Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / "Zəngəzur"dan sülhə gedən yolda ilk addım atıldı

"Zəngəzur"dan sülhə gedən yolda ilk addım atıldı

22.10.2021 [11:05]

Üçlü İşçi Qrupun görüşündə əldə olunan pozitiv nəticələr ümidvericidir

Moskvada keçirilən Azərbaycan, Ermənistan və Rusiya hökumət başçıları müavinlərindən ibarət üçtərəfli İşçi Qrupunun növbəti görüşü pozitiv nəticələrlə bitib. Be ki, görüşlə bağlı detallar açıqlanmasa da, bu təmasın "Zəngəzur dəhlizi" layihənin reallaşması istiqamətində mühüm mərhələ olacağı gözlənilir. Qeyd edək ki, görüşdə Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının bərpasının perspektivləri əsas müzakirə predmeti olub. Bununla yanaşı, bu ilin yanvarın 11-də qəbul edilən 4 maddəlik üçtərəfli birgə bəyanat çərçivəsində görülən işlərin gedişatı da İşçi grup tərəfindən müzakirə edilib. Tərəflər 8-ci görüşün ikinci hissəsinin yaxın vaxtlarda keçirilməsi barədə də razılığa gəliblər.

Görünən budur ki, Azərbaycan ilə Ermənistan arasında hava məkanından qarşılıqlı istifadə ilə bağlı razılaşma ilə əsası qoyulan kommunikasiya mübadiləsi yeni mərhələdə "Zəngəzur dəhlizi"nin açılmasına da böyük ümidlər yaradıb. Bununla yanaşı, Ermənistanın baş naziri Nikol Paşinyanın həm ölkəsinin parlamentindəki, həm də MDB sammitindəki çıxışlarında məhz kommunikasiyaların açılması əsas prioritet olub. Ekspertlər də, Ermənistanın mövqeyinin dəyişməsini pozitiv hesab edirlər. Onlar ilkin anlaşmaların qarşıdakı dövrdə sülh danışıqlarına da müsbət təsir göstərəcəyinə ümid edirlər.

Milli Məclisin deputatı Azər Badamov Azərbaycanın hər zaman əməkdaşlığa, sülhə tərəfdar olduğunu önə çəkib. Onun sözlərinə görə, hətta 44 günlük Vətən müharibəsinin ardından da bu niyyət açıq şəkildə bildirildi: "Prezident İlham Əliyev müharibədən sonra regionda əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı mühüm layihələr irəli sürdü. Bu layihələr isə tək Azərbaycanın deyil, bütövlükdə region dövlətlərinin iqtisadi maraqlarına uyğun gəlir. "Zəngəzur dəhlizi"nin Ermənistanıngəlirlərinin artması ilə yanaşı iqtisadi müstəqilliyinin təmininə yol açacaq. Onlar bunu dərk etməlidir və hər kəsdən öncə bu layihəni dəstəkləməlidirlər. Digər tərəfdən, bu layihənin icrası həm də qarşıdakı perspektivdə Cənubi Qafqazın Şərq-Qərb tranzitinin əsas həlqəsinə çevrilə bilər".

Ilkin razılaşmaların əldə olunmasının qarşıdakı dövrdə sülh danışıqlarına da təsirsiz ötüşməyəcəyini bildirən A.Badamov əlavə edib ki, Ermənistan yeni mərhələdə bütün əsassız və yalan iddialarından əl çəkməli, Azərbaycanın və Türkiyənin ərazi bütövlüyünü tanımalıdır: "Fikrimcə, artıq onlar dərk etməlidirlər ki, bu kimi əsassız iddialarla heç nə əldə edə bilməyəcəklər. Əksinə, ölkəmizin ərazi bütövlüyünü tanısalar və sülhə imza atsalar yeni mərhələdə regionun ümumi inkişafından onlar da pay alacaqlar. Hər bir halda bu ilkin təmas və kommunikasiyaların açılması ilə bağlı müsbət reaksiyalar pozitiv dəyərləndirilməlidir".

Politiloq Qabil Hüseynli də Ermənistan ilə Azərbaycan arasındakı münasibətlərin tənzimlənməyə doğru yol aldığını düşünür. Onun sözlərinə görə, müsbət dəyişikliklərə start verilib: "Üçlü Işçi Qrupun Moskva görüşündə əsas müzakirə obyekti kommunikasiya xətlərinin açılması məsələsi olub. Fikrimcə, bununla bağlı artıq müəyyən razılaşmalar da mövcuddur. Kommunikasiya xətlərinin açılması istiqamətində diqqəti cəlb edən ən mühüm məsələ isə təbii ki, Mehri dəmir yolu və şosse yolu dəhlizinin açılmasına Ermənistan tərəfinin razılıq verməsidir. Onlar hələlik buna "Zəngəzur dəhlizi" demək istəmirlər və bu sözü özlərinin suverenliklərinə təhdid kimi qələmə verirlər. Zəngilanın Mincevan qəsəbəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək bu dəmiryolu və şosse yolunun açılması ilə bağlı artıq mövqe aydınlaşıb. Yəqin ki bu istiqamətdə yaxın vaxtlarda işlərə başlanılacaq".

Bu razılaşmanı pozitiv addım kimi dəyərləndirən Q.Hüseynli deyib ki, indiyə qədər proseslərin irəliləməsinə mane olan əsas faktor da məhz bu idi: "Sülh danışıqları prosesinin dalana dirənməsinə səbəb olan, sərhədlərin delimitasiyası və demarkasiyası məsələlərinin razılaşdırılmasına maneçilik törədən ən mühüm faktor məhz Zəngəzur dəmiryolu və şosse yolunun açılması idi. Bir neçə gün öncə Ermənistanın baş nazrinin öz parlamentlərindəki çıxışə bu maneənin aşılması kimi dəyərləndirilə bilər. Çünki Paşinyan bu yolların çəkiləcəyini bildirdi. Üçlü qrupun görüşündə də bütün kommunikasiyaların, o cümlədən sözügedən yolların açılmasına razılığın əldə olunduğu xəbərləri var. Fikrimcə bu, bölgənin gələcəyi üçün çox müsbət bir addımdır. Düzdür, hələ sülh danışıqlarına başlanılmasa da, bu açılım sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı danışıqların da yaxın zamanda başlayacağına ümid verir”.

Pərviz Sadayoğlu

Paylaş
Baxılıb: 161 dəfə

Xəbər lenti

Hamısına bax

Neftin qiyməti artıb

01 Dekabr 15:31

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31