Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / İnternetsiz yaşaya bilərikmi?

İnternetsiz yaşaya bilərikmi?

08.10.2021 [10:22]

Dünya ən güclü kompüteri olanlarındır

Son on ildə internet və sosial şəbəkələr bir tərəfdən ünsiyyətimizi asanlaşdırsa da, digər tərəfdən, özü ilə bəşər övladına yeni  problemlər bəxş etdi. İndi yaşamağımız üçün hava, su qədər internet də vacib amilə çevrilib. Hətta “internet asılılığı” deyə xəstəlik də  yaranıb, ilk qurbanları da var. Sözün həqiqi mənasında, var. Kompüter qarşısında həddən artıq  zaman keçirib acından, yorğunluqdan ölənlər barədə eşitmişik. Çin, Yaponiya kimi  texnologiyaların yüksək inkişaf etdiyi ölkələrdə insanlar  artıq ünsiyyət problemi yaşayırlar. İş o yerə çatıb ki, Yaponiyada holoqram obrazlarla evlənən gənclərin sayı artır. Xəyallarında yaratdıqları bir obrazı sifarişlə texnoloji mərkəzlərdə hazırlatdırır, süni intellektin məhsulu olan bu holoqram kişi və qadınlar real insanları əvəz edib, sevgili rolunu oynayırlar. Maraqlı və bir o qədər də narahatedicidir...

Son on ildə internet və sosial şəbəkələr bir tərəfdən ünsiyyətimizi asanlaşdırsa da, digər tərəfdən, özü ilə bəşər övladına yeni  problemlər bəxş etdi. İndi yaşamağımız üçün hava, su qədər internet də vacib amilə çevrilib. Hətta “internet asılılığı” deyə xəstəlik də  yaranıb, ilk qurbanları da var. Sözün həqiqi mənasında, var. Kompüter qarşısında həddən artıq  zaman keçirib acından, yorğunluqdan ölənlər barədə eşitmişik. Çin, Yaponiya kimi  texnologiyaların yüksək inkişaf etdiyi ölkələrdə insanlar  artıq ünsiyyət problemi yaşayırlar. İş o yerə çatıb ki, Yaponiyada holoqram obrazlarla evlənən gənclərin sayı artır. Xəyallarında yaratdıqları bir obrazı sifarişlə texnoloji mərkəzlərdə hazırlatdırır, süni intellektin məhsulu olan bu holoqram kişi və qadınlar real insanları əvəz edib, sevgili rolunu oynayırlar. Maraqlı və bir o qədər də narahatedicidir...

Artıq insanların çoxunun xəbər qaynağının  sosial şəbəkələr olduğunu nəzərə alsaq, “Facebook”, “Instagram”, “Twitter” həyatımızdan silinməyəcək. Ola bilsin ki, növbəti onilliklərdə onların alternativləri yaransın, başqa adlar altında rəqibləri meydana çıxsın, bunun fərqi yoxdur. 30 ildən sonra sosial media necə olacaq? Və həyatımıza hansı yeni reallıqlar, o cümlədən təhlükələr gətirəcək? Məsələn, şəxsi həyatın gizliliyi deyə bir məfhum artıq olmayacaq. Özünü idarə edən avtomobillər, başımız üzərindən uçuşan  dronlar, hələ xəyal edə bilmədiyimiz minlərlə  texnoloji yeniliklər və s... Bütün bunlar  faydalı olmaqla yanaşı, insan beyninə psixoloji hücum silahı kimi də istifadə oluna bilər.

Oktyabrın 4-də bütün dünyada  “Facebook”, “Instagram” sosial şəbəkələrinin, “Whatsapp” tətbiqinin fəaliyyəti təxminən 5 saatlıq dayandı. Necə deyərlər, aləm bir-birinə dəydi. Sadə vətəndaşlar  üçün bu bir neçə saatlıq ünsiyyət məhdudiyyəti olsa da, böyük şirkətlər  üçün milyonlarla itki demək idi. İlk baxışda sosial şəbəkələr “elektron dərdləşmə” funksiyasını yerinə yetirirmiş kimi görünürdü, amma aydın oldu ki, qlobal mühasibatı nə dərəcədə əhatəlidir.

Nüfuzlu “The Economist” jurnalı hadisədən  iki həftə öncəki üz qabığında bu çöküşü əks etdirən karikatura dərc etmişdi - hər şey çökür. Birjalar, banklar, kriptovalyutalar. Deməli, bu, heç də təsadüfü texniki problem deyildi.

 “NetBlocks” şirkətinin hesablamalarına görə, “Facebook”, “Instagram”, “Twitter” və “WhatsApp” və “Facebook Messenger”in çalışmadığı hər saat dünya iqtisadiyyatında 215 milyon dollar xərc yaradıb. Həmin şəbəkələrin 3 saat ərzində çalışmamaları dünya üçün 645 milyon xərc demək idi. “NetBlocks” şirkətinin Dünya Bank, ITU, Eurostat və ABŞ Statistikasının məlumatları əsasında apardığı hesablamalara görə, əgər internet qlobal olaraq 1 gün aktiv olmasa, o zaman dünya iqtisadiyyatına 51 milyard 423 milyon dollar ziyan dəyə bilər. Sadəcə “Facebook”un 1 gün çalışmaması isə dünya üçün 1 milyard 291 milyon dollar xərc demək olacaq. Sosial şəbəkələrin bir gün “donması” dünyada 5 milyard 165 milyon dollar xərc yarada bilər.

Qeyd edək ki, “NetBlocks” şirkəti statistik məlumatlar əsasında sosial şəbəkələrin, eləcə də internetin çalışmamasının hər bir ölkəyə vurduğu ziyanı da ayrıca hesablayır. Bu zaman ölkə iqtisadiyyatların ölçüsü əsas meyar kimi götürülür.

Son problemlərdən sonra 159 milyard dollar aktivləri olan “Facebook” şirkətinin səhmləri 5 faizə yaxın ucuzlaşaraq hazırda 326 dollara təklif olunur.

Bloomberg-in məlumatına görə, Mark Zukerberqin şəxsi sərvəti bir neçə saat ərzində 6 milyard dollardan çox azalıb və nəticədə, dünyanın ən varlı adamları siyahısında bir pillə aşağı düşüb.

Baş verən qlobal rəqəmsal çöküşdən sonra məlum oldu ki, qlobal resurslar rəqabətsiz və alternativsiz mühit formalaşdırıb və bu,  dünya iqtisadiyyatı, ölkələr və cəmiyyətlər üçün ciddi təhdidlər yaratmağa başlayıb. Yalnız “Facebook”, “Instagram” və “Whatsapp” deyil, “Google”, “Apple”, “Amazon” və s bu kimi qlobal resurslar rəqəmsal bazara daxil olan digər  resursları alaraq özlərinə qatmaqla nəhəng  şirkətlərə çevrilir. Və onlar olmayanda alternativ mərkəzlər olmadığı üçün tərkisilah olunmuş vəziyyətə düşürük.

2020-ci ildə ABŞ Konqresi  yarana biləcək problemlə bağlı 500 səhifəlik hesabat hazırlayıb və  hesabatda  “Facebook”, “Google”, “Amazon”, “Twitter”, “Apple” və s.  kimi qlobal şirkətlərin ayrı-ayrı qurumlara parçalanması, hər birinə bazar payı ayrılması istiqamətində  işlərin aparılmasının məqsədəuyğun olduğu qeyd edilmiş, böyük informasiya texnologiyaları şirkətlərinin rəqəmsal bazara daxil olan digər yeni şirkətləri almaqla, “udmaqla” dünyanı böyük təhlükə ilə üz-üzə qoyması risklərindən bəhs edilmişdi. Lakin görünən odur ki, hələ hansısa ciddi tədbir görülməyib, milyarderlər fərdi şəkildə kosmosun fəthi uğrunda yarışır, orbitə minlərlə özəl peyklər buraxırlar. Onların hansı funksiyaları yerinə yetirəcəyinə dair  təfsilatlı məlumat yoxdur.

Deməli, ehtiyat tədbirləri görülməlidir, özümüzü internetə tam təslim etsək belə, alternativ variantları da gözardı etməməliyik. Bu, hələ tam internet çöküşü deyildi,  sadəcə bir neçə sosial şəbəkə dayanmışdı.

Pandemiya başlayarkən bu sözləri çox eşitdik: “Dünya daha əvvəlki kimi olmayacaq”.  Oktyabrın 4-də  əslində, bir era bitdi, yeni, dijital era başladı. Qeyd etdiyimiz kimi, bütün dünyada həyatın 5 saatlıq dayandığı şəraitdə banklar, onlayn alış-veriş sistemləri, birjalar, pul köçürmə sistemləri, bütün sosial şəbəkə və əlaqə vasitələrinin əksəriyyəti qapandı. Hətta silindi. Dünyada heç bir hadisə belə effekt yarada bilməzdi. Dünya savaşı çıxsa belə, bütün ölkələrin hökumətləri ard-arda, bir neçə açıqlama verməzdi. Amma oldu. Sistemlər çökdü, milyardlarla pul itirildi. Demək ki, biz artıq atom, raket, silah, ordu erasında yox, dijital erada yaşayırıq. Atomu olandan yox, ən sürətli kompüterin başında durandan qorxacaqsan. Demək ki, 10-15 il sonra yerin-göyün, dünyanın, hər şeyin sahibi, neftə, dollara, internetə, sviftə, qızıla deyil, kvant kompüterinə ilk sahib olan olacaq. Dünyanın yeni miladı kvant  erası ilə başlayacaq.

Bir az da Əlahəzrət  kvant kompüterlərindən bəhs edək. İnformasiya texnologiyaları mütəxəssisi Azər Rzayev kvant kompüterlərini ən sadə şəkildə belə izah edir: “Kvant kompüterlərinin fərqini anlamaq üçün rum rəqəmləri ilə  ərəb rəqəmlərinin arasındakı fərqə nəzər salaq. Tutaq ki, zamanı hesablamaq  üçün hər gün divara bir xətt çəkirəm. 100 gün ərzində bu uzun-uzadı 100 xətt olacaq. Halbuki, sadəcə  3 simvolla  “100” yaza bilərəm. Kvant kompüterləri də nəhəng hesablamalar üçün bu qədər perspektivlidir. Rəqəmsal texnologiya yarandığı gündən bəri yalnız bir məqsəd üzrə inkişaf edib - qısa vaxt ərzində çoxlu məlumat ötürmək. Məsələn, çox da uzağa getmədən,  on il əvvəlki kompüterlərlə indikiləri müqayisə edərkən ortada olan texnoloji fərqi rahatlıqla görə bilirik və yaxın on il ərzində nələrin dəyişəcəyini təsəvvür etmək o qədər çətin deyil. Amma indi danışacağımız kvant kompüterləri inqilabi dəyişiklik yaradacaq bir kəşfdir. Kriptoqrafiyanın inkişafina təsir edəcək, daha mürəkkəb şifrələyici alqoritmləri qurmaq, bank sisteminin və saytların təhlükəsizliyinin möhkəmlənməsi üçün kvant texnologiyası əvəzsizdir. Tibbi kəşflər öz zirvə nöqtəsinə çatacaq, DNT kodlarının açılması, yeni növ zülalların və müxtəlif öldürücü xəstəliklərin müalicəsi üçün yeni dərmanların yaradılmasında istifadə  olunacaq. Avtopilot yaratmaq, maşınları və təyyarələri  virtual idarə etmək üçün yeni növ simolyatorlar yaradılacaq ki, bunu adi kompyüterlə etmək mümkün deyil. Kvant kompüterləri emal gücünün artırılması üçün kvant fərziyyələrindən istifadə edir. Kvant maşınlarının bu günün və gələcəyin superkompüterlərin sahib olduqları funksionallıqlardan daha üstün olacağı vəd edilir”.

Lakin hələlik təcrübəli mütəxəssislər çatışmır, kvant kompüterlərinin bütün bu potensiallara çatması üçün bir neçə il də lazımdır. Deyilənlər reallaşsa, biz yeni bir dünyada yaşayacağıq. Reallıqla rəqəmsal dünyanın bir-birinə  qarışdığı, yeni düşüncənin tələb olunduğu yeni  insanlar olaraq yaşamalı olacağıq. Tanınmış amerikalı futuroloq Rey Kurtsveylin dediyinə görə, süni intellektin özünü inkişaf etdirib, insan olmadan da sinqulyarlığa  çatmasına çox zaman qalmayıb. Bəs, o zaman bizim onlara gücümüz yetəcəkmi?

Günün birində bu süni intellekt insan əlləri ilə hazırlanmış milyonlarla nüvə silahını işə salsa, bütün qapıları üzümüzə bağlasa, nə olacaq?  Göylərə göndərdiyimiz peyklər daha “bizi dinləməsə”, hansısa texniki nasazlıqlar səbəbi ilə fəlakətlərin yaşanmayacağına kimsə zəmanət verə bilməz. Bunun kiçik məşqini biz oktyabrın 4-də gördük. Baş verən çökmə həm də onu göstərdi ki, lokal, yerli  rəqəmsal bizneslər daha ehtiyatlı olmalı, ehtiyat variantlar hazırlanmalı,  rəqəmsal biznesdə risklər qabaqcadan nəzərə alınaraq addımlar atılmalıdır. Əks halda,  öz yaratdığımıza, öz beynimizin məhsuluna əsir düşəcəyik. Hətta artıq əsirik. Çünki biz daha “bir gün dünyada internet olmasa da, yaşaya bilərik” deyə bilmirik.

 İlhamə Loğman

Paylaş
Baxılıb: 33 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31