafın əldə edilməsi üçün əsas sütunlardan hesab olunur. Azərbaycanda vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu sahəsində əldə edilən nailiyyətlər isə Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Belə ki, son illərdə Azərbaycan dövləti insan hüquq və azadlıqlarının təmin olunması, vətəndaş cəmiyyətinin formalaşdırılması, daha da təkmilləşdirilməsi istiqamətində ciddi addımlar atıb və müsbət nəticələr əldə edib.

Onu da vurğulamaq yerinə düşər ki, hüquqi dövlət anlayışının əsas komponentlərindən sayılan vətəndaş cəmiyyəti quruculuğu ölkəmizdə mühüm tarixi inkişaf yolu keçib. Belə ki, ictimai sektorun inkişafı üçün zəruri hesab olunan məqsəd və prioritetlər düzgün müəyyənləşdirilib, eyni zamanda, bu sahədə beynəlxalq təcrübə diqqətlə öyrənilərək tətbiq edilməkdədir.

Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu sahəsində qazanılan uğurlara münasibət bildirən “Gənclərin Töhfəsi” İctimai Birliyinin icraçı direktoru Məhsəti Hüseynovanın sözlərinə görə, ölkəmizdə vətəndaş cəmiyyətinin formalaşmasında və onun dayanıqlı inkişafında ictimai qurumların, o cümlədən qeyri-hökumət təşkilatlarının (QHT) rolu danılmazdır: “Belə ki, müasir dövrdə dünya ölkələrində hər bir sahədə qeyri-hökumət təşkilatlarının fəaliyyətini görmək mümkündür. Bir çox dövlətlər cəmiyyətdəki problemlərin QHT-lərin dəstəyi və birbaşa iştirakı ilə həll etməyin zəruriliyini başa düşür. Ona görə ki, bir dövlətin güclü olması həm də vətəndaş cəmiyyəti institutlarının azad, səmərəli və şəffaf fəaliyyətinin təmin edilməsindən asılıdır. Ölkəmizdə də bu istiqamətdə bir sıra mühüm addımlar atılır. Azərbaycan dövləti QHT-lərə sadəcə bir tərəfdaş kimi deyil, onlara vətəndaşları birləşdirən kütləvi təşkilatlar kimi baxır. Çünki sağlam vətəndaş cəmiyyətinin formalaşması dayanıqlı sabitliyin əldə edilməsi, vətəndaşların təhlükəsizliyinin, sosial ədalətin, hüququn aliliyinin təmin olunması deməkdir”.

Ölkə qanunvericiliyində vətəndaş cəmiyyətinin quruculuğu və QHT-lərin fəaliyyətinin təminatı məsələlərinə də toxunan M.Hüseynova deyib ki, Azərbaycanda bütün vətəndaşlara sərbəst qaydada öz həmfikirləri ilə müvafiq qanunvericiliyə uyğun qaydada birləşmək hüququ verilib: “Məlum olduğu kimi, 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edilib. Konstitusiyanın 58-ci maddəsi hər kəsin başqaları ilə birləşmək, istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı, digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququnu təsbit etməklə yanaşı, bu birliklərin sərbəst fəaliyyətinə tam təminat verir. Bu, QHT-lərin, vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti üçün hüquqi baza yaradır. Eyni zamanda, 13 iyun 2000-ci ildə Azərbaycan Prezidenti, Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə qəbul edilən “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanun isə qeyri-hökumət təşkilatları ilə bağlı bir çox məsələlərə aydınlıq gətirir. Qeyd edim ki, həmin Qanun ölkəmizdə bu sahədə ilk qanunverici akt olmaqla yanaşı, o dövrdə MDB məkanında qəbul olunan ilk proqressiv qanun idi”.

“Bununla belə, fikrimcə, sözügedən Qanuna müasir dövrün tələblərinə uyğun olaraq, əlavə və dəyişikliklərin edilməsinə ehtiyac var. Belə ki, 2014-cü ildən QHT-lərin xarici donorlardan maliyyələşdirilməsi ilə bağlı prosedurların çətinləşdirilməsi QHT-lərin inkişafına mane olan əsas faktorlardan biridir. Düzdür, Azərbaycanın milli təhlükəsizliyi ilə bağlı məsələ olduğundan bunu anlayışla qarşılamaq olar. Bir çox ictimai təşkilatların qeyri-leqal yollardan maliyyələşdiyinə dair vaxtaşırı mediada da məlumatlar dərc olunur. Amma leqal şəraitdə Azərbaycan QHT-lərinin maliyyələşdirilməsi üçün geniş imkanlar yaratmaq olar. Digər tərəfdən, ölkəmizdə fəaliyyət göstərən bütün ictimai təşkilatlar bizdə qeyri-hökumət təşkilatı adlanır. Ancaq beynəlxalq təcrübədə təsnifat fərqlidir. Bizdə də bu şəkildə təsnifatlandırmanın olması arzuolunandır”,- deyə M.Hüseynova bildirib. 

Ölkəmizdə vətəndaş cəmiyyətinin indiki vəziyyətini də qiymətləndirən QHT rəhbəri deyib ki, vətəndaş cəmiyyətinin inkişafına yerli və beynəlxalq donorların, özəl sektorun dəstəyi böyük əhəmiyyətə malikdir: “Ölkəmizdə bu sektora kömək edən milli donorların az olması, mövcud olan bir sıra donorların yalnız “şəxsi münasibət” kontekstində dəstək göstərməsi, özəl sektorun korporativ sosial məsuliyyətini tam dərk etməməsi, yalnız gəlir əldə etmək düşüncəsi vətəndaş cəmiyyətinin inkişafına bir sıra maneələr törədir. Üstəlik, bütün dünyanı öz cənginə almış pandemiya vətəndaş cəmiyyətinin vəziyyətini daha da ağırlaşdırıb”.

QHT-lərə dövlət dəstəyinin vəziyyətinə gəlincə, M.Hüseynova bildirib ki, dünya təcrübəsində vətəndaş cəmiyyəti institutlarının maliyyələşdirilməsinin müxtəlif formaları mövcuddur: “Müəyyən təşəbbüslər, təkliflər olsa da, 2007-ci ilədək ölkəmizdə QHT-lərin maliyyələşdirilməsi mexanizmi işlənib hazırlanmamışdı. 2007-ci ildə Prezident İlham Əliyev QHT-lərə dəstək konsepsiyasını təsdiqlədi və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması ilə bağlı fərman imzaladı. 2008-ci ildən etibarən Şura üzvləri təsdiq edildi və fəaliyyətə başladı. Ötən 13 il ərzində Şura cəmiyyət üçün aktual olan istiqamətlərdə QHT-lərin müxtəlifyönlü layihələrinin, təşəbbüslərinin dəstəklənməsi üçün vəsait ayırıb. Həmçinin bu istiqamətdə Azərbaycan Gənclər Fondunun fəaliyyətini, Təhsil Nazirliyinin və digər qurumların qrant müsabiqələrini və QHT-lərə dəstəyini sadalamaq olar. Yeri gəlmişkən, qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə cari ilin 19 aprel tarixində dövlət başçısı tərəfindən imzalanan müvafiq Fərmana əsasən, “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi” publik hüquqi şəxs yaradılıb. Cənab Prezidentin bu addımı ilə həmin sahədə yeni-yeni uğurların əldə ediləcəyinə şübhə yoxdur”.

QHT sədri Vətən müharibəsi dövründə vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə də diqqət çəkərək, onu yüksək qiymətləndirib: “44 günlük müharibə dövründə Ordumuz düşmənlə ön cəbhədə, QHT-lərimiz isə arxa cəbhədə mübarizəsini davam etdirdi. Ölkəmizdə fəaliyyət göstərən bütün QHT-lər Ali Baş Komandana dəstək bəyanatı qəbul etdi. Eyni zamanda, düşmən tərəfin informasiya cəbhəsində təxribatlarının qarşısı mütəşəkkil və operativ şəkildə alındı. Həmçinin QHT-lər hərbi hospitallarda müalicə alan yaralılarımıza dəstək sərgilədilər, öz imkanları daxilində əsgərlərimizə müxtəlif yardımlar etdilər. Nəticə etibarilə də mübarizəmiz hər iki cəbhədə Zəfərlə nəticələndi”.

M.Hüseynova sonda onu da əlavə edib ki, “Gənclərin Töhfəsi” İctimai Birliyi Qələbənin birinci ildönümünə həsr olunmuş “Zəfərə doğru addımla” layihəsinin icrasına başlayıb. Oktyabrın 1-də start verilən layihənin məqsədi 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun hərb meydanında yazdığı qəhrəmanlıq dastanını yeniyetmə və gənc nəsil arasında təbliğ etməkdir.

Qaşqay ZİYƏDDİNOĞLU

Paylaş
Baxılıb: 136 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31