Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Heç kəs Paşinyanın açıqlamasını ciddi qəbul etmir

Heç kəs Paşinyanın açıqlamasını ciddi qəbul etmir

14.10.2021 [10:32]

Tofiq Zülfüqarov: Putin Paşinyanın dediklərinə heç bir dəstək və reaksiya verməyib

Oktyabrın 12-də Rusiya prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvada görüşü baş tutdu. Görüşün protokol hissəsində çıxışlardan başqa, KİV-ə müzakirənin detalları barədə heç bir informasiya verilməyib.

Görüşü Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Yeni Azərbaycan”a şərh edib.

- Tofiq müəllim, hansı məsələlər ətrafında müzakirələr aparıldığını düşünürsünüz?

- Proseslərin ümumi gedişi barədə çox danışılıb. Son günlər isə yeni bir fakt meydana gəlib. Bu da İranın birdən-birə Ermənistana olan “məhəbbəti”nin artması olub. Ancaq görüşdə köhnə məsələlərlə bağlı fikirlər də müzakirə obyekti olub. Əsas məsələ isə 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarının icrası ilə bağlı olub. Eyni zamanda, sərhədlərin demarkasiyası və Zəngəzur dəhlizi ilə bağlı məsələ görüşdə aktual müzakirə mövzusu ola bilər. Təbii ki, Ermənistan Rusiyadan hansısa dəstək istəyəndə ortaya çıxan ilk mövzu kommunikasiyalarla bağlı olur. Bu baxımdan, Ermənistan üçün əsas məsələlərdən biri öz mallarının ixrac edilməsidir. Belə olan halda ilk olaraq, yada Rusiya bazarı düşür. Əlbəttə, kommunikasiyaların açılması gündəmdədir. Azərbaycan tərəfi bu məsələni tez-tez yada salır, lakin kommunikasiyaların açılması Ermənistan tərəfi üçün ən vacib olan mövzudur. Yəqin ki, Putin-Paşinyan görüşündə məhz bu məqam barəsində də fikir mübadiləsi aparılıb.

- Sizcə, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması mövzusu da müzakirə predmeti olubmu?

- Təbii ki. Lakin sülh sazişinin yaxın zamanda imzalanacağına inanmıram. Bu məsələnin reallaşması uzaq perspektivdədir.

- Görüşdə Paşinyan Qarabağ münaqişəsinin həll edilməmiş qaldığını və Rusiyanın bu münaqişədə əsas rolu oynadığını Putinin diqqətinə çatdırmışdı. Paşinyanın belə açıqlaması nəyə hesablanıb?

- Ermənistanın müharibədən sonra Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsi onların ən məntiqli siyasəti ola bilərdi. Amma ermənilər yarımçıq addım atıblar. Paşinyanın Qarabağ münaqişəsinin həll edilməmiş olduğunu deməsi daxili ictimaiyyətə hesablanıb və erməni xalqına verilən mesajdır. Lakin hamı başa düşür ki, onlar işğaldan azad edilmiş ərazilərimizi 30 il ərzində Ermənistana birləşdirməyi bacarmayıblarsa, indiki mərhələdə həmin ərazilərin Ermənistana birləşməsi mümkün deyil. Paşinyanın belə söyləməsinə baxmayaraq, heç kəs bu açıqlamanı ciddi qəbul etmir. Çünki Putin özü də Paşinyanın bu dediklərinə heç bir dəstək və reaksiya verməyib.

- Zəngəzur dəhlizinin görüş zamanı müzakirə edildiyini vurğuladınız. ..

- İran Zəngəzur dəhlizi ilə bağlı proseslərə bu, yaxud digər formada müdaxilə etməklə kommunikasiyanın açılmasına mane olmağa çalışır. Amma rəsmi Tehran məqsədinə nail olmayacaq. Hər kəs başa düşür ki, Azərbaycan-Rusiya-Ermənistan arasında imzalanan üçtərəfli bəyanatda Zəngəzur dəhlizinin açılması ilə bağlı məqam var. Bu da mütləq öz həllini tapacaq.

- İddialar var ki, Rusiya prezidenti danışıqlar zamanı Paşinyanı “sıxışdırıb”...

- Əslində, çoxları görüş zamanı çəkilən müəyyən kadrlar və fotolara baxıb, mimikalardan müəyyən nəticələr çıxarırlar. Açığı, səslənən iddialara inanmıram. Amma Paşinyanın qərbə meyili olduğu istər-istəməz özünü büruzə verir. Ermənistanda ruspərəst və qərbpərəst qüvvələrin toqquşması ilə bağlı məsələ gündəmdə qalır. Məhz bu məqam da Paşinyanla Putinin hər görüşündə müzakirə obyekti olur. Paşinyan bütün görüşlərdə Rusiyaya sadiq olduğunu sübut etməyə çalışsa da, deyəsən, heç kəs ona inanmır...

- Hazırda bölgədəki durumla bağlı nə deyə bilərsiniz?

- Artıq Qarabağdakı vəziyyət stabilləşib. Bölgədə müvəqqəti yerləşdirilən sülhməramlıların nəzarəti altında proseslər tənzimlənir. Bizim üçün əsas olan Qarabağda yaranan şəraitdir. Bu şərait imkan verir ki, təhlükəsizlik şəraitində digər ərazilərə aid işlərimizi davam etdirək. Hazırda cəmiyyətimiz azad edilmiş ərazilərə real olaraq insanların qayıtmasını gözləyir. Əsas məqsədimiz də budur.

Söhbətləşdi:

Yeganə Bayramova

 

 

Paylaş
Baxılıb: 63 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31