Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ən yeni tariximizin ən böyük yalanı

Ən yeni tariximizin ən böyük yalanı

21.10.2021 [10:43]

AXC – “Müsavat” cütlüyünün “mif yaradıcılığı”

2020-ci ilin payızında adını dünya tarixinə müzəffər xalq kimi yazdırmış Azərbaycan xalqına saxta uydurmalar lazım deyil

Milli maraqların qorunmasını təmin edən bir çox amil var. Bunlardan biri xalqın tarixi, cəmiyyətin isə ictimai-siyasi yaddaşının düzgün formalaşdırılmasıdır. Xüsusilə də, dövlətçilik tarixi və dövlət müstəqilliyi ilə əlaqədar obyektiv yanaşmanın – rasional baxışın ortaya qoyulması həm keçmişdən düzgün nəticə çıxararaq bu gündən gələcəyə sağlam mənəvi körpü yaradılması, həm də siyasi mədəniyyətin, siyasi şüurun inkişafı baxımından çox önəmlidir.

Məlum olduğu kimi, bu günlərdə ölkəmizdə  “Müstəqillik Günü haqqında” qanun qəbul edilib, buna əsasən mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan olunub. Bu, ekspertlər, ziyalılar, tarixçi-alimlər tərəfindən ölkəmizin suverenliyi, dövlət müstəqilliyi və xalqımızın milli kimliyi ilə bağlı rəmzi hadisələrə sistemli və kompleks baxış kimi yüksək dəyərləndirilib. Amma bu məsələyə öz dumanlı siyasi eynəyi arxasından baxan, məsələni ictimai rəyi yanıltmaq üçün qeyri-sağlam rakursdan təqdim etməyə çalışanlar da var. Üstəlik, sadəcə olaraq, ortaya heç bir fakt – arqument qoymadan, sağlam – faydalı müzakirə aparmadan, “bu, nəyə lazımdır” kimi primitiv, az qala “bu, tarixin təhrifidir” kimi absurd “fikir”lər səsləndirməklə...

Əvvəla qeyd etmək lazımdır ki, bu addım tarixin təhrif olunması deyil, tarixə - tarixi hadisələrə düzgün qiymət verilməsidir. Azərbaycan müstəqilliyini 1918-ci ildə qazanıb, 1991-ci ildə isə bərpa edib. Yəni tarixi və məntiqi ardıcıllıq belədir. Lakin “müxalifətçilik” adını istismar etməklə məşğul olanlar, o zaman AXC-“Müsavat” cütlüyünün hakimiyyətində  təmsil olunmuş bugünkü siyasi autsayderlər bu reallığı qəbul etmək istəmir, qüsurlu və qərəzli yanaşma ortaya qoyurlar. Hətta onlar 18 oktyabr tarixində müstəqilliyin bərpasını xüsusi – müstəsna hadisə kimi səciyyələndirməyə, bunu hansısa kütləvi fəallığın nəticəsi kimi ictimai rəyə sırımağa çalışırlar. Amma tarixi təhrif və ya başqa formada təqdim etmək mümkün deyil. Həmin dövrün hadisələri göstərir ki, 18 oktyabr tarixində Azərbaycanın gecikmiş müstəqilliyinin elanı SSRİ miqyasında cərəyan edən təbii proseslərin nəticəsi idi. Bu, hansısa hərəkatın və ya siyasi qruplaşmanın xidməti deyildi. Üstəlik, müstəqillik bəyan olunsa da, 1993-cü ilə qədər müstəqil siyasətdən, suverenlikdən əsər-əlamət yox idi, Azərbaycan tənəzzül, xaos və anarxiya məkanı idi. Yalnız 1993-cü ildə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyev müstəqil siyasət həyata keçirməklə ölkənin suverenliyini təmin etdi. Ulu Öndər gerçək müstəqilliyi qazanmağın, onu qoruyub saxlamağın – daimi və əbədi etməyin nə demək olduğunu göstərdi.

Ümumiyyətlə, Xalq cəbhəsi təmsilçilərinin dividend qazanmaq naminə saxtakarlıqla “tarix yazmaq” cəhdləri kifayət qədərdir. Bu kontekstdə bir məqama nəzər yetirək. Məlum olduğu kimi, SSRİ-nin dağılması ərəfəsində həm ittifaq miqyasında, həm də dünyanın bir sıra ölkələrində antikommunizm xarakterli etiraz aksiyaları keçirilir, müxtəlif şüarlar səsləndirilirdi. Bu, Qərbdə müxtəlif qəzet və jurnallarda geniş əksini tapırdı. Məsələn, “Newsweek” jurnalı 1989-cu ildə ümumi olaraq bütün dünyada etirazlarda iştirak edənləri “İlin adamları” elan etmişdi. Jurnalın 25 dekabr 1989-cu il buraxılışında müxtəlif ölkələrdə etiraz aksiyalarının keçirilməsi barədə informasiya və məqalələr yer almışdı. Üz qabığında isə Bakıdan foto əks olunmuş,  üzərində “İlin xalqı” (“People of the Year”)  yazılmışdı. Amma jurnalın içində Azərbaycan xalqının “İlin xalqı” elan olunması və ya ümmumiyətlə, Azərbaycan haqqında heç nə yazılmamışdı. Araşdırmaçıların qənaətinə əsasən, üz qabığında Bakıdan görüntünün verilməsinin səbəbi fotoda həm insan kütləsinin, həm də komunizmin əsas simalarından olan Leninin heykəlinin olması idi. Bu foto, sadəcə olaraq, dünyada kommunizmə qarşı xalqların etirazını ifadə edirdi. Məhz “İlin xalqı” ifadəsi də kommunizmə etiraz edən xalqları səciyyələndirmək üçün seçilmişdi. Amma AXC-“Müsavat” cütlüyündə təmsil olunaraq Azərbaycan xalqına faciə və fəlakətlər yaşatmış “ictimai-siyasi xadim”lərin “İlin xalqı” məsələsini öz xidmətləri kimi təqdim etməklə ucuz populizm qazanmağa çalışmaları həm gülüncdür, həm də ikrah doğurur. Bu, tükənmiş siyasi ünsürlərin ictimai rəyi necə aldatmağa və “siyasi mif” yaratmağa çalışdıqlarını göstərir. “Mif yaradıcılığı” ilə məşğul olmaq isə tarix yaza və müsbət obrazda tarixə yazıla bilməyən acizlərin işidir. Reallıq XXI əsrdə - 2020-ci ilin payızındaadını dünya tarixinə müzəffər xalq kimi yazdırmış Azərbaycan xalqına saxta uydurmaların lazım olmadığıdır...

Nurlan QƏLƏNDƏRLİ

Paylaş
Baxılıb: 110 dəfə

Xəbər lenti

Hamısına bax

Hava dəyişəcək

29 Noyabr 15:05

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31