Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Zəngəzur dəhlizinin yaradılmasında yeganə rəqib zamandır

Zəngəzur dəhlizinin yaradılmasında yeganə rəqib zamandır

28.10.2021 [10:38]

Yeni nəqliyyat bağlantısı bütün Türk dünyasını birləşdirəcək

Güclü dövlət olan Azərbaycan dost ölkələrin, o cümlədən də qardaş Türkiyənin iştirakı ilə ötən il 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ərazilərdə tarix yazır. Bəhs olunan ərazilərdə cəmi bir il ərzində reallaşdırılan irimiqyaslı layihələr onu deməyə əsas verir ki, müharibənin qalib tərəfi olan respublikamız özünün strateji hədəflərinə doğru inamla irəliləyir. Ölkəmizin postkonflikt mərhələsində qarşıya qoyduğu əsas məqsədlərdən biri də 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda öz əksini tapan kommunikasiyaların açılması ilə bağlı müddəanın tam şəkildə yerinə yetirilməsinə nail olmaqla bağlıdır. Azərbaycan Prezidenti İlham Əliyev təxminən üç onillik ərzində blokada şəraitində yaşayan Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdərəcək kommunikasiya dəhlizini tarixi gerçəkliklərə əsaslanmaqla, Zəngəzur dəhlizi adlandırıb və bu termin beynəlxalq səviyyədə də məhz belə qəbul olunub.

Zəngəzur dəhlizimütləq açılacaq

Regionda nəqliyyat kommunikasiyalarının bərpasını, eləcə də, Naxçıvanla ölkəmizin əsas hissəsini birləşdirən dəmir yolu xəttinin və avtomobil yolunun inşasını qalib Azərbaycan təkid edib. Bu məsələlər ötən il noyabr­ın 10-da və cari il yanvarın 11-də Moskvada imzalanan üçtərəfli Bəyanatlarda öz əksini tapıb. Zəngəzur dəhlizinin yaradılmasında ölkəmizin mövqeyi birmənalıdır. Prezident İlham Əliyev Azərbaycanın prinsipial yanaşmasını dəfələrlə diqqətə çatdıraraq bildirib ki, Ermənistan istəsə də, istəməsə də bu dəhliz yaradılacaq.

Zəngəzur dəhlizinin yaradılmasına belə güclü siyasi iradə göstərən Azərbaycan, eyni zamanda, praktiki müstəvidə zəruri infrastrukturun yaradılması üçün bir sıra layihələrin icrasına başlayıb. Məlum olduğu kimi, Zəngəzur dəhlizi həm dəmir yolu, həm də avtomobil yolu kimi iki mühüm seqment üzrə yaradılacaq. Prezident İlham Əliyevin 2021-ci il fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfəri çərçivəsində Zəngəzur dəhlizinin mühüm komponenti olan Horadiz-Ağbənd dəmir yolu xəttinin təməli qoyulub. Uzunluğu 100 kilometr olan bu dəmir yolu xətti Zəngəzur dəhlizinin funksionallığını təmin edəcək çox mühüm infrastrukturdur.

Artıq Zəngəzur dəhlizinin avtomobil yolu komponenti üzrə də işlərə start verilib. Belə ki, oktyabrın 26-da Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməli qoyulub. Yolun başlanğıc məntəqəsindən Ağbəndə, Ermənistan sərhədinə qədər məsafə 123,6 kilometrdir. Bununla da Zəngəzur dəhlizinin yaradılmasında növbəti mərhələ başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təməlqoyma mərasimində iştirak ediblər. Yeri gəlmişkən, oktyabrın 26-da Zəngilanın Ağalı kəndində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata birgə bəyanatlarla çıxış ediblər. “Həm Azərbaycan, həm Türkiyə Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün əməli addımlar atır. Əminəm ki, bu addımlar yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir”, - deyə dövlətimizin başçısı mətbuata bəyanatında vurğulayıb.

Dəhlizin yaradılması Azərbaycanın milli, tarixi və gələcək maraqlarına tam cavab verir

Regionda kommunikasiyaların bərpası Azərbaycan üçün strateji önəm daşıyır. Prezident İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, Zəngəzur dəhlizinin yaradılması Azərbaycanın milli, tarixi və gələcək maraqlarına tam cavab verir. İlk növbədə onu vurğulayaq ki, Zəngəzur dəhlizi Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirəcək. Bununla da Naxçıvanın üç onillik ərzində davam edən blokadasına son qoyulacaq.

Eyni zamanda, dəhliz fəaliyyətə başladıqdan sonra Azərbaycanın tranzit imkanları daha da genişlənəcək. Son illərdə Azərbaycan Avrasiyanın yeni nəqliyyat xəritəsini formalaşdırıb və hazırda bu geniş coğrafiyanın bütün əsas yolları məhz ölkəmizdə kəsişir. Zəngəzur dəhlizi bu bağlantıda yeni və çox mühüm həlqə təşkil edəcək. Dəhliz boyunca yaradılacaq dəmir və avtomobil yolları məhz ölkəmizin ərazisində Şərq-Qərb və Şimal-Cənub marşrutlarına inteqrasiya ediləcək. Azərbaycanın son illərdə liderlik keyfiyyətləri nümayiş etdirməklə Xəzərdə qurduğu ən böyük limanın, həmçinin işğaldan azad edilmiş ərazilərdə inşa olunan üç beynəlxalq səviyyəli hava limanının yaradacağı imkanları da nəzərə alsaq, deyə bilərik ki, Zəngəzur dəhlizi beynəlxalq səviyyədə daşımalar üçün ən cəlbedici marşrutlardan birinə çevriləcək və  respublikamız perspektivdə etibarlı tranzit ölkəsi kimi bundan böyük həcmlərdə gəlirlər qazanacaq.

Yeri gəlmişkən, ekspertlər də Zəngəzur dəhlizinin ölkəmiz üçün iqtisadi önəmini yüksək dəyərləndirirlər. Bu xüsusda “Yeni Azərbaycan”a eksklüziv açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov vurğulayıb: “Zəngəzur dəhlizinin istifadəyə verilməsi, eyni zamanda, Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevirəcək. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına həm də maliyyə dəstəyi göstərir. Bəhs olunan nəqliyyat xətti naxçıvanlı iş adamlarının xüsusən də Şərq-Qərb dəhlizinə çıxışının təmini baxımından əhəmiyyətli olacaq”.

Geniş Türk dünyasına uzanan yollar

Zəngəzur dəhlizinin açılması regionda sabitlik, etimad və əməkdaşlıq mühitinin möhkəmlənməsi üçün bir vəsilə olacaq. Kommunikasiyaların bərpasından sonra Azərbaycan ərazisindən keçməklə Rusiyadan Ermənistana dəmir yolu xəttinin açılma ehtimalı realdır. Həmçinin Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə dəmir yolu bağlantısı yaranacaq. Bundan başqa, İran ilə Ermənistan, Türkiyə ilə Rusiya arasında dəmir yolu bağlantısı olacaq. Beləliklə, bütün region ölkələri, o cümlədən də Ermənistan yeni infrastruktur layihəsindən fayda götürəcək.

Zəngəzur dəhlizinin yaradılmasında ən mühüm məqamlardan biri isə türkdilli ölkələr arasında əlaqələrin genişlənməsi üçün yeni imkanların yaranması ilə bağlıdır. Məlum olduğu kimi, Azərbaycan Türk Şurasının sədri kimi, türkdilli ölkələr arasında əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə sanballı töhfələr verir. Növbəti mərhələdə isə quruma sədrlik qardaş Türkiyəyə ötürüləcək. Türkdilli ölkələr arasında inteqrasiyanın möhkəmlənməsi baxımından Zəngəzur dəhlizinin önəminə diqqət çəkən Prezident İlham Əliyev “Zəngilan Şərqi Zəngəzur bölgəsində yerləşir və buradan keçən Zəngəzur dəhlizi bütün Türk ?ünyasını birləşdirəcək”, - deyə vurğulayıb.

Məlum olduğu kimi, hazırda dünyada müxtəlif sahələrdə, o cümlədən də nəqliyyat sektorunda güclü rəqabət var. Şirkətlər öz mallarını beynəlxalq bazarlara çıxartmaqdan ötrü daha ucuz başa gələn və daha sabit bölgələrdən keçən marşrutlara üstünlük verir. Bu baxımdan, türkdilli dövlətlərin zəngin iqtisadi potensialı gələcəkdə Zəngəzur dəhlizinin funksionallığının yüksək səviyyədə təmin olunmasında mühüm rol oynaya bilər. Bu barədə “Yeni Azərbaycan”a danışan Milli Məclisin deputatı Vüqar Bayramov bildirib: “Son təməlqoyma mərasimi də göstərir ki, Zəngəzur dəhlizinin reallaşması sadəcə zaman məsələsidir. Dəhlizin yaxın illərdə istifadəyə verilməsi praktik olaraq, qaçılmazdır. Zəngəzur dəhlizi yalnız Qafqaz üçün deyil, daha geniş anlamda region üçün strateji əhəmiyyətə malik olacaq. Söhbət 1.1 trilyon dollardan çox nominal ümumi daxili məhsulu olan türkdilli ölkələri strateji və iqtisadi baxımdan birləşdirəcək dəhlizdən gedir. Belə ki, Türkiyə 761.4, Qazaxıstan 181.7, Özbəkistan 57.9, Azərbaycan 48, Türkmənistan 48 və Qırğızıstan 8.5 milyard dollar nominal ÜDM-ə malikdirlər. Bu isə ondan xəbər verir ki, Zəngəzur dəhlizi kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olan regionu birləşdirəcək”.

Qeyd edək ki, perspektivdə Zəngəzur dəhlizi üzrə çəkilən həm dəmir, həm də avtomobil yolları Naxçıvandan keçməklə, Türkiyəyə qədər uzanacaq. Beləliklə, Azərbaycanı Türkiyə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi yaradılacaq. Xatırladaq ki, üç il yarım bundan əvvəl Azərbaycanın moderatorluğu ilə inşa olunan Bakı-Tbilisi-Qars dəmir yolu istismara verilib. BTQ-nin inşası ilə tarixdə ilk dəfə Azərbaycan və Türkiyə dəmir yolu xətti ilə birləşdi. Artıq iki qardaş ölkə arasında ikinci dəmir yolunun çəkilməsinin əsası qoyulub və layihə üzrə işlər intensiv şəkildə davam etdirilir.

Mübariz ABDULLAYEV

 

Paylaş
Baxılıb: 108 dəfə

Xəbər lenti

Hamısına bax

Prezident bu gün

04 Dekabr 00:11

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31