Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / 09.10.2020 Hadrut azaddır!

09.10.2020 Hadrut azaddır!

09.10.2021 [10:14]

İlham Əliyev: Mən dəyişdirdim status-kvonu

Ötən ilin bu günü Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib. Müraciətini müzəffər Azərbaycan Ordusunun bir neçə yaşayış məntəqəsini işğaldan azad etməsi təbriki ilə başlayan Prezident İlham Əliyev işğaldan azad edilmiş yaşayış məntəqələrinin adlarını təqdim edib: “Hadrut qəsəbəsi, Çaylı kəndi, Yuxarı Güzlək kəndi, Gorazıllı kəndi, Qışlaq kəndi, Qaracallı kəndi, Əfəndilər kəndi, Süleymanlı kəndi, Sur kəndi”.

Bu kəndlərin və Hadrut qəsəbəsinin işğaldan azad edilməsini tarixi qələbə adlandıran dövlət başçısı bildirib ki, əməliyyat planı tam icra edilir, əməliyyat planı müasir döyüş prinsiplərinə əsaslanır. Daha sonra sentyabrın 27-dən oktyabrın 9-na kimi Azərbaycan Ordusu tərəfindən məhv edilmiş və hərbi qənimət kimi götürülmüş Ermənistanın hərbi texnikasının siyahısı haqqında məlumat verən Prezident İlham Əliyev deyib: “Ermənistanın itkiləri ilə əlaqədar məlumat verirəm: 16 komanda məntəqəsi məhv edildi, 196 tank məhv edildi, 38 BM-21, 1 “Uraqan”, 10 özüyeriyən artilleriya qurğusu, - onlardan 8-i “Akasiya”, 2-si “Qvozdika”, - 36 piyadaların döyüş maşını, 24 artilleriya batareyası, 2 RM və ya hava hücumuna qarşı müdafiə vasitəsi, 2 “S-300” kompleksinin buraxıcı qurğusu, 25 OSA zenit-raket kompleksi, 2 KUB zenit-raket kompleksi, 4 “Repelend” radio-texniki maneə vasitəsi, 136 top, 56 minaatan, 1 TOS-1A odsaçan sursatı, 2 radiolokasiya stansiyası, 1 “Kalçuqa” anteni. Qənimət kimi götürülmüş hərbi texnika aşağıdakı kimidir: 18 tank, 4 top, 22 piyadaların döyüş maşını, 12 minaatan, 4 UAZ maşını, 1 ekskavator, 27 “İqla” kompleksi, 1 ZİL maşını, 9 QAZ maşını”.

İşğaldan azad edilmiş torpaqlarda Azərbaycan bayrağının dalğalandığını deyən Prezident İlham Əliyev onu da vurğulayıb ki, düşmən panikadadır, isterikaya qapılıb: “Müxtəlif ölkələrə, müxtəlif ölkələrin dövlət-hökumət başçılarına müntəzəm olaraq zəng edir, dəfələrlə, gündə bir neçə dəfə yardım istəyir, imdad diləyir, yalvarır. Onların ayağının altına yıxılır. Özünü alçaldır ki, gəlin, bizi xilas edin. Onların xilasının yeganə yolu budur ki, torpaqlarımızdan çıxsınlar. Biz dəfələrlə bunu demişik, öz xoşunuzla çıxın bizim torpaqlarımızdan. BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirin, yoxsa, peşman olacaqsınız. Hesab edirsiniz ki, Azərbaycan bu vəziyyətlə barışacaq? Barışmayacaq, dəfələrlə demişəm. Hesab edirdiniz ki, Azərbaycan xalqı bu təhqirlərlə barışacaq? Barışmayacaq, dəfələrlə demişəm. Amma bizim torpaqlarımızda oturub, bizim müqəddəs torpağımızı zəhərləyib sonra da bizə qarşı iddia qaldırasan - qudurğanlığın dərəcəsinə baxın. Biz onları yerinə oturtduq. Biz onlara yerlərini göstərdik. Biz onları elə qovuruq ki, onlar bu sprinti heç vaxt yaddan çıxarmayacaqlar”.

Prezident İlham Əliyev müraciətində onu da vurğulayıb ki, biz onlara göstərdik ki, döyüş meydanında da, beynəlxalq müstəvidə də, siyasi meydanlarda da biz qalib gəlirik. Onlar bizim gücümüzü gördülər, bizim iradəmizi gördülər. Onlar gördülər ki, dünyada heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz: “Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Kimə yalvarırsan yalvar, kimin ayağının altına yıxılırsan yıxıl, kimin dabanlarını yalayırsan yala, heç kim bizə təsir edə bilməz! Biz haqq yolundayıq, biz qalib gəlirik, biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik!”

Dövlət başçısı onu da qeyd edib ki, biz nəyi nə vaxt edəcəyimizi yaxşı bilirik. Ona görə də bu gün bizim uğurlu əməliyyatımız böyük nəticələrə gətirib çıxardı. “Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Azərbaycan xalqı mənə inanır. Mən də bu inama arxalanaraq bütün lazımi tədbirləri görürəm, ölkəmizi inamla idarə edirəm, bütün sahələrdə, o cümlədən hərbi quruculuq sahəsində”, -deyən dövlət başçısı bir daha vurğulayıb ki, “Qarabağ Azərbaycandır!”. Müraciətdə o da vurğulanıb ki, əgər Ermənistan rəhbərliyi Moskva danışıqlarından sonra yenə də saxtakarlıq edəcəklərsə, özləri peşman olacaqlar: “Biz torpaqlarımızı geri alacağıq - sülh yolu ilə, ya da ki, müharibə yolu ilə. Birmənalı! Biz istəyirik ki, sülh yolu ilə bunu təşkil edək, sülh yolu ilə bunu alaq. Ermənistana axırıncı şans veririk, axırıncı şans! Heç kimə ümid bağlamasın. Heç kim onlara kömək etməyəcək. Bizim qabağımızda Ermənistan acizdir. Bizim qabağımızda Ermənistan diz çöküb. Bizim şəhidlərimizin ruhu qarşısında biz onları diz çökdürmüşük. Şəhidlərimizin qanı yerdə qalmayıb”.

“Biz qan istəmirik. Biz istəyirik torpaqlarımız bizə verilsin. Verilsin, uzatmasınlar məsələni. Status-kvo deyilən məsələ yoxdur, qurtardı getdi. Status-kvo belə olmalıdır, elə olmalıdır. Mən dəyişdirdim status-kvonu, dəyişdirdim! Bax, orada, döyüş meydanında. Yoxdur status-kvo. Təmas xətti, yoxdur təmas xətti. Yarmışıq onu. Onlar 30 il idi ki, qururdular bu təmas xəttini”, - deyən ölkə Prezidenti onu da əlavə edib ki, yeni təmas xətti də olmayacaq. Biz torpaqlarımızı geri alacağıq: “Hansı təmas xəttindən söhbət gedə bilər?! Yoxdur bu, biz dağıtmışıq, biz etmişik, iradə göstərmişik, güc göstərmişik, xalqımızın iradəsinə arxalanmışıq və bu gün qələbə çalırıq. Tarixi qələbə çalırıq! Bu qələbə Azərbaycan xalqının əldə etdiyi qələbələr arasında ən parlaq qələbədir. Gələcəkdə bu qələbələr davam edəcək. Biz torpaqlarımızı azad edəcəyik, ərazi bütövlüyümüzü bərpa edəcəyik! Düşməni ondan sonra da qovacağıq. Mən bilirəm ki, Azərbaycan xalqı mənim bu sözlərimi bəyənibdir. Qovacağıq onları axıra qədər. Bayrağımız işğal edilmiş bütün torpaqlarda qaldırılacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək. Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!”

Paylaş
Baxılıb: 43 dəfə

Xəbər lenti

Hamısına bax

31 389 vaksin vurdurdu

20 Oktyabr 16:49

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31