Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Yarım əsrdən sonra yenidən Bakıda

Yarım əsrdən sonra yenidən Bakıda

09.10.2021 [10:50]

Azərbaycanın dünya kosmos ailəsində fəaliyyəti beynəlxalq səviyyədə yüksək dəyərləndirilir

Bakı növbəti dəfə çox mühüm beynəlxalq tədbirə ev sahibliyi etməyə hazırlaşır. Söhbət paytaxtımızın Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi hüququnun rəsmiləşdirilməsindən gedir. 2021-ci ilin sentyabr ayında “Azərkosmos” və Beynəlxalq Astronavtika Federasiyası arasında 2023-cü ildə Bakı şəhərinin Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etməsi ilə bağlı müqavilənin rəsmi imzalanma mərasimi keçirilib. Sənədin imzalanması Beynəlxalq Astronavtika Federasiyasının (IAF) nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri çərçivəsində baş tutub. Xatırladaq ki, bir sıra beynəlxalq səviyyəli forumların, idman yarışlarının keçirilməsində yaxşı təcrübə qazanmış və özünün yüksək standartlarını müəyyənləşdirmiş Bakı, Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi hüququnu 2019-cu ilin oktyabrında ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilərdə qazanıb. Altmış səkkiz ölkədən 398 üzvü birləşdirən Beynəlxalq Astronavtika Federasiyası dünyada texniki sahədə mövcud olan ən böyük qurumlardan biridir. Beynəlxalq Astronavtika Konqresi də öz növbəsində, istər iştirakçıların say baxımına, istərsə də burada müzakirə olunan məsələlərin vacibliyinə görə dünya miqyasında ən mötəbər tədbirlərdən biri sayılır. Tədbir çərçivəsində paytaxtımıza dünyanın texnoloji gündəliyini müəyyən edən qurumların rəhbərlərindən, nümayəndələrindən ibarət təxminən 6-7 min xarici qonağın gələcəyi gözlənilir. Bu mötəbər tədbirə ev sahibliyi etməyə namizəd şəhərlər arasında Sinqapur, Rio-de-Janeyro və Nyu Delhi də olub. Kəskin rəqabət şəraitində keçən seçkilərdə paytaxtımız qalib gəlib.

Belə mötəbər beynəlxalq tədbirə ev sahibliyi hüququnun Bakıya həvalə edilməsi isə heç də təsadüfi deyil. Respublikamızda son 18 ildə Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi sayəsində innovativ əsaslı sənaye quruculuğu həyata keçirilib. Bəhs olunan dövrdə “Əsrin kontraktı” və digər müqavilələr çərçivəsində ölkəmizə gələn neft gəlirləri məqsədyönlü şəkildə qeyri-neft iqtisadiyyatının inkişafına yönəldilib. Nəticədə, respublikamızda neftdənkənar iqtisadiyyatın, xüsusilə də qeyri-neft sənayesinin inkişafı yüksək səviyyəyə çatıb. Təsadüfi deyildir ki, son illərdə milli iqtisadiyyatımızda ən yaxşı inkişaf göstəriciləri 15 faizdən çox olmaqla məhz qeyri-neft sənayesində qeydə alınır. O cümlədən “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında”, “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında dövlət başçısının imzaladığı müvafiq sərəncamlar Azərbaycanın dünya kosmik ailəsinə inamlı inteqrasiyasını təmin edib. Dövlət başçısının 3 may 2010-cu il tarixli Sərəncamı ilə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (ASC) təsis edilib. “Azərkosmos”un yaradılmasında əsas məqsəd ölkədə kosmik sənayeyə aid milli məhsul istehsalını təmin etməkdən ibarət olub. Hazırda “Azərkosmos” Prezident İlham Əliyevin 2021-ci il 27 aprel tarixli Fərmanına əsasən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Kosmik Agentliyi publik hüquqi şəxs kimi fəaliyyət göstərir. “Azərkosmos” ölkəmizin Kosmik Agentliyinə çevrilməsi, dünyada gedən sürətli texnoloji tərəqqidən Azərbaycanın daha çox faydalanmasına və respublikamızda kosmik fəaliyyət sahəsində idarəetmənin təkmilləşdirilməsinə xidmət edir.

Bu gün Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azerspace-1” peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. 2014-cü ilin dekabr ayından etibarən “Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1,5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”ın idarəçiliyini təhvil alıb və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlayıb. “Azərkosmos” 2018-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarıb. “Azerspace-2” peyki Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edir. Peyk regionda dövlət və özəl qurumlara şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edir.

Qürurverici haldır ki, hazırda Azərbaycanın milli brendlərindən olan “Azərkosmos” xarici bazarlarda özünün yüksək keyfiyyətli xidmətlərini uğurla təqdim edir. Qurumun gəlirlərinin böyük hissəsi peyk xidmətlərinin ixracından qazanılır. Şirkətin “Azerspace-1”, “Azerspace-2” və “Azersky” peyklərinin ixrac coğrafiyası kifayət qədər genişdir. Qurumun ixrac portfelində ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Malayziya kimi dünyanın aparıcı ölkələrinin qabaqcıl şirkətləri təmsil olunurlar. Peyk xidmətlərinin ixracı bir tərəfdən “Azərkosmos”un likvidliyinin güclənməsinə müsbət təsir göstərir, digər tərəfdən isə ölkəyə stabil xarici valyuta axınını təmin edir.

Dünya kosmik ailəsinin tərkibində belə uğurlu fəaliyyət öz növbəsində, ölkəmizə böyük nüfuz qazandırırb. 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi hüququnun ölkəmizə həvalə edilməsi də bununla bağlıdır. Görüşdə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev müstəqil Azərbaycanın Prezidenti İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən uğurlu peyk layihələri sayəsində dünya kosmik ailəsinin bir üzvünə çevrildiyini bildirib. Bu tədbirin, həmçinin Azərbaycanla yanaşı, qonşu ölkələrə, o cümlədən IAF üzvü olmayan dövlətlərə qlobal kosmos sənayesinə daha yaxından inteqrasiya istiqamətində əvəzolunmaz imkan yaradacağı vurğulanıb. Beynəlxalq Astronavtika Federasiyasının prezidenti xanım Paskal Erenfroynd çıxışında “Azərkosmos”la əməkdaşlığı yüksək dəyərləndirib: “Mən əminəm ki, 2023-cü ildə keçiriləcək Beynəlxalq Astronavtika Konqresi Azərbaycanın kosmik arenadakı mövqeyində önəmli iz buraxacaq və ölkənin qlobal kosmik sənayenin hərəkətverici qüvvələrindən biri olmasına təkan verəcək”,

Qeyd edək ki, Beynəlxalq Astronavtika Konqresi 1973-cü ildə Sovet İttifaqı dönəmində də Bakıda keçirilib. Bu, Ümummilli Lider Heydər Əliyevin səyləri sayəsində baş tutub. O vaxt Ulu Öndər Azərbaycanın rəhbəri kimi böyük səylər göstərmişdir ki, Sovet İttifaqında bu konqres məhz Bakıda keçirilsin. Bu baxımdan, 2023-ci ildə - təxminən yarım əsrdən sonra müstəqil Azərbaycanda bu konqresin yenidən keçirilməsi böyük rəmzi məna daşıyır. O vaxt Azərbaycan müstəqil dövlət deyildi, keçmiş ittifaqın subyektlərindən biri idi. Bu dəfə isə respublikamız Beynəlxalq Astronavtika Konqresinin iştirakçılarını öz paytaxtında müstəqil dövlət kimi qarşılayacaq!

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır

Mübariz ABDULLAYEV

Paylaş
Baxılıb: 41 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31