Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Siyasi partiyalar bir masa ətrafında

Siyasi partiyalar bir masa ətrafında

23.10.2021 [10:09]

YAP yeni bir siyasi mədəniyyət formalaşdırır

Keçirilən görüşlər, aparılan müzakirələr dialoq mühitinin dərinləşməsinə xidmət edir

Oktyabrın 21-də Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında “Vətən müharibəsi: Prezident-Xalq-Ordu birliyinin möhtəşəm rəmzi” mövzusunda keçirilən dəyirmi masa bir çox aspektləri ilə yadda qaldı. İlk dəfə olaraq siyasi partiyalar Yeni Azərbaycan Partiyasının Mərkəzi Qərargahında dəyirmi masa arxasında bir araya gəldi. Fərqli siyasi düşüncələrə, dünyagörüşünə malik təşkilat rəhbərlərinin bir masa ətrafında mühüm müzakirələr aparması partiyalararası münasibətlərdə yeni mərhələnin yarandığını deməyə əsas verir. Müraciət etdiyimiz siyasi partiya rəhbərləri və ekspertlər də bu fikirdədirlər.

Sabir Rüstəmxanlı:

Belə görüşlər dialoq mühitinin inkişafına müsbət təsirlər göstərəcək

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı belə görüşlərin dialoq mühitinin inkişafına müsbət təsir göstərəcəyini deyir. Onun sözlərinə görə, bu gün dünyada siyasi ünsiyyəti dialoqsuz təsəvvür etmək mümkün deyil. “Ölkəmizdə yeni bir siyasi şərait yaranıb. Azərbaycan yeni bir inkişaf yoluna qədəm qoyub. Qısa zaman ərzində mühüm problemlərimiz həll olunub və olunacaq. Bütün bunlarda isə ölkədəki siyasi həmrəylik, milli birlik əhəmiyyətli rol oynayır. 2020-ci ildə keçirilmiş parlament seçkilərindən sonra Azərbaycanın siyasi mühitində mühüm yeniliklərin şahidi olduq. Azərbaycan iqtidarının təşəbbüsü ilə siyasi partiyaların dialoqu başlandı. Siyasi dialoqun inkişaf isə müharibə dövründə milli birliyimizi daha da gücləndirdi. Siyasi partiyalar birgə bəyanatlar qəbul etdilər, iqtidarlı-müxalifətli vahid mövqe ortaya qoyaraq, cənab Prezidenti dəstəklədilər. Bunun da nəticəsi göz önündədir. YAP-ın Mərkəzi Aparatında təşkil olunan tədbirdə bütün bu məsələlər geniş müzakirə olundu və bir daha qeyd edildi ki, bu birlik qorunub saxlanılmalıdır. Tədbirdə daha konkret məsələlər ətrafında yeni görüşlərin keçirilməsi də müzakirə edildi. İnanıram ki, bütün bu addımlar siyasi münasibətlərin tənzimlənməsində böyük rol oynayacaq”.

Rauf Arifoğlu:

“Yeni Azərbaycan” qəzeti vasitəsilə Yeni Azərbaycan Partiyasına təşəkkür edirəm

YAP-ın Mərkəzi Aparatında keçirilmiş görüşü YAP-da davam edən islahatların nəticəsi kimi dəyərləndirən Rauf Arifoğlu qeyd edib ki, hazırda YAP-da “siyasi açılım” müşahidə edilməkdədir: “Görüşü yüksək qiymətləndirirəm. Ən əsası isə, görüşün plaftorması geniş idi. Demək olar ki, bir çox partiyalar həmin tədbirdə iştirak etdi. Tədbirə müşahidəçi qismində politoloqların, qəzet redaktorlarının dəvət olunması da müsbət haldır. Hər kəs açıq şəkildə, hətta bəzi məqamlarda sərt tənqidə söykənərək öz fikrini ifadə etdi. Görüş heç bir qarşıdurma olmadan, tolerant mühitdə keçdi. Qeyd edim ki, YAP önəmli siyasi bir qurumdur, atributdur. Milli Məclisdə böyük üstünlüyə malik bir partiyanın tolerantlığı, onun siyasi mühitə açılımı bütövlükdə siyasi həyatımıza təsir göstərir, ölkədəki siyasi proseslərdə canlanma yaradır. Tədbirdə bizə imkan yaradıldı ki, siyasi partiyaların, onların nümayəndələrinin davranışlarını, çıxışlarını birbaşa izləyə bilək. Bu, dialoq prosesinin mediada, başqa platformada inkişafı üçün olduqca mühüm bir məsələdir. Buna görə də “Yeni Azərbaycan” qəzeti vasitəsilə Yeni Azərbaycan Partiyasına təşəkkür edirəm”.

İlqar Məmmədov:

Əvvəllər belə bir formatda toplantıların və ya görüşlərin keçirildiyini xatırlamıram

Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov seçilmiş formatın olduqca faydalı olduğunu qeyd edib: “Əvvəllər belə bir formatda toplantıların və ya görüşlərin keçirildiyini xatırlamıram. Bu görüşdə parlament partiyaları, Milli Məclisin komitə sədrləri iştirak edirdi. O cümlədən, bəzi siyasi ekspertlər də dəvət olunmuşdular. Bu çox faydalı formatdır və bunu davam etdirmək lazımdır. Fikrimcə, bu, hakimiyyətlə siyasi partiyalar arasında ötən il başlamış dialoqun yeni bir qoluna çevrilə bilər. İndiyə qədər biz əsasən Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik orqanı  iş şöbəsi ilə ünsiyyətdə idik. Partiyamızın parlamentdəki nümayəndəsi də parlament üzvləri və rəhbərliyi ilə ünsiyyətdədir. Amma YAP-da keçirilən tədbirdə format bir qədər inkişaf etdirilmişdi. Düşünürəm ki, bu, ümumi siyasi sistemin inkişafına fayda verə biləcək bir yenilikdir. Təbii ki, davamlı olmasını istərdik. Gələcəkdə bizim də bu xarakterli görüş dəvətimizə bu formatda cavab veriləcəyinə ümid edirik”.

Tahir Kərimli:

YAP-ın bu addımını yüksək qiymətləndirirəm və davamlı olmasını arzulayıram

Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimli də tədbiri yüksək dəyərləndirib. O, qeyd edib ki, ölkəmizdə inkişaf edən yeni siyasi konfiqurasiya siyasi dialoq mühitinin inkişafını da şərtləndirib. Bu mənada, siyasi partiyalar arasında mühüm müzakirələr aparılır: “YAP-da keçirilən tədbir də bu siyasi həmrəyliyin, dialoqun göstəricisidir. Ümumiyytlə, bu tip müzakirələr siyasi dialoq mühitinin daha  dərinləşməsinə xidmət edir. Cənab Prezidentimiz də qeyd etmişdi ki, biz siyasi dialoqu inkişaf etdirməliyik. YAP-ın bu addımını yüksək qiymətləndirirəm və davamlı olmasını arzulayıram. Qeyd edim ki, tədbirdə mühüm fikirlər, hətta təkliflər səsləndirildi. İqtidar partiyasının digər siyasi təşkilatlarla müzakirələr aparması, fərqli fikirləri nəzərə alması mühüm hadisədir. İnanıram ki, gələcəkdə davamlı hal alacaq bu proses ölkəmizin siyasi mühitinə təsir göstərəcək”.

Pərviz Sadayoğlu

 

Paylaş
Baxılıb: 188 dəfə

Xəbər lenti

Hamısına bax

Neftin qiyməti artıb

01 Dekabr 15:31

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31