Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “Göyərçin” niyə uçub getdi?

“Göyərçin” niyə uçub getdi?

23.10.2021 [11:23]

Yaxud məktəblilər üçün media niyə yoxdur?

İnsanın şəxsiyyət kimi formalaşmasında, zəruri bilik və bacarıqlara yiyələnməsində ümumi təhsil müstəsna rol oynayır. Ümumi təhsilin icbari mərhələsində vətəndaşa dövlət standartları səviyyəsində elə keyfiyyətli təhsil verilməlidir ki, o, həmin bazadan istifadə edərək, cəmiyyətdə öz yerini tapa bilsin, “yararsız insana”a çevrilməsin.

Bu gün cəmiyyətimizin böyük hissəsini Sovet təhsil sistemindən keçmiş insanlar təşkil edir. Sovet təhsil sistemi bizlərə nə vermişdi? Məktəb icbari di. Sosial statusundan asılı olmayaraq, hamı savadlıydı, bu sistem hamını eyni bir ideologiyaya kökləyə bilmişdi. Hətta yarızarafatla qeyd edilsə də, bu reallıqdır ki, Sovet uşaqları öz babalarından çox “Lenin baba”nı tanıyırdılar, partiya üzvləri müqəddəs kitaba yox, partiya biletlərinə and içirdilər. O zamanın uşaqları sevə-sevə “Göyərçin” jurnalını oxuyur, yeniyetmələr “Pioner” qəzetinə abunə olurdular. Bu jurnal və qəzetlərdə məktəblilərin bütün uğurları əks olunur, şagirdlərdə stimul yaranır, dünyagörüşü formalaşırdı. Dərsliklərə salınan uşaq şeirləri, kiçik hekayələr belə yaşadıqları dövlətin uğurlarından, nailiyyətlərindən bəhs edirdi. Bu, bir yaddaş idi və hər şey daş üzərinə həkk edilirmiş kimi beyinlərə qazılırdı. Eyni zamanda, şagirdlərdə əməyə, zəhmətə sevgi aşılanırdı. Pambıqçı, neftçi, suvaqçı, sağıcı peşələri haqqında nəğmələr yazılır, tərənnüm edilirdi. Buna görə də, ali məktəb təhsili almaq qədər, sadə peşə sahibi olmaq da qürurverici idi.

Məktəblərdə müxtəlif ədəbi-bədii kompozisiyalar təşkil olunur, əmək və müharibə veteranları ilə görüşlər keçirilir, vətənpərvərlik ruhu yüksək tutulurdu. Dərslər qədər keçirilən tədbirlər də əhəmiyyət daşıyırdı. Təəssüf ki, biz bir təhsil sistemindən digərinə keçid edərkən, yaxşı olan bir çox məqamları da elə o təhsil sistemi kimi kənara atdıq. Halbuki, bu sadalananlar cəmiyyətin formalaşması üçün vacib idi və görkəmli pedaqoqlar tərəfindən düşünülmüş proqrama əsaslanırdı.

Müstəqilliyimizin 30-cu ilini yaşamağımıza baxmayaraq, bugünkü təhsil sistemimiz məktəblilər üçün ictimai həyatın təşkilini yüksək səviyyədə qura bilməyib. Şagirdlərin marağını çəkən, asudə vaxtlarını həsr edəcəkləri hansısa portal, uşaq jurnalı, qəzeti yoxdur. Olanlar da özəl təşkilatlara məxsus və keyfiyyətsiz formadadır. Hətta buraxılan bir çox uşaq kitablarının məzmununa ciddi nəzarət yoxdur deyə, kobud pedqji xətalara yol verilir. Bir müddət öncə xoşagəlməz bir məqamla qarşılaşmışdıq. Texnoloji yeniliklərdən istifadə edən bir qrup işbaz sayt yaradaraq, ödənişli əsaslarla bu saytda müxtəlif rayonların məktəbliləri barədə məlumatlar dərc edir, “Pulun varsa, buyur gəl, özünə tərif yazdır” prinsipi ilə işləyirdi. Belə bir addımın yetişməkdə olan gənc nəslin psixologiyasına hansı dərəcədə zərbə vuracağını isə düşünən yoxdur. Bu gün məktəblilərimizi ümumi bir fikir ətrafında birləşdirəcək media orqanlarına böyük ehtiyac var.

Təhsil eksperti Kamran Əsədov da dediklərimizi təsdiq edərək bildirir ki, hazırda respublika səviyyəsində məktəblilər üçün hər hansı qəzet, jurnal və ya çap vasitəsi paylanılmır: “Sonuncu dəfə 2013-cü ilə qədər “Tumurcuq” adlı qəzet var idi. Yenə çıxır, amma indi ümumi abunə sistemi yoxdur, sadəcə məktəblərə bir neçə nüsxə göndərilir. Məktəblərə rəsmi “Azərbaycan müəllimi” qəzeti və “Azərbaycan məktəbi” jurnalı, bir neçə pedqoji, elmi jurnal gedir ki, bu da şagirdlər üçün deyil, pedqoji və rəhbər heyət üçün nəzərdə tutulub. Biz bu boşluğu doldurmaq vəzifəsini üzərimizə götürdük. Şəxsən mən “Oyuncaq” adlı jurnal hazırladım və onun demo versiyasını Təhsil Nazirliyinə göndərdim. Bu həm əyləncəli, həm də öyrədici jurnal idi. Təəssüf ki, dəfələrlə müraciət etsəm də, Bakı Təhsil İdarəsi də, Təhsil Nazirliyi də yalnız gözləmə mövqeyini seçdilər. Jurnal çox mükəmməl forma və məzmunda hazırlanmışdı. Hətta maliyyəsini də özüm ayırmışdım. Təklif etmişdim ki, bu mənim adımdan deyil, Təhsil Nazirliyinin layihəsi kimi ortaya qoyulsun. Şagirdlərin formalaşmasında yalnız dərsliklər rol oynaya bilməz. Hər il dövlət büdcəsindən bu işlər üçün maliyyə vəsaiti ayrılır. Amma ortada heç nə yoxdur.

Sovet dövləti ideoloji xətt üzrə özünə lazım olan vətəndaş yetişdirirdi. Müəyyən qəzet, jurnal, məktəblərdə təşkil olunan tədbirlər vasitəsilə öz ideologiyasını yeridir və buna nail olurdu.

Bu gün orta məktəbi bitirən şagirdlərimizin 40 min nəfəri xaricdə təhsil alır. Bu kiçik rəqəm deyil. Amma biz onların səsini eşidə bilmirik, Azərbaycançılıq məfkurəsi altında onları birləşdirə bilməmişik. Prezident İlham Əliyev təkbaşına informasiya mübarizəsi aparır, halbuki həmin gənclər xaricdən onun səsinə səs verə bilərdilər. Hazırda informasiya texnologiyalarımız daha yüksəkdir, əlçatandır. Amma şagirdlərdə informasiyanı alıb analiz eləmək qabiliyyəti heç də qənaətbəxş deyil. Bəşər cəmiyyətinin yarandığı dövrdən 1972-ci ilə qədər aldığı informasiya hazırda bir gündə aldığımız informasiyadan daha az idi. İndi biz çox sürətlə xəbərlər alsaq da, təhlillər aparmırıq.

Bu gün ölkəmizdə Pioner, Oktyabryat təşkilatları olmasa da, uşaq birlikləri mövcuddur və dövlət məktəblərində onlar, sadəcə sənəd üzərində mövcuddurlar. Sovet təhsil sistemi müəyyən ideologiyaya əsaslansa belə, əmək bazarı üçün gözəl kadrlar hazırlaya bilirdi. İndi orta məktəblər, universitetlərlə yanaşı hazırlıq kursları da yükü öz üzərinə götürüb. Amma qeyri-rəsmi formada. Bu gün dövlət qulluğuna getmək, müəllim olmaq istəyən şəxs yenidən hazırlıq kurslarına getməli olur. Sovet dönəmində orta məktəb və ya universiteti bitirən şəxs əmək bazarında özünə rahatlıqla iş tapa bilirdi, ona verilən bilik, bacarıq və vərdişlər bunun üçün yetərli olurdu. İndi orta və ali məktəbləri bitirən şagirdlər tutaq ki, fotohop, montaj və ya bu kimi digər komyuter proqramlarını təhsil aldıqları müəssisədə deyil, kurslarda öyrənirlər. Demək, köməkçi kurslara yanaşma dəyişilməlidir. Özəl sektora dəstək verilməlidir ki, dövlətin yükünü öz üzərinə götürə bilsin. Sovetlərlə müqayisədə biz daha demokratik cəmiyyətdəyik. Lakin texnologiyaların bu qədər inkişaf etdiyi bir dönəmdə biz daha keyfiyyətli tədris verə bilmirik. Bu gün fizika, ədəbiyyat, tarix, kimya və digər fənləri yeni texnoloji imkanlar əsasında qurmaq daha asandır. Tarixi danışınca film izlətmək olar. Coğrafiya ilə bağlı bilikləri şagird həm görərək, həm  eşidərək daha rahat qavraya bilər”.

Ekspertin fikrinə görə, bu gün özəl lisey və gimnaziyalarda şagirdlərlə iş daha keyfiyyətli qurulub. “Özəl liseylərin, hətta yay düşərgələri də var. Bu gün uşağın məktəbdəki vaxtının səmərəli keçirilməsi üçün addımlar atılmalıdır. Görəcəyimiz işlər onların ali məktəblərə qəbuluna dəstək olmalıdır. Repetitor yanına gedən şagirdlər məktəbdən kənarda qalıblar. Amma cəlbedici tədbirlər keçirsək və bu onların gələcəyinə təsir etsə, hər kəs məktəbin ictimai tədbirlərinə maraq göstərər. Biz bu təklifləri vermişik, cavab olaraq deyilir ki, ali təhsil haqqında qanun hazırlanarkən istifadə olunacaq. Bu qanunun yazılmasında yaxından iştirak edirəm. Pafos yox, əsaslandırılmış təkliflər lazımdır. Elə bir təklif etməliyik ki, tətbiqini tapsın”.

Deputat Etibar Əliyev Sovet təhsili ilə müasir təhsili müzakirə edərkən qeyd edir ki, Sovet dönəmində orta məktəblərdə Kommunist Partiyasının pöhrələri yetişdirilirdi. “Oktyabryat, Pioner, Komsomol mərhələlərini keçərək böyüyən uşaqların bütün düşüncələri Kommunist ideologiyası üstündə yetişirdi. Bu mərhələlərə cavabdehlik daşıyan təşkilatçılar var idi. Dövr dəyişir və biz bunun qarşısını ala bilmərik. Mən hesab edirəm ki, hazırda təhsilimizin ən ciddi problemi tərbiyə komponentinin ayrılmasıdır. Sovet dönəmində müəllimlər, eyni zamanda tərbiyəçi funksiyasını yerinə yetirirdilər. Hər bir müəllim tədris etdiyi fəndən asılı olmayaraq, təlim-tərbiyə prosesində iştirak edirdi. Şagirdlərin və müəllimlərin məktəbdəki funksiyaları dəyişdikdən sonra ciddi qüsurlar yarandı. Mən deyərdim, yeni nəslin yetişdirilməsində kişi müəllimlərin rolunun azalması da müəyyən problemlər yaradıb. Bu gün orta ümmtəhsil məktəblərində direktorların 85 faizini qadınlar təşkil edir. Oğlanların örnək kimi gördükləri kişi direktor amili aradan qalxıb və bu gün Təhsil Nazirliyi nə üçünsə bu məqama diqqət yetirmir. Məktəbdə tərbiyə komponentini təhsillə bərabər dirçəltmək lazımdır. Müəllimlərin üzərinə məsuliyyət qoyulmalıdır. Bunun üçün ədəbiyyat çatışmazlığı var”.

Etibar Əliyev hesab edir ki, orta məktəblərdə fiziki hazırlıq da yüksək səviyyədə saxlanılmalıdır. Məktəb savadla yanaşı, şagirdlərin sağlamlığına, fiziki hazırlığına da diqqət ayırmalıdır. “Repetitorluğun geniş yayılması yuxarı sinif şagirdlərinin sosiallaşması məsələsində mənfi rol oynadı”, - deyə o, vurğulayıb.

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, Əməkdar elm xadimi, professor Şahlar Əsgərovun fikrinə görə, “Sovet dövründə təhsil sistemi pis idi” demək doğru olmaz.

“Sovet təhsil sistemində təhsilin iki subyekti var idi. Öyrənənlər və öyrədənlər. Valideynlər məktəbin işinə müdaxilə edə bilmirdilər, amma məktəb ailədə şagirdlə bağlı yaranmış məsələlərə qarışa, onu müdafiə edə bilirdi. Məktəbdə gözəl təminat, müəllim peşəsinin nüfuzu var idi. Nüfuz isə iqtisadi qüdrətlə hesablanır, xüsusən şərq cəmiyyətlərində. Dövlətin təhsilə mənəvi dəstəyi də böyük idi. 20 il qüsursuz işləyən müəllimə “Qırmızı əmək bayrağı”, 25 il qüsursuz işləyən müəllimə “Lenin” ordeni, 30 il qüsursuz işləyən müəllimə Dövlət Mükafatı verilirdi. Müəllim uşaqların tərbiyəsi ilə özü məşğul olurdu. Tədris proqramları düşünülmüş sistem idi. Bunun nəticəsi də o oldu ki, ilk dəfə kosmosa Sovet vətəndaşı çıxdı, nüvə silahını da Sovet dövləti hazırladı. Bunlar böyük elmi nailiyyətlər idi. Bu gün yetərli səviyyədə ideoloji təbliğat yoxdur deyə, bizim itirilmiş uşaqlarımız var. Orta məktəbdən sonra bəziləri Qərbə, bəziləri Şərqə gedib qayıtmırlar. Bu, bir nəsil oxumuş, lakin başqa ideologiya ilə yetişdirilmiş, nəticə etibarilə bizim üçün itirilmiş insan deməkdir.

Bu gün bizim tətbiq etdiyimiz təhsil sistemi nə Sovet təhsil sistemidir, nə də müasir Avropa standartlarındadır. Təhsilimiz liberal-demokratik cəmiyyətinin qaydalarına uymalıdır”.

Son nəticə olaraq nə demək olar? Təhsil sistemimizin hazırkı vəziyyətini, onun problemlərini dərindən öyrənməliyik, müstəqil Azərbaycanın təhsil sistemi milli zəminə söykənərək, ümumbəşəri dəyərlərdən bəhrələnməlidir. Dövlət başçısı İlham Əliyev öz çıxışlarında dəfələrlə gənclərin vətənpərvər ruhda yetişdirilməsinin vacibliyini qeyd edir: “Əsas vəzifəmiz, - əlbəttə, torpaqlarımızın qurulması, bərpası öz yerində, - gəncləri bu vətənpərvərlik ruhunda böyütməkdir. Çünki bu olmasa, onda bizim arzularımız yarımçıq olacaq. Vətənpərvərlik olsa, Vətənə bağlılıq olsa, heç bir qüvvə bizim qabağımızda dura bilməz”.

Məhz bu fikir gənc nəslin yetişdirilməsi işində yol xəritəmiz olmalıdır.

İlhamə Rəsulova

Paylaş
Baxılıb: 203 dəfə

Xəbər lenti

Hamısına bax

Neftin qiyməti artıb

01 Dekabr 15:31

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31