Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / İşğaldan azad edilmiş ərazilər necə bərpa olunur?

İşğaldan azad edilmiş ərazilər necə bərpa olunur?

20.10.2021 [11:04]

Postmüharibə mərhələsində Azərbaycanın qarşısında duran əsas məsələ ötən il Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlıdır. Müharibənin başa çatmasından cəmi bir il vaxt ötməsinə baxmayaraq, artıq bəhs olunan ərazilərdə müasir infrastruktur quruculuğu, yaşayış məntəqələrinin bərpası ilə bağlı çoxsaylı layihələr reallaşdırılıb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli şəhərində daha bir neçə təməlqoyma mərasiminə qatılıblar Qordan Grliç Radmanı. Bütövlükdə, işğaldan azad edilmiş ərazilərin bərpasına cari ildə 1,3 milyard dollar həcmində maliyyə vəsaiti ayrılıb.

Yaşayış məntəqələrinin bərpasında yeni yanaşmalar konseptinə üstünlük verilir

Sakinlərin ev-eşiklərindən, gündəlik həyatlarından məmnun qaldıqları yaşayış məkanı. Elə bir yaşayış məkanı ki, burada insanın rahatlığını təmin etməkdən ötrü telefon rabitəsindən, internetdən, Wi-Fi-dan tutmuş evlərin mərkəzləşdirilmiş qaydada isidilməsinə, gecə-gündüz su, qaz, elektrik enerjisi təminatınadək hər şey, necə deyərlər, əl altındadır. Mənzillər, otaqlar, işıqlandırma - bütün bunlar əla memarlıq həllində və yüksək zövqlü dizaynda təqdim edilir. Hamar yollar, gecə işıqlandırmaları, rahat nəqliyyat vasitələri sakinlərin istifadəsinə verilib. Bütün bunlar göz oxşayan, füsünkar təbiət mənzərələri ilə ideal uyğunluq təşkil edir. Yaşadığın evi, mənzili təbiətin bir hissəsi kimi qəbul edirsən. Bir sözlə, rahatlıq içində yaşa və zövq al! İş, məşğulluq təminatı da öz yerində.

Təsvirləri oxuyanda, yəqin ki, fikirlərniz hansısa bir xəyal adasına və yaxud hansısa inkişaf etmiş ölkənin şəhər və kəndlərinə uçacaq. Həmin yaşayış məntəqələrinin sakinlərini “bəxtəvər” adlandırıb özünüz də belə yüksək rahatlıqlara malik bir məkanda yaşamaq istəyəcəksiniz. Yox, xəyali məkanlara səfərlərə çıxmağa heç bir lüzum yoxdur. Təsvir olunan “ağıllı məkanlar” – “ağıllı kəndlər” və “ağıllı şəhərlər” artıq doğma Azərbaycanımızda, daha dəqiq desək, ötən il Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərimizdə yaradılır. Bəli, hazırda innovativ vasitələrlə idarə olunan “ağıllı yaşayış məntəqələri” üç onillik ərzində qaçqınlıq, məcburi köçkünlük taleyi yaşayan insanlarımıza çox yaxındır. Bu gün Azərbaycan dövləti, şəxsən Prezident İlham Əliyev ötən il Vətən müharibəsində Müzəffər Silahlı Qüvvələrimizin rəşadəti sayəsində işğaldan azad edilmiş əraziləri yüksək səviyyədə və qısa müddətdə bərpa etməyə, buranı cənnətə çevirməyə güclü siyasi iradə sərgiləyir. Ermənilər zəbt etdikləri ərazilərimizə yad, talançı gözü ilə baxırdılar. Biz isə dağıdılmış yaşayış məntəqələrimizi yüksək səviyyədə bərpa edəcəyik, bura həyatı qaytaracağıq. Qeyd edək ki, yaşayış məntəqələrinin bərpasında yeni yanaşmalar konseptinə üstünlük verilir. Bərpa işlərində Azərbaycanın yanaşmasını diqqətə çatdıran Prezident İlham Əliyev “Mən işğaldan azad olunmuş bütün əraziləri yaşıl enerji zonası elan etmişəm. Biz bərpa və yenidənqurma işlərində ən müasir və innovativ texnologiyalardan istifadə edəcəyik. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları tətbiq olunacaqdır”, - deyə İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə onlayn formatda keçirilən ikinci Zirvə toplantısında videoformatda təqdim edilən çıxışında bildirib.

Zəngilanda ilk “ağıllı kənd”in inşası tamamlanmaq üzrədir, növəti “ağıllı kənd”in ünvanı isə Füzulidədir

İşğaldan azad olunmuş ərazilərimizdə yaşayış məntəqələrinin müasir yanaşmalar əsasında bərpası istiqamətində ilk pilot layihənin icrasına Zəngilan rayonunun Ağalı kəndində başlanıb. Pilot layihə Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Bu kəndlər ötən il oktyabrın 28-də işğaldan azad edilib və cəmi altı aydan sonra burada bərpa işlərinə start verilib. Layihənin icrası əsasən, 5 komponent üzrə aparılır. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələridir. Ərazidə ilk olaraq tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi evin tikintisi nəzərdə tutulub. Burada “Arximed” bərpaedilən enerji qurğusu “Ağıllı kənd”in bütün daxili elektrik enerjisi ehtiyacını ödəyəcək və artıq qalan enerjini xaricə satmaq mümkün olacaq. Ağalıda “Ağıllı kənd” layihəsi çərçivəsində Azərbaycanda ilk dəfə “Qiqabit AirPON” texnologiyasından istifadə olunacaq. Artıq Zəngilan rayonunun Ağalı kəndində ilk “ağıllı kənd” layihəsinin icrası tamamlanmaq üzrədir.

Ağdam şəhərinin Prezident İlham Əliyevə təqdim olunan Baş Planı da ən yüksək şəhərsalma standartları nəzərə alınmaqla hazırlanıb. Zamanında Ağdam şəhərinin əhalisi 36 min nəfər olub. Hazırda isə şəhərin əhalisinin sayı 50 mini ötüb. Dövlət başçısının tapşırığına uyğun olaraq, şəhər 100 min nəfər əhali üçün planlaşdırılıb. Məlum olduğu kimi, Birləşmiş Millətlər Təşkilatının UNICEF qurumu “Ağıllı və dayanıqlı şəhərin müddəaları haqqında” kitabça buraxıb. Onun 18 müddəası var. Burada İT şəbəkəsi, turizm və yaşıllıq zonaları, nəqliyyat, ümumiyyətlə, bütün cəhətlər vəhdət halında əksini tapıb və Ağdamın bərpasında onların hər biri, o cümlədən də sənaye zonası nəzərə alınacaq.

İşğaldan azad olunmuş ərazilərdəki mənfur düşmən tərəfindən dağıdılmış şəhər və kəndlərimizin yeni yanaşmalar əsasında bərpası istiqamətində növbəti addım hər bir azərbaycanlı üçün xüsusi önəm daşıyan Şuşada atıldı.Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şuşaya son səfərləri çərçivəsində şəhərin bərpa planı təqdim olunub və burada yeni yaşayış kompleksinin təməli qoyulub. Şuşanın bərpasında tarixi şəhərsalma ənənələri qorunacaq, eyni zamanda müasir yanaşmaların tətbiqinə geniş meydan veriləcək.

İşğaldan azad olunmuş ərazilərin yeni konseptlər əsasında bərpası ilə bağlı növbəti layihələrə Füzulidə start verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli şəhərində salınacaq çoxmənzilli yaşayış məhəlləsinin təməlqoyma mərasimində iştirak ediblər. Füzuli şəhərinin  bərpası planı da yeni yanaşma konsepti əsasında hazırlanıb. Təxminən 17,8 hektar ərazini əhatə edəcək yaşayış məhəlləsində mərhələli şəkildə 65 mənzilli 4-5 mərtəbəli yaşayış binaları inşa ediləcək. Prezident İlham Əliyev Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdəki çıxışında işğaldan azad edilmiş ərazilərdə “ağıllı kənd” və “ağıllı şəhər” layihələrinin həyata keçirilməsindən məmnunluğunu bildirərək vurğulayıb: “Bu gün Dövlətyarlı kəndinin inkişaf konsepsiyası təsdiq edildi, təməli qoyuldu. “Ağıllı kənd” konsepsiyası əsasında Dövlətyarlı kəndində böyük yaşayış məntəqəsi yaradılacaq. Beş kəndi birləşdirən bu layihə, ümid edirəm ki, gələn ilin sonuna qədər keçmiş köçkünlərin sərəncamına veriləcək. Birinci mərhələdə 450 evin tikintisi nəzərdə tutulur. Ondan sonra əlavə 300 evin tikintisi nəzərdə tutulur və bu, Füzuli rayonunda birinci yaradılacaq yaşayış mərkəzi olacaqdır”.

Sonda onu da qeyd etmək yerinə düşər ki, güclü dövlət olan Azərbaycan işğaldan azad edilmiş əraziləırin bərpası ilə bağlı layihələrin maliyyə təminatı üçün heç bir xarici dövlətdən və beynəlxalq təşkilatdan kömək istəmir. Bütün bərpa işləri sırf daxili imkanlar hesabına həyata keçirilir.

Mübariz ABDULLAYEV

 

Paylaş
Baxılıb: 110 dəfə

Xəbər lenti

Hamısına bax

Prezident bu gün

04 Dekabr 00:11

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31