Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ərini öldürən qadınlar var, amma arvadını öldürən kişilər daha çoxdur...

Ərini öldürən qadınlar var, amma arvadını öldürən kişilər daha çoxdur...

16.10.2021 [10:12]

Zorakılıq elə bir zəncirdir ki, hər gün o zəncirin həlqəsi bir az da bərkiyir

Gender probleminin çözülməsi üçün bütün dünya səy göstərir. Bu problem günümüzə ailə münaqişəsi, məişət zorakılığı kimi daxil olur.

Son zamanlar mətbuatda tez-tez məişət zorakılığı haqqında eşidirik. Xüsusilə də, pandemiya dövründə məişət zorakılığı hallarında artım daha çox müşahidə edilib. Statistik nəticələrə görə, karantin elan ediləndən sonra dünyada zorakılığa qarşı dəstək xidmətinə müraciət edənlərin sayı da iki dəfə artıb.

Demək olar ki, zorakılıq halları bütün dünyada baş verir. Ən çox zorakılıq halları baş verən ölkələr sırasında ABŞ, Kanada, Avstraliya, Cənubi Afrika və s. var. Zorakılıq deyəndə yalnız fiziki və cinsi təcavüz nəzərdə tutulsa da, əslində bu, heç də belə deyil. İnsan psixikasının pozulmasına, hətta ölümünə səbəb olan mənəvi və psixoloji zorakılıq hallarını da unutmamalıyıq. Şübhəsiz ki, bu zorakılıqların baş verməsinin başlıca səbəbi insanın öz hüququnu bilməməsidir.

Məlum olduğu kimi gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikasının Qanunu mövcuddur. Bu Qanunun məqsədi cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqla, kişi və qadınlara ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanlar yaratmaqla gender bərabərliyinin təmin edilməsindən ibarətdir. Ölkəmizdə məişət zorakılığının qarşısının alınması istiqamətində görülən işlərdən və bu yöndə mövcud qanunvericilik bazasının önəmindən bəhs edən BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsinin sədr müavini Elgün Səfərov bildirib ki, Azərbaycanda gender bərabərliyinin təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilib. Onun sözlərinə görə, bu gün ölkəmizdə gender bərabərliyi diqqət mərkəzindədir və artıq qadınlarımız cəmiyyətinin aparıcı hissəsinə çevrilib: “Azərbaycan qadını kişilərlə yanaşı, ölkəmizdə gedən ictimai, siyasi, iqtisadi, mədəni proseslərdə fəal iştirak edir. Hazırda həyata keçirilən gender siyasəti nəticəsində ölkəmizdə qadınların hərtərəfli inkişafı üçün zəruri şərait yaradılıb. Bu gün Azərbaycanda qadınlar dövlətin yaratdığı bütün imkanlardan istifadə edir, rəhbər vəzifələrdə çalışır, təhlükəsizlik, məhkəmə və hüquq-mühafizə orqanlarında, eləcə də sahibkarlıq sahəsində fəal təmsil olunurlar”.

Qeyd olunub ki, 2011-ci ildən 2021-ci ilin aprel ayına qədər müqayisə etsək, qadın sahibkarların sayı 71 mindən 236 minə qədər artıb. Bu da ondan bəhs edir ki, Azərbaycanda iqtisadi sahədə də gender məsələlərinə diqqət göstərilir.

 “Mən də hesab edirəm ki, qadın və kişi bərabərdir. Heç biri bir-birindən nə üstün, nə də aşağıdır. Sadəcə, müəyyən stereotiplər var ki, cəmiyyət qadını kişidən bir qarış aşağıda görməyə adət edib. Qadın kişi ilə bərabər olmağa çalışanda bunu fərqli formada təqdim etməyə başlayırlar”. Bu fikirləri isə qəzetimizə açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib. Onun sözlərinə görə, ailə-məişət zəminində baş vermiş münaqişədə hər iki tərəf eyni rolda olmur. Qadın daha əzilmiş və hüquqları məhdudlaşdırılmış vəziyyətdə olur: “Zorakılıq elə bir zəncirdir ki, hər gün o zəncirin həlqəsi bir az da bərkiyir. Təbii ki, qadın həmişə əzilmiş rolda deyil. Bu fikirlərlə razıyam, amma müəyyən normalar var ki, qadınlar o normalardan kənara çıxan kimi onu əzmək, idarə etmək, özünə tabe etdirmək üçün bütün cəhdlər edilir. Normal ailə modeli deyiriksə, tərəflər bir-birinə hörmət etməli, görəcəyi işlər və gedəcəyi yerlərlə bağlı bir-birinə məlumat verməlidirlər. Təəssüflər olsun ki, əksər vaxt qadının səsi ailədə nəzərə alınmır, onun qərarı dinlənilmir. Bütün qərarlar kişi tərəfindən verilir. Müasir dövrdə yeni ailə modelləri var ki, ailələr bütünlüklə birgə qərar qəbul edirlər. Qarşılıqlı anlaşılmazlıq mühitində ailənin möhkəm olması mümkünsüzdür”.

Azərbaycanda 15 faiz kişi zorakılığın qurbanına çevrilib

Əgər biz hazırkı vəziyyəti gender bərabərliyi nöqteyi-nəzərindən təhlil etsək, görərik ki, zorakılığa məruz qalanlar yalnız qadınlar deyil. Kriminal xəbərlərdən də eşitdiyimiz kimi, ərini öldürən qadınlar da var. Bəs zorakılığa məruz qalan kişilər haqqında nə demək olar? Məlum olduğu kimi, qadınların zorakılığa məruz qalması barədə bir çox araşdırmalar aparılıb, statistikalar təqdim olunub. Amma kişilər ilə bağlı o qədər də informasiyalar əlçatan deyil, ya da ictimaiyyətə geniş təqdim edilmir. M.Zeynalova fikrimizlə razı olsa da, çox vaxt qadınların ərlərinə psixoloji təzyiq göstərdiyini dedi: “Bəli. Ərini öldürən qadınlar var, amma arvadını öldürən kişilər daha çoxdur. Qadın uzun müddət zorakılığa məruz qalır və özünü müdafiə etmək və xilas olmaq üçün bu addımı atır. Hər iksi də cinayətdir. Yenə də heç bir əsas vermir ki, kiminsə davranışına görə onu öldürəsən. Bunun üçün Qanun var, qanunvericilik var. Hər iki tərəf də cinayət törədibsə, cinayətkar hesab edilir. Statistikaya görə, Azərbaycanda 15 faiz kişi zorakılığa məruz qalıb. Qadınlar kişilərə daha çox psixoloji zorakılıq tətbiq edirlər. Spirtli içki və narkotik asılılığı olan kişilərdə fiziki zorakılığa daha çox rast gəlinir. Kişi və ya qadın fərq etməz. Hər kəs öz hüququnun və məsuliyyətinin fərqində olmalıdır”.

Müşfiqə BAYRAMLI

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti üzrə hazırlanmışdır

 

Paylaş
Baxılıb: 193 dəfə

Xəbər lenti

Hamısına bax

Hava dəyişəcək

29 Noyabr 15:05

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31