Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Seçki keçirilsə, İlham Əliyev ən iddialı müxalifət liderindən ən azı 10 dəfə çox səs toplayar

Seçki keçirilsə, İlham Əliyev ən iddialı müxalifət liderindən ən azı 10 dəfə çox səs toplayar

07.10.2021 [10:08]

Müsavatçılar arasında seçki keçirilsə, İlham Əliyev böyük hesabla qalib gələr

 

Türkiyənin başının üstündə Damokl qılıncı kimi asılmış  100 illik “erməni məsələsi” də tarixin arxivinə atıldı

 

Əvvəlki iki binada mənə ev verilməsini təklif edənlər olub, ancaq Əli Həsənov buna imkan verməyib

 

Arif Hacılıda liderlik xüsusiyyətləri son dərəcə aşağıdır

 Bugünkü müsahibimiz mühacirətdə yaşayan soydaşımız, tanınmış jurnalist Elbəyi Həsənlidir.O uzun müddətdir İsveçrədə yaşayır.Elbəyi Həsənli illər öncə "Müsavat" Partiyasının ön sıralarında olub.Lakin partiyanın adının saxta siyasi mühacir sənədlərinin hazırlanması qalmaqalında hallanmasıyla Elbəyi Həsənli ilə partiya rəhbərliyi arasında ixtilaf yarandı. Bu gün həmkarımızla həm olub keçənlərdən danışırıq, həm də onun bugünkü Azərbaycan barədə düşüncələrini öyrənirik.

 

-Zəngilanlısınız. Ata-baba yurdunuzu gedib görmək həsrəti varmı? Qürbətdə yaşayan övladlarınız vətən sevgisindən uzaq düşməyib ki?

- 5 yaşıma kimi Zəngilanın Babaylı kəndində yaşamışam. Sonra Bakıya köçmüşük. Arada-sırada doğma kəndimi ziyarət etmişəm. Deyim ki, mənim xanımım da Babaylı kəndindəndir. O, Tibb Universitetinə daxil olana qədər Zəngilanda yaşayıb. Bu yaxınlarda bizim kəndin bir neçə sakini Babaylıda olub. Sosial şəbəkə üzərindən xaraba qalmış kəndimizin görüntülərini yayıb. Xanımım o kadrlara baxıb hönkür-hönkür ağlayırdı. Elə mənə də pis təsir etdi. Təsəvvür edin ki, evlərin özülünü də söküb aparıblar. Xanımım deyir ki, o kəndin hər qarşında mənim xatirələrim yaşayır. İsveçrədə ömür sürsək də, doğma kəndimizdə ev tikmək fikrindəyik. Qarabağın bərəkətli torpaqlarında bizim də bir yurdumuz olsun.

Təbii, bir azərbaycanlı kimi, xüsusən bir qarabağlı kimi mən II Qarabağ Müharibəsini möhtəşəm qələbə ilə başa vuran müzəffər Ali Baş komandana-cənab İlham Əliyevə minnətdaram. O, xalqımızın xəyal edə biləcəyindən daha üstün komandan oldu. Düşmənin alçaldıb təhqir etdiyi xalqımıza qurur hissi yaşatdı. Erməni faşizmini darmadağın etdi. Onu da vurğulamaq gərəkir ki, bu qələbə ilə həm də qardaş Türkiyənin başının üstündə Damokl qılıncı kimi asılmış  “erməni məsələsi” də tarixin arxivinə atıldı.

Uşaqların vətən sevgisi isə xüsusi bir mövzudur. Nə qədər qəribə də olsa, qürbətdə yaşayan, hətta doğulan uşaqlar öz vətənlərini daha çox sevirlər. İsveçrədə doğulmuş bir azərbaycanlı gənc var. Neçə ildir ki, Bakıya köçüb. Orada yaşayır, təhsil alır, işləyir. Yəni, Azərbaycanın qaynar həyatını İsveçrənin rahatlığından üstün tutan gənclərimiz də var. Elə mən özüm də Bakıya qayıtmaq, yenidən “Yeni Müsavat” qəzetində çalışmaq istəyirəm.Jurnalist olaraq ingilis və alman dillərini bilməyim mənə müəyyən üstünlük verir. Qərb mediası ilə işləməyi xoşlayıram. Bakıda isə evim yoxdur. Bu məsələ ilə bağlı cənab prezidentə müraciət etmişəm. Deyim ki, əvvəlki iki binada mənə ev verilməsini təklif edənlər olub. Sağ olsunlar. Ancaq Əli Həsənov buna imkan verməyib. Bu təşəbbüsün qarşısına sədd çəkib. Rauf Arifoğlunun mənə verdiyi məlumata görə, bu məsələ ilə bağlı artıq cənab prezidentə məruzə olunub. Təəssüf ki, jurnalistlər üçün nəzərdə tutulmuş üçüncü bina ilə bağlı müəyyən problem yarandı. Ancaq əminəm ki, o bina jurnalistlər arasında bölüşdürüləcək. Ümid edirəm ki, cənab prezidentə müraciətimə də müsbət cavab veriləcək.

 

-  Sizi “Yeni Müsavat” yazarı olaraq tanımışıq, bu gün necə, yazdıqlarınızın istiqaməti dəyişməyib ki?

-   Jurnalistikaya gələndən yalnız “Yeni Müsavat” qəzetində çalışmışam. Mənim jurnalist kimi formalaşmağımda “Yeni Müsavat” məktəbinin xüsusi rolu var.

Sirr deyil ki, “Yeni Müsavat” qəzeti uzun müddət Azərbaycanın əsas müxalifət qəzeti olub. O vaxt mərhum Heydər Əliyevdən tutmuş sıravi məmura qədər hər kəs “Yeni Müsavat”ı oxuyurdu. Bir faktı deyim: Anam rəhmətə getmişdi. Bir də gördüm ki, xalq şairi Nəbi Xəzri yas yerinə gəlib. Mən ondan bir neçə ay əvvəl müsahibə götürmüşdüm. Düzü, narahat oldum. Çünki o, yaşa dolmuşdu. Yeriyəndə çətinlik çəkirdi. Buna baxmayaraq yas yerinə gəlmişdi... Bir müddət sonra şair mənə dedi ki, sənə verdiyim silsilə müsahibəni Heydər Əliyev oxuyub. Göstəriş verib ki, Nəbi Xəzrinin əsərlərinin təkrar çap edin. Bu dünyada qoyub gedəcəyim o kitablara baxanda mütəəssir oluram. O müsahibə olmasaydı, bu kitablar da olmayacaqdı. Ona görə də nə qədər çətin olsa da ananın yas yerinə gəlməyi özümə bir borc bildim...

 Xeyli müddətdir ki, “Yeni Müsavat” öz siyasi yönümünü dəyişib. İndi daha çox mövcud reallıqlara söykənərək mərkəzçi mövqedə dayanır. Xüsusən, 44 günlük müharibə günlərində və ondan sonra iqtidarın yeritdiyi siyasətin müdafiəsi və təbliği üçün ciddi addımlar atıb. Rauf Arifoğlu Azərbaycan jurnalistikasının nəhənglərindən biridir. Onun gördüyü işlər ən yüksək səviyyədə təqdir olunur. Təbii ki, keçmiş müxalifətçi dostları buna görə onu ən kəskin ifadələrlə ittiham edirlər. Deyirlər ki, Rauf Arifoğlu tüfəngini götürüb İlham Əliyevin tərəfinə keçdi. Mən isə onun bu mövqe dəyişikliyini anlayışla qarşılayıram. Hesab edirəm ki, son illərdə, xüsusən möhtəşəm Qarabağ Zəfərindən sonra Azərbaycanda çox şey dəyişib. Bu dəyişiklikləri nəzərə almamaq, yanlış olardı.

 

-Bir vaxtlar “Müsavat”ı kimlərinsə dağıtdığını deyirdiniz. Həmin kəs (kəslər) haqqında fikirləriniz bu gün də aktualdırmı?

 - Uzun müddət Müsavat Partiyası Azərbaycanda ana müxalifət partiyası kimi tanınıb. Ancaq partiyada keçirilən başqan seçkisindən sonra Müsavat Partiyası tənəzzül mərhələsinə keçdi. O proses indi də davam edir. O da həqiqətdir ki, artıq Müsavat Partiyası müxalifətdə tutduğu yüksəkliyi də əldən verib. Müsavat Partiyasında baş vermiş “vəsiqə alveri” isə böyük bir biabırçılıqdır. Mən bu barədə çox yazmışam. Daha yazmıram və bu barədə heç danışmıram da. Məhz həmin yazılara görə Sürixdən Bakıya gələndə məni Hava Limanında saxladılar. Məlum oldu ki, Müsavat Partiyası məni məhkəməyə verib. Məhkəmə hökmü ilə saxlanılmışam. Müsavat Partiyası üzr istəməyimi tələb edirdi. Üzr istəməli oldum. Ancaq bu, həqiqəti dəyişmir ki.  Müsavat Partiyası həm də belə şeylərə görə öz nüfuzunu itirdi... Xeyli müddətdir ki, AXCP-Milli Şura tandemi müxalifətin əsas güc mərkəzi kimi ortadadır. Ancaq bu mərkəz də YAP iqtidarına qarşı uğurlu siyasət həyata keçirə bilmir. 44 günlük müharibəyə qədərki dövrdə də AXCP-Milli Şura tandemi əməli bir iş görə bilmədi. Aydındır ki, erməni faşizmi üzərində möhtəşəm qələbənin memarı olan İlham Əliyevə müxalifətin bundan sonra qalib gəlməsi heç nəzəri baxımdan da mümkün deyil. 2025-ci ilə qədər İlham Əliyev qanunla Azərbaycanın Prezidentidir. Ağlı başında olan hər kəs yaxşı bilir ki, hazırda Azərbaycanda İlham Əliyevdən legitim şəxs yoxdur. Hazırda seçki keçirilsə, İlham Əliyev ən iddialı müxalifət liderindən ən azı 10 dəfə çox səs toplayar. Ümumiyyətlə, müxalifətin iqtidara gəlmək şansı yoxdur. Özlərində də ağıl olsa, heç prezident seçkisində İlham Əliyevlə yarışmaq fikrinə düşməzlər. Bütün dünyada bu, belə olub. Müharibəni udan lider sona qədər iqtidarda qalıb. Atatürk nümunəsi ortadadır. Düzdür, müxalifət özünə təsəlli vermək üçün xatırladır ki, Böyük Britaniyanın baş naziri Vinston Çörçill II Dünya Müharibəsindən sonrakı seçkiləri uduzdu. Müharibədən qalib çıxan lider müxalifətə keçdi. Ancaq bizim müxalifət orasını demir ki, ser Çörçill növbəti seçkidən yenə qalib çıxdı.

 

- “Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlu ilə isti münasibətinizə soyuq yellər əsməyib ki?

-Rauf Arifoğlu ilə dostuq, həm də qohumuq. O, Sürixdə doğulan oğlumun kirvəsidir. Rauf Arifoğlu dostluqda bərk adamdır. Düşünün ki, sünnət toyunda iştirak etmək üçün  bütün işini-gücünü atıb Bakıdan Sürixə gəlmişdi.

Ancaq nə qədər yaxın olsaq da bu və ya digər məsələlərə münasibətdə fərqli baxışlarımız da olur. Bəzən bu, aramızda ötəri soyuqluq yaradır. Ancaq 25 ildir ki, bir yerdəyik. İkimiz də yaxşı bilirik ki, “bizim dost itirən vaxtımız deyil”. Əslində, belə şeylər normaldır. Siyasət elə bir şeydir ki, bu meydanda heç ata oğula güzəştə getmir.

 -Bir neçə il öncə Arif Hacılının qardaşı Sizin haqqınızda aşağılayıcı ifadələr işlətmişdi. Fikrinizcə, bu, Avropada məhkəmə müstəvisində həll olunmazdımı?

- Müsavat Partiyasının rəhbərliyindən fərqli olaraq mən onları məhkəməyə vermədim. Heç vaxt da belə bir fikrim olmayıb. Mənim üçün ən adil hakim xalqın rəyidir. Xalq görür ki, Müsavat Partiyasının quruca adı qalıb. Məhəmməd Əmin Rəsulzadənin tarixi nüfuzu olmasaydı, bu ad da əriyib gedəcəkdi. Mən özümü Rəsulzadə yolunun davamçısı hesab edirəm. Müsavat Partiyasının hazırkı rəhbərliyindən isə son dərəcə narazıyam. Bunu açıq şəkildə deyirəm. Müsavatçılar da fərqindədir ki, Arif Hacılıda liderlik xüsusiyyətləri son dərəcə aşağıdır. Mənim baxışıma görə, o, partiya funksioneri kimi dəyərlidir, ancaq liderlik onun işi deyil. İnanın ki, Müsavat Partiyasında, yəni müsavatçılar arasında seçki keçirilsə, İlham Əliyev böyük hesabla qalib gələr.

 

-Bir də sonda İsveçdəki həyat tərzi barədə  eşitmək də maraqlı olardı.

-İsveçrə dünyanın ən varlı ölkəsidir. Burada adambaşına düşən milli gəlir 550 min dollardır. Yəni, hətta ən varlı ərəb ölkələri belə İsveçrə ilə müqayisə oluna bilməz. 17 ildir ki, bu ölkədə yaşayıram. Ən böyük arzum odur ki, Azərbaycanda da insanlar belə rifah içində yaşasınlar. Əlbəttə, Ermənistana Rusiya, İran və bəzi Qərb ölkələri tərəfindən, xüsusən Fransanın adın çəkərdim, yardımı olmasaydı, Azərbaycan Ordu quruculuğuna bu qədər vəsait ayırmazdı. Söhbət nəhəng pul kütləsindən gedir. Məhz o vəsaitin hesabına Azərbaycan cəmi 44 gün ərzində və minimal itki ilə öz ərazi bütövlüyünü bərpa etdi. Əlbəttə, Orduya bu qədər vəsait ayrmaq məcburiyyəti olmasaydı, Azərbaycanda həyat səviyyəsi indikindən qat-qat üstün olardı.

Hazırda işğaldan azad olunmuş ərazilərdə planlı şəkildə gedən, özü də dünya standartları səviyyəsində aparılan quruculuq işləri optimizm üçün ciddi əsaslar verir. Əminəm ki, tezliklə Azərbaycanın ictimai-siyasi həyatında müsbətə doğru ciddi dəyişikliklər olacaq. Zəngəzur dəhlizinin açılışından sonra isə Azərbaycan Avropa Birliyi ilə Çin arasında əsas kommunikasiya xəttinin sahibinə çevriləcək. Bu isə Azərbaycanın beynəlxalq nüfuzunun kəskin yüksəlişinə təkan verəcək.  Elə xalqımız da Qarabağ Zəfərindən sonra gələcəyə daha optimist nəzərlərlə baxır.

Önəmli olan odur ki, İlham Əliyev Azərbaycan dövlətinin və xalqının qarşısnda dayanan ən böyük maneəni aradan qaldırdı. Bir prezidentin görə biləcəyi ən böyük işi həyata keçirdi. Əminəm ki, cənab prezident yerdə qalan problemlərin həllinə də nail olacaq.

 

İlhamə

Paylaş
Baxılıb: 187 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31