Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Bayram günlərinin adları niyə dəyişdirilir?

Bayram günlərinin adları niyə dəyişdirilir?

09.10.2021 [10:27]

18 oktyabrın qeyri-iş günü olub-olmaması “Müstəqillik Günü haqqında”qanunun predmeti deyil

Milli Məclisin oktyabrın 11-də keçiriləcək iclasında “Müstəqillik Günü haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq. Qanun layihəsinə əsasən, Azərbaycanda 28 May - Respublika Gününün adı dəyişdirilib və bundan sonra Müstəqillik Günü kimi qeyd ediləcək. Eyni zamanda, 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilir. Qanun qəbul edildikdən sonra 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü adlandırılacaq.

Bəs həmin dövlət bayramlarının adlarının dəyişdirilməsi hansı zərurətdən yaranır? Sənəddə qeyd olunur ki, 2021-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olur. Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Bu baxımdan, dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyuk önəm kəsb edir.

Məsələ ilə bağlı Milli Məclisin deputatı, tarix elmləri doktoru Musa Qasımlı da qəzetimizə bildirib ki, Azərbaycan tarixində müstəsna yer tutan hadisələri dəqiq, dürüst adlandırılmasına və təqdim edilməsinə böyük ehtiyac var. Onun sözlərinə görə, 28 mayın təqvimdə Müstəqillik Günü elan edilməsi doğru addımdır və tarix gerçəkliyi əks etdirir: “1918-ci il mayın 28-də Azərbaycanın İstiqlal Bəyannaməsi, yəni müstəqillik bəyannaməsi elan edilib. XX əsrdə ilk dəfə olaraq biz cümhuriyyət formasında dövlət müstəqilliyimizi elan etmişik. Həmin İstiqlal Bəyannaməsində “respublika” ifadəsi yox idi. Sənədin adı İstiqlal Bəyannaməsidir. 1920-ci ildə Azərbaycan bolşeviklər tərəfindən işğal ediləndən sonra Azərbaycan SSR yaradıldı. Bu isə müstəqil dövlət deyildi. 1991-ci ilin 18 oktyabrında Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi. Amma həmin aktın mətnində yazılırdı ki, Azərbaycan Respublikası 28 may 1918-ci ildə elan edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Deməli, həmin ilin 18 oktyabr tarixində dövlət müstəqilliyimiz bərpa olunub. Bütün bunlar hamısı tarixi gerçəkliyi əks etdirir. Bu, bütün dərsliklərə daxil ediləcək və şagirdlər biləcəklər ki, müstəqillik nə vaxt elan edilib, nə vaxt itirilib və nə vaxt bərpa olunub. Ona görə hesab edirəm ki, belə bir qanunun qəbul edilməsi çox doğru addım olacaq”.

Onu da qeyd edək ki, 28 May bayramı təqvimdə qeyri-iş günü, 18 oktyabr tarixi isə bayram olsa da,  iş günü hesab edilir.  Bəs “Müstəqillik Günü haqqında” qanun qəbul edildikdən sonra 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü də qeyri-iş günü hesab olunacaqmı? Bu barədə qəzetimizə açıqlama verən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı bildirib ki, 18 Oktyabr-Dövlət Müstəqilliyi Günü 2006-cı ilə qədər ölkədə qeyri-iş günü olub: “Amma həmin il Əmək Məcəlləsinə edilən dəyişikliklər nəticəsində 18 Oktyabr-Dövlət Müstəqilliyi Günü bayram statusunda saxlanılsa da, qeyri-iş günləri siyahısından çıxarılıb. 18 oktyabrla yanaşı, 12 Noyabr-Konstitusiya Günü və 17 Noyabr - Milli Dirçəliş Günü də qeyri-iş günləri siyahısında deyil. Hansı ki, onlar da rəsmi dövlət bayramları sırasındadır. Oktyabrın 11-də parlamentdə “Müstəqillik Günü haqqında” qanunun müzakirəsi zamanı yalnız bayramların adları dəyişdiriləcək. Hansı bayramın qeyri-iş günü olub-olmaması isə bu qanunun predmeti deyil”.

Nardar BAYRAMLI

 

Paylaş:
Baxılıb: 299 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30