Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Laçın təlimləri: Ordu yeni komplektləşmə dövrünə qədəm qoyur

Laçın təlimləri: Ordu yeni komplektləşmə dövrünə qədəm qoyur

20.10.2021 [11:41]

Silahlı qüvvələrin genişmiqyaslı təlimləri bölgədə təhlükəsizliyin təminində əsaslı rol oynayır

Qələbədən sonra Azərbaycan öz ordusunu daha da gücləndirir

Düşmən yenə də min bir təxriabata əl ata bilər.

Son illər aparılan uğurlu ordu quruculuğu siyasəti 44 günlük Vətən müharibəsindəki qalibiyyətimizi şərtləndirdi. Müasir texnikalarla təchiz olunan Azərbaycan Ordusu bu gün dünyanın öncül silahlı birləşmələrindən sayılır. Ordunun komplektləşdirilməsi, operativliyinin və çevikliyinin artırılması istiqamətində bu gün də uğurlu fəaliyyət davam etməkdədir. Regionda yaranan yeni situasiya, postmüharibə dövründə erməni terror qruplarının təxribat cəhdlərinin qarşısının alınmasında bu amilin rolu böyükdür. Yeri gəlmişkən, Silahlı Qüvvələrin ordu birləşmələrinin növbəti təlimləri keçirilməkdədir. Oktyabrın 14-dən Xüsusi Təyinatlı Qüvvələrin təlimləri başlayıb. Oktyabrın 19-dan isə Quru Qoşunlarının 2021-ci ilin hazırlıq planına uyğun olaraq Laçında komanda-qərargah təliminə start verilib. Qeyd edək ki, təlim kommunikasiya vasitələrinin geniş tətbiqi ilə ərazi, xəritə və ərazinin maketi üzərində icra olunur.

Milli Məclisin deputatı Vüqar İskəndərov da “Yeni Azərbaycan” qəzetinə açıqlamasında Azərbaycan ordusunun hər zaman hazırlıqlı olduğunu və düşmənin bütün təxribatlarına layiqli şəkildə cavab verdiyini diqqətə çatdırıb. Millət vəkili bildirib ki, ötən illər ərzində ordunun hazırlığı, texniki cəhətdən müasir silahlarla təmini məsələsi prioritet sayılıb. Bunun nəticəsidir ki, illərdir hərbi müdafiə məsələsi dövlət büdcəsinin mühüm hissəsini təşkil edir: "Cənab Ali Baş Komandan hər zaman bildirirdi ki, Azərbaycan ordusu öz torpaqlarını düşməndən azad etmək iqtidarındadır. Bu fikrin arxasında illərin zəhməti, düşünülmüş şəkildə inkişaf etdirilən ordu quruculuğu siyasəti dayanırdı. Və zaman gəldi ki, həqiqətən də Azərbaycan Ordusu cəmisi 44 gün ərzində işğal altındakı torpaqlarımızı azad etdi. Amma nəzərə almaq lazımdır ki, qarşımızdakı düşmən yenə də min bir təxriabata əl ata bilər. Bu baxımdan, keçirilən təlimlər olduqca böyük əhəmiyyətə malikdir".

Millət vəkili bildirib ki, ordu birləşmələrinin məhz Laçın rayonunda hərbi təlimlər keçməsi də xüsusi məqsəd daşımaqdadır. Bəlli olduğu kimi, işğaldan azad edilmiş bəzi regionlarda hələ də erməni təxribat qrupları mövcuddur və Laçın rayonunda keçirilən hərbi təlimlər məhz coğrafi baxımdan bir sıra üstünlüklər yaratmağa hesablanıb. "Düşmən anlamalıdır ki, onların təxribatları cavabsız qalmayacaq. Bu gün Azərbaycana qarşı qısqanc münasibət bəsləyən bəzi ölkələr görməlidir ki, qazanılan qələbənin ardından Azərbaycan öz ordusunu daha da gücləndirir. Təbii ki, bu təlimlər həm də sülh danışıqlarında, eləcə də bölgədə gedən bəzi siyasi proseslərdə bizə üstünlük qazandırır. Azərbaycan xalqı ordumuza, Ali Baş Komandanımıza hər zaman güvənir. Bu gün Azərbaycanın sərhədləri ordumuz tərəfindən etibarla qorunur," – deyə V.İskəndərov əlavə edib. 

Hərbi ekspert Ramil Məmmədlinin fikrincə isə, Azərbaycan dövləti son dövrlərdə bölgədə yaranan gərginliklər səbəbindən haqlı olaraq silahlı qüvvələrin təlimlərini və imkanlarını daha da genişləndirir, döyüş hazırlığını daha da təkmilləşdirir. Ordumuzun maddi-texniki bazasının da yenləndiyini diqqətə çatdıran R.Məmmədli bildirib ki, ordunun gücü şəxsi heyətinin hazırlığından daha çox asılıdır: "Ordunun gücündə əsas amil hərbçilərin hazırlığıdır. Azərbaycan silahlı qüvvələri son bir həftə ərzində ardıcıl təlimlərə start verib. Oktyabrın 14-dən Xüsusi Təyinatlı Qüvvələrin təlimlərinə başlanılıb. Bu təlimlər dağlıq, yarımsəhra və dağətəyi bölgələrdə keçirilir. Təlimlərdə məqsəd müasir texnologiyalardan istifadə etməklə düşmən mövqelərinin və hədəflərinin məhv olunması, həmçinin lazım gəldikdə düşməni geri çəkilməyə məcbur edilməsidir. Paralel olaraq oktyabrın 19-dan başlayaraq Laçın rayonunda isə komando – qərargah təlimlərinə başlanılıb. Bu təlimlər döyüş atışlı təlimlər deyil. Bu təlimlərdə maket və topoqrafik xəritə üzərində hərbi əməliyyatların - həmlələrin və müdafiənin təşkili təlim olunur. Həm Laçındakı, həm də Xüsusi Təyinatlı Qüvvələrin keçirdiyi təlimlər işğaldan azad olunmuş ərazilərdə yarana biləcək gərginliyin və problemlərin qarşısını almaq məqsədi daşıyır".

Hərbi ekspert bildirib ki, 44 günlük Vətən müharibəsi bitdikdən sonra Ermənistana bağlı silahlı təxribat qruplarının müəyyən problemlər yarada bilməsi ehtimalı mövcud idi. Bu səbəbdən də Xüsusi Təyinatlı Qüvvələrin imkanlarından istifadə etməklə antiterror əməliyyatları təlimlərinə başlanıldı. "Hesab edirəm ki, Laçında keçirilən komanda-qərargah təlimləri də silahlı qüvvələrin müxtəlif qoşun növlərinin antiterror əməliyyatı zamanı davranışlarının təkmilləşdirilməsinə xidmət edir. Vurğulayım ki, komando-qərargah təlimlərinin effekti müharibə dövründə özünü göstərmişdi. Ordu komandanlığının kiçik zabit heyəti ilə planlı şəkildə əlaqələndirilməsi uğurlu hərbi əməliyyatların keçirilməsinə müsbət mənada öz töhfəsini verir," – deyən R.Məmmədli onu da əlavə edib ki, bu gün Azərbaycan Silahlı Qüvvələri yeni inkişaf dövrünə qədəm qoyub. Yeni mərhələdə Azərbaycan ordusunun yenidən komplektləşməsinə başlanılıb. Əsas üstünlük isə Xüsusi Təyinatlı Qüvvələrin və onu dəstəkləyəcək yeni texnikalarla təchiz olunmuş qüvvələrin inkişafına yönəldilib. 

Pərviz Sadayoğlu 

Paylaş
Baxılıb: 102 dəfə

Xəbər lenti

Hamısına bax

Hava dəyişəcək

29 Noyabr 15:05

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31