Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / İran müttəfiq axtarışında...

İran müttəfiq axtarışında...

20.10.2021 [11:20]

Baqerinin Moskvadan əliboş qayıdacağı şübhəsizdir

Bölgədə yaranan yeni siyasi reallıqları qəbul etməyən İran deyəsən təşvişə düşüb. Azərbaycana, Türkiyəyə qarşı əsassız bəyanatlarla çıxış edərək regional inkişafa mane olmağa çalışan rəsmi Tehran ona dəstək verə biləcək müttəfiq axtarışına çıxıb. Belə ki, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, briqada generalı Məhəmməd Baqerinin başçılıq etdiyi nümayəndə heyəti Rusiyaya rəsmi səfər edib. Dörd gün Moskvada olacaq Baqerinin Rusiya tərəfinin yüksək rütbəli nümayəndələri, o cümlədən müdafiə naziri Serqey Şoyqu və Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi Valeri Gerasimovla da görüşü planlaşdırılıb.

Baqerinin bu səfərinin regional məsələlərlə bağlı olduğu ilkin baxışdan bəllidir. Belə demək mümkündürsə, İran özünün qərargah rəisini 4 günlük Moskvaya göndərməklə həm Rusiya ilə münasibətlərinin "yüksək səviyyəsini" göstərir, həm də regional problemlərin həllində mühüm "oyunçu" olduğunu sübut etməyə çalışır. Amma rəsmi Tehran özü də anlayır ki, onun bu manevrləri faydasızdır. Çünki var gücü ilə regiondakı kommunikasiyaların açılmsına qarşı "mübarizə aparan" İran heç nəyə nail ola bilməyəcək. Daha doğrusu, Baqerinin Moskvadan da əliboş dönəcəyi şübhə doğurmur.

Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan” a bölüşən Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Milli Məclisin deputatı Fazil Mustafa İranın bu gün bütün istiqamətlər üzrə müttəfiq axtarışında olduğunu deyib. Onun sözlərinə görə, Rusiya ilə İran arasında yüksək əlaqələrinin olması isə gizli və yeni bir hal deyil: "Yəqin ki, görüşlər zamanı əsas müzakrə predmeti son dövrlərdə bəzi məsələlərlə bağlı ortaya çıxmış fikir ayrılıqları və onların aradan qaldırma yolları olacaq. Bu fikir ayrılıqları isə daha çox Qarabağla və kommuniksiya xəttlərinin açılması ilə bağlıdır. İran var gücü ilə bu məsələyə mane olmağa çalışır. Rusiya rəsmi Tehranın bu mövqeyinin dəyişməsi üçün fəal addımlar atmalıdır. Güman edirəm ki, danışıqlar əsasən bu istiqamətdə aparılacaq".

İranın mövqeyində dəyişikliklərin gözlənildiyini istisna etməyən millət vəkili öz fikrini belə əsaslandırıb: "Bölgədə İrandan başqa bu işə maneə olmaq yolunu tutan ölkə yoxdur. Ümid edək ki, İran da bu siyasətindən əl çəkəcək. Düzdür Rusiyanın İranın mövqeyinin dəyişməsinə təsir etmə gücü elə də böyük deyil. Çünki ortada Rusiyanın da maraqları mövcuddur. Bununla belə Rusiya bölgədə kommunikasiyaların açılmasına maraqlıdır. 10 noyabr bəyanatı bunun faktiki isbatıdır. Hətta Ermənistanın da bu məsələ ilə bağlı mövqelərində ciddi dəyişikliklər olub və açıq şəkildə kommunikasiya xəttlərinin açılacağı bildirilib. Belə bir halda İran təklənir və bu da rəsmi Tehranın maraqlarına uyğun olmayacaq. İran da öz siyasətinə müəyyən korrektələr edəcək. Nəticə etibarı ilə, Rusiyanın İrana hər hansı hərbi dəstək verməsi də inandırıcı görünmür".

Milli Məclisin deputatı Arzu Nağıyev də Rusiya ilə İranın hər zaman müttəfiq olduğunu diqqətə çatdırıb. Millət vəkili bildirib ki, Suriya, nüvə proqramlarının həyata keçirilməsi ilə yanaşı bir çox məsələlərdə İranla Rusiyanın birgə addımlarının şahidi olmuşuq. Yəni, bu yaxınlıq yalnız Qarabağ və ya regional məsələlərlə bağlı deyil: "Qərblə İran arasında münasibətlər kəskin forma aldığı zaman Rusiya hər zaman rəsmən İranın müttəfiqi qismində çıxış edir. Fikrimcə, bu gün də bölgədə "soyuq müharibə" davam edir və bu birinci hal deyil, daim təkrarlanıb".

Millət vəkili son zamanlar İranın Türkiyəyə qarşı davranışlarının əsasında fərqli məsələlərin dayandığını bildirib. Onun fikrincə, Türkiyəyə qarşı münasibət rəsmi Ankaranın özünə yönəlməyib: "Burada söhbət Türkiyənin NATO bloku üzvü olmasından gedir. İranı qıcıqlandıran budur. Çünki Türkiyə NATO üzvüdür və bu qurum Türkiyənin timsalında regiona gəlir. Bunu hər kəs anlayır ki, "Zəngəzur dəhlizi" layihəsi mütləq şəkildə reallaşacaq. Hətta bunun İranın istəyindən heç bir asılılığı yoxdur. Çünki bu məsələ  beynəlxalq məsələdir. Bu, Ermənistana da sərf edir. Ölkə blokadadan çıxacaq, iqtisadiyyat inkişaf edəcək. Bu mənada İranın dəhlizə qarşı dirənişləri də faydasız olacaq".

Pərviz Sadayoğlu

Paylaş
Baxılıb: 109 dəfə

Xəbər lenti

Hamısına bax

Prezident bu gün

04 Dekabr 00:11

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31