Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / ABŞ birinci, Rusiya 5-ci yerdədir...

ABŞ birinci, Rusiya 5-ci yerdədir...

14.10.2021 [10:09]

Azadlıq... Bizə xoşbəxtliyi xatırladan bu söz bəzi insanların cəzasıdır Onu qazanmaq nə qədər çətindirsə, itirmək də bir o qədər asandır

Qədim zamanlardan günahkarı cəzalandırmaq üçün onun azadlığı əlindən alınır, qapalı yerdə saxlanılırdı. Qatı cinayətlər törədən şəxslər isə ümumiyyətlə, ölüm cəzasına məhkum edilirdi. Elə ilk həbsxana da oğurluq edən bir nəfərin ölüm cəzası almaması, onun yenidən cəmiyyətə qaytarılması üçün 1595-ci ildə Amsterdamda qurulub. Tədricən digər ölkələr də bu təcrübədən yararlanıblar. Ancaq hər dəfə qoyulan fərqli qaydalar insanları tərbiyə etməkdən daha çox onları cəzalandırmağa doğru dəyişib.

2021-ci ilin iyul ayına olan statistikaya görə, həbsdə 2 094 000 adam olmaqla ABŞ birinci yerdədir. Onun ardınca ikinci yerdə Çin (1 710 000), üçüncü yerdə Braziliya (759 518), dördüncü yerdə Hindistan (478 600), beşinci yerdə isə Rusiya (475 009) gəlir.

Statistikaya görə, 2010-cu ildən bəri həbsxanada olan insanların sayı 8 faiz artaraq 11 000 000 nəfəri keçib.

Həbsxanalar qapalı, açıq, yarımqapalı olmaqla üç yerə ayrılır. Məhkumlar cəzalarına uyğun olaraq müxtəlif növ həbsxanalarda saxlanılırlar. Ağır cinayətlər törətmiş insanlar ciddi təhlükəsizlik tədbirləri görülən həbsxanalarda, psixi vəziyyəti cəzaya uyğun olmayan, xüsusi müalicəyə ehtiyacı olan cinayətkarlar isə psixoterapiya klinikasına yerləşdirilirlər. Açıq həbsxanalar məhbuslara həddindən artıq məhdudiyyət qoymayan həbsxanalardır. Bu cür həbsxanalarda məhkumlara həbsdən çıxdıqdan sonra ömürlük hazırlıq təhsili verilir.

Qapısız-bacasız türmələr...

Dünyada qapısı olmayan həbsxanalar da var. Bu həbsxanalar, cinayətkarların ictimai həyatdan uzaq olmasını təmin etmək üçündür. Ağır cinayətlər törətməklə məhkum edilənlərin bu cür xüsusi qorunan həbsxanalardan qaçması qeyri-mümkündür.

Çinin Qinçenq həbsxanası ən yüksək təhlükəsizlik və müşahidə qüllələrinə malik həbsxanadır. Təhlükəsizlikdən məsul olan 5000 zabit məhbusların həbsxanada kilidli qalmasını təmin edir. Dəniz səviyyəsindən olduqca yüksəkdə yerləşən bu həbsxanadan qaçmaq çox çətindir. Bundan əlavə, Çin hökuməti həbsxananı kamera sistemi və elektron sensorlar ilə təchiz edib.

Qapısı olmayan həbsxanadan qaçmaq olar? Suriyanın Tadmor hərbi həbsxanası belə bir yerdir. Bu həbsxanaya yeganə çıxış həbsxana ilə xarici həyat arasındakı yeraltı tuneldir. Həbsxanaya girib-çıxmaq üçün irəli sürünmək lazımdır. Məhkum içəri girən kimi ağır zəncirlərə bağlanır və bu prosesdən sonra hər gün mütəmadi olaraq metal çubuqlarla döyülür. Şərtlər sərt və insanlıqdan uzaqdır. Ancaq Tadmor hərbi həbsxanası 30 may 2015-ci ildə İŞİD silahlıları tərəfindən partlayıcı maddələrlə dağıdılıb.

ABŞ-ın Kamp Delta həbsxanasında 1 məhbusa 12 təhlükəsizlik əməkdaşı nəzarət edir. Məhbus qaçmağı bacarsa da, çıxacağı yer sərhəddəki Amerika hərbi bazasıdır.

Qeyri-adi texnologiya ilə təchiz edilən Fuçu həbsxanası Yaponiyanın ən böyük həbsxanasıdır. Həbsxanada ən kiçik itki, dünyanın ən inkişaf etmiş siqnalizasiya sistemini işə salır.

Hindistanın Artur Road həbsxanasına həm girmək, həm də çıxmaq çox çətindir. Deyilənə görə, ən qabaqcıl silahlar belə bu həbsxananın daş divarlarını sındıra bilməz. Bu günə qədər heç kim bu həbsxanadan qaça bilməyib.

ADX Florensiya - ABŞ-da yerləşən bu həbsxana dünyanın ən təhlükəsiz həbsxanasıdır. Məhkumlar gün ərzində kamera nəzarətində saxlanılır. Həbsxananın kameralarına birbaşa giriş yoxdur. Təhlükəsizlik çox yüksəkdir, hətta bəzi məhkumlar cəzaları müddətində günəşi görə bilməyiblər.

Düşüncələrə və dəmir barmaqlıqlara həbs olunan qadınlar

Cəmiyyətimiz qədim zamanlardan qadına qarşı rəhmdil olmayıb. Bu dünya ilə qadın arasında daim bir şüşə olub. O görünməz şüşəni keçmək istəyən qadınlar isə yeni sərhədlərlə üzləşiblər. Hər nə qədər dövrümüzdə qadına qarşı bəzi məqamlarda güzəştlər olsa da, qanun qarşısında kişi və qadın eyni olduğundan onların da cəzaçəkmə müəssisələrində yerləşdirilməsi istisna edilməyib. Elə qədim zamanlardan qadınlar üçün ayrıca həbsxanalar təsis olunub.

2021-ci ilin iyul ayında açıqlanan statistikaya görə Honq Konq qadın məhbusların ən çox yerləşdiyi şəhərdir. Buradakı məhkumların 20%-i qadınlardır. ABŞ-da isə məhkumların 9,8 faizi qadındır.

Həmin statistikaya görə, 2010-cu ildən bəri həbsdə olan qadınların sayı 17% artıb. Buna pandemiya səbəbilə artan həbslərin də müəyyən təsiri olub. Karantin qaydalarını pozaraq cəzalandırılan, bu müddətdə psixologiyası yerində olmadığı üçün müxtəlif cinayət əməlləri törədənlər statistikanın artımına təsir göstərməkdədir.

Unutmaq lazım deyil ki, bu günə qədər dünyada başlayan müharibələrin əksəriyyəti millətlərin və dövlətlərin əsarət altında qalması ilə bağlı olub. Bir insan da uzun müddət azadlıqdan məhrum edilərsə, cəmiyyətlə müharibəyə başlayacaq. Çünki insan üçün azadlıq itiriləndən sonra qədri bilinən ən dəyərli məfhumdur.

Mütləq ki, cinayət əməlləri törədənlər ciddi psixoloji problemləri də olan şəxslərdir. Bu cür adamların əlindən bir də ən dəyərlilərini aldığınızı təsəvvür edin. Yəqin ki, öz əllərinizlə cinayət törətmiş olarsız. Düşünün ki, bir qadın onu 10-15 il əsarət altında yaşadan həyat yoldaşını münaqişə zəminində öldürür. Digər yandan, törətdiyi cinayətə görə, 15 il azadlıqdan məhrum edilir. Bu zaman həmin qadının təfəkküründəki azadlıq anlayışı öz anlamını da dəyişəcək.

Onun üçün yeni həyat heç vaxt başlamır...

Həbsxanadan çıxan qadın üçün isə yeni həyat heç vaxt başlamır. Onsuz da ən adi hərəkəti digərlərinin gözünə batan qadınlar məhkum damğası vurulandan sonra ikiqat hədəfə çevrilirlər.

Əslində, həbsxanada olduqları müddətdə elə onların özü də cəmiyyətdən təcrid olunurlar. Orada həyat bizim kənardan gördüyümüz qədər monoton olmur. Dörd divar arasında edə biləcək heç nə olmadığını düşünürük. Ancaq onlar hər dəfə qarşılaşdıqları yeni hadisələrlə azadlıq anlayışından bir az da uzaqlaşırlar…

Növbəti saylarımızda qadın həbsxanaları, içəridəki həyatın çətinlikləri, cəmiyyətdən ayrılmış və cəmiyyəti də özlərinə yad hesab edən qadınlar haqqında yazılarımızı təqdim edəcəyik...

 

 

Paylaş
Baxılıb: 45 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31