Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Tolerantlıq mənəvi sərvətimizdir

Tolerantlıq mənəvi sərvətimizdir

06.10.2021 [15:30]

Azərbaycan müxtəlif xalqların mehriban şəraitdə yaşadığı məkandır

Azərbaycan dünyada tolerantlığın və multikulturalizmin mərkəzlərindən biri hesab olunur. Tolerantlıq nümunəsi olan Azərbaycanda multikultural dəyərlərə və ənənələrə daim həssaslıqla, hörmətlə yanaşılır. Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan, eyni zamanda, millətlərarası və dinlərarası münasibətlərin inkişaf etdirilməsi baxımından da nümunəvi ölkə kimi xarakterizə olunur. Bu da səbəbsiz deyil. Belə ki, ölkəmizdə milli və dini müxtəliflik bəzi dövlətlərdən fərqli olaraq insanlar arasında fərq yaradan amil kimi deyil, əksinə, tolerantlıq mühitinin əsas komponentləri olaraq çıxış edir. Daha dəqiq desək, bu amil birləşdirici funksiya daşıyır.

Azərbaycanda müxtəlif xalqlara məxsus olan tarixi-dini abidələrin qorunması da məhz tolerantlıq ənənələrimizdən xəbər verir. Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 3-də Tərtər rayonunun Talış kəndinə səfəri zamanı ermənilər tərəfindən dağıdılmış alban-udi kilsəsində də olub. Dövlətimizin başçısı bildirib ki, Azərbaycanda bütün dini abidələr dövlət tərəfindən qorunur: “Bütün dini konfessiyaların abidələri bundan sonra da qorunacaqdır. Biz, bu qədim alban kilsəsini də bərpa edəcəyik”.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Kamilə Əliyeva qəzetimizə açıqlamasında bildirib ki, hazırda Azərbaycan cəmiyyətində müxtəlif xalqların nümayəndələrinin vahid ailədə dinc və yanaşı yaşamaları ölkəmizin əsas mənəvi sərvətlərindən biridir. O, millət vəkili kimi təmsil etdiyi Zaqatala-Balakən zonasında da müxtəlif xalqların mehriban şəraitdə yaşadığını, onlara məxsus abidələrin dövlət səviyyəsində qorunduğunu diqqətə çatdırıb: “Azərbaycandakı möhkəm multikultural əsaslara malik olan tolerant mühit müasir inkişafın əsas göstəricilərindəndir. Bütün bunlara görə Azərbaycan Prezidenti İlham Əliyev haqlı olaraq multikulturalizmi ölkəmizdə “normal həyat tərzi” kimi yüksək qiymətləndirir və həmin istiqamətdə inkişafa dövlət səviyyəsində böyük dəstək verir. Bu mənada, Azərbaycan Respublikasında müasir dövrdə multikulturalizmə münasibətdə mövcud həyatın reallıqları ilə aparılan məqsədyönlü dövlət siyasəti bir-birini tamamlayır. Əsası Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq ideologiyası özündə ölkədəki bütün xalqların və etnik qrupların birliyini və həmrəyliyini ehtiva edir. Ulu Öndər Heydər Əliyevin “Hamımızın bir vətəni var. Bu, Azərbaycandır” fikri ölkəmizdə birlik və həmrəyliyin, millətlərarası münasibətlərin əsasında dayanır. Ölkədə yaşayan bütün xalqları onların hamısının eyni dərəcədə inandığı və hörmət etdiyi vahid ideologiya - azərbaycançılıq ideologiyası ətrafında birləşdirmək müstəqil Azərbaycan dövlətinin mühüm nailiyyətidir. Bu müdrik siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yaradıcılıqla və ardıcıllıqla davam etdirilir”.

Millət vəkilinin sözlərinə görə, Azərbaycandakı sabit və dinamik həyat, inkişaf edən cəmiyyət həmin siyasətin konkret əməli nəticəsidir. Prezident İlham Əliyevin 2016-cı ili “Multikulturalizm İli” elan etməsi və il ərzində bu istiqamətdə həyata keçirilən məqsədyönlü siyasi-ideoloji və ədəbi-mədəni tədbirlər Azərbaycan Respublikasında multikultural dəyərlərin daha da inkişaf etdirilməsinə və tolerantlıq mühitinin möhkəmləndirilməsinə xidmət edir.

“Təəssüf ki, dünyanın ayrı-ayrı ölkələrində multikulturalizmə münasibətdə ikili standartlar əsasında yanaşmalar mövcuddur. Bir sıra ölkələrdə müşahidə olunan dini və milli ayrı-seçkilik cəmiyyətdə qarşıdurmalara, hətta terrorizmə şərait yaradır. Nədənsə, bəzi ölkələrdə millətlər və dinlər arasında dialoq qurmaq əvəzinə ziddiyyət yaratmağa doğru addımlar atılır. Bundan isə təkcə həmin ölkələr yox, digər xalqlar da əziyyət çəkməli olurlar. Multikulturalizm və tolerantlığın arxa plana keçirildiyi ölkələrdə baş verən faciəli hadisələrin bir çoxunun kökündə milli və dini zəmindəki ayrı-seçkiliyin dayandığını görməmək mümkün deyil. Bir çox hallarda belə acı aqibətə malik olan hadisələrin açıq və ya örtülü şəkildə dəstəklənməsi də qəbuledilməzdir. Antimultikultural mühit ikili siyasətdə, fərqli münasibətlərdə aşkar müşahidə olunsa da, ədəbiyyat və incəsənət əsərlərində bu dalğanın əks-sədası ümumdünya miqyasına çıxacaq səviyyədə deyil. Terrorizmin, əzablı yollardan keçən miqrasiya axınlarının, qarşıdurmaların hərbi-siyasi, ictimai-iqtisadi, sosioloji-kultural dərinliklərini tam mənası ilə əks etdirib ümumiləşdirən, bu böyük fəlakətdən bəşəriyyəti xilas etməyin proqnozlarını verən elmi əsərlərə də ciddi ehtiyac var. Bundan başqa, zaman multikulturalizm və tolerantlığın cəmiyyətdəki əhəmiyyətini, üstünlüklərini real şəkildə açıb göstərən elmi və bədii əsərləri də meydana çıxarmalıdır. Multikulturalizmə qarşı olan etinasız münasibətin ağrısını yaşayan xalqlar baş vermiş hadisələrdən obyektiv nəticə çıxarmalı, birgəyaşayışın və dialoqun təmin edilməsi üçün qətiyyətli addımlar atmalıdırlar. Həmrəyliyə və dialoqa çağırış böyük ədəbiyyatın da, müasir elmin də ən mühüm vəzifələrindəndir”, - deyə deputat söyləyib.

K.Əliyeva vurğulayıb ki, müasir dövrdə Azərbaycan Respublikası dünyada mədəniyyətlər və dinlərarası münasibətlərin dialoquna və harmoniyasına ən bariz nümunədir: “BMT-nin Sivilizasiyalararası Alyansının VII Qlobal Forumunun 2016-cı il 29-30 aprel tarixlərində Bakı şəhərində keçirilməsi Azərbaycan Respublikasının həmin istiqamətdə dünyadakı ən örnək dövlətlərdən biri olduğunu təsdiq edir. Ölkəmizdə bu istiqamətdə ardıcıl olaraq keçirilən beynəlxalq səviyyəli mədəniyyət tədbirləri, aparılan müzakirələr, çıxarılan nəticələr qlobal və regional miqyasda yeni inkişafa təkan verəcək ideyaların daha da genişlənməsinə böyük töhfələr verir.

Multikulturalizm yalnız mədəniyyətlərarası dialoqun deyil, eyni zamanda, qarşılıqlı əlaqələrin də böyük potensiala və geniş imkanlara malik olduğunu göstərir. Azərbaycan Respublikası cəmiyyətin inkişaf etdirilməsi və daha da möhkəmləndirilməsi üçün multikulturalizm istiqamətində Prezident İlham Əliyevin məqsədyönlü şəkildə müəyyənləşdirdiyi yolla gedərək dünyaya müasir inkişafın yeni-yeni nümunələrini göstərir”.

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır

Nardar BAYRAMLI

Paylaş
Baxılıb: 33 dəfə

Xəbər lenti

Hamısına bax

Yolumuz mübarək!

28 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31