Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “Yaşıl enerji”yə “Yaşıl işıq”...

“Yaşıl enerji”yə “Yaşıl işıq”...

13.10.2021 [10:33]

Hazırda “yaşıl iqtisadiyyat”a keçid bütün dünyada böyük aktuallıq daşıyan çağırışlardan biridir. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, 2024-cü ilə qədər dünyada bərpa olunan mənbələr hesabına enerji istehsalı 2018-ci illə müqayisədə 50 faiz artacaq. Öz siyasətini dünya trendlərinə uyğun quran Azərbaycan da son illərdə bu istiqamətdə bir sıra önəmli addımlar atıb. Məlumdur ki, indiyədək respublikamız ənənəvi resurslardan - neft və qazdan istifadə etməklə özünün enerji müstəqilliyini yüksək səviyyədə təmin edib. Azərbaycanın qısa müddətdə elektrik enerjisi idxal edən ölkədən ixracatçı ölkəyə çevrilməsi qürurverici haldır.

Azərbaycan, həmçinin özünün zəngin resurslarına istinad etməklə elektrik enerjisi istehsalı mənbələrini şaxələndirmək yolu tutub. Belə ki, respublikamızda enerji müstəqilliyinin bərpa olunan enerji mənbələri hesabına möhkəmləndirilməsinə güclü siyasi iradə göstərilir, eyni zamanda, bu istiqamətdə praktiki müstəvidə zəruri tədbirlər görülür.

Beş prioritetdən biri: ölkə “yaşıl enerji” məkanına çevriləcək

Azərbaycanın bərpa olunan enerji mənbələrindən geniş şəkildə istifadə etmək planları ölkəmizin müasirləşdirilməsi strategiyasına tam uyğundur. Qeyd edək ki, indiyədək Prezident İlham Əliyevin müxtəlif vaxtlarda imzaladığı Fərman və sərəncamlarla ölkəmizdə bərpa olunan enerji mənbələrindən səmərəli şəkildə istifadə olunmasına geniş imkanlar yaradan möhkəm hüquqi baza formalaşdırılıb. Azərbaycan bərpa olunan enerji sektorunun inkişafını özünün perspektivlə bağlı əsas prioritetlərindən biri kimi müəyyənləşdirib. Məlum olduğu kimi, dövlət başçısının 2 fevral 2021-ci il tarixində imzaladığı müvafiq Sərəncamla “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədi təsdiqlənib. Sərəncamda vurğulanır ki, müstəqil və suveren Azərbaycan dövləti postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni olan və 2021-2030-cu illəri əhatə edən strateji mərhələyə daxil olur. Sənədə əsasən, növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş prioritet müəyyənləşdirilib ki, onlardan da biri təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi prioritetidir. Bəhs olunan bu prioritet üzrə yeni strateji dövrdə yüksək keyfiyyətli ekoloji mühitin və yaşıl enerji məkanının yaradılması kimi iki məqsədin effektiv reallaşdırılmasına nail olunması nəzərdə tutulub. Bütövlükdə, respublikamızda 2030-cu ilə qədər elektrik enerjisinin istehsal gücündə bərpa olunan enerji mənbələrinin payının 30%-ə çatdırılması hədəflənib. Müəyyənləşdirilən zaman çərçivəsində bu hədəfə çatılması tam realdır. Azərbaycan “yaşıl enerji”yə “yaşıl işıq” yandırarkən, ilk növbədə, ölkənin geniş imkanlarını əsas götürüb. Respublikamızın əlverişli coğrafi iqlim xüsusiyyətləri alternativ və bərpa olunan enerji mənbələrindən, o cümlədən günəş, külək, su resurslarından geniş istifadəyə münbit zəmin yaradır. Hesablamalara görə, Azərbaycan illik 800 meqavata yaxın külək enerjisi ehtiyatına malikdir və bu, ildə təxmini 2,4 milyard kilovat-saat elektrik enerjisi deməkdir. Qeyd olunan göstərici ildə 1 milyon tona yaxın şərti yanacağa qənaət edilməsinə, ən əsası isə külli miqdarda tullantıların, o cümlədən ozondağıdıcı olan karbon dioksidin atmosferə atılmasının qarşısının alınmasına imkan verir. Respublikamızda digər mənbələr üzrə də “yaşıl enerji” istehsalı potensialı kifayət qədər böyükdür. “Bərpa olunan enerji sahəsinə sərmayələrin cəlb edilməsi bizim bərpa olunan enerji mənbələrinə dair strategiyamıza və potensialımıza uyğundur”, - deyə Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında keçirilən VII iclasındakı çıxışında bildirib.

İndiyədək respublikamızda alternativ və bərpa olunan enerji sektorunda bir sıra təşəbbüslər uğurla reallaşdırılıb. Məsələn, Pirallahı rayonunun gələcək inkişafı baxımından burada 2017-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə “Pirallahı” Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi böyük aktuallıq daşıyır. Haqqında bəhs olunan layihənin məqsədi Pirallahı rayonunda əhalinin və sosial obyektlərin yerli alternativ və bərpa olunan enerji mənbələri hesabına enerji ilə təminatından ibarətdir. Stansiyada ümumilikdə 4400 günəş paneli quraşdırılıb.

Alternativ və bərpa olunan enerji sahəsində səmərəli layihələrdən biri də Samux Aqroenerji Yaşayış Kompleksidir. Alternativ və bərpa olunan enerji mənbələri hesabına hibrid tipli günəş, külək, geotermal enerji və bioenerji istehsalı stansiyasından, enerji təminatlı kənd təsərrüfatı məhsullarının tədarükü, emalı, satışı sahələrindən ibarət olan Samux Aqroenerji Yaşayış Kompleksi özündə yüksək texnologiyaları, müasir idarəetmə sistemlərini birləşdirir. Respublikamızda 2018-ci ildə dövlət xətti ilə yaradılmış Yaşma Külək Elektrik Stansiyası Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Yeni Yaşma və Şurabad qəsəbələrinin ərazisindəki Yeni Yaşma Külək Elektrik Stansiyasının gücü 50 meqavata bərabərdir.

Son vaxtlarda respublikamızın müvafiq qurumları ilə xarici şirkətlər arasında imzalanan yeni müqavilələrin icrası ölkə üzrə bərpa olunan enerji mənbələrindən “yaşıl enerji” istehsalını əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək. Belə müqavilələrdən biri 2020-ci ilin yanvarında Nazirlər Kabinetində Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri arasında imzalanıb. Bu şirkətlər bərpa olunan enerji üzrə pilot layihələrin reallaşdırılmasına cəlb olunublar. “ACWA Power” şirkəti 240 meqavat gücündə külək, “Masdar” şirkəti isə 200 meqavatlıq günəş elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihələrin icrasına cəlb olunublar. Külək və günəş enerjisi layihələri üzrə ümumilikdə təxminən illik 1,4 milyard kilovat-saat elektrik enerjisinin istehsalı proqnozlaşdırılır. Xatırlatmaq yerinə düşər ki, “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” Prezident İlham Əliyevin 2019-cu ildə imzaladığı Sərəncama uyğun olaraq, bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi məqsədilə 9 beynəlxalq enerji şirkəti ilə əməkdaşlıq əlaqələri yaradılaraq intensiv müzakirələr aparılıb. “ACWA Power” və “Masdar” şirkətləri təkliflərini təqdim edən 7 şirkət arasında üç mərhələdən ibarət seçim prosesi nəticəsində müəyyən edilib.

Xarici şirkətlərlə imzalanan digər müqavilələr barədə də söhbət açmaq mümkündür. 2021-ci ilin aprel ayında Energetika Nazirliyi və “Azərenerji” ASC ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında 230 MVt gücündə günəş elektrik stansiyası layihəsi üzrə “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanıb. İmzalanmış sənədlərə əsasən, Bakı şəhəri və Abşeron rayonunda tikiləcək günəş elektrik stansiyası ildə təxminən 500 milyon kVt/saat elektrik enerjisinin istehsalına, 110 milyon kubmetr təbii qaza qənaət edilməsinə, 200 min ton karbon emissiyasının azaldılmasına, yeni iş yerlərinin yaradılmasına, eyni zamanda, digər investorların yeni layihələrə cəlbinə yol açacaq.

İşğaldan azad edilmiş ərazilər - Azərbaycanın “yaşıl enerji” vadisi

Ötən il 44 günlük Vətən müharibəsində müzəffər Silahlı Qüvvələrimizin qazandığı şanlı Qələbə sayəsində üç onillik ərzində düşmənin nəzarəti altında qalan ərazilərimizin işğaldan azad edilməsi ilə gələcəkdə Azərbaycanın bərpa olunan mənbələrdən enerji istehsalı daha da artacaq. Bu da onunla bağlıdır ki, sözügedən ərazilər bərpa olunan enerji mənbələri ilə zəngindir və Azərbaycanın “yaşıl enerji” vadisi hesab olunur. Prezident İlham Əliyev yuxarıda bəhs olunan çıxışında bildirib ki, işğal edilmiş ərazilərimizin azad olunmasından sonra həmin ərazilərdə günəş, külək və su ehtiyatları vasitəsilə elektrik enerjisinin istehsalı üçün yeni imkanlar yaranmışdır. “Mən artıq rəsmi olaraq azad edilmiş əraziləri “yaşıl enerji” ilə təmin ediləcək bölgə elan etmişəm. Biz artıq master-plan üzərində çalışırıq və nəhəng su, günəş və külək potensialından istifadə edərək həmin layihələri icra edəcəyik”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Qeyd edək ki, Vətən müharibəsində işğaldan azad edilən ərazilərimizdə vaxtilə bir sıra su elektrik stansiyaları fəaliyyət göstərib. Mənfur düşmən torpaqlarımızı işğal altında saxladığı üç onillik ərzində bu stansiyalardan istifadə edib. Ancaq işğalçı Ermənistan kapitulyasiyadan sonra 20 gün ərzində, demək olar ki, bütün bu su elektrik stansiyalarını dağıdıb, avadanlığı buradan çıxarıb, stansiyaların binalarına da ciddi ziyan vurub. Məsələn, təkcə Laçın rayonunun ərazisində 5 su elektrik stansiyası sıradan çıxarılıb. Kəlbəcər rayonunun ərazisində isə 12 su elektrik stansiyasının yenidən qurulmasına ehtiyac var. Azərbaycan işğaldan təmizlənən ərazilərə Böyük Qayıdış planına uyğun olaraq düşmən tərəfindən dağıdılmış stansiyaları yenidən qurmaq niyyətindədir. Artıq bu istiqamətdə ilk addımlar atılıb. Prezident İlham Əliyev işğaldan azad edilən ərazilərə növbəti səfəri çərçivəsində Həkəri çayı üzərində yerləşən 8 meqavat gücündə “Güləbird” Su Elektrik Stansiyasının açılışında iştirak edib. Bu, işğaldan azad olunan rayonlarda Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən ilk infrastruktur layihəsidir. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək.

Bu il oktyabrın 3-də isə Prezident İlham Əliyevin iştirakı ilə Tərtərdə “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyalarının yenidənqurmadan sonra açılışı olub. Erməni qəsbkarları döyüşlər zamanı 4,8 meqavat gücündə “Suqovuşan-1” və 3 meqavat gücündə “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyalarının yararlı ehtiyat hissələrini söküb daşıyıb, apara bilmədiklərini isə dağıdıblar. Əsaslı şəkildə bərpadan sonra “Suqovuşan-1” Kiçik Su Elektrik Stansiyasında ildə 13,8 milyon kVt/saat elektrik enerjisi istehsal olunacaq. “Suqovuşan-2” stansiyasında isə ildə 8,7 milyon kVt/saat elektrik enerjisinin istehsalı nəzərdə tutulub. Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyaları işğaldan azad olunmuş ərazilərin, xüsusilə Suqovuşan və Talış qəsəbələrinin elektrik enerjisi ilə təmin olunmasında mühüm rol oynayacaq.

Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərin zəngin bərpa olunan enerji resurslarından səmərəli istifadə olunması məqsədilə imzalanan digər layihələr üzrə də işlər uğurla davam etdirilir. Bu layihələrdən biri 2021-ci ilin mayında Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Yaponiyanın TEPSCO şirkəti arasında imzalanıb. Bu müqavilə yeni yanaşmalar əsasında regionun enerji təminatını həyata keçirmək məqsədilə “yaşıl enerji” zonasının yaradılması ilə əlaqədar müvafiq konsepsiyanın və baş planın hazırlanmasını nəzərdə tutur. Cari ilin iyun ayında isə Energetika Nazirliyi və bp şirkəti Zəngilan/Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair İcra Müqaviləsi imzalayıblar. Bu sənəd işğaldan azad olunmuş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması, Azərbaycanın bərpa olunan enerji sektorunun inkişafı ilə bağlı strateji qərarı və 2030-cu ilədək karbon qazı emissiyalarını 35%-dək azaltmaq öhdəliyinin, bp-nin isə 2050-ci ilədək “xalis sıfır emissiya”lı şirkətə çevrilmək strategiyasının icrası çərçivəsində imzalanıb.

Bu və digər layihələrin icrası işğaldan azad olunmuş ərazilərdə “yaşıl enerji” strategiyasının uğurla reallaşdırılmasını təmin edəcək. Yeri gəlmişkən, aparılan monitorinq zamanı külək enerjisi sahəsində ən böyük potensialın Laçın və Kəlbəcərdə olduğu müəyyən edilib. Həmin ərazilərdə küləyin orta sürəti saniyədə 12 metrə çatır ki, bu da beynəlxalq standartlara görə, müvafiq stansiyaların tikintisi üçün əlverişli hesab olunur.

Mübariz ABDULLAYEV

 

Paylaş
Baxılıb: 60 dəfə

Xəbər lenti

Hamısına bax

Yolumuz mübarək!

28 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31