Hər zaman vətəndaşın yanında!
31.12.2025 [10:35]
Sosial sfera uğurlu inkişaf modelinə malik olan Azərbaycanda ardıcıllıqla həyata keçirilən siyasətin prioritet istiqamətlərindən birini təşkil edir. Azərbaycan dövləti hər zaman ən çətin məqamlarda vətəndaşın yanında olmaq, ona dəstək vermək nümunəsi ortaya qoyur.
Bəs yola salmağa hazırlaşdığımız 2025-ci ilin sosial yekunları necədir? Prezident İlham Əliyevin imzaladığı sənədlər, reallaşdırılan tədbirlər əyani şəkildə təsdiqləyir ki, son bir ildə də Azərbaycan dövləti özünü dərin məzmunlu sosial siyasətinə sadiq qalıb və bu xətti gələcəkdə də davam etdirmək niyyətindədir.
4 milyon insanı əhatə edən sosial islahatlar
Son 22 ilə aid statistik göstəricilər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin sosial sahəyə necə həssaslıqla yanaşdığını aydın şəkildə göstərir. Bəhs olunan dövrdə dövlətimizin başçısının imzaladığı fərman və sərəncamlarla sosial ödənişlərin davamlı olaraq artırılması istiqamətində mühüm addımlar atılıb. 2003-2025-ci illərdə minimum aylıq əməkhaqqı 44 dəfə, minimum aylıq pensiya 16 dəfə artırılıb və orta aylıq əməkhaqqında 14 dəfə, orta aylıq pensiyada 23 dəfə, yaşa görə orta aylıq pensiyada 23 dəfə artım baş verib. Ölkəmizdə aparılan uğurlu sosial siyasətin mühüm bir istiqaməti pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsidir. Bunun daha bir göstəricisi olaraq pensiya təminatına yönəldilən illik vəsaitin həcmi 2003-cü illə müqayisədə 2025-ci ildə 37 dəfə artaraq 7,2 milyard manatı ötüb. Pensiyaların orta aylıq məbləği 2003-cü ildə pensiyaçılar üçün yaşayış minimumundan 2 dəfə aşağı olubsa, cari ildə bu məbləğ pensiyaçılar üçün yaşayış minimumunu 2,3 dəfə üstələyib.
Həmçinin, 2003-cü ildən 2025-ci ilədək olan dövrdə 15-dən çox yeni aylıq sosial ödəniş növü təsis edilib, sosial təminat sistemində vətəndaş yönümlü, humanist yanaşmalar tətbiq olunub, həssas əhali qruplarına dövlət qayğısı ildən-ilə artırılaraq, sosial müdafiə və sosial təminat sisteminin əhatə dairəsi əhəmiyyətli dərəcədə genişləndirilib. “Azərbaycan xalqı ildən-ilə daha yaxşı yaşamalıdır. Bizim artan iqtisadi gücümüz ölkəmizin güclənməsinə, ilk növbədə, xalqımızın rifah halının yaxşılaşmasına yönəlməlidir və biz bunu edirik”, - deyən Prezident İlham Əliyevin tapşırıqları əsasında 2018-2025-ci illərdə ardıcıl olaraq 5 sosial islahat paketi reallaşdırılıb. 4 milyondan çox vətəndaşı əhatə edən sosial məzmunlu islahatlara illik əsasda əlavə olaraq 7,6 milyard manat vəsaitin ayrılması təmin edilib.
Yeni sosial paket
Ölkə vətəndaşları 2024-cü ilin son günlərində yeni sosial paketin elan ediməsi xəbərinə sevindilər. Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” 23 dekabr 2024-cü il tarixli sərəncam vətəndaş rifahının təminatı məqsədilə aparılan sosial islahatların uğurla davam etdirildiyini bir daha təsdiqləyir. Yeni sərəncama əsasən, 2025-ci il yanvarın 1-dən ölkəmizdə minimum aylıq əməkhaqqının məbləği 345 manatdan 16 faiz artımla 400 manata, 2025-ci il fevralın 1-dən əmək pensiyasının minimum məbləği 280 manatdan 14,3 faiz artımla 320 manata çatdırılıb. Bu artımlarla birgə artıq 2018-ci ilin əvvəlindən minimum aylıq əməkhaqqında 3,1 dəfə, minimum pensiyada 3 dəfəyədək artıma nail olunub.
Yeni sosial islahat paketində 2025-ci ildən digər sosial ödənişlərin artırılması da yer alıb. O cümlədən dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə aylıq tarif (vəzifə) maaşlarının minimum aylıq əməkhaqqının artırılmış yeni məbləğinə uyğunlaşdırılması təmin edilib.
Yeni sosial paket çərçivəsində 2025-ci ilin əvvəlindən pensiyaların indeksləşdirilərək artırılması da nəzərə alınmaqla ümumən 3 milyon insana yönələn əməkhaqqı, pensiya, müavinət və təqaüdlər artırılıb və həmin artımlar üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılıb.
2018-2025-ci illərdə aztəminatlı ailələrə mühüm dəstək olan ünvanlı yardımın hər ailəyə düşən orta aylıq məbləği də 2,4 dəfə artaraq 175 manatdan 425 manata çatıb. Bu dövrdə yaşayış minimumu 65 faiz artırılaraq 173 manatdan 285 manata, ehtiyac meyarı 2,2 dəfə artırılaraq 130 manatdan 285 manata çatdırılıb. Prezident İlham Əliyevin “Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında” 22 dekabr 2025-ci il tarixli sərəncamı aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət və qayğının növbəti təzahürüdür.
Dövlət büdcəsində sosialyönlü xərclərin ardıcıl və ciddi artımı da sosial dövlətin mühüm cəhətlərindən biri kimi diqqəti cəlb edir. Məsələn, bu xərclər 2021-ci ildəki 10,3 milyard manatdan 2025-ci ildə 16,9 milyard manata çatdırılıb. Beləliklə, həmin xərclərdə qısa müddətdə 6,6 milyard və ya 1,6 dəfə artım olub. Sosialyönlü xərclərin çəkisinin büdcədə 41 faiz olması sosial rifahın dövlət siyasətinin prioritet istiqaməti olduğunu bir daha təsdiqləyir.
Bütövlükdə, 5-ci sosial islahat paketinin ilk mərhələsində ölkədə:
- Bu il yanvarın 1-dən minimum əməkhaqqı 345 manatdan 16 faiz artımla 400 manata çatdırılıb;
- Minimum əməkhaqqı artımına uyğun olaraq Nazirlər Kabinetinin təsdiq etdiyi Vahid Tarif Cədvəlinin 19 pilləsinin hər biri üzrə maaşlar orta hesabla 16 faiz artırılıb və beləliklə, minimum əməkhaqqı artımı yalnız minimum əməkhaqqı alanların maaşlarında deyil, dövlət və özəl sektorda çalışan, müxtəlif məbləğlərdə əməkhaqqı alan ümumilikdə 700 min işçinin maaş artımına imkan verib;
- Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqları 2025-ci il yanvarın 1-dən orta hesabla 15 faiz artırılıb;
- Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin maaşları, büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri və s. artırılıb.
- Bütün növ pensiyalar 2025-ci ilin əvvəlindən indeksləşdirilərək 8,1 faiz artırılıb.
- 2025-ci il fevralın 1-dən minimum pensiya 280 manatdan 14,3 faiz artımla 320 manata çatdırılıb;
- 2025-ci il üçün yaşayış minimumu və ehtiyac meyarı da 270 manatdan 285 manata çatdırılıb.
5-ci sosial paketin 2-ci mərhələsi
Ölkədə aparılan dərin məzmunlu sosial siyasətə sadiqliyin təsdiqi olaraq dövlətimizin başçısı 12 iyun 2025-ci il tarixində “Sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamında dəyişiklik edilməsi haqqında” Fərman imzalayıb. Sənəd çox doğru olaraq sosial sferanın dəstəklənməsi baxımından növbəti mühüm addım kimi dəyərləndirilir.
Bəhs olunan fərmanla ölkəmizdə sayca 5-ci sosial paketin iyul ayından etibarən ikinci mərhələsinin icrasına başlanıb. Onun əhatə dairəsi kifayət qədər genişdir. Burada müxtəlif istiqamətlər üzrə sosial ödənişlərdə ciddi artımlar nəzərdə tutulub. Beləliklə, dövlətimizin başçısının imzaladığı fərmanla iyulun 1-dən Azərbaycanda:
-Şəhid ailəsi, 20 Yanvar şəhidinin ailəsi, Əfqanıstanda həlak olan hərbçilərin ailələri üçün Prezidentin aylıq təqaüdü - 700 manata,
-Müharibə, 20 Yanvar hadisələri, hərbi xidmət vəzifələrini yerinə yetirmək və Çernobıl AES-də hərbi xidmət ilə əlaqədar əlilliyi olan şəxslərə Prezidentin aylıq təqaüdü, orqanizmin funksiyalarının:
81-100 faiz pozulmasına görə (I dərəcə) - 600 manata,
61-80 faiz pozulmasına görə (II dərəcə) - 500 manata,
31-60 faiz pozulmasına görə (III dərəcə) - 400 manata,
-Vətən Müharibəsi Qəhrəmanlarına Prezidentin aylıq təqaüdü - 2200 manata,
-Azərbaycanın Milli Qəhrəmanlarına Prezidentin aylıq təqaüdü - 2000 manata,
-Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü - 1700 manata,
-Uşağın anadan olmasına görə birdəfəlik müavinət - 600 manata,
-Dəfn üçün birdəfəlik müavinət - 600 manata,
-Himayədar ailəyə verilmiş əlilliyi olan uşağa görə aylıq müavinət:
0-6 yaş arası uşaq üçün - 500 manata,
7-13 yaş arası uşaq üçün - 600 manata,
14-18 yaş arası uşaq üçün - 650 manata,
-Əlilliyi olan şəxslərə müavinət, orqanizmin funksiyalarının:
81-100 faiz pozulmasına görə (I dərəcə) - 300 manata,
61-80 faiz pozulmasına görə (II dərəcə) - 250 manata,
31-60 faiz pozulmasına görə (III dərəcə) - 180 manata,
-Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) gözdən əlilliyi olan şəxslərə Prezidentin aylıq təqaüdü - 350 manata,
-Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) əlilliyi olan şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) Prezidentin aylıq təqaüdü - 250 manata,
-Övladlığa götürülən hər uşağa görə aylıq müavinət - 240 manata,
-Ailə başçısını itirməyə görə aylıq müavinət (hər ailə üzvü üçün) - 140 manata,
-Bir yaşınadək uşağı olan aztəminatlı ailələrə (ünvanlı yardım alan) hər uşağa görə aylıq müavinət - 140 manata,
-Beşdən çox uşağı olan qadınlara hər uşağa görə aylıq müavinət - 140 manata,
-Müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına aylıq müavinət (hər uşağa görə) - 140 manata,
-Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqların qəyyumları üçün aylıq müavinət - 140 manata,
-Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) və əlilliyi olan uşaqlara qulluq edənlərə Prezidentin aylıq təqaüdü - 120 manata,
-Fəxri adlara layiq görülmüş şəxslərə aylıq təqaüd:
“Xalq” fəxri adına görə - 300 manata,
“Əməkdar” fəxri adına görə - 200 manata çatdırılıb.
Göründüyü kimi, bəhs olunan fərmanın əhatə dairəsi kifayət qədər genişdir. Sənədə əsasən, sosial müavinət və təqaüdlər orta hesabla 20 faiz artırılıb.
Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə xüsusi diqqət və qayğı
Ölkəmizdə Prezident İlham Əliyev tərəfindən şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daim xüsusi diqqət və qayğı göstərilir. Ulu Öndər Heydər Əliyevin tapşırığı ilə ötən əsrin 90-cı illərində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlərlə təminatı proqramına başlanılıb. Dövlətimizin başçısının göstərişi ilə bu proqram ildən-ilə uğurla davam etdirilib, həmçinin möhtəşəm Zəfərimizlə başa çatan Vətən müharibəsindən sonra 5 dəfə genişləndirilib. Postmüharibə dövründə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 6900, ümumilikdə ötən dövrdə 16 minə yaxın mənzil verilib. Həmçinin müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin avtomobillə təminatı işləri uğurla davam etdirilməklə, postmüharibə dövründə 567, ümumən ötən dövrdə 7700 avtomobil müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə verilib.
Eyni zamanda, 2007-ci ilin əvvəlindən şəhid ailələri, 2008-ci ildən müharibə ilə əlaqədar əlilliyi olan şəxslər üçün Prezidentin aylıq təqaüdü təyin edilib. Ötən dövrdə bu təqaüdlərin məbləği şəhid ailələri, habelə müharibə ilə əlaqədar I və II dərəcə əlilliyi olan şəxslər üçün 7 dəfə, müharibə ilə əlaqədar III dərəcə əlilliyi olan şəxslər üçün 8 dəfə artırılıb. Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər təqaüdlə bərabər, aylıq pensiya və müavinətlərlə də təmin olunurlar.
Onların uşaqları, eyni zamanda, müharibə ilə əlaqədar I və II dərəcə əlilliyi olanlar ödənişli təhsil aldıqda təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir. Şəhid ailəsi üzvləri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər aktiv məşğulluq proqramlarına, o cümlədən özünüməşğulluq proqramına ən qısa zamanda növbədənkənar cəlb edilirlər və onlar üçün həmçinin vergi, əmək qanunvericiliyində və s. bir sıra güzəştlər də nəzərdə tutulub. Son illər 1997-ci ilin 2 avqustuna qədərki dövrdə şəhid olmuş hərbçilərin ailələrinə və həmin dövrədək hərbi xidmətdə xəsarət alaraq əlilliyi müəyyən olunmuş şəxslərə birdəfəlik ödəmələrin verilməsi proqramları uğurla icra olunub.
44 günlük Vətən müharibəsindən sonrakı dövrdə şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən genişmiqyaslı sosial dəstək paketi 132 min unikal şəxsi əhatə edib və onlara 406 min xidmət göstərilib. O cümlədən 106 min nəfərə sosial ödəniş (pensiya, müavinət, təqaüd) təyin edilib. 28,7 min nəfərin məşğulluğuna dəstək, 11 min nəfərə 93 min sosial-psixoloji dəstək, reabilitasiya xidməti göstərilib, 500-dək hərbçiyə 620 yüksək texnologiyalı protez verilib.
Görülən işlər nəticəsində 2018-2025-ci illərdə reabilitasiya xidməti göstərilənlərin illik sayı 10 dəfədən çox artıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2025-ci ilin yanvar-noyabr aylarında əlilliyi olan şəxslərə 118 min reabilitasiya vasitəsi verilib və onlara 130 min reabilitasiya xidmətləri göstərilib.
Dünya üçün nümunəvi təcrübə
Cari ildə əmək bazarında gender bərabərliyinin dolğun təminatı məqsədilə uğurlu islahatların aparıldığı Azərbaycan Beynəlxalq Əmək Təşkilatı (BƏT) və BMT-nin Qadınlar Təşkilatı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının rəhbərlik etdiyi Bərabər əməkhaqqı üzrə Beynəlxalq Koalisiyaya (EPIC) üzv qəbul edilib.
EPIC qadınlar və kişilər arasında bərabər dəyərə malik iş üçün bərabər əməkhaqqı ödənişi prinsipinin qlobal səviyyədə təbliği və təşviqini həyata keçirir. Gender bərabərliyinin təmin olunması sahəsində dolğun qanunverclik bazası və müsbət təcrübəsi olan Azərbaycan MDB regionunda ən çox BƏT-in standartlarını qəbul edən ölkələrdən biri olmaqla, gender bərabərliyi ilə bağlı mühüm beynəlxalq konvensiyalara da qoşulub.
Son illər ölkəmizdə qadın əməyi ilə bağlı aparılan islahatlar nəticəsində Dünya Bankının Qadın, Biznes və Hüquq 2024-cü il nəşrindəki hesabat-reytinqdə ölkəmizin indeksi 78,8-dən 85-ə yüksəlib. Dünya Bankı Qrupunun və Beynəlxalq Valyuta Fondunun 2025-ci il Yaz İclasında da Azərbaycanda aparılan bu islahatlar nümunəvi təcrübə kimi təqdim edilib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
31 Dekabr 13:49
Dünya
31 Dekabr 13:25
Hadisə
31 Dekabr 12:41
Sosial
31 Dekabr 12:16
Dünya
31 Dekabr 12:03
Sosial
31 Dekabr 11:51
Siyasət
31 Dekabr 11:44
Siyasət
31 Dekabr 11:43
Gündəm
31 Dekabr 11:20
Siyasət
31 Dekabr 10:59
Sosial
31 Dekabr 10:35
İqtisadiyyat
31 Dekabr 10:12
Siyasət
31 Dekabr 10:02
MEDİA
31 Dekabr 09:54
Analitik
31 Dekabr 09:30
Ədəbiyyat
31 Dekabr 09:17
İqtisadiyyat
31 Dekabr 08:51
Mədəniyyət
31 Dekabr 08:26
YAP xəbərləri
30 Dekabr 22:59
Gündəm
30 Dekabr 21:45
YAP xəbərləri
30 Dekabr 21:00
YAP xəbərləri
30 Dekabr 20:30
YAP xəbərləri
30 Dekabr 20:25
YAP xəbərləri
30 Dekabr 19:29
İqtisadiyyat
30 Dekabr 19:27
Sosial
30 Dekabr 18:26
Hadisə
30 Dekabr 17:45
YAP xəbərləri
30 Dekabr 16:48
Maraqlı
30 Dekabr 16:43
Dünya
30 Dekabr 16:39
YAP xəbərləri
30 Dekabr 16:01
YAP xəbərləri
30 Dekabr 15:56
Dünya
30 Dekabr 15:27
YAP xəbərləri
30 Dekabr 15:12
Hərbi
30 Dekabr 15:02
Sosial
30 Dekabr 15:01
İqtisadiyyat
30 Dekabr 15:00
Siyasət
30 Dekabr 14:59
Sosial
30 Dekabr 14:58
Dünya
30 Dekabr 14:45
Dünya
30 Dekabr 14:16
Sosial
30 Dekabr 13:56
Dünya
30 Dekabr 13:49
Dünya
30 Dekabr 13:24
Siyasət
30 Dekabr 13:23
Sosial
30 Dekabr 13:05
Siyasət
30 Dekabr 12:54
İqtisadiyyat
30 Dekabr 12:51
Gündəm
30 Dekabr 12:30
Gündəm
30 Dekabr 12:17
Siyasət
30 Dekabr 11:53
Siyasət
30 Dekabr 11:31
İqtisadiyyat
30 Dekabr 11:18
YAP xəbərləri
30 Dekabr 11:03
İqtisadiyyat
30 Dekabr 10:58
Xəbər lenti
30 Dekabr 10:44
Analitik
30 Dekabr 10:39
İqtisadiyyat
30 Dekabr 10:15
Analitik
30 Dekabr 08:57
Analitik
30 Dekabr 08:32
Müsahibə
30 Dekabr 08:19
Dünya
30 Dekabr 07:51
Dünya
30 Dekabr 07:49
Siyasət
30 Dekabr 00:39
Sosial
29 Dekabr 23:56
YAP xəbərləri
29 Dekabr 23:37
Siyasət
29 Dekabr 22:58
YAP xəbərləri
29 Dekabr 22:39
YAP xəbərləri
29 Dekabr 22:30
YAP xəbərləri
29 Dekabr 22:21

