Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycanın yeni reallığı: Rəqəmsal idarəçilik

Azərbaycanın yeni reallığı: Rəqəmsal idarəçilik

26.10.2021 [10:34]

Azərbaycan müasir dövlət kimi inkişaf edir. Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilən bu strateji kursa uyğun olaraq, dünyadakı ən qabaqcıl texnologiyaların və innovativ yeniliklərin ölkə həyatında tətbiqinə geniş meydan verilir. “Elektron hökumət”in, idarəetmədə rəqəmsallaşmanın əhatə dairəsinin genişləndirilməsi buna bariz nümunədir. Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 11 oktyabr 2021-ci il tarixində “Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman imzalayıb. Fərmana əsasən, rəqəmsallaşdırılmanın və innovasiyaların tətbiqinin genişləndirilməsinin, radiospektr idarəçiliyinin, rabitə və informasiya texnologiyalarının inkişafının, tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsinin və sağlam rəqabət mühitinin formalaşdırılmasının, beləliklə də, qeyd olunan sahələrdə keyfiyyətin artırılmasının, innovativliyin, investisiya cəlbediciliyinin və istehlakçıların maraqlarının qorunmasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adlandırılıb. Eyni zamanda, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi kimi publik hüquqi şəxslər yaradılıb. Qeyd olunan bu dəyişikliklər rəqəmsallaşmanın əhatə dairəsinin genişləndirilməsi ilə bağlı ölkəmizdə həyata keçirilən dövlət siyasətini əks etdirir.

İdarəetmədə rəqəmsallaşmanın tətbiqi ilə bağlı dünya təcrübəsi nə deyir?

Hazırda rəqəmsallaşma nöqteyi-nəzərindən dünyanın mənzərəsi çox intensiv şəkildə dəyişir, desək, əsl həqiqəti ifadə etmiş olarıq. İdarəetmənin müasir texnologiyalar üzərindən həyata keçirilməsi, rəqəmsal iqtisadiyyat quruculuğu həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə geniş vüsət alaraq yeni qlobal trendə çevrilib. Ayrı-ayrı dövlətlər rəqəmsallaşmanın iqtisadi və sosial həyata daha sıx və ardıcıl inteqrasiyasına nail olmaqdan ötrü elmi-nəzəri və praktiki müstəvilərdə müxtəlif tədbirlər, həmçinin xüsusi hazırlanmış proqramlar həyata keçirirlər. Yer üzündə ənənəvi həyat dəyişir. Biz beynəlxalq miqyasda mobil cihazların istehsalının və istehlakının sürətlə artdığını, internetin bütün dünyanı bir ovuc içinə sığışdıraraq kiçik kəndə çevirdiyini, sosial şəbəkələrin hər kəsin həyatına daxil olduğunun, daha mükəmməl bulud texnologiyalarının tətbiqinin əhatə dairəsinin genişləndiyinin şahidi oluruq. Rəqəmsallaşmanın əhatə dairəsinin genişlənməsinin məntiqi nəticəsi kimi, qlobal iqtisadiyyat sürətlə böyüyür. Hesablamalara görə, qabaqcıl rəqəmsal texnologiyaların tətbiqi 2025-ci ilə qədər dünyada ÜDM istehsalında 3-6 trilyon ABŞ dolları həcmində artıma səbəb olacaq. Əgər 2018-ci ildə qlobal məlumat sferasının həcmi 33 zettabayt təşkil edirdisə, 2025-ci ilə qədər bu rəqəmin 175 zettabayta çatacağı gözlənilir ki, bu da 5 qat artım deməkdir. Hazırda qlobal məlumat sferasında illik ən sürətli artıma dünya nəhəngi Çin liderlik edir. Bu ölkə, həmçinin bulud texnologiyalarının tətbiqində rəqib tanımır. Sonrakı yerləri Asiya-Sakit Okean, eləcə də Avropa, Yaxın Şərq və Afrika regionları ölkələri bölüşürlər. Hazırda bulud texnologiyaları sənayesinin liderlərinin mənzil qərargahı ABŞ-da yerləşir ki, bu da özlüyündə çox mühüm bir göstəricidir. Avropa regionu transformasiya texnologiyalarının alışı üzrə ABŞ və Çindən sonra üçüncü yerdə qərarlaşıb. Onu da vurğulayaq ki, dünya ölkələrində rəqəmsal texnologiyaların tətbiqinə fərqli yanaşmalar mövcuddur. Xüsusilə Sinqapur, Cənubi Koreya, Yeni Zelandiya və Danimarka kimi ölkələr bu sahədə daim yeni təşəbbüslərdən çıxış edərək özlərinin innovativ həllərini və tətbiqlərini təqdim edirlər.

Cənubi Qafqazda rəqəmsallaşma üzrə lider mövqe Azərbaycana məxsusdur

Azərbaycan öz siyasətini zamanın dəyişən tələblərinə uyğun quran dövlətdir. Ölkəmiz Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq idarəetmədə, iqtisadiyyatda və sosial sferalarda qabaqcıl texnologiyaların tətbiqi yolu ilə inkişafın ardıcıllığını və dinamizmini bundan sonra da təmin etməyi hədəfləyib. Respublikamızda dövlət idarəçiliyində operativliyin və səmərəliliyin artırılması məqsədilə “Elektron hökumət”in formalaşması artıq təmin olunub. Hazırda dövlət qurumları informasiya sistemləri və ehtiyatlarından, onlar əsasında yaradılan elektron xidmətlərdən geniş istifadə edirlər. Cənubi Qafqaz regionunda ilk olaraq Azərbaycan Respublikasının TIER III səviyyəli, ISO 20000 və ISO 27001 standartlarına uyğun Data Mərkəzi yaradılıb və fəaliyyəti təmin edilib. Eyni zamanda, Prezident İlham Əliyev 3 iyun 2019-cu il tarixində “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Fərman imzalayıb. Respublikamızda “hökumət buludu”nun yaradılması bir sıra müasir çağırışlarla bağlıdır. Dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılması, saxlanılması, aparılması və inteqrasiyasının effektiv təşkili yolu ilə dövlət idarəçiliyində xərclərin azaldılması və dövlət qurumları arasında koordinasiyanın yüksəldilməsi “Hökumət buludu”nun yaradılmasını şərtləndirən amillər sırasında yer alır.

Respublikamızın rəqəmsal texnologiyaların tətbiqi ilə bağlı hədəfləri də kifayət qədər böyükdür. O cümlədən ötən il 44 ?????? Vətən müharibəsində işğaldan azad edilmiş 10 min kvadratkilometrədək ərazinin bərpasında rəqəmsal texnologiyaların tətbiqinə geniş meydan verilir.

Bakı qlobal məkanda

1,8 milyard insanın müxtəlif rəqəmsal xidmətlərə çıxışını yaxşılaşdıracaq

Ölkəmizdə, həmçinin dayanıqlı rəqəmsal infrastrukturun qurulması istiqamətində işlər uğurla davam etdirilir. Bu istiqamətdə atılan ən mühüm addımlardan biri ölkəmizi qlobal İnternet şəbəkəsinə qoşan “AzerTelecom” şirkəti tərəfindən reallaşdırılan “Azerbaijan Digital Hub” proqramıdır. Proqram üç əsas blokdan - “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) layihəsi çərçivəsində Asiya və Avropa arasında Azərbaycan vasitəsilə qlobal fiber-optik infrastrukturun yaradılması, “Google”, “Amazon”, “Alibaba”, “Tencent”“, “Apple”, “Netflix”, “Facebook”, “Microsoft”, “Baidu” və digər dünya provayderləri üçün qlobal Data Mərkəzin yaradılması, Azərbaycanda və bütövlükdə regionda rəqəmsal ekosistemin formalaşdırılması kimi üş əsas blokdan ibarətdir. Qeyd edək ki, uğurla reallaşdırlan “Rəqəmsal İpək Yolu” layihəsi təkcə Azərbaycana deyil, həm də qitələri birləşdirən yeni telekommunikasiya dəhlizinin keçəcəyi ərazilər vasitəsi ilə Avropa və Asiya ölkələrinə də inkişaf üçün imkanlar yaradır. Ümumilikdə, proqramın həyata keçirilməsi Azərbaycanın təkcə Cənubi Qafqaz üçün deyil, həm də Yaxın Şərq, Orta Asiya və Cənubi Asiya üçün daha geniş mənada rəqəmsal xidmətlər mərkəzi olmasına imkan verəcək. Yeni İnternet mübadiləsi nöqtəsi olaraq, London, Frankfurt, Sofia, İstanbul, Moskva, Amsterdam və Dubay kimi daha inkişaf etmiş mərkəzlərlə yanaşı, Bakı 1,8 milyard insanın müxtəlif rəqəmsal xidmətlərə çıxışını yaxşılaşdıracaq.

Rəqəmsal texnologiyaların geniş tətbiqi vətəndaşların müxtəlif sosial xidmətlərə asan çıxışını təmin edir

Ölkəmizdə rəqəmsal texnologiyaların tətbiqi sahələri getdikcə genişlənir. Artıq respublikamızda “myGov” şəxsi kabinet əsaslı elektron hökumət portalında istifadəçi sayı 700 mini keçib. Qeyd edək ki, hazırda inteqrasiya olunan sistemlərlə birlikdə “myGov”da 710 xidmətə giriş təmin edilir. 2021-ci ildə “myGov”a COVID-19 vaksin və immunitet sertifikatları inteqrasiya olunub. Vətəndaşlar şəxsi kabinetlərində yerləşdirilmiş sənədinin QR kodunu oxutdurmaqla COVID-19 pasportu tələb olunan qurum və müəssisələrə rahat daxil ola bilirlər.

Bir qədər bundan əvvəl isə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən yaradılmış “Rəqəmsal icra hakimiyyəti” portalının onlayn rejimdə təqdimatı keçirilib.

Hazırda respublikamızda rəqəmsal idarəçilik sahəsində yaxşı nəticələr qazanan qurumlardan biri də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Qurumun İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib ki, sosial sahədə əhaliyə xidmətlərin müasir texnologiyalar üzərindən, şəffaf və operativ şəkildə göstərilməsi üçün son illərdə genişmiqyaslı tədbirlər görülüb. Bu gün artıq nazirliyin 170 xidmətindən 105-nin elektron şəkildə, o cümlədən 44-nün proaktiv formada göstərilməsi təmin edilir. Eyni zamanda, gələcəkdə daha 56 xidmətin elektronlaşdırılması nəzərdə tutulub ki, bunlardan da 20-dək xidmət proaktiv formada təqdim olunacaq. Fazil Talıbovun məlumatına əsasən, indiyədək proaktiv xidmətlər vasitəsilə 233 mindən çox, o cümlədən 2021-ci ilin 9 ayında 107 min pensiya, müavinət, təqaüd təyinatı elektron qaydada həyata keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vətəndaşlara xidmətləri müxtəlif elektron platformalar üzərindən təqdim etdiyinə diqqət çəkən Fazil Talıbov vurğulayıb: “Dövlət başçısının 5 sentyabr 2018-ci il tarixli Fərmanı ilə yaradılan “e-sosial.az” portalı vətəndaşlara 100-dən çox sosial xidmət növündən çevik rejimdə yararlanmalarına şərait yaradır. Təkcə cari ildə “e-sosial.az” portalına 7 milyon 400 min müraciət qeydə alınıb. Nazirliyin “e-Hökumət” portalına yerləşdirilmiş xidmətlərinə isə cari ilin əvvəlindən bəri 11,5 milyon müraciət edilib”.

Fikirlərinə davam edən Fazil Talıbov bildirib ki, təmsil etdiyi nazirliyin fəaliyyət sahələri üzrə 30 növ e-arayış xidməti də vətəndaşların istifadəsindədir. “Bu il həmin xidmətlər vasitəsilə 465 min e-arayış verilib. Həmçinin 31 qurumla informasiya bazalarının inteqrasiyası təmin edilib. Həmin qurumlar tərəfindən cari ildə nazirliyin informasiya bazalarına edilmiş sorğu sayı 86 milyonu ötüb. Onu da qeyd edim ki, 2021-ci ilin 9 ayı ərzində 108 min şəxsə avtomatik qaydada sosial sığorta nömrəsi verilib və onların adına fərdi hesab açılıb. Bu elektron xidmət cəmi iki ildir ki, fəaliyyətdədir və artıq 320 min elektron fərdi hesabın açılması təmin edilib”, - deyə Fazil Talıbov vurğulayıb.

Nazirlik rəsmisinin sözlərinə görə, fərdi məşğulluq proqramları da artıq e-qaydada tərtib olunur. Mühüm elektron platforma kimi, “Əmək münasibətləri və məşğulluq” altsistemi (ƏMAS) yaradılır. ƏMAS bütün əmək münasibətlərini, məşğulluq, əmək və məşğulluğa nəzarət, hesabatlılıq və təhlil funksional istiqamətlərini özündə birləşdirəcək. Onun sözlərinə görə, “Məşğul şəxslərin rey?stri”, “BACAR”, virtual informasiya resursu, “Elektron əmək birjası və yarmarkası” sistemi də önəmli e-yeniliklər sırasındadır. Bundan başqa, “Virtual DOST mərkəzi” platforması da hazırlanır.

Mübariz ABDULLAYEV

 

Paylaş
Baxılıb: 180 dəfə

Xəbər lenti

Hamısına bax

Hava dəyişəcək

29 Noyabr 15:05

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30