Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Zəngəzur dəhlizinin hava məkanı açıldı

Zəngəzur dəhlizinin hava məkanı açıldı

07.10.2021 [12:11]

AZAL-ın təyyarələri Ermənistan üzərindən uçur

 İran öz ampluasındadır - iki dövlətdən hansı “dost”, hansı “düşmən”dir?

 “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti oktyabrın 6-dan etibarən Naxçıvana uçuşları Ermənistan ərazisi üzərindən həyata keçirir. Qeyd edək ki, hava məkanının açılması həm də 10 noyabr üçtərəfli Bəyanatda yer alan müddəalara əsaslanır. Ekspertlər də bu addımı regionda kommunikasiya xətlərinin bərpasının, o cümlədən Zəngəzur dəhlizinin açılmasının başlanğıcı kimi dəyərləndirirlər.

Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyevin fikrincə, “AZAL”ın Ermənistan ərazisi üzərindən hava uçuşlarına başlaması iki ölkə arasındakı kommunikasiyaların açılması məsələsinin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Millət vəkilinin sözlərinə görə, bu məsələ 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli Bəyanatda da öz əksini tapıb: “Razılaşmaya uyğun olaraq bütün kommunikasiyalar açılmalıdır. Buraya quru yolu, dəmir yolu, eyni zamanda hava yolu da daxildir. AZAL-ın artıq Ermənistan üzərindən uçuş həyata keçirməsi həm də iki ölkə arasında imzalanacaq sülh sazişinə gedən yoldakı ilkin addımlardan biri sayıla bilər”.

A.Nağıyev onu da qeyd edib ki, regionda yeni əməkdaşlıq platformasının formalaşması üçün bölgədə yerləşən hər bir dövlət üzərinə düşən öhdəliyi yerinə yetirməlidir: “İndiki halda hava məkanının açılması çox mühüm məsələdir. Qarşıdakı müddətdə biz daha mühüm addımların atılmasının və sülh sazişi imzalanmasının şahidi olacağıq. Bunun üçün, ilk növbədə, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Xatırladım ki, cənab Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü məsələsi hazırda gündəmdədir və yəqin ki, orada bütün məsələlər müzakirə olunacaq”.

Azərbaycan hər zaman regionda sülhün və sabitliyin əldə olunması, əməkdaşlığın inkişafı istiqamətində səy göstərir. Təəssüfləndirici haldır ki, ölkəmizin bu səyləri bəzi region ölkələri tərəfindən lazımi şəkildə qiymətləndirilmir. Məsələn, özünü “dost” qiyafəsində təqdim etməyə çalışan İran Azərbaycanın regionda yaratdığı yeni geostrateji reallıqlardan yararlanmaq, əməkdaşlığı genişləndirmək üçün səy göstərmək əvəzinə, ölkəmizə qarşı illərdən bəri atdığı neqativ addımları intensivləşdirib. Yeri gəlmişkən, İran Naxçıvana hərbi təchizat funksiyasını yerinə yetirən təyyarələrin uçuşuna qadağa qoyub. APA TV-nin hərbi dairələrdən əldə etdiyi bu xəbərdə İranın Azərbaycana qarşı növbəti xəyanətinin Ermənistanın diktəsi ilə həyata keçirildiyi deyilsə də, məsələnin mahiyyəti fərqli və daha genişdir. Birincisi, Ermənistan kimi zəif, böhran içində çırpınan bir ölkənin İrana diktə etməsi real deyil. İran bu qərarı özü verib. İkincisi, İran nəqliyyat-tranzit məsələlərində Azərbaycan ərazisindən daha çox istifadə edir. Bu, əsasən, Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində həyata keçirilən daşınmalarda özünü göstərir. Bu baxımdan, Ermənistanın belə Azərbaycanla əlaqələrə can atdığı indiki halda, İranın bu addımı ölkəmizə növbəti dəfə zərbə vurmaq cəhdindən başqa bir şey sayıla bilməz.   Üçüncü məqam isə, İranın niyə məhz hərbi təchizata qadağa qoymasıdır? Bunu regionda güclənən Türkiyə-Azərbaycan hərbi müttəfiqliyindən çəkinməsi, ehtiyat etməsi kimi  dəyərləndirmək olar.

Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elşad Mirbəşiroğlu bildirib ki, İranın son zamanlarda sərgilədiyi mövqe ikitərəfli əlaqələrin inkişafına xidmət etmir. Millət vəkili qeyd edib ki, bu ölkənin rəsmi şəxsləri tərəfindən Azərbaycana qarşı irəli sürülən əsassız iddialar, o cümlədən işğaldan azad edilmiş Azərbaycan ərazilərində yükdaşıma ilə bağlı yaranan məlum problemlər rəsmi Tehranın regiondakı yeni geosiyasi reallıqları qəbul edə bilməməsinin göstəricisidir: “Azərbaycan bütün imkanlarını və gücünü bölgənin ümumi inkişafına səfərbər edib. Hətta Ermənistanın rəsmi müttəfiqi olan dövlətlər belə, Azərbaycanın bu səylərini yüksək qiymətləndirir. İran tərəfinin davranışı isə prosesə maksimum əngəl yaratmağa yönəlib. Naxçıvana daha çox hərbi təchizat funksiyasını yerinə yetirən təyyarələrin uçuşuna qadağa qoyulması kimi absurd bir qərarın verilməsi İranın Azərbaycana qarşı növbəti zərbə cəhdi kimi dəyərləndirilməlidir”.

Millət vəkili bildirib ki, bu qadağa Naxçıvandakı hərbi hissələrin təchizatına o qədər də təsir göstərməyəcək. Çünki Azərbaycan bu marşrutdan çox az istifadə edir və daha çox digər marşrutlar üzrə daşınmalara üstünlük verilir. O baxımdan İranın bu qərarı bizim üçün “faciə” deyil. “Əksinə, İran tranzit olaraq Azərbaycandan daha çox istifadə edir. Şimal-Cənub xətti üzrə daşınmalar, o cümlədən nəqliyyat kommunikasiyası Azərbaycan vasitəsilə həyata keçirilir. İran dərk etməlidir ki, region yeni inkişaf mərhələsinə qədəm qoyub. Artıq “AZAL” Ermənistan üzərindən uçuşlar həyata keçirir. Bu o deməkdir ki, düşmən ölkə belə Azərbaycanın regiondakı yerini və rolunu, üstün mövqeyini qəbul edir. Biz bölgəyə sülh gətirmək niyyətindəyik. Belə bir zamanda Azərbaycanın əməkdaşlıq səylərini qiymətləndirməyərək belə addımlar atmaq İrana siyasi və iqtisadi dividend gətirməyəcək”, - deyə  E.Mirbəşiroğlu əlavə edib. 

Pərviz Sadayoğlu

Paylaş
Baxılıb: 136 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31