Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “İran bundan sonra Azərbaycana hörmətlə yanaşacaq!”

“İran bundan sonra Azərbaycana hörmətlə yanaşacaq!”

22.10.2021 [10:55]

İran yük maşınlarının Ermənistandan Qarabağa getməsinə qadağa qoyub. “Mehr” agentliyinin məlumatına görə, İranın Beynəlxalq Daşımalar və Avtomobil Yollarının Tranziti və Nəqliyyat Təşkilatı rəhbəri Məhəmməd Cavad Hidayəti bu barədə qərar qəbul edib. Təşkilatın baş direktoru Məhəmməd Cavad Hidayəti ölkəsinin Xarici İşlər Nazirliyinin 9 oktyabr tarixli direktivinə istinad edərək beynəlxalq nəqliyyat şirkətlərinin həmkarlar ittifaqlarına məktub yazıb. Qeyd olunub ki, rəsmi sərhədlər xaricində Azərbaycan Respublikası ərazisinə hər hansı bir giriş ölkənin ərazi bütövlüyünün pozulması kimi qiymətləndirilir. Sənəddə Qarabağa, xüsusən də Azərbaycanın Laçın rayonuna Ermənistan vasitəsi ilə girişin qadağan olunduğunu göstərir.

Bundan əlavə, Qarabağdakı separatçı rejimlə hər hansı bir ticarət müqaviləsinin imzalanması və nəqliyyat şirkətlərinə bu bölgəyə göndəriş sənədlərinin verilməsi qadağan edilib.

Azərbaycan uzun müddət İran maşınlarının Qarabağa yük daşımasına etiraz edirdi. Ötən ay Bakı İran maşınlarının hərəkət etdiyi Gorus-Qafan yoluna nəzarət etməyə başladı və İrana məxsus yük maşınlarına gömrük rüsumu tətbiq edildi. Maraqlıdır, İran bu qərarı niyə ləngitdi? Bəllidir ki, rəsmi Tehran qadağanı daha əvvəl elan etsəydi, münasibətlərdə gərginlik yaşanmazdı. Ancaq bu azdır... İran rəsmiləri, diplomatları və deputatları Azərbaycanla bağlı davranışlarını dəyişməli, daxili işlərimizə qarışmamalı, hansı dövlətlə tərəfdaşlıq etmək barədə bizə məsləhət verməməlidirlər. İranın Beynəlxalq Daşımalar və Avtomobil Yollarının Tranziti və Nəqliyyat Təşkilatının qərarıyla paralel Azərbaycanla bağlı ritorika da dəyişərsə, yenidən iki dövlət arasında ortaq layihələrə qayıtmaq mümkündür.

Cənub qonşumuzun tətbiq etdiyi qadağanı “Yeni Azərbaycan”a şərh edən politoloq, Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan bildirib ki, İran belə addım atmaqla Azərbaycan ərazilərini tanıdığını göstərmiş oldu.

Politoloq vurğulayıb ki, bu hadisə həm də Azərbaycanın öz ərazi bütövlüyünü qoruması və İranla bağlı münasibətlərdə gərginliyin aradan qaldırılması istiqamətində apardığı siyasətin uğurudur:

“Azərbaycan həm İran, həm də dünyanın bütün ölkələrinə bir daha sübut etdi ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və bura başqa bir ölkənin daxil olması yalnız dövlətimizin icazəsi ilə mümkündür. İran yük maşınlarının Ermənistandan Qarabağa getməsinə qadağa qoyulması Rusiya sülhməramlılarının Azərbaycan ərazisində müvəqqəti yerləşdiyini və rəsmi Moskvanın ərazilərimizdə bütün səlahiyyətlərə malik olmadığını sübut etdi. Rusların mandatı yalnız sülhməramlılıqdır. Çünki sülhməramlılar vaxtilə İrandan gələn avtomobilləri müşayiət edərək onların Azərbaycan ərazisinə daxil olmasına imkan veriblər. Amma dövlətimiz İranla bağlı irəli sürdüyü tələblərini dünyaya çatdırmış oldu. Bu tələblər eyni zamanda, Rusiyaya da şamildir”.

İranın Azərbaycana qarşı irəli sürdüyü iddiaların yersiz olduğunu diqqətə çatdıran S.Soltan qeyd edib ki, Azərbaycan nə müttəfiqlərdən, nə də mütəffiqlikdən əl çəkəcək:

“Ölkəmizlə təzyiq dilində danışmaq yersizdir. Rəsmi Tehran xarici siyasi kursunda yaratdığı süni gərginliyin əhəmiyyətsiz olduğunu başa düşdü. Azərbaycan sübut etdi ki, regionda güc dili ilə danışmaqdansa, əməkdaşlıq etmək, iqtisadi əlaqələr qurmaq, təhlükəsizliyi qorumaq dünyanın xeyrinədir”.

Perspektivdə İranın atacağı addımlar və Azərbaycanla bağlı münasibətlərə gəlincə, politoloq söyləyib ki, dövlətimiz yalnız əməkdaşlığa üstünlük verib, bundan sonra da verəcək:

“Şübhəsiz ki, İranı ilk növbədə Azərbaycana münasibətdə etimad qazanmalıdır. Son 1 ildə ölkəmizə qarşı davranışları hər kəsə bəllidir. İran əvvəlcə dövlətimizin etimadı və etibarını qazanmalıdır, sonra ikitərəfli addımların atılmasına ehtiyac olacaq. Lakin o demək deyil ki, cənub qonşumuz ermənilərə əvvəlki göstərdiyi münasibəti dəyişəcək, sadəcə indiyə qədər qanunsuz fəaliyyətlərinin qarşısı alınacaq. Rəsmi Tehranın bundan sonra Azərbaycan kimi müttəfiq və qonşuya hörmətlə davranacağı ehtimal olunur”.

 

Yeganə Bayramova

Paylaş
Baxılıb: 148 dəfə

Xəbər lenti

Hamısına bax

Neftin qiyməti artıb

01 Dekabr 15:31

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31