Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Siyahı genişlənir: Azərbaycan Avropanın tək ümidinə çevrilir

Siyahı genişlənir: Azərbaycan Avropanın tək ümidinə çevrilir

07.10.2021 [12:03]

“Köhnə qitə”nin “mavi yanacağa” olan tələbatı Azərbaycanı Avropada mühüm aktora çevirəcək

Ötən ilin son günündən Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın qaz təchizatı bazarına daha aktiv şəkildə daxil olan Azərbaycan enerji ixracında yeni mərhələyə qədəm qoyub. Bütövlükdə Avropa məkanının ən “ağrılı” sahələrindən olan qaz təchizatı məsələsinin gündən-günə aktuallaşdığını nəzərə alsaq, ölkəmizin yeni sferada daha yüksək uğur qazanmaq şansları da artır. Belə ki, Rusiyanın “Lenta.ru” portalı Avropada qazın qiymətinin yenidən rekord səviyyədə bahalaşdığını yayıb. Məlumatda qeyd edilir ki, oktyabrın 6-da Avropada qazın mübadilə qiyməti yeni bir tarixi rekorda çataraq, min kubmetr üçün 1550 dolları keçib. Belə olan halda, Azərbaycan Avropanın “qaz bazarı”nda daha aktiv rol almaqla həm gəlirlərini yüksəldə, həm də Avropada mühüm iqtisadi aktora çevrilə bilər. Yeri gəlmişkən, Prezident İlham Əliyev də İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində bildirmişdi ki, əgər Avropa istehlakçılarından əlavə tələbat olarsa, biz danışıqlara başlamalıyıq, çünki əvvəlcə qaz satılmalı, sonra hasil edilməlidir. Dövlət başçısı qeyd etmişdi ki, biz həcmi və hasilatı artıra bilərik, lakin bunun üçün hazırda danışıqlara başlamalıyıq və yeni müqavilələri imzalamalıyıq. Sonra isə daha çox hasilata sərmayə yatıracağıq.

Azərbaycanın Avropa enerji bazarında inkişafına diqqət yetirən mütəxəssislər də bu amilin Azərbaycan üçün mühüm perspektivlər vəd etdiyini düşünürlər.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Asim Mollazadə Azərbaycanın Avropa Birliyi ilə enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladığını diqqətə çatdırıb. Millət vəkili bildirib ki, ölkəmizin təşəbbüsü ilə həyata keçən layihələr enerji daşıyıcılarının ixracının şaxələnməsinə yol açıb. Nəticə etibarı ilə, Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyində böyük rol oynayır: “Təbii ki, qarşıdakı dövrdə bu istiqamətdə işlər davam etdiriləcək. Əminəm ki, Azərbaycanın həm enerji ixracı, həm də kommunikasiya xətlərinin istifadəsi ilə bağlı layihələri Avropa Birliyi ölkələri üçün yeni imkanlar açacaq. Bu baxımdan, əməkdaşlığın davam və inkişaf etdirilməsi zəruridir”.

A.Mollazadənin fikrincə, Azərbaycan dövləti öz siyasətini əməkdaşlığın genişləndirilməsi üzərində qurur və həyata keçirilən hər bir layihə bu məqsədə xidmət edir: “Ölkəmizin siyasəti əməkdaşlıq və tərəfdaşlıq, o cümlədən ölkələrin maraqları çərçivəsində sülhə, stabilliyə, inkişafa yönəlmiş siyasətdir. Sülhün, stabilliyin və təhlükəsizliyin təmini isə əməkdaşlığın uğur qazanması üçün ilkin şərtdir. Azərbaycanın strategiyası, eyni zamanda, Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən əməkdaşlıq sisteminin formalaşdırılmasıdır. Bu, hamının maraqlarına uyğundur və bu prosesdən bütün dövlətlər bəhrələnə biləcək”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov da son zamanlar enerji bazarında neftlə yanaşı “mavi qazın” qiymətinin artmasının müşahidə edildiyini diqqətə çatdırıb. Bu ilin ilk yarısı ərzində Azərbaycanın Avropaya 5 milyard kubmetr qaz ixrac etdiyini deyən millət vəkili qarşıdakı dövr üçün daha yüksək hədəflərin müəyyənləşdirildiyini bildirib: “Gələn il Azərbaycan əlavə olaraq Türkiyəyə 8 mld. kubmetr, Gürcüstana 1 mld. kubmetr “mavi qaz” ixrac edəcək. Avropaya isə mərhələli şəkildə 10 mld. kubmetr “mavi qaz” nəql etmək niyyətindəyik. Bütövlükdə, Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində Azərbaycan tərəfindən ixrac ediləcək “mavi qaz”ın həcmi 31,5 mld. kubmetrə çatdırılacaq. Bu baxımdan, “mavi qaz”ın qiymətinin artması Cənub Qaz Dəhlizinin rentabelliyinə müsbət təsir etməklə yanaşı, layihənin xərclərinin də az müddətdə qarşılanmasına imkan verəcək. Çünki qazın qiymətinin yüksəlməsi ölkəyə daxil olan valyutanın həcminin artması deməkdir. Bu, həm də bizim enerji ixracatımızın strukturunun diversifikasiya edilməsinə səbəb olacaq. Artıq neft və ya xam neftlə yanaşı, qaz satışı da enerji ixrac səbətindəki payını artıracaq”.

Millət vəkili onu da vurğulayıb ki, “mavi qaz”ın qiymətinin artımı Dövlət Neft Fondunun gəlirinin artmasına, Azərbaycanın dövlət rezervlərinin həcminə də müsbət təsir göstərəcək. Nəticə etibarilə, enerji bazarındakı mövcud vəziyyət birmənalı şəkildə Azərbaycanın valyuta ehtiyatlarının artmasına yol açacaq. Bu isə qarşıdakı illərdə dövlət büdcəsindən sosial proqramlara ayrılan vəsaitlərin həcminin artmasına imkan yaradacaq. “Bu gün Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə İtaliya, Yunanıstan və Avropa Birliyinin 5 ölkəsinə qaz ixrac edir. Amma bu siyahı qarşıdakı dövrdə genişlənəcək. Bolqarıstanla bu istiqamətdə danışıqlar gedir. Bolqarıstan Azərbaycandan daxili şəbəkə vasitəsilə 1,5 mld. kubmetr “mavi yanacaq” almaq niyyətindədir. O cümlədən Rumıniya Azərbaycandan “mavi qaz” almaq niyyətini bildirib.  Qeyd edim ki, Şərqi Avropa ölkələrinin Azərbaycandan “mavi yanacaq” idxal etmək imkanları genişdir”, - deyən V.Bayramov onu da əlavə edib ki, Azərbaycan həm də “mavi qaz” hasilatını artırır. Yeni dövrdə Şahdəniz yatağı ilə yanaşı, Abşeron və digər kəşf olunmuş yataqlarda “mavi qaz”ın hasil edilməsi və ixrac olunması nəzərdə tutulub: “Eləcə də Azərbaycanla Türkmənistan arasında birgə işlənən “Dostluq” yatağından hasil olunan “mavi qaz”ın Avropaya nəqli müzakirə edilməkdədir. İnanıram ki, yaxın zamanlarda Azərbaycan Avropanın, xüsusən də Cənubi və Şərqi Avropanın bir sıra yeni ölkələrinə “mavi qaz” ixrac etmək imkanı qazanacaq”.

Pərviz Sadayoğlu

Paylaş
Baxılıb: 168 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31