Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Mədəniyyət Paytaxtında siyasi mədəniyyət nümunəsi, həmrəylik mesajları

Mədəniyyət Paytaxtında siyasi mədəniyyət nümunəsi, həmrəylik mesajları

09.10.2021 [11:00]

Azərbaycanın siyasi palitrasında 44 günlük Vətən müharibəsi dövründə yaranan siyasi həmrəylik düşmən işğalından azad edilmiş Şuşa şəhərində növbəti dəfə öz təzahürünü tapdı. Belə ki, oktyabrın 6-da Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin rəhbərliyi ilə ölkəmizdə fəaliyyət göstərən 43 siyasi partiyanın 55 nümayəndəsi, eləcə də tanınmış politoloq və siyasi şərhçilər Şuşa şəhərinə səfər ediblər. Şuşa səfəri zamanı Ədalət Vəliyev siyasi partiyaların sədrlərini və digər səfər iştirakçılarını Prezident İlham Əliyevin adından salamlayıb.  Ədalət Vəliyev bildirib ki, 30 il hər bir azərbaycanlı, o cümlədən partiya sədrləri bu günün həsrəti ilə yaşayıb - “Şuşaya bugünkü səfər qələbəmizin bəxş etdiyi xoşbəxtlikdir”. Administrasiya rəsmisi qeyd edib ki, Şuşaya birgə səfər ötən il 27 sentyabrda başlayan və böyük bir qələbə ilə başa çatan Vətən savaşının nəticələrindəndir: “Azərbaycan Vətən müharibəsi zamanı siyasi birliyi önə çəkməklə dünyaya özünün milli birlik mesajlarını da vermiş oldu. 2020-ci il iyulun 15-də Tovuz hadisələri zamanı 43 üstəgəl 4 formatında sizlər - partiya rəhbərləri müharibəyə hazır olduğunuzu, Ali Baş Komandanın yanında olduğunuzu bəyan etdiniz. Sentyabrın 27-də müharibə başlayandan 5 saat sonra mən artıq ölkə başçısına 50 siyasi partiyanın bir yumruq kimi birləşərək birgə bəyanat qəbul etdiyi haqda məlumat verdim. Biz birləşdik və Vətən müharibəsində birliyimizi bu bəyanatla rəsmən ortaya qoyduq. İqtidar-müxalifət fərqi olmadan milli birlik ortalığa qoyuldu. Bütün müharibə dönəmində bu davam etdi. Müharibədən sonrakı dönəmdə də və bu anımıza qədər də biz birlikdəyik. Birlikdə enişli-yoxuşlu yollar gedirik. Yeni siyasi konfiqurasiya, yeni dialoq mərhələsi, yeni tanıtımlar, yeni danışıq tərzi, yeni siyasi mədəniyyət forması artıq reallaşıb. Bizi birləşdirən, bu Vətənə, bu torpağa olan sevgimizdir, bu torpaqları azad edən şəhidlərimizdir, qazilərimizdir, ordumuzdur. Burada heç kəs iddia edə bilməz ki, şəhidlər məhz mənə daha çox yaxındır, daha əzizdir, sənə yaxın deyil, əziz deyil. Bu məsələdə hamımız eyni düşüncədəyik, şəhidlərimiz hər birimiz üçün əzizdir. Şəhidlərimizə münasibətdə, qazilərimizin yanında olmaqda, dövlətimizin təməl prinsipləri məsələsində biz hamımız birik”.

Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə formalaşan yeni siyasi konfiqurasiya dialoq mühitinin inkişafına mühüm töhfələr verib. Fərqli siyasi baxışlara malik təşkilatlar İkinci Qarabağ müharibəsi dövründə Ali Baş Komandanın ətrafında birlik nümayiş etdirərək siyasi həmrəylik nümunəsi ortaya qoydular. Bu, Azərbaycanın demokratik və hüquqi dövlət quruculuğu prosesində əldə etdiyi mühüm nailiyyətdir.

Beləliklə, Vətən müharibəsinin zirvəsi sayılan, Mədəniyyət Paytaxtımız - Şuşa bu dəfə siyasi həmrəyliyimizin ünvanına çevrildi. Şuşanı ziyarət edən siyasi partiya rəhbərləri və politoloqlar da eyni fikirdədirlər.

Şuşanı birgə ziyarətlər istər dünyaya, istərsə də Azərbaycan cəmiyyətinə pozitiv mesajlar verir

Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Qəzənfəroğlu siyasi partiya rəhbərlərinin Şuşa səfərini tarixi hadisə kimi qiymətləndirib. Onun sözlərinə görə, siyasi partiyaların birgə qələbənin nəticələrini əyani şəkildə görməsi və Ağdam rayonundan sonra Şuşa səfərinin təşkil edilməsi siyasi mədəniyyətin daha da dərinləşməsinə xidmət edən addımdır. Millət vəkili bu istiqamətdə ölkə Prezidentinin iradəsinin ortada olduğunu bildirib: “Siyasi partiyalar ümummilli məsələlərdə bir yerdədirlər. Ən əsası isə, vaxtilə bir-birinə qarşı mövqe tutan təşkilatlar belə bu birlikdə təmsil olunurlar. Münasibətlərin qurulmasındakı mürəkkəblik artıq mövcud deyil. Əksəriyyət anlayıb ki, ümumdövlət, millət məsələsində məhz bu cür davranış sərgiləmək labüddür. Şuşa isə bütövlükdə xalqımız üçün bir dəyərdir. Siyasi partiyaların Şuşanı birgə ziyarəti istər dünyaya, istərsə də Azərbaycan cəmiyyətinə pozitiv mesajlar verir. İnsanlar bu mənzərəyə baxanda illərdir ənənəvi şəkildə inkarçılıqla məşğul olan siyasi partiyaları deyil, birlik nümunəsi, həmrəylik nümunəsi ortaya qoyan partiyaları görürlər. Əminəm ki, bu ənənə Azərbaycanda siyasi mədəniyyətin partiya demokratiyası fonunda inkişafını təmin edəcək. Bütövlükdə, prosesi və Şuşa ziyarətini təqdir edirəm. Özüm də bu səfərdə iştirak etdim və digər partiyaların rəhbərləri ilə də səmimi müzakirələr, dialoq imkanları əldə etdik və bunu yüksək dəyərləndirirəm”.

Hər kəs ölkəmizin mövqelərinin daha da güclənməsinə töhfəsini verməlidir

Vəhdət Partiyasının sədri, Milli Məclisin deputatı Tahir Kərimli də bildirib ki, ölkəmizdə fəaliyyət göstərən siyasi qüvvələrin əksəriyyətinin yeganə amalı ölkəmizin daha yüksək səviyyədə inkişafına dəstək vermək və bu prosesdə fəal iştirak etməkdir: “Dialoqun inkişafı əksər siyasi partiyaların həm iqtidarla, həm də öz aralarında sağlam münasibətlər formalaşdırıb. Ümumdövlət məsələlərində vahid mövqe yaranıb. Fikrimcə, ölkəmizdə postmüharibə dövründə dialoqun daha da gücləndirilməsi olduqca vacibdir. Bu mənada, Şuşa səfəri mühüm əhəmiyyət daşıyır. Şuşa Azərbaycanın Mədəniyyət Paytaxtı olmaqla yanaşı, qeyrət qalasıdır. Səfər zamanı hər kəs Şuşanın düşmən işğalından azad olunması prosesinin necə çətin şəkildə baş verdiyini gözləri ilə gördü, onu yaşadı. Düşünürəm ki, bizlər siyasi həmrəyliyimizi möhkəmləndirməklə bütün problemləri həll edə bilərik. Bu məsələdə hər kəs aktiv olmalı və ölkəmizin mövqelərinin daha da güclənməsinə töhfəsini verməlidir”.

Şuşada müqəddəs bir aura vardı...

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu da Şuşa səfərini yüksək dəyərləndirib. Partiya sədri bu səfəri çoxdan gözlədiyini bildirib və səfər zamanı olduqca möhtəşəm bir auranın yarandığını diqqətə çatdırıb: “Şuşada, hətta jurnalistlərin suallarını belə cavablandıra bilmədim. Orada müqəddəs bir aura - şəhidlərimizin aurası vardı. Bu səfərin ən mühüm cəhəti isə birliyimiz, həmrəyliyimiz idi. Biz millət olaraq, cəmiyyət olaraq, siyasi təşkilatlar və fərdlər olaraq 44 günlük Vətən müharibəsi dövründə bir arada olduq. Bu səfərimiz zamanı da birgə olmağımız düşmənə bir mesajdır. Şuşadakı birlik  müharibə zamanı bünövrəsi qoyulmuş birliyin davamıdır. Qoy düşmən də görsün ki, bizim Vətən, torpaq, bayraq, dövlət, millət sevgimizdə fikir ayrılığımız ola bilməz”.

Qarşıdakı dövrdə siyasi həmrəyliyimizi daha da gücləndirməliyik

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə Zəfər yolu ilə Şuşaya getdikləri zaman Füzulidə tikilmiş Beynəlxalq Hava Limanını gördüklərini və fərəh hissi keçirdiklərini dilə gətirib. Onun sözlərinə görə, Şuşada da möhtəşəm mənzərənin şahidi olublar: “Şuşa bizi dumanla qarşıladı. Azərbaycan dövləti Şuşada möhtəşəm infrastruktur işləri aparır. Bu da dövlətimizin qüdrətini əks etdirir. Şuşaya səfərimiz zamanı mən bir daha əmin oldum ki, qarşıdakı dövrdə siyasi həmrəyliyimizi daha da gücləndirməliyik, bir olmalıyıq. Problemlərimizin həlli üçün bu vacib şərtdir. Hər birimiz dövlətimizə dəstək olmalıyıq, onun yanında olmalıyıq. Apardığımz müzakirələrə əsasən deyə bilərəm ki, bununla bağlı hər kəs eyni fikirdədir. Çəkici eyni yerə vurmalıyıq ki, mühüm nəticələr əldə edək. Bütün basqılara bir yerdə qalib gəlməliyik”.

Bir daha milli birliyimizlə qürur duydum

Ümid Partiyasının sədri İqbal Ağazadə isə deyib ki, Şuşa onun üçün hər zaman azərbaycançılıq simvolu olub. Partiya sədri qeyd edib ki, Şuşanın hər küçəsi, hər daşı, ağacı belə özündə Azərbaycanın tarixini, keçmişini əks etdirir: “Şuşa geri alınmasaydı, həqiqətən də Qarabağ savaşı yarımçıq olardı. Bunu cənab Prezident İlham Əliyev də çıxışında bildirmişdi. Hesab edirəm ki, biz artıq gələcəyə, irəli baxmalıyıq. Şuşanı tam bərpa etməliyik. Şuşa bizim üçün mənəvi dəyərdir. Mən Şuşada olarkən bir daha müharibədə göstərilən milli birliyimizlə qürur duydum. Biz bütün problemlərimizi birlikdə həll edə bilərik. Yetər ki, bir-birimizə əl uzadaq, birlikdə milli və dövlət mənafeyimizi qoruyaq. Ümummilli məsələlərdə birlik mövcuddur və göz önündədir. Bu milli birlik torpaqların işğaldan azad olunmasında mühüm rol oynadı. Biz bütün məsələlərdə bir millət, bir dövlət olmağı öyrənməliyik. Siyasi mövqelər fərqli ola bilər, amma ümummilli məsələlərdə eyni mövqenin nümayiş olunması çox gözəldir”.

Yumruq kimi birləşməliyik

Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova da Şuşa səfəri ilə bağlı fikirlərini qəzetimizlə bölüşüb. Partiya sədri bildirib ki, Şuşanın ecazkar gözəlliyi, tarixi hər kəsi valeh etdi. 28 ildir ayrı düşdüyümüz torpaqlara qədəm qoymaq insanda böyük qürur hissi yaradır: “Bu qüruru bizə yaşatdıqları üçün Ali Baş Komandan İlham Əliyevə, Şuşanın azadlığı uğrunda döyüşən igid əsgərlərimizə minnətdarıq. Şuşa bizim qələbə və birlik simvolumuzdur. Bu gün Şuşanın bərpası prosesi davam etdirilir. Cənab Prezidentimizin də bildirdiyi kimi, biz Şuşanı yenidən dirçəldəcəyik”. Bunun üçün xalq olaraq, cəmiyyət olaraq bir yerdə olmalıyıq. Sevindirici haldır ki, siyasi partiyalar arasında dialoq mühitinin daha da dərinləşdirilməsi istiqamətində mühüm addımlar atılır. Bu birlik, həmrəylik ölkəmizin apardığı uğurlu siyasətə güc qatır”. İstənilən milli məsələdə yumruq kimi birləşməliyik. Döyüş meydanında qazandığımız qələbəni möhkəmləndirmək, milli hədəflərimizə doğru inamla addımlamaq üçün birliyimizi, həmrəyliyimizi qorumalıyıq”.

Siyasi partiya rəhbərləri ölkəmizə qarşı olan təhdidlərə də birgə cavab verməyə hazırdırlar

Şuşa səfərində iştirak edən politoloq Zaur Məmmədov da bu səfərin ölkəmizdəki siyasi həmrəyliyi, birliyi özündə təcəssüm etdirdiyini bildirib. Onun sözlərinə görə, bu gün ölkəmizdə iqtidarla müxalifət arasında fəal dialoq mühiti mövcuddur. Bu, dövlətimizin inkişafına da öz töhfəsini verir: “Xatırlayırıqsa, 2020-ci il sentyabrın 27-də, əks-hücum əməliyyatları başlayan günü siyasi partiyalar birlik, həmrəylik bəyanatı imzaladılar. Hətta o dövrdə bəzi beynəlxalq dairələr bundan narahatlıq keçirirdi. Onlar təsəvvür edə bilmirdilər ki, Azərbaycan cəmiyyəti bir yumruğa çevrilib vahid mövqedən çıxış edər: “Amma xalqımız, siyasi təşkilatlarımız yekdil şəkildə Prezidentimizin ətrafında birləşdi. Postmüharibə dövründə də bu birliyin davam etdirilməsi zəruridir. Bu gün bəzi dövlətlər regionda yaranan yeni geosiyasi reallıqlardan, Azərbaycanın gücünün artmasından narahatdırlar. Bu baxımdan, Şuşa səfərində nümayiş etdirilən siyasi həmrəylik xarici qüvvələrə və eyni zamanda, daxildə siyasi sabitliyə qarşı olanlara bir mesaj xarakteri daşıdı. Siyasi partiya rəhbərləri bir daha göstərdilər ki, onlar bir yerdədirlər və ölkəmizə qarşı olan təhdidlərə də birgə cavab verməyə hazırdırlar”.

Beləliklə, siyasi düşüncələri, dünyagörüşləri, baxışları fərqli olsa da, partiya liderlərini Şuşaya gedən Zəfər yolu birləşdirdi.

Pərviz Sadayoğlu

 

 

Paylaş
Baxılıb: 36 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31