Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Füzuli aeroportu böyük tranzit mərkəzə çevriləcək

Füzuli aeroportu böyük tranzit mərkəzə çevriləcək

28.10.2021 [10:33]

Saleh Məmmədov: Çindən, Koreyadan gələcək yüklər məhz Füzuli Hava Limanı vasitəsi ilə dünyanın bir çox yerlərinə daşınacaq

“Müasir dünyamızda istər sərnişindaşımada, istər yükdaşımada, istərsə də hərbi əməliyyatlar zamanı hava məkanından istifadəyə daha çox üstünlük verilir. Bəzən Azərbaycan dövlətinin işğaldan azad edilmiş ərazilərdə çoxsaylı yeni aeroportlar tikməsi ilə bağlı yanlış fikirlər səsləndirilir. Bu, səhv mövqedir. Bu yanlış fikirləri səsləndirənlər anlamalıdırlar ki, artıq köhnə dövr arxada qalıb. Bu gün hava yolları istər rentabelliyinə görə, istərsə əlverişliyinə görə həm dəmir yolunu, həm də quru yolunu üstələyir”.

Bu fikirləri “Yeni Azərbaycan” qəzetinə iqtisadçı-ekspert, professor Saleh Məmmədov Füzuli Hava Limanının rəsmi açılışı ilə bağlı münasibət bildirərkən deyib. İqtisadçı-ekspertin sözlərinə görə, bu gün dünya pilotsuz təyyarələr vasitəsilə yükdaşımalar həyata keçirmək istiqamətində addımlar atır. Onun fikrincə, yaxın zamanda Çindən, Koreyadan gələcək yüklər məhz Füzuli Hava Limanı vasitəsi ilə dünyanın bir çox yerlərinə daşınacaq. “Füzuli aeroportu yaxın zamanda böyük tranzit mərkəzə çevriləcək. Artıq “Zəngəzur dəhlizi” layihəsi reallaşır. Bu yol Şərqlə Qərb arasında böyük tranzit yolu olacaq. Bu baxımdan, Azərbaycan dövləti regiondakı digər aeroportların tikintisini də sür­ətləndirməlidir. Bu yol Çindən başlanan Böyük İpək Yolunun bir qanadı, bir hissəsidir. Bu gün Şərq ölkələri, əsasən də Çin bu məsələdə çox maraqlıdır. Qeyd edim ki, digər tranzit yollar artıq öz effektini itirir. Rusiyanın Avropa ilə, Qərblə münasibətləri bəllidir, müəyyən embarqolara məruz qalıb. İran isə sanksiya altındadır. Bu baxımdan, ən işlək yol məhz Zəngəzur dəhlizi olacaq. Çindən qalxacaq təyyarələr məhz Füzuliyə enəcək. Bu, böyük bir sistemdir”, -  deyən iqtisadçı-ekspert onu da əlavə edib ki, Laçın və Zəngilan rayonlarında tikilən aeroportların da tam gücü ilə işləyəcəyinə şübhə yoxdur. Hətta gələcəkdə bəlkə də bu aeroportlar bəs etməyəcək: “Azərbaycan vaxtilə öz süni peykini istifadəyə verəndə bəziləri deyirdi ki, indiki vaxtda bu, bizə gərəkli deyil. Mən o zaman da bildirmişdim ki, bu, çox ağıllı bir fikirdir. Elmdən, yeni texnikadan istifadə hər zaman üstünlük qazandırır. Bu tikilən aeroportlar da bizə gələcək üçün vacibdir. Çünki Zəngəzur dəhlizi qısa zamanda ən mühüm tranzit yolu olacaq. Bunda Avropa da, ABŞ da, Çin də, Yaponiya da, Koreya da maraqlıdır. Bu, Şərqlə Qərbin arasında iqtisadi yoldur və bu yol hər iki tərəfdən okeanlara qədər davam edir”.

Pərviz Sadayoğlu

 

Paylaş
Baxılıb: 94 dəfə

Xəbər lenti

Hamısına bax

Hava dəyişəcək

29 Noyabr 15:05

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31