Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Prezident üçün mükafat

Prezident üçün mükafat

27.10.2021 [10:02]

“Mənim üçün ən böyük mükafat - keçmiş qaçqınların gözlərindəki sevincdir, qürurdur”.

İlham Əliyevin Qubadlı səfəri zamanı dediyi bu sözlər hər birimizin ürəyindən xəbər verdi. İlahi, o nə söz idi elə? “Keçmiş qaçqın”... Biz də bu kəlmələri eşidərmişik, biz də artıq qaçqın olmayan insanların sevincini görərmişik! Nə qədər gözlədilər onlar bu günləri? Nə qədər həsrət qaldılar doğma yurdlarına!

Bir neçə il bundan əvvəl televiziya kanallarından biri üçün Qarabağ uğrunda şəhid olan igidlərimizin ailə üzvləri ilə söhbətlərdən ibarət veriliş hazırlayırdım. O ərəfədə Milli Qəhrəman Ramiz Qəmbərovun doğmaları ilə də tanış olmaq şərəfinə nail oldum. Ailə Şuşadan idi. Bir masanın arxasında ürəyi qübarlı altı kişi oturmuşdu. Yolda, ictimai nəqliyyatda hansı biri ilə ayrı-ayrılıqda qarşılaşsan, adi, sıradan bir vətəndaş kimi yanından düz keçərsən. Heç bəlkə də dərdi olduğunu düşünməzsən, ağlından da keçməz ki, Ramiz Qəmbərov kimi bir qəhrəmanın doğmasıdır və deməli, hamımızın doğmasıdır, əslində. Amma indi bir yerə yığılmışdılar və birlikdə bir Şuşa olmuşdular o axşam. Yaralı Şuşa. Ramiz Qəmbərovu dünyaya bəxş edən Səkinə ana isə aralıda, öz divanında qəddini dik tutmağa çalışaraq oturmuşdu. Üzündə elə bir qəm vardı ki Səkinə ananın... hələ gözləri... o gözləri hansısa məchul bir nöqtəyə zilləyib, bəlkə də o anlarda elə düşmən əlində əsir olan Şuşanın səsi ilə titrək-titrək söyləmişdi: “Şuşa qayıtsa, ay camaat...” Hamımızın bağrı qanamışdı o sakitdən sakit, titrək haraydan. Qurban kəsmək istəyirdi Şuşanın qayıdacağı gün. O qədər inam vardı ki, harayında!

Və Şuşa qayıtdı!

Səkinə ananı axtarmaq, onu qucaqlayıb təbrik etmək istədim.

Olmadı... dünyasını dəyişmişdi.

Şuşaya həsrət qalmışdı.

Ağlamışdım onda. Elə Səkinə ananın yanında ağladığım kimi.

Neçə ana beləcə həsrət qaldı öz yurduna görəsən?

Neçə ata obasına qayıda bilmədən köçdü dünyadan?

Nə qədər insan görmədi qələbəmizi, nə qədər!

Nə qədər qaçqın “keçmiş qaçqın” ola bilmədi.

Nə qədər qaçqının gözləri sevincə, qürura həsrətli kimi yumuldu...

Amma hamısı inanırdı bu qələbənin olacağına. İnanmasaydılar, o yerlərin xatirələrini ən qiymətli xəzinələri kimi saxlamazdılar. Evinin açarını qoruyan kim, cehizlik qab-qacağını gizlədən kim, uşaqlıq gəlinciyini hələ də bəzəyib-düzəyən kim... hamısı doğma yerlərə qayıtmaq, o xatirələri oralara qaytarmaq üçün deyildimi?

İndi şuşalılar Şuşaya gedə bilir, qubadlılılar Qubadlıya və s.

Ölkə başçısının işğaldan azad edilən torpaqlara hər səfəri bu insanların ümidlərinə ümid, inamlarına inam calayır. Qələbəmizin, elə cənab Prezidentin dediyi kimi, əbədi olacağına əminlik hissini artırır, möhkəmləndirir.

Bu əminlik bizim ürəklərimizdə möhkəmləndikcə bizi istəməyənlərin ürəklərini təlatümə gətirir, düşmənlərimizi sarsıdır, gücdən salır.

Elə bu sətirləri yaza-yaza da ən son xəbərləri eşidirəm: Azərbaycan və Türkiyə Prezidentləri Zəngəzur dəhlizinin təməlini qoyublar.

Sevinirəm!

Hamımızı təbrik edirəm, əziz keçmiş məğlub ölkənin indiki qalib sakinləri!

Zəfər yolumuz açıq, Qələbəmiz əbədi olsun!

Cavi Dan

 

Paylaş
Baxılıb: 194 dəfə

Xəbər lenti

Hamısına bax

Hava dəyişəcək

29 Noyabr 15:05

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31