Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Əfqanıstan bitdi - sıra Tacikistandadır?

Əfqanıstan bitdi - sıra Tacikistandadır?

08.10.2021 [10:34]

Talibanın “tacik qolu” ölkədə hakimiyyəti ələ keçirməyə hazırlaşır

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş Taliban qruplaşması “özünəməxsus coğrafiyanı” genişləndirmək fikrinə düşüb. Belə ki, Tacikistanda fəaliyyət göstərən və Talibanın bu ölkədəki qolu hesab edilən “Camaat Ənsarullah” qrupunun rəhbəri Mehdi Arsalan ölkədə hakimiyyəti ələ keçirməyə hazır olduğunu bəyan edib. Yeri gəlmişkən, tacik “taliblər”inin rəhbəri Əfqanıstanın Tacikistanla sərhəddə yerləşən bir neçə rayonuna da nəzarət edir.

KTMT-nin “baş ağrısı”

Gözlənildiyi kimi, Əfqanıstanda baş verən son hadisələr artıq bu ölkə ilə həmsərhəd olan dövlətlər üçün də “baş ağrısı” yaratmaqdadır. Təsadüfi deyil ki, KTMT-yə daxil olan ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə ötən ay Düşənbədə keçirilən iclasda da bununla bağlı bəyanat qəbul edilmişdi. Bəyanatda Əfqanıstanda silahsız insanlara, xalqa qarşı terror hücumları pislənmişdi, ən yüksək səviyyədə narkoticarətin davamlılığından narahatlıqlar ifadə olunmuşdu. XİN rəhbərləri bu qruplara qarşı mübarizəni daha da aktivləşdirməyə çağırmışdılar. Tacikistanla Əfqanıstan arasındakı münasibətlərin daha da pisləşməsinə gəldikdə isə, bunun səbəbi Tacikistan prezidenti Emoməli Rəhmonun BMT Baş Assambleyasının növbədənkənar sessiyasında etdiyi çıxış olub. 

Bəs, Talibanın Tacikistanla bağlı bu bəyanatı nə qədər realdır? Tacikistanın KTMT üzvü olmasını nəzərə alsaq, hərbi müttəfiqlərin belə bir münaqişənin başlayacağı təqdirdə aktiv müdaxiləsi qaçılmaz olacaq. Digər tərəfdən, sözügedən regionda bu cür genişmiqyaslı hərbi qarşıdurma dünyanın “iqtisadi damarı” sayılan Böyük İpək Yolunun fəaliyyətinə də zərbə vura bilər. Məsələ ilə bağlı danışan ekspertlər də Talibanın belə bir addım atacağını inandırıcı saymırlar.

Talibanın “sözdə təzyiq” vasitəsi...

Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının üzvü, Milli Məclisin deputatı Anar Məmmədov Taliban qruplaşmasının tacik qolunun rəhbərinin bu açıqlamasının “sözdə təzyiq” xarakteri daşıdığını düşünür. Onun sözlərinə görə, KTMT-nin Əfqanıstanda baş verənlərlə bağlı mövqeyi, o cümlədən Tacikistan Prezidentinin BMT Baş Assambleyasının növbədənkənar sessiyasındakı çıxışı regionda anti-Taliban əhval-ruhiyyəsini tam şəkildə ortaya qoyub. Bu baxımdan, Taliban da belə bir açıqlama ilə ucuz “hədə-qorxu” yolu seçib: “Əfqanıstanla bağlı məsələ tamam fərqlidir. Talibanın bu ölkədə dəfələrlə hakimiyyəti ələ alması və sonradan geri çəkilməsi nümunələri mövcuddur. Amma Tacikistan bu gün bir sıra beynəlxalq təşkilatların, o cümlədən KTMT adlanan hərbi ittifaqın üzvüdür. Tacikistan ərazisinə hər hansı bir qeyri-qanuni müdaxilə Talibanı və ya onun silahlı dəstələrini bir neçə dövlətin hərbi gücü ilə üz-üzə qoyacaq. Bu baxımdan, onların verdikləri bəyanatı ciddi qəbul etmək olmaz”.

Millət vəkilinin fikrincə, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları iqtisadi əlaqələrin möhkəmlənməsi, Şərq-Qərb tranzitinin daha aktiv fəaliyyəti üçün səy göstərirlər. “Zəngəzur dəhlizi” layihəsinin də bu qovşağın bir hissəsi olduğunu xatırladan A.Məmmədovun fikrincə, regionda yeni bir münaqişənin başlama ehtimalı iqtisadi tarazlığa xələl gətirəcək. “Bu gün iqtisadi maraqlar böyük önəm kəsb edir. Bu baxımdan, hansısa terror qruplaşmasının və ya silahlı dəstənin belə bir cəhdinə qarşı böyük güclər səfərbər olacaq. Tacikistanda legitim hakimiyyət mövcuddur və bu hakimiyyət dünya birliyi tərəfindən qəbul edilir. Tacikistanın dünya dövlətləri ilə həm siyasi, həm iqtisadi, həm də digər sahələr üzrə əlaqələri normaldır”, - deyə A.Məmmədov əlavə edib.

BMT hərəkətə keçməlidir

Politoloq Ramiz Alıyev isə “Camaat Ənsarullah” qrupunun rəhbəri Mehdi Arsalan tərəfindən səsləndirilən bəyanatı sülhün və təhlükəsizliyin təminatına təhdid kimi dəyərləndirib. Onun fikrincə, dünyanın aparıcı dövlətləri və təşkilatları bu məsələyə ciddi şəkildə yanaşmalı, bunun qarşısının alınması üçün tədbir görməlidirlər: “Taliban dünyada terror qrupu kimi qəbul edilir. Bu bəyanat da  suveren ölkə olan Tacikistanda mövcud legitim hakimiyyətin silahlı yolla və zorla dəyişdirilməsinə çağırış kimi qiymətləndirilməlidir. Bu, yolverilməzdir. İnanıram ki, bu bəyanat reallığı əks etdirmir, sadəcə sözdə təhdiddir. Taliban və ya onun təmsilçiləri Tacikistana qarşı hər hansı bir cəhddə qarşılarında böyük bir qüvvə görəcəklər. Bu ölkə KTMT üzvüdür və onun hərbi müttəfiqləri var. Bu müttəfiqlərin yaranacaq hər hansı bir təhdid qarşılığında yardım etmək öhdəliyi mövcuddur”.

Politoloqun sözlərinə görə, BMT bu cür təhdidlərin qarşısını almaq üçün fəal mübarizə aparmalı, dünyada sülhə, təhlükəsizliyə qarşı olan silahlı terror  qruplaşmalarının zərərsizləşdirilməsi uğrunda real addımlar atmalıdır. Əks halda, müəyyən mənfi presedentlərin şahidi ola bilərik.

Pərviz Sadayoğlu

 

Paylaş
Baxılıb: 63 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31