Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Əli Kərimlini əmmamələməlimi, əmmamələməməlimi?

Əli Kərimlini əmmamələməlimi, əmmamələməməlimi?

28.10.2021 [10:31]

Əli Kərimli Əli Şəriətiyə çevrilir

Elbəyi Həsənli İsveçrənin paytaxtı Sürix şəhərində yaşayan həmvətənimizdir. Araşdırmaçı-jurnalist kimi fəaliyyət göstərir. Yazıları “Yeni Azərbaycan”ın ümumi üslubu ilə bəzən üst-üstə düşməsə də, dövlətçilik maraqlarını üstün tutduğuna görə fikirlərini oxucularımızla tez-tez bölüşürük. Elbəyi Həsənli həm də ölkə xaricində azərbaycanlı olaraq qala bilməyin nümunəsidir. Ölkəni tərk edər-etməz Azərbaycana düşmən mövqeyi sərgiləyən qüvvələrin əlində oyuncağa çevrilməyi seçib özünü gülünc vəziyyətə salanlardan fərqli olaraq, hər zaman yanımızda, daha doğrusu, haqqın, ədalətin yanında olduğunu bildirməkdən çəkinmir.

Biri var, mənə deyir ki, sən özünü demokrat sayırsan, ancaq Əli Kərimlini tənqid edirsən, İlham Əliyevə isə dəstək verirsən. Axı, bu, necə ola bilər? İlk baxışda məntiqli sualdır. Ona görə də, bu suala ictimai müstəvidə cavab verməyi lazım bilirəm. Oradan başlayım ki, mən Azərbaycanın siyasi spektrində yer alan hər kəsi tənqid edirəm. O cümlədən Əli Kərimli və İlham Əliyev haqqında da mövqeyimi birmənalı şəkildə dilə gətirirəm. Mən heç bir siyasi liderin, ictimai təşkilatın, qrant alan qrupların... yanında yer almıram. Kimlərisə tərifləmək də mənim şakərim deyil. Fərd olaraq öz adımdan danışıram. Bəli, Azərbaycanda prezident seçkisi keçirilsə mən Əli Kərimliyə yox, İlham Əliyevə səs verərəm. Düzdür, Azərbaycanda növbəti prezident seçkisi 2025-ci ildə keçiriləcək. Bəs, mən nədən Qərb demokratiyasının təmsilçisi qismində ortada olan Əli Kərimliyə yox, İlham Əliyevə səs verərdim? Deyim. Problem ondadır ki, Əli Kərimli AXC-nin ideoloji əsaslarını dəyişib. Bəllidir ki, AXC “Müsavat” ideologiyasından doğan bir partiyadır. Bu təşkilatın lideri olmuş türk milliyyətçisi demokrat Əbülfəz Elçibəy İranın fars-molla rejiminə qarşı olub, Güney Azərbaycandakı soydaşlarımızın yanında yer alıb, onlara dəstək verib. Hazırda mövcud olan AXCP isə İranın qarşısında yox, yanındadır. Müvafiq olaraq, güneydəki qardaş və bacılarımızdan qoparaq, onlara arxa çevirərək, fars-molla rejimi ilə ittifaqdadır. Bu ittifaqın bariz nümunəsi sayılan Tale Bağırzadə - Əli Kərimli tandemi haqqında çox yazılıb. Əslində, avantüra nümunəsi olan bu tandemin siyasi meydandakı uğuru Azərbaycanı zülmətə qərq edə bilər. Xatırladıram: 2015-ci ilə aid səs yazısında Tale Bağırzadə tərəfdarlarına müraciətlə belə deyir: “Biz onlara (Əli Kərimli nəzərdə tutulur) demişik, Xameneyi bizə rəhbərdir. Yoxsa gedib demişik, biz demokratıq? Yox, gedib demişik ki, ağayi Xameneyi bizim rəhbərimizdir. Onlar da, adamın üstündə Allah var, o şeylərə hörmət qoyurlar. Onların, əslində bizə ehtiyacı var”.

Nəticə belədir ki, bizim qərbpərəst müxalifət iranpərəst Tale Bağırzadə ilə çiyin-çiyinə dayanıb. Hazırda AXCP-nin “vicdan məhbusu” kimi təbliğ etdiyi Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadənin İslam İnqilabının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyinin 2020-ci il noyabrın əvvəlində verdiyi açıqlamaya münasibəti yadınızdadırmı? Qobustan həbsxanasından yaydığı bəyanatda o, deyirdi: “Biz, böyük rəhbərin Qarabağın Azərbaycan ərazisi olaraq qəsbkarlardan azad edilməsilə bağlı növbəti dəfə göstərdiyi mövqeyə görə ona dərin minnətdarlığımızı bildirir?k”...

Bu bəyanatı niyə yada saldım? Yəni Tale Bağırzadə həbsdə olsa da, bu və ya digər məsələyə münasibət bildirmək imkanındadır. Ancaq o, bu imkandan həmişə istifadə etmir. Məsələn, İranla Azərbaycan arasında yaşanmış son gərginlik zamanı Tale Bağırzadə sükuta qərq oldu. “Böyük rəhbər” adlandırdığı Ayətullah Seyid Əli Xameneyinin Azərbaycana yönəlmiş təhdidləri ilə bağlı biz ondan hər hansı etiraz eşitmədik.

Bu məsələ ilə bağlı Əli Kərimlinin mövqeyi xüsusilə təəssüf doğurur. İranın Azərbaycanla sərhəd ərazilərində keçirdiyi irimiqyaslı hərbi təlimlərə haqq qazandıran hörmətli Əli bəy bunu qonşu dövlətin “suveren haqqı” kimi dəyərləndirir. “İran kaş sakitcə təlimini keçirəydi, açıq-aşkar bunun Azərbaycana qarşı olduğunu deməyəydi”.

AXCP sədri, Sevinc Osmanqızının internet televiziyasına açıqlamasında ağlasığmaz fikirlər səsləndirib: “Azərbaycanın daxilində müəyyən bir qruplaşma var, müəyyən sayda Azərbaycan vətəndaşları var ki, iranpərəst mövqedən çıxış edirlər. Hətta söhbət Azərbaycanın dövlət maraqlarından gedəndə də, İranın mövqelərini müdafiə edirlər, təəssübkeşlik göstərirlər. Hesab edirəm ki, İran rəsmiləri bu münaqişəni, bu mübahisəni dərinləşdirən zaman bu itkilərini də nəzərə almalıdırlar. Dediyim kimi, uzun illər ərzində onlar səy göstəriblər. Azərbaycanda müəyyən bir şəbəkə qurublar. Özlərinə bağlı olan müəyyən bir şəbəkə var. İstənilən situasiyada İranın mövqeyini müdafiə edən bir şəbəkə var. Onları da pis vəziyyətdə qoyurlar. O adamları pis vəziyyətə salmasınlar”.

Gördüyünüz kimi, İrana bağlı şəbəkənin rəsmi Bakı tərəfindən ?ıxışdırılması Əli Kərimlini əməlli-başlı narahat edir. Əslində, Əli Kərimli müxalifət lideri kimi bu məsələdə dövlətə dəstək verməlidir. Çünki İrana bağlı bu şəbəkə anti-Azərbaycan məfkurəsinə sahibdir və bizim dövlət olaraq varlığımızı təhdid edir. Əli Kərimli isə İrana məsləhət görür ki, bu şəbəkənin sıradan çıxmasına imkan verməyin, əksinə, şəbəkəni qoruyub saxlamaq üçün Azərbaycanla anlaşın. Əli Kərimli niyə belə deyir? O, hesab edir ki, Azərbaycanda hər hansı bir çaxnaşma yaransa, İrana bağlı şəbəkənin əli ilə ölkəni qarışdırmaq olar. Bu qarışıqlıq üzərindən isə iqtidara gəlmək mümkündür.

Məncə, bu, heç nəzəri baxımdan da baş tutan iş deyil. İran və Ermənistandan başqa heç bir ölkə bu ssenarinin həyata keçməsinə razılıq verməz. O qədər sadəlövh olmayın. Türkiyə, Rusiya, İsrail, Pakistan, ABŞ, Avropa Birliyi bir qrup ekstremistin Azərbaycanda dövlət çevrilişi etməsinə imkan verməz. Azərbaycanın enerji sektorunda böyük marağı olan Böyük Britaniya amilini isə yalnız siyasətdən xəbərsizlər heçə saya bilərlər. Niyə buna imkan verməzlər? Əli Kərimli iqtidara gəlsə, nə olacaq? Heç şübhəsiz ki, siyasi müttəfiq kimi Tale Bağırzadə yuxarı başa keçəcək. Tədricən Azərbaycanın xarici siyasəti dəyişəcək. İranda səslənən “Amerikaya ölüm”, “İsrailə ölüm” kimi şüarlar Bakıda daha yüksək səslə eşidiləcək. İranın Azərbaycana təzyiqi günbəgün artacaq. Rəsmi təbliğat İrandan gələn kadrlara həvalə olunacaq. Əli Kərimli bir də ayılıb görəcək ki, saqqa?lı bir kütlənin əhatəsindədir və fanatiklər onu yox, Tale Bağırzadəni ölkənin rəhbəri kimi tanıyırlar...

Bütün tele və radio məkan şiə ideologiyasının təbliğat meydanına çevriləcək. Bakının ortasında dar ağacları qurulacaq. Azərbaycanda yaşayan sünnilər, xristianlar, yəhudilər... təqib və təhqirlərlə üzləşəcək. Eynən İrandakı kimi. Azərbaycanın xarici siyasəti kökündən dəyişəcək. Türkiyə, İsrail, Pakistan kimi müttəfiqlərimizlə düşmən olacağıq. Türk Dünyasının birliyinə gedən yolun qarşısına “Çin səddi” çəkiləcək. Qərb ölkələri ilə münasibətlərimiz gərginləşəcək. Azərbaycan İranın bir əyalətinə çevriləcək. Yenidən Cəlil Məmmədquluzadənin “Ölülər” epoxasına qayıdacağıq. İsfahan lotularının, Şeyx Nəsrullahlar istehsal edən ideologiyanın əsarəti altına düşəcəyik. Bu, bizə lazımdırmı? Düşünmürəm. Bu, təkcə Azərbaycan xalqının yox, bütövlükdə Türk Dünyasının faciəsi olardı.

İsrail ilə, Pakistanla, Böyük Britaniya və ya Çin ilə dostluq münasibəti qurmaq üçün Azərbaycan neçə-neçə illər və nə qədər enerji sərf edib? Qurulmuş əlaqələrin cilalanması, dərinləşməsi üçün nə qədər əziyyət çəkilib. Və biz bütün bunların üstündən xətt çəkib hansısa əyalət mollasının dediyi ilə oturub-durmalıyıq? Bir düşünün, belə möhtəşəm dostlarımızı itiririk və “Hizbullah” lideri Seyid Həsən Nəsrullah, Suriya diktatoru Bəşər Əsəd, Yəməndə şiəliyin Zeydi təriqətinə mənsub husi qiyamçıları... ilə dostluq edirik. Cahilliyin bu qədərini siz Azərbaycana necə rəva görə bilərsiniz? Bütün dünyanı bizə güldürə biləcək bu cür bir gedişatı təsəvvür edəndə belə adam xəcalət çəkir.

Bir şeyi də deyim. İlham Əliyev İranın qarşısında dimdik dayandı. Azərbaycanın maraqlarından bir addım da geri çəkilmədi. Əli Kərimli neylədi? Dedi ki, ey İran, sən Azərbaycandakı şəbəkəni qoru, gücləndir, bu, gələcəkdə bizə lazım olacaq.

Əcəba, Əli Kərimli Qərb demokratiyası ilə şiə ideologiyasını sintez etməkmi istəyir? İranlı ilahiyyatçı, sosioloq, tarixçi Əli Şəriəti (1933-1977) İran İslam İnqilabının əsas ideoloqlarından biri olub. XX əsr İran tarixində ən nüfuzlu intellektual kimi tanınır. Parisin Sarbonna Universitetində təhsil alıb. Ruhən inqilabçı olan bu şəxs marksizmlə şiəliyi sintez etmək xəyalına düşmüşdü. İndiki İran onun əsəri kimi ortadadır. İranda marksizmlə bağlı bir şey varmı? Təbii ki, yoxdur.

Əli Şəriətinin atası Məhəmməd Təqi Şəriəti öncə dini təhsil alıb, sonra dindən uzaqlaşıb. Ateist kimi İran Kommunist Partiyasının (Tudə) üzvü olub. Sonra kommunizm düşüncəsindən də uzaqlaşıb. Yəni Əli Şəriətidə marksizmə maraq atasından gəlir. O yazırdı ki, şiələr 12-ci məsum İmam Həzrət Məhdi ibn Həsən Əskəri qayıdışını gözləməli deyillər, onlar “hətta şəhadətə qovuşacaq həddə qədər” sosial ədalət uğrunda mübarizə apararaq, imamın dönüşünü sürətləndirmək üçün fəal çalışmalıdırlar. Bugünkü İranda sosial ədalət hansı həddədir? Hər şey ortadadır. İranda hara baxsan aclıq, səfalət, kütləvi işsizlik, dini və etnik ayrı-seçkilik göz çıxarır...

Qeyd edim ki, şiələr arasında populyar olan “hər gün Aşura, hər yer Kərbəla” şüarının da müəllifi Əli Şəriətidir.

Diqqət etdinizsə, bir neçə yerdə “fars-molla rejimi” ifadəsi işlətdim. Bu, təsadüfi deyil. Əli Şəriəti şiəliyi iki yerə bölürdü: “Qırmızı şiəlik” və “Qara şiəlik”. “Qara şiəliyi” o, bəzən “Səfəvi şiəliyi” kimi də təsnif edirdi.

“Səfəvi şiəliyi” təbii ki, Şah İsmayıldan başlayan Səfəvi xanədanında formalaşıb. Bu şiəliyə türk ruhu hakimdir. Əli Şəriəti “Səfəvi şiəliyi”nə arxa çevirdi və şiəliyə yeni-fars millətçiliyinə söykənən bir forma verdi. Ümid edirəm ki, Əli Kərimli bu xırdalıqları bilir.

Bax, bu kimi səbəblərdən mən Azərbaycan və Türk dünyasının maraqlarından çıxış edən və getdiyimiz yolda əl-ayağımıza dolaşan İranı da yerində oturdan İlham Əliyevi müdafiə edirəm. Ümumiyyətlə, bir çox məsələlər var ki, orada müxalif fikir zərərlidir. Çünki dövlətin maraqlarına qarşı çıxır. Xüsusən, Qarabağ və Zəngəzur dəhlizi məsələsində hamı Azərbaycanın qarşısında duran ən böyük problemi (erməni işğalı) həll edən cənab Prezidentin yanında olmağa borcludur. Sağlam məntiqə zidd olan yanaşma müxalif mövqe kimi dəyərləndirilə bilməz. Bu kimi səbəblərdən Əli Kərimlini müdafiə etmək “Qırmızı şiəlik” düşüncəsindən doğmuş fars-molla rejiminin yanında yer almaq deməkdir. Yəni Əli Kərimlinin Azərbaycanın gələcəyi ilə bağlı strateji xarakterli məsələlərdə tutduğu yol, yumşaq desək, məqbul deyil. Təhlükə əmsalı yüksəkdir.

Əminəm ki, biz Azərbaycan olaraq, öz yolumuzla getməliyik. İmkan daxilində də apardıqları mübarizədə güneyli qardaşlarımıza dayaq olmalıyıq.

Hörmətli Əli Kərimliyə isə demək istərdim ki, radikal dinçilərdən siyasi mübarizədə istifadə etmək düşüncəsindən birdəfəlik əl çəksə, yaxşı olar. Odla oynamaqda fayda axtarmağa dəyərmi? Heç şübhəsiz ki, Azərbaycan olaraq bizə demokratiya lazımdır. Ancaq demokratiya ilə fars millətçiliyinin özəlləşdirdiyi “Qırmızı şiəliyin” sintezi Azərbaycanı fəlakətə sürükləyə bilər. Hər kəsi, xüsusən də Elçibəy-Rəsulzadə yolunda olduğunu bəyan edən soydaşlarımızı bu məsələ ətrafında düşünməyə dəvət edirəm...

Elbəyi Həsənli, Sürix

 

 

 

Paylaş
Baxılıb: 152 dəfə

Xəbər lenti

Hamısına bax

Prezident bu gün

04 Dekabr 00:11

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31