Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycanda böyük maliyyə böhranı: Nazirin sevgilisi rus casusu imiş...

Azərbaycanda böyük maliyyə böhranı: Nazirin sevgilisi rus casusu imiş...

08.10.2021 [10:17]

Milyonçunun nazir balası və əslini danan nəvə-nəticələri

XIX əsrin sonu, XX əsrin əvvəlləri Azərbaycan tarixinin çox maraqlı və qarışıq dönəmiydi. Xüsusən Bakı neft və milyonlar səltənətinə çevrilmiş, sürətlə fəhlə və milyonçular təbəqəsi formalaşmışdı. Dövr isə böyük Sabirin təbiriylə desək, nehrə kimi çalxalanırdı. Azərbaycan Cümhuriyyəti elan edilmiş, erməni - müsəlman davası başlamış, bolşeviklər  hər qarışından neft fontanı vuran bu torpaqları işğal etmiş, vətəndaş müharibəsi başlamış, qardaş-qardaşına düşmən kəsilmişdi. Kimin kim olduğunu demək asan deyildi. 

Aradan ötmüş 70 illik Sovet hakimiyyəti dövründə bir çox tarixi faktlar dəyişdirilmiş, ağa qara deyilmiş, bir çox həqiqətlər gizlədilmiş, xalqın qəhrəmanları çox zaman milli düşmən kimi təqdim edilmiş ya da, ümumiyyətlə, hər şeyi unutdurmaq üçün tarixin üstündən sükutla keçilmişdi. İndi çox uzaqlardan baxınca ötüb keçmiş o fırtınalı dönəmin mənzərəsini bir qədər də aydın görmək olur. Milyonlar qazanmış, lakin milyonçu kimi ölə bilməmiş, özündən sonra xalqına böyük maddi irs buraxmış milyonçu Şəmsi Əsədullayev və onun nazir oğlu Mirzə Əsədullayev barəsində maraqlı faktlar təqdim edirik. Diqqəti çəkən məqam odur ki, onların hər ikisinin həyatında rus qadınları həm yaxşı, həm də pis mənada mühüm rol oynayıblar.

Sərvətə aparan yol - Nobel qardaşlarının qənimi

1840-cı ildə Bakının Əmircan kəndində anadan olmuş Şəmsi Əsədullayev də bir çox Bakı milyonçuları kimi yoxsul ailədən çıxmışdı. XIX əsrin əvvəllərində neft sənayesinin inkişafı ilə əlaqədar olaraq, bu torpaq sahələrinin mühüm bir hissəsi Suraxanıda neft çıxarılması və kerosin emalı ilə məşğul olan rus tacirlərindən Kokorev və Qubonin tərəfindən ucuz qiymətə alınmışdı. Onlar Suraxanıda Atəşgahın yanında kerosin emal edən bir zavod tikdirmişdilər. Torpaqsız qalan Suraxanı və Əmircan kəndliləri neft mədənlərində işləməyə məcbur olurdular. Şəmsi Əsədullayev də əkinçiliyi buraxaraq neft işinə qurşanır. O, 1860-cı ildə Kokorevin yanında işlər müdiri vəzifəsinə yüksələ bilir. Bir müddətdən sonra o, neft və duz podratçılığı ilə məşğul olur. 15 il müddətində o, xeyli qazanc əldə etdikdən sonra podratçılığı buraxaraq kerosin zavodu açır. 1890-cı illərdə neft işi ilə məşğul olan bir neçə nəfər ilə birlikdə şirkət təşkil edir. 1891-ci ildə neftin Xəzər vasitəsi ilə daşınması sahəsində Bakı neft kapitalistləri içərisində ilk dəfə olaraq, buxar şxunu (iki və üç dorlu yelkənli gəmi) sifariş verir. O, sonralar neft daşıyan dəniz və çay donanması yaradır.

1895-ci ildə təzə aldığı torpaq sahələrindən birində neft böyük fontan vurur. Fontan 56 gün davam edir və hər gün 1 milyon altı yüz min pud neft verir. Bu, Bakı neft sənayesi tarixində ən məşhur fontanlardan biri idi.

Əsədullayevin neft hasilatı artdıqça onun Volqaboyu şəhərlərdə, Moskvada, Polşada, habelə Orta Asiyada, İranda neft anbarlarının sayı artırdı. Xəzər dənizi sahillərinə və Volqaboyu şəhərlərə öz gəmilərində neft daşıtdırıb satdırırdı. Camaat arasında Şəmsi Əsədullayevə “Nobellərin qənimi” deyirdilər. Çünki bütün Rusiyada, Türküstanda, İranda, hətta Finlandiyada belə, Nobellərin dükanı və kontorları ilə üzbəüz, ya da ki, yanaşı kontor və dükan açıb Nobel qardaşlarından ucuz qiymətə neft satar və onlara mane olardı.

Milyonçunun Bakıda bir müsəlman arvadı, iki oğlu və 3 qızı vardı. İkinci dəfə Mariya Petrovna adlı bir rus qadınla evlənəndə arvadı Ümsəlmə və övladları ilə onun arasında narazılıq yaranır, Şəmsi 1903-cü ildə Moskvaya köçməyə məcbur olur.

Mariyanın atası çar ailəsinə yaxın senator idi. Bakı neftinin tükənməz qızılı, bir də qohum senatorun köməyi ilə bağlı qapılar Səmsinin üzünə taybatay açılırdı. O, bütün geridə qalan həyatını Mariyaya həsr edir. Bakıda, Peterburqda və Moskvada bir neçə yerdə mülklər tikdirir, xeyriyyə işləri ilə məşğul olurdu. 1920-ci ildə Sovet hakimiyyəti qurulduqdan sonra milyonçunun bütün var-dövləti əlindən alınır, mülkləri milliləşdirilir. O, bu günləri görmür. 1913-cü ildə 71 yaşında Yaltada günvurma nəticəsində vəfat edir. Məzarı Əmircan kəndindədir.

Rus sevgilisinə görə işdən qovulan nazir

Bakıda onun neft biznesi ilə böyük oğlu Mirzə Əsədullayev məşğul olurdu. Mirzə Musa Nağıyevin qızı, kiçik qardaşı Əli isə Hacı Zeynalabdin Tağıyevin qızı ilə evlənmişdilər. Sonralar, yəni birinci həyat yoldaşı dördüncü övladını dünyaya gətirərkən öldükdən sonra, Mirzə Əsədullayev ikinci dəfə Avropada təhsil almış rus qadınla evlənmişdi.

 Xronikanı bir qədər qabaqlayaraq onu qeyd edək ki, ömrünün sonuna qədər Paris şəhərində yaşamış məşhur azərbaycanlı yazıçı Ümmülbanu (Avropada “Banin” imzası ilə tanınırdı) Mirzə Əsədullayevin qızıdır. O, iki milyonçu babanın Şəmsi Əsədullayevlə Musa Nağıyevin nəvəsidir. Bununla belə, öz əsərlərində Bakını sevmədiyini də qeyd etmişdi. Ümmülbanunun “Qafqaz günləri “ əsəri ozamankı Bakı haqqında real təsəvvür yaratmağa kömək edir.

Orta təhsilini Bakı gimnaziyasında rus dilində alan Mirzə Əsədullayev neftin ixrac məsələləri ilə bağlı vaxtaşırı Rusiyaya getməli olurdu. Müəyyən vaxtlarda Moskva və Sank-Peterburq şəhərlərində yaşamış və rus mədəniyyəti ilə yaxından tanış olmuşdu. Ana dilini mükəmməl bilməməsi ona işində maneçilik törədirdi. Buna görə də 1912-ci ildə Moskva Konservatoriyasında oxuyan, özündən 10 yaş kiçik olan Üzeyir bəydən ana dili dərsləri alır.

Mirzə Əsədullayev, eyni zamanda, ictimai xadim kimi fəaliyyət göstərirdi. Müsəlman Xeyriyyə Cəmiyyətinə sədrlik edir, maarifçilik işinə dəstək verirdi.

1917-ci il fevral inqilabından sonra, yəni mart ayında Mirzə Əsədullayev Müsəlman Milli Şurası Müvəqqəti İcraiyyə Komitəsinin üzvü seçilir. Növbəti, 1918-ci ildən isə Bakı neft sənayeçiləri qurultayı şurasının sədri olur. Həmin ilin noyabrında Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının “Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun”una əsasən, neft sənayeçiləri qurultayı şurasından cümhuriyyət parlamentinə üzv seçilir.

Mirzə Əsədullayev “Müsavat” və bitərəf fraksiyalarına daxil idi. 1918-ci il dekabrın 26-da Azərbaycan Respublikası Nazirlər Şurasının sədri Fətəli xan Xoyskinin təşkil etdiyi üçüncü hökumət kabinetində Ticarət və Sənaye naziri vəzifəsinə təyin edilir. Azərbaycanın xarici ölkələrlə ticarət əlaqələrinin yaradılmasında və yerli sənayenin inkişaf etdirilməsində rolu olub.

Nazir işlədiyi dövrdə Mirzə Əsədullayev sevgilisi olan rus xanıma - M. Yazıkovaya çox qiymətli bir ticarət sənədi verir. Nağı Şeyxzamanlının xatirələrində göstərilir ki, həmin sənəd ölkəyə şəkər və digər ərzaq mallarının idxalı ilə bağlı lisenziya, yaxud aksiya imiş. Nazirin sevgilisi isə bu sənədi bolşeviklərə ötürür. Azərbaycanda böyük maliyyə böhranı yaranır. Baş nazir Xoyski xüsusi iclas çağırır. Mirzə bəy istefa verməyə məcbur edilir. Tarixi sənədlərdə isə Mirzə bəyin, Xoyskinin və həmin qadının bolşeviklərin casusu olması barədə də xəbərlər var.

Azərbaycanda Sovet hakimiyyəti qurulduğu illərdə Mirzə Əsədullayev həbs olunur. Özü isə nə üçün həbs edildiyini bilmir.

Dindirilmə zamanı alınan qeyd: “Həbs edilməyimin səbəbi mənə aydın deyil. Bakıda yaşayıb öz işimlə, neft sənayesi ilə məşğul olurdum. 1918-ci ilin 21 aprelində ailəmlə birlikdə İrana getdim və orada həmin ilin noyabrına qədər qaldım. Getməyimin səbəbi Bakıda qeyri-normal həyatla bağlı idi. Bu vəziyyət məni ailəmin bir hissəsini Moskvaya göndərməyə məcbur etmişdi. Qalanlarını isə Rəştə apardım. Bakıda Könüllü ordunun (Denikin ordusu) komanda heyəti mənə məlum deyil. Mənim fəaliyyətim yoldaş Nərimanova, C.Vəzirova, Baba Əliyevə, Vasili Tateşviliyə və bir çox başqalarına yaxşı tanışdır. Qəti surətdə deyə bilərəm ki, onların hamısı məni, ancaq yaxşı tərəfdən tanıyırlar”.

Tarix üzrə fəlsəfə doktoru Lətif Şüküroğlunun fikrinə görə, Mirzə Əsədullayevin həbsdən buraxılmasında güman ki, Azərbaycanın odövrkü rəhbərlərindən kiminsə, bəlkə də N.Nərimanovun rolu olub: “Əkshalda fəhlə-kəndli hökumətinin və bolşevik ideologiyasının qatı düşmənini nəinki həbsdən azad edər, əksinə, güllələyərdilər. Çünki Mirzə Əsədullayev, sadəcə milyonçu Şəmsi bəyin oğlu, sinfi düşmən olan bir kapitalist deyildi, o, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin naziri, Vətəninin tərəqqisi yolunda xidmətləri olan bir şəxsiyyət idi”.

Həbsdən buraxıldıqdan sonra, yəni 1921-ci ilin mayında Mirzə Əsədullayev Fransaya mühacirət edir və ömrünün sonuna qədər (1936-cı il) Parisdə yaşayır.

Mirzə bəy Bobinya müsəlman qəbiristanlığında dəfn olunub. İndi onun məzarının yanında 20 yaşında vəfat etmiş nəvəsi Nadir Əsədullayevin də məzarı yerləşir.

Fransızlaşmış Əsədullayevlər

Hazırda Fransada Əsədullayevlərin nəticələri yaşayırlar. Lakin onların nənəsi Kristina Petit övladlarına öz Azərbaycan əsli-nəsli barədə danışmağı sevmir. Hətta həmin şəxslərin öz türk soy-köklərindən xəbərləri belə yoxdur.

Kristina Vəzirov Petit 1947-ci il yanvarın 23-də Fransanın Marsel şəhərində dünyaya göz açıb.  Hazırda ailəsi ilə birlikdə Fransanın Digne-les-Bains regionunda yaşayır. Kristinanın atası Tommi Franklin Fransada məşhur idman jurnalisti olub. “RTF” və “France İnter” kanallarında çalışıb. T.Franklinin əsl adı Fərrux Murad oğlu Vəzirov olub. O, Şəmsi Əsədullayevin nəticəsidir. Fərrux Vəzirovun anası Sürəyya Əsədullayeva Mirzə Əsədullayevin qızıdır (eyni zamanda, Baninin bacısıdır). O, müsahibələrinin birində deyib:

“Mən Fransada dünyaya göz açmışam. Atam Tommi Franklindir. Onun əsl adı Fərrux bəy Vəzirov olub. Daha sonra o, soyadını dəyişib “Vəziri” etdi. Bir müddət sonra isə o, bütün ad-soyadını dəyişdi və Tommi Franklin oldu. Nənəmin adı isə Sürəyya Əsədullayeva olub. Ailəmin heç bir üzvü, nəvə-nəticələrim də Azərbaycan əsilli olduğumu bilmir. Xahiş edirəm, siz də deməyin. Övladlarım və nəvələrim mənim Azərbaycanda olan ailə köklərim barədə heç nə bilmirlər”.

Bax belə. Onlar bilmirlər, öz köklərindən qopmuş yarpaqlar kimi sovrulublar, uzaq düşüblər. Gözdən uzaq olan könüldən də uzaq olar deyiblər axı. Azərbaycanlı olmayan analar öz köklərini tanımayan övladlar böyütdülər.

Əsədullayevlərin taleyinin bu şəkildə formalaşmasında dövrün ictimai-siyasi hadisələrinin rolu olduğu qədər əcnəbi qadınlara olan böyük meyilin də rolu olub desək, yanılmarıq. Bəlkə də yanılırıq. Çünki milyonçu Zeynalabdin Tağıyevin nəticəsi Fransada doğulub böyüsə də, dilimizi bilməsə də köklərinə bağlıdır, tam bir Azərbaycan sevdalısıdır. Bu isə artıq başqa bir ömür hekayəsinin mövzusudur.

İlhamə Rəsulova

Paylaş
Baxılıb: 31 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31